Yavuz Akpınara “İlin
alimi”
mükafatı təqdim edilib
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı
ilə türkiyəli yazıçı, tədqiqatçı,
professor Yavuz Akpınar “İlin alimi” mükafatına layiq
görülüb.
Tədbiri
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli
açaraq Y.Akpınarın bu mükafata Azərbaycan ədəbiyyatının
Türkiyədə tədqiqi və təbliği istiqamətində
araşdırmalarına görə layiq
görüldüyünü bildirib.
İ.Həbibbəyli daha sonra Y.Akpınarın hələ sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalardan bəhs edib. Bildirib ki, alim Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundzadənin yaradıcılığına dair doktorluq işi müdafiə edib, həmçinin “Əkinçi”, “Şərqi-Rus”, “Həyat” qəzetləri, “Füyuzat”, “Molla Nəsrəddin”, “Yeni Qafqasya” jurnalları, o cümlədən İsmayıl Qaspiralı ilə bağlı önəmli araşdırmalar aparıb. O, Y.Akpınarın uzun illər Ərzurum Atatürk və Egey universitetlərində Azərbaycan ədəbiyyatını tədris etdiyini deyib, “Nəriman Nərimanov” dövlət mükafatına, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Rəsul Rza” mükafatına layiq görüldüyünü xatırladıb.
Akademik, həmçinin tədqiqatçının 1982-ci ildə İbrahim Bozyellə birgə təsis etdiyi “Qardaş ədəbiyyatlar” jurnalının iki ölkə arasında ədəbi əlaqələrin qurulmasında və inkişafında önəmli rol oynadığını vurğulayıb.
Sonra akademik İ.Həbibbəyli professor Yavuz Akpınara “İlin alimi” mükafatını və döş nişanını təqdim edib, ona elmi fəaliyyətində uğurlar arzu edib.
Daha sonra çıxış edən professor Yavuz Akpınar hazırda M.Ə.Rəsulzadənin Azərbaycan tarixinə dair 120 səhifəlik çap olunmamış kitabı, o cümlədən 10-a yaxın dərc edilməmiş məqaləsini nəşrə hazırladığını bildirib. Alim Azərbaycanın tarixinə, qəzet və jurnallarına, eləcə də görkəmli ədəbiyyatçılarına dair Türkiyə mənbələrində önəmli faktların olduğunu və onların tədqiqinə zərurət yarandığını deyib.
Tədbirdə, həmçinin filologiya elmləri doktoru, professor Şirindil
Alışanov, filologiya üzrə fəlsəfə
doktoru Nikpur
Cabbarlı, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir və başqaları
çıxış edərək Yavuz
Akpınarın Azərbaycan ədəbiyyatına dair tədqiqatlarından, iki
ölkə arasında ədəbi əlaqələrin
inkişafındakı xidmətlərindən və insani keyfiyyətlərindən
danışıblar.
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.32.