ZƏNCİR
Yeni romandan parça
...S.Xanımın xatirəsinə...
Qırılan
zənciri xəyali halqalarla da birləşdirmək olar.
M.C.
Naska
Yuxudan oyanıb yerimin içində qurcalandım,
gözüm qaranlığa alışanda gördüm ki,
Naska kreslonun yanında hərəkətsiz uzanıb, tərpənib-eləmir. Birdən-birə
yazığım gəldi ona, yaman qocalmışdı,
dişləri də tökülmüşdü, lap dəqiqi,
tək-təkcənə bircə dişi qalmışdı
ağzında...
- Naska, -
çağırdım yavaşca, - quru yerdə uzanma, bura gəl...
Bilmədim səsimdəki həlimlikdən doğan
yüngül titrəyiş hardan hakim kəsilmişdi
varlığıma, yay gecəsində ona soyuq-zad dəyən
deyildi. Nə qışın oğlan
çağındakı şaxtanı vecinə alırdı,
nə yayın istisindən təntiyirdi, üzü-üzlər
görmüşdü Naskanın. Yəqin
elə buna görə çağırdım
qımıldanmadı, əvəzində mən ərinmədən
yatağımdan qalxıb döşəmədə uzanana
sarı addımladım. Amma
yaxınlaşanda baxdım ki, parketin üstündə,
kreslonun yanında ins-cins yoxdu. Deyəsən,
məni qara basmışdı, gözümə də huri-mələk,
cin-şeytan yox, Naska görsənmişdi. Allah bilir Naska
indi hansı ağac budaqları arasında özünə təbii
beşik düzəldib uyuyurdu, ya hansı divarın
üstündəsə gecə işım-işım
işıldayan gözlərini bərəldib
oğrun-oğrun, nigaran-nigaran qaranlıqda ətrafı seyr eləyirdi,
yay gecəsində ev-eşik dar gəlirdi ona, evdə qərar
tuta bilmirdi. Qayıdıb çarpayıda
oturdum, əsnəyib təzədən yerimə uzansam da, hava
işıqlananacan gözümə yuxu getmədi, yerimin
içində sağa-sola çevrilə-çevrilə səhəri
dirigözlü açdım.
Ertəsi
qonşumuz Xanım xala dedi ki, sənin pişiyin həyətdə
dayanan yük maşınının altında ölüb... Yəqin
ki, mənə xoş gəlməkdən ötrü ağlamsınıb boğuq səslə əlavə elədi:
"Yazıq heyvan... Hamımız öyrəşmişdik
ona... Hayıf..."
-
Maşın vurub onu? - bikef-bikef
soruşdum.
- Yox, -
arvad izah elədi, - elə pişik özü dayanan
maşının altında uzanıb ölüb...
Qocalmışdı da... - burasını, nədənsə,
üzrxahlıqla, çəkinə-çəkinə dedi, elə
bil qorxurdu ki, qəfil mən də onun dərin
qırışlı sifətinə baxaraq dilimi dinc
saxlamayıb: "Elə sən özün də
qocalmısan," deyə bilərəm...
- Bəs,
ölüsü necə oldu?
-
Heç necə, səliqə ilə qoydum ayaqqabı qutusunun
içinə, uşaqlar aparıb basdırdı məktəbin
həyətindəki bağda...
Bilmirəm, arvad düz deyirdi, ya zəif damarımdan
tutub yerini şirin salmaq istəyirdi, ancaq həmin gün məktəbin
həyətini ha axtardım, Naskanın
basdırıldığı yeri tapmadım.
Evə
qayıdıb eyvanda həyətə baxa-baxa siqaret çəkəndə
nədənsə, birdən-birə yadıma xalam oğlu
Vüqar düşdü...
Vüqar
Uşaqlığımız bir yerdə keçmişdi
deyə bilmərəm, amma yay tətilini birlikdə keçirərdik. Kənddə, babamgildə,
anamın atasıgildə, namaz qılan, oruc tutan,
"Quran" oxuyan, axşamlar bizə cürbəcür dini
rəvayətlər danışan babamın yanında... Uşaqlıqdan Vüqar küçədəki itləri
yığardı başına, mən pişikləri
sığallayardım, həmişə də "it
yaxşıdı, ya pişik?" - soruşaraq
mübahisə eləyərdik. Mən babamı köməyə
çağırardım:
- Baba
deyir ki, itlər murdardı... Elədi, baba?
- kişinin üzünə baxaraq kömək
umardım, istəyərdim ki, o, mənim tərəfimi
saxlasın.
Babam isə
məni yarıyolda qoyub yaxasını kənara çəkərdi:
- Mən
elə söz deməmişəm. Allah yaradanın murdarı
olmaz...
Vüqar
babamın sözlərindən ürəklənib məni
üstələyərdi:
- Amma itlər
sədaqətlidi... Çox sədaqətlidi... Hə,
baba? - sorusub kişinin ağzına
marıtlayardı.
Babam mənim
xətrimə dəyəcəyindən ehtiyatlansa da, bu dəfə
əlacsız-əlacsız ağızucu mızıldanaraq təsdiqləyərdi:
-
Orası elədi... Düz sözə nə deyəsən...
O vaxt mən
Vüqara - elə babama da - tutarlı cavab vermədiyimə,
lap düzünəsi, verə bilmədiyimə görə -
çünki tapmadığını, olmayanı vermək
mümkün deyil -
cırnayırdım özlüyümdə
için-için, indisə, illər ötəndən sonra
cavabı həyat özü öyrətmışdi mənə...
Düzdü, itlər ifrat sədaqətlidi,
lakin insanlar itin sədaqətinə layiqdimi? Hayıf ki,
gec idi, gəldiyim nəticəni o rəhmətliklərə deyə
bilmədim... Həm də bəzən ifrat sədaqət
get-gedə qula, köləyə çevirir sədaqət yiyəsini,
məncə pişiklərin idarəolunmazlığı itlərin
sədaqətindən qat-qat irəlidi...
Cavid
Hava qaralmışdı qapım döyüləndə. Cavid idi gələn, əlində
də salofan zənbil... İçəri girib əlindəkini
yerə qoydu. Çəkmələrini
çıxarda-çıxarda mızıldadı.
- Dedim bir
gəlib sənə dəyim... Araq da gətirmişəm,
yüz-yüz vuraq iki qardaş... - zənbili
götürüb birbaş mətbəxə keçdi.
Gələnin dabanları cırıq qara
çorablarına baxa-baxa mən də onun ardınca
düşdüm.
-
Arağım var evdə, - dedim, - amma hazır yeməyim
yoxdu...
- Eybi
yoxdu, mən ehtiyatlı adamam, kolbasa-sosiska da gətirtmişəm,
- əşyayi dəlil kimi əlindəki zənbili
nümayişkaranə silkələdi. - Bə nədi bu? Bu gecə iki qardaş möhkəm vuracuğ, e... -
çənəsinin altına çırtma vurdu.
Məsələ aydındı, arvadı Cavidi evdən
qovanda keçmiş tələbə yoldaşım əliaçıq
olurdu, yüngülvari bazarlıq eləyib gəlirdi bizə. Hərdən
mən evdə olmayanda mobil telefonuma zəng eləyirdi ki,
qapının ağzındayam tez evə gəl. Arabir zəng
eləməyə də kefi olmurdu, mən evə gələndə
görürdüm bikef-bikef binanın
qabağındakı rəngi getmiş dəmir skamyada oturub
ulduzlara baxır, alıb gətirdikləri də dizinin
üstündə... O dəm həmişə mənə elə
gəlirdi ki, yer üzündə Caviddən bədbəxt adam yoxdu. Ancaq həmin "bədbəxt"
səhər tezdən əkilirdi evinə. Çox vaxt xəbərim
də olmurdu gedişindən, qapını da açıq
qoyurdu bəzən... Beləcə, canavarın
gözü, ürəyi, qəlbi meşədə, Cavidinki isə
öz evində idi. İstəyirsən
qabağına qızıl qablarda min bir nemət düz, xeyri
yoxdu, ertəsi yenə həmən-həmən olacaqdı.
Bəlkə ətrafına
qırx incəbelli pəri düzülsəydi belə, yenə
onu yolundan döndərmək müşkülə çevriləcəkdi.
Başa düşə bilmirdim; bir adam ki,
arvadından ötrü əldən-ayaqdan gedir, bəs, hərdənbir
kişiləşib birgecəlik də olsa evdən getməyə
nə ad verəsən? Yox, burda da məsələ
qarışırdı: biz görmüşük arvad
küsüb evdən gedər, Cavidgildəsə əksinəydi...
- Hələ
Naskanın da payın gətirmişəm, - mətbəxdə zənbili
masanın üstünə qoydu. - Bu axşam Naska da kef eləyəcək...
- Day
Naskaya yemək lazım deyil...
- Niyə?
- Naska
ölüb...
- A... Nə vaxt?
- Gecə...
- Onda
boğazımızı yaşlayıb Naskanın ruhunu şad
eləyərik... Sən keç otur otaqda, televizora-zada bax... -
Cavid ev sahibi kimi ərklə dedi. - Burda mənim
əl-ayağıma dolaşma...
Mənə də çar-naçar qonaq roluna girib ona
qulaq asmaq qalırdı, ayağımın ucunda ürkək-ürkək
qonaq otağına keçən kimi mobil telefonum zəng
çaldı.
- Sizdədi?
- o başdan salam-kəlamsız qadın səsi
gəldi.
- Hə.
- Bu gecə
heç, səhər onu göndər evə...
- Yaxşı...
Onsuz da sabah işim var, Vəfagilə gedəcəm...
- Vəfa
kimdi?
-
Xalamın qızı...
- Onda mənim
sənə zəng vurmağımı Cavidə demə, qoy
ayağı yer almasın...
- Ayıb
söhbətdi ki...
Sağollaşmadan
düyməni basdığından qulağıma ritmik
siqnallar gəldi... Əslində mən, bir növ, yerimi
şirin salırdım, zəng eləyənin xəbəri
yox idi ki, Cavidi dilə tutmağa ehtiyac yoxdu, yəqun həmişəki
kimi sabah mən yuxudan oyanmamış o, aradan
çıxacaq... Hərdən o, səssiz-səmirsiz - həmişə
beləydi, hay-küylə gəlib sakitcə gedərdi -
mürəxxəs olanda yuxudan oyananda mənə elə gəlirdi
ki, evdə tək olmuşam, yalnız qalxıb masanın
üstündəkı boş butulkanı və
boşqabları - həqiqətən də boş qabları -
görəndə Cavidin gəlişi yadıma
düşürdi.
...Bir
azdan isə ürəyimdə Cavidi təriflədim, fikirləşdim
ki, elə onun gəlişi yerinə düşüb,
ömründə bəlkə də birinci dəfə
vaxtında gəlib mənim yanıma, yoxsa
qanqaraçılıqdan yaxa qurtara bilməyəcəkdim,
içki kefimi açmışdı, Naskanın
ölümünə heyifsilənsəm də, əlidolu gələn
qonaq dil boğaza qoynayıb başımı qatırdı.
- Vallah, sənə
"dyadya" deməyinə baxma, mənim oğlum səni mənnən
çox istəyir, özüm ölüm... İn...
Cavidin
sözünü kəsdim:
- İstəmək öz yerində, siz o uşağa
düz-əməlli öz dilimizi öyrədin, böyüyəndə
çətin olar ona. Keçən dəfə mən bir-iki kəlmə dedim
telefonda, yazıq uşaq səssiz-səmirsiz qulaq asdı, yəqin
heç nə başa düşmədi, axırda zara gəlib
qayıtdı ki, ya abacanski ne znayu... Özü də, sözə
bax e, abacanski...
Cavid qəhqəhə
çəkdi:
- Necə,
necə?.. Abacanski... - təkrarladı.
- Ərköyündü də... - ciddiləşdi.
- Axı sən özün bilirsən ki, neçə il gözlədik onun yolun, neçə il
uşağımız olmadı... Anası o uşağa hamilə
qalanacan neçə dəfə kilsəyə də getdi...
- Day kilsəyə
niyə? - təəccübləndim.
- Nə fərqi
var, sinaqoq, kilsə, məscid, hamısı Allahın evidi də...
-
Bütün kainat Allahındı, onun ayrıca evə
ehtiyacı yoxdu... - bu kəlmələri mən demədim,
çünki mənim səsim birdən-birə həddən
ziyadə qalınlaşıb xırıldaya bilməzdi, sanki
divarlar, döşəmə,
tavan dilə gəldi, bu vaxtacan eşitmədiyim
yorğun səslə mənim dilimdən səslənənlərə
o qədər mat qaldım ki, yerimdə qurcalanıb heyrətlə
ətrafa boylandım, yaxşı ki, Cavid eşitdiklərinin fərqinə varmadı,
dodaqaltı nəsə mızıldaya-mızıldaya
boşalmış qədəhlərə araq süzdü. Nədənsə,
dediklərimdən çox qəfil səsimin bir anlığa
dəyişməsinin müsahibimə qəribə gələcəyindən
əndişələnirdim...
Müsahibimsə
öz aləmindəydi, təzədən qədəhi
qaldırırıb gözünü üzümə dikdi:
- Vuraq... - mən qədəhi
götürməyə macal tapmamış əlindəkini
yavaşca masanın üstündəki qədəhimə
toxundurdu.
Dilxor olduğumdandı, ya nədəndi, baş
açmırdım, araq həmişəkindən tez
tutmuşdu məni. Keflənmişdim deyəsən..
1
...Anam xəstə
olanda qardaşım bizə gəldi. Arvad lap
agırlaşmışdı. Yatagından
dura bilmirdi. Həkim də
başının üstündəydi. Həkimlə
gələn gombul sestra gah iynə vururdu heysiz-hərəkətsiz
uzanan anama, gah da təzyiqini ölçüb çanfəşanlıq,
canıyananlıq eləyirdi. Təcili
yardım həkimi ilə bizə gəldiyi birinci kərə
deyildi, bilirdi ki, evimizə gələn
"ağxalatlıları" layiqincə yola salırıq.
Beləcə, bu dəfə də həkimlə gombul
sestranı yola saldım, gedənlər qapını təzəcə
örtmüşdülər ki, qardaşım üstümə
çımxırdı:
- Nə
quruyub qalmısan, resepti götür, cum aptekə!.. Görmürsən
arvad ölür?..
O dəm
qardaşımın dediklərini xəstənin eşidə
biləcəyi ağlıma gəlmədi, əksinə, onun
özünü itirib bəlkə gə əlacsızlıqdan
üstümə qışqırmağı xoşuma gəldi,
lap ləzzət elədi mənə, mən başdanxarab elə
bilirdim arvadağız qardaşım gönüqalının
yekəsidi, anamın yatağa düşməyi onun vecinə
deyil, əstəğfürullah, ürəyində sevinir
anamızın xəstələnməyinə...
Görünür, qaşınmayan yerdən qan
çıxarmaq içi mən qarışıq bütün
qadınların canında var. Demə, indiyəcən mən
onu tanımamışammış, demə,
qardaşımın nəyi varsa dilindəymiş, demə,
hay-küyü gözə kül üfürmək
üçünmüş, demə, ürəyi
yuxaymış... Adam dar gündə tanınar, yoxsa sakitcə
yaşayanda kim bilir başqası nələr
çəkir, başqasının qarnının
ağrısı nədi, əslində kim hansı yuvanın
quşudu...
...Ürəyi
yuxa qardaşımı evdə qoyub bayıra necə
çıxdığımı bilmədim, gözlərim
dolsa da yaş axmırdı, intəhası, ətrafı
düz-əməlli sezməyimə mane olurdu - deyəsən,
bəxtimdən narın yağış da yağırdı,
zülm-zülm ağlasaydım da qorxusu yoxdu -
çaşdığımdan məhəlləmizdəki
apteki qoyub şəhərin o başına getmişdim, orda da
özümə gəlmişdim ki, pərvərdigara, resepti
götürməmişəm, qalıb evdə... Fikirləşdim ki, əlim ətəyimdən uzun
evə qayıdanda qardaşım itə dönəcək.
Ancaq demə, qardaşımın azarı, anamın xəstəliyindən
betər, dərman-filan, aptek-zad deyilmiş, mən evdən
çıxan kimi otaqları ələk-vələk eləyib
bağımızın sənədlərini
götürübmüş... Mən bunu
anamın qırxı çıxmamış qardaşım
bağımızı satdığını eşidəndə
bildim. Anamın qırxından sonra mən təzədən
ərə getdim, çünki tək yaşamaq çətin
deyildi, sadəcə, mümkünsüzdü... Di gəl,
qardaşım yenə məndən əl çəkmədi,
hər gün zəng eləyib ərimə deyirdi ki, boşa arvadını,
sən bilirsən kimlə evlənmisən, sənin arvadın
yol kənarında dayanıb müştəri axtaran fahişədi...
Qardaşımın istəyi ata evimizi də satmaq idi,
özü mənə demişdi ki, mən səni
küçələrdə qoyacam, baxarsan...
Qardaşımın bir acgöz arvadı vardı, iki
dünyanı bir udquma yesə gözü doymazdı... Nə
isə, günümüz göy əskiyə
dönmüşdü, ərim üstünü vurmasa da, mən
yoldaşımın üzünə baxa bilmirdim, doğmaca
qardaşı öz bacısı haqqında
"yağlı" sözlər deyirsə, ər köpəyoğlu
nə fikrə düşsə, qınanılası deyil...
Anamın ölümü bir yana,
qardaşımın çıxardığı həngamələrdən
bilmirdim canımı hara qoyum, kimdən kömək umum, kimin
qapısına gedib dərdimə əlac istəyim?
Qalmışdım yol ayrıcında səksəkəli,
günüm qara olmuşdu, elə günüm kimi qara
fiqurlarla oynayan şahmatçıya bənzəyirdim, anlamırdım
qardaşım sabah hansı gedişi eləyib
mənə daha nə tələ quracaq, sabah nələr gətirəcək
başıma... Beləcə, bir gecə
yatdım, yuxuda atamla anamı gördüm. Mənə
dedilər ki, bilirik qardaşın səni çox incidir,
çox oyunlar açır sənin başına, amma
darıxma, səbirli ol, onu gətirəcəyik
yanımıza, özü də lap tez...
Mən həmin
yuxunu görəndən iki ay sonra qardaşım, buz
baltası kimi sapsağlam adam, evində
deyilənə görə, o əlmeymunu arvadının dediyinə
görə, evində çay içə-içə
kompyüterdə oyun oynadığı yerdə qəfil
huşunu itirib, oturduğu stuldan yıxılaraq rəhmətə
getdi. Heç bilinmədi yerə dəyməmişdən
ürəyi dayanıb, ya yıxılanda başı zərblə
divara-döşəməyə dəydiyindən
dünyasını dəyişib. Bircə mən bilirdim
ki, gözüyumulu suçlu axtarıb bu qəfil
ölümü qəzavü-qədərin, qismətin, taleyin
boynuna yıxmaq əbəsdi, qardaşımı aparan
aparıb...
Vəfa
Xalamgilin binasını rahat tapdım, amma hansı mənzildə
yaşadıqlarını unutmuşdum. Maşını binanın
qabağında saxlayıb düşdüm, ətrafa göz gəzdirdim,
günün istisi adamları təntitmişdi, ya hər nəydisə
gözümə ins-cins dəymədi, yox, lənət
şeytana, bir az irəlidəki həmişəyaşıl
ağacın kölgəliyində qaraltı sezilirdi, hə,
skamyada başı tül örpəkli qadın əyləşib
mürgüləyirdi, böyründəki iri qabda da ağ
tum. Yaxınlaşıb salam verəndə
arvad diksinəntəhər olub qeyri-ixtiyari əlini qabın
içindəki plastik stəkana apardı:
-
Neçə stəkan?
- Tum istəmirəm
mən... - binanı göstərdim əlimlə, mənə
elə gəldi ki, açıq-aşkar işarə eləməsəm
başı tuma işləyəni anlatmaqda zülm çəkəcəm.
- Deyirəm, bu binada yaşayansınız?
Qadın
iri, stəkandakı tumu dairəvi ləyənə
boşaldıb altdan-yuxarı şübhəli-şübhəli
üzümə baxdı, nədənsə, qaramtıl,
toppuş sifəti kölgələndi, bəlkə də məni
kiməsə oxşatmışdı, amma tamam yadına sala
bilmirdi:
- Hə,
necə bəyəm?
-
Çoxdan?
- Bu bina
tikilənnən... -
görünür arvadın qızıl dişləri
çoxdan parıltısını itirmişdi. - Sən bizim
binanı sökmək istəyənlərin nümayəndəsisən?
- Nə
nümayəndə... - gülümsündüm. - Mən
Kamran müəllimin mənzilini axtarıram...
- Kamran məllim
bizim blokda olur, qonşumuzdu... Amma... - qadın
çəkinə-çəkinə udqundu. - Amma Kamran müəllim
rəhmətə gedib axı, sən hansı Kamran məllimi
deyirsən? - tumsatanın qaşları çatıldı.
- Düz
tapmısan, mən elə rəhmətə gedən Kamran
müəllimi axtarıram...
- Nə?
- müsahibim təəccübdən yerində
qurcalandı.
Tumsatanın
gözləri bərəldiyindən izahat verməli oldum:
- Mənzili
ki, yerindədi, arvad-uşağı ki, qalır...
Müsahibim
özünə gəlib yerli-yataqlı danışmağa
çalışdı:
- Oğlu
da ölüb Kamran məllimin... Oğlu
özündən qabaq rəhmətə getdi. Elə
oğlunun dərdi bükdü Kamran məllimi belini, yoxsa
sapsağlam kişiydi...
- Bilirəm...
- çənəsinin altına salmağa, hərçənd
mən köhnə skamyada əyləşənin çənəsinin
altına düşmək üçün gərək
uzanaydım, adam axtaranın sözünü elə bəri
başdan kəsdim, çünki onun dediklərindən
ağlım bir şey kəsmədi, mən biləni xalam
oğlu Vüqar atasından, yəni Kamran müəllimdən
qabaq ölmüşdü, hər nə isə, indi bunun elə
bir fərqi yoxdu.
Adını
çək, qulağını bur, burda deyiblər, xalam
qızınınsa adını çəkməmişdən
tumsatanın gözü onu aldı, əlini binanın tininə
sarı uzatdı:
- Odey,
Kamran məllimin qızı gəlir. Vəfa...
Əlbəttə,
əlində iri həsir zənbil gələni mən
uzaqdan-uzağa o saat tanıdım, illər incə-mincə Vəfanın
sir-sifəti, üz-gözü ilə bahəm bütün bədəninə
sehrli sığal çəkmişdi, o sirli-sehrli təmasın
təsirindən xalamın qızı get-gedə elə əlindəki
dolu zənbil kimi ətə-cana dolmuşdu. Zənbilin
ağırlığından sağ çiyni əyiləninsə
deyəsən ətrafa baxmağa halı yox idi, ya da illər
boyu seyr elədiyi yan-yörə onun üçün
marağını tamam itirmişdi. Tumsatan
xırıltılı səslə əli zənbillini
çağırmasaydı yəqin xalam qızı elə yerə
baxa-baxa sakitcə bloka girəcəkdi.
- Vəfa!
Vəfa... - ayaq saxlayıb dayanmaq istəyənin gözü məni
alan kimi yerində mıxlandı, əlindəki
zənbili də qoydu yerə. - Bu kişi
sizə gəlib...
Mən irəli
yeridim, tumsatan ərinmədən yerindən qalxıb yekə
dalını burcuda-burcuda mənim yanımdan ötdü,
cangüdən kimi dayandı xalam qızının
böyründə, maraqla bir ona baxdı, bir mənə,
baxışlarındakı marağa narahatlıq,
nigarançılıq da qarışmışdı, guya,
xalam qızını məndən qorumaq üçün
tarım dayanmışdı, bir az o yan-bu yan eləyib Vəfanın
xətrinə dəysəydim üstümə atılıb
ciyərimi çıxarmağa hazır idi.
Əlbəttə, mən nəinki Vəfanın,
bacardıqca çalışırdım ki, heç kəsin
könlünə dəyməyim. Əvəzindəsə
xalam qızı durduğum yerdə məni əməlli-başlı
pərt elədi.
- Səndən
nə əcəb? - salam-kəlamsız xəbər
aldı.
- Sənə...
- çaşdığımdan dilim topuq
vurdu. - Sizə... gəlmişəm...
Xalamqızı
lap ağ elədi:
- Niyə?
- az qala deyəcəkdi ki, nə itin
azıb buralarda.
- Xalama dəyməyə...
- yaxşı ki, bu dəfə özümü itirmədim,
yoxsa ağzımıza marıtlayan tumsatanın yanında
ölüb yerə girəcəkdim.
Vəfa zənbili
yerdən götürdü:
- Gözlə,
bunu evə qoyub düşürəm...
Əlimi
zənbilə uzatdım:
- Qoy
aparım, ağır olar sənə...
Xalamqızı
üzə durdu, əlindəkini bərk-bərk tutub
narazı-narazı qaşlarını çatdı,
baxışlarından narahatlıq yağırdı, guya, mən
vaxtsız-vədəsiz gələn qonaq idim, bilmirdi məni
necə başından eləsin:
- Yox, sən
burda gözlə, tez gələcəm... - deyib aram
addımlarla girdi bloka, əlindəkini güc-bəla ilə
apara-apara...
Mən də bayaqdan ağzına su alıb nədənsə,
tənəli-tənəli üzümə baxan tumsatandan - bəlkə
də tənə-filan yox idi arada, dilxorçuluqdan mənə
elə gəlirdi - yaxa qurtarmaq üçün gedib oturdum
maşında.
Beləcə, hərə öz yerinə qayıtdı; mən
maşına, tumsatan skamyaya, Vəfa da ki, evlərinə... Bəlkə başqası mənim yerimə
olsaydı maşını sürüb gedərdi, mən isə
getmədim. Eşşəyə minmək bir ayıb,
düşmək iki... Birinci və yəqin ki, sonuncu dəfə
gördüyüm arvaddan - tumsatandan - utanmağın özü də
eşşəylə maşının müqayisəsi kimi
uyarsızdı.
Birdən-birə
anladım ki, Naska ölməsəydi indi mən bura gəlməzdim,
düzdü, zahirən o itki ilə bu gəlişin əlaqəsi
yoxdu, lakin on illik "dostumun" ölümü yəqin ki,
son hədd kimi illərlə bütün beynimə-ürəyimə-qəlbimə
yığılanları üzə çıxarıb pərən-pərən
eləmişdi; di durmaq vaxtı deyil, yolu əlinə
al get beynini dumanlandırıb, fikrini alt-üst eləyib yuxunu
qarışdıranların dalınca... O yolda, daha doğrusu,
o yolun başlangıcında Kamran müəllim vardı,
Vüqar vardı, üzünü görmədiyim mənə
çox doğma olan adamlar vardı... Bir də şübhəsiz
ki, ağlıma sığışdıra bilmədiyim
gözlənilməz döngələr vardı... Naskanın sakit-səssiz ölümü son nöqtə,
son yarpaq olmuşdu, daha geriyə yol yox idi, stəkandakı su
daşıb dağılmışdı, mən istər-istəməz
o yolla getməliydim. Ürəyimə damanlar, illərdi
beynimə girib fikrimi-xəyalımı ağlasığmaz
yerlərə aparanlar o yolda mənim bələdçilərim
olacaqdı, axtardığım gizli yerlərə gedib
çıxmaq üçün şərti işarələr
olacaqdı... Və hər şey mənim o
işarələri düzgün başa
düşüb-düşməyəcəyimdən, düzgün
oxuyub-oxumayacağımdan asılı idi. O yolda nə
tumsatan vardı, nə də Vəfa, deməli, pərt olmağa dəyməzdi...
Məni pərt eləyəni və buna şahid
olanı yəqin ki, bir də heç vaxt görməyəcəkdum.
Onlarla haçansa üz-üzə gələ bisəm belə...
Hələliksə
utanıb pərt olmağa dəyərdi, çünki tumsatan
kölgəlikdə yerini rahatlasa da, sağ əlini
günlük kimi alnına tutub deyəsən maşına,
maşının içində oturana - mənə -
baxırdı. Ya mən özüm
vasvası olmuşdum, hər şeydən xoflanırdım,
yazıq arvad nə mənə baxırmış, nə
maşına, blokdan çıxıb maşına tərəf
gələni - xalam qızını - seyr eləyirmiş.
Maşına tərəf gələn paltarını da dəyişmişdi,
saçlarını da tarım yığmışdı, yəni
suiçim saatda özünə yüngülcə əl gəzdirmişdi.
O,
yanımda əyləşəndə tünd ətir iyi məni
vurduğundanmı, bayaqdan içimə dolan, yox, içimdən
daşan hirs-hikkədənmi dilimi dinc saxlamadım, bəzək-düzəksiz,
hazırlanmadan hücuma
keçib yanımdakını karıxdırmağa
çalışdım:
- Niyə
imkan vermədin yuxarı qalxım? Ürəyimə
min cür fikir gəldi.
Özlüyümdə dedim, deyəsən, sevgilini gizlədirsən
evdə... İstəmirsən görək sənin ürəyini
fəth eləyəni ki, gözümüz-zadımız dəyər...
Maşının
qapısını örtüb ah çəkdi:
- Eh... Mən
nə hayda, sən nə hayda... Kefdən dəm vurursan... Nə var ki,
yuxarıda? Vüqarın arvadı, uşaqları, mənim
qızım uşağıynan, hamısı bizdədi...
İstəmədim bizim evi elə görəsən... Aləm
qarışıb bir-birinə, ev deyil ki,
bazardı, bazar...
Qırsaqqızlığıma
haqq qazandırıb ağ bayrağı
qaldırdım:
- Dedim gəlmişkən
bir xalamı da görərdim...
- Xalan evdə
yoxdu ki...
- Bəs
hardadı?
Vəfa
yad adam barəsində
danışırmış kimi cavab verdi:
- Əri ilə oğlu öləndən sonra day şəhərdə
yaşaya bilmədi, çoxdan gedib rayona. Bacısıgilə... Day
xalan əvvəlki kimi ding-ding
dingildəyən arvad deyil, əriyib gedib, bir dəridi, bir
sümük, səhər-axşam gözləri yol çəkir
yazığın, hələ də inanmır itirdiklərinin
yoxluğuna, adamayovuşmaz olub xalan, başı səs-küy
götürmür, öz aləmindədi, elə bil
ağzını açmağa da taqəti qalmayıb, dindirməsən
danışmaz... - maşın yerindən tərpənəndə
Vəfa uzun-uzadı xalamın indiki halını təsvir eləyən
söhbətini dəyişdi. - Hara gedirik, hara
qaçırdırsan məni?
- Buralarda
yaxşı bir kafe olmalıdı. Bağın içində...
- Deyəsən,
bizim məhəlləni pis tanımırsan...
- Elədi,
əvvəllər tez-tez gəlirdim sizin tərəflərə...
Burda bir tanışım olurdu. Mən onun
əsl adını sonralar öyrəndim,
tanışlığımızdan çox sonra...
Çünki bütün təzə tanış-bilişlərindən
əsl adını gizlədirdi ciddi-cəhdlə... Sən
tanımazsan, sənnən çox uşaqdı,
"Cenifer" deyirdilər adına.
Cenifer Lopesə bənzədiyinə görə...
Sözümü
ağzımda qoydu:
-
Nöş tanımıram, bizim evin dalında "Cenifer" gözəllik
salonu da açmışdı.
Ay xatakar, day girmədiyin dərmə-deşik qalmayıb sənin...
Martovski kotsan da sən... - qəhqəhə
çəkdi. - Belə baxanda, səndə də
günah yoxdu, mən arvadlığımnan tamah salırdım
o qıza, köpəyin qızı yaman oxşayırdı
Cenifer Lopesə. Hələ yerişi, duruşu,
hərəkətləri ilə də kopyalayırdı onu.
Yaxşı, bəs, hara yox oldu sənin o
Ceniferin? Birdən-birə yoxa çıxdı e... Bir də
gözümüzü açdıq ki, onun gözəllik
salonunu da eləyiblər market...
- Deyəsən,
xariciyə ərə getdi, köçdü ya Fransaya, ya da
Hollandiyaya... Dəqiq bilmirəm...
- Nə
yaxşı, sağ əli bizim başımıza... -
xalamqızı əməlli-başlı həsədlə, az qala gözləri yol çəkə-çəkə
dedi.
- Mən
heç nə arzulayıb-eləmirəm daha. Məncə,
bizim yalnız bir yerə köçmək şansımız
var...
- Hara? - içini çəkib maraqla xəbər
aldı.
- O
dünyaya...
Vəfanın:
- Uy, iraq olsun... - deməsi ilə maşını
bağın qabağında saxlamağım bir oldu...
...Akasiya
ağacının kölgəsindəki masanın arxasında
əyləşmişdik, ofisiant yemək süfrəsini
yığışdırıb kofe, dondurma gətirməyə
gedəndə mən ağzımı salfetka ilə silə-silə:
- Axır
vaxtlar tez-tez Vüqar yadıma düşür, - dedim. - Nədən
öldü o?
Vəfa yəqin ki, içdiyi çaxırdan qızaran
yanaqlarını sığallayanda elə bildim o, göz yaşlarını
gizlətmək istəyir, amma xalam qızı səsindən
nəinki ağlayana, heç kövrələnə, qəhərlənə
də bənzəmirdi.
- Əvvəllər
tez-tez başında ağrılar olurdu, bizim həkimlər
diaqnoz qoydu ki, qaymaritdi... Sonra birdən-birə üzü
şişib tanınmaz hala düşdü... Demə, o zəhrimardan
imiş... Xərçəng... Yazığın üç
körpə qızı qaldı... Hayıf ki, arzusuna da
çata bilmədi...
-
Hansı arzusuna?
- Həmişə
deyirdi ki, general olacam. Əcəl imkan vermədi...
- Hə...
- mızıldayıb özümə haqq
qazandırdım. - Mən Vüqarın
ölümünü gec eşitdim... - olub keçənləri
Vəfanın yadına saldım. - Anam tez öldü,
atam evləndi, - rəsmiyyətə keçdim, - məlum səbəblərdən sizə də gediş-gəlişimiz
seyrəldi... - əslində gediş-gəlişimiz tamam kəsilmişdi,
"seyrəldini" nəzakət xatirinə dedim...
- Allah rəhmət
eləsin, atan da ölüb, deyirlər...
-
Çoxdan... çoxdan ölüb... - qəfil dilim
dolaşdığından gülümsündüm. - Hələ analığım da rəhmətə
gedib...
Vəfa təəccübləndi:
- Aaa...
o niyə? Deyirdilər cavandı axı...
-
Maşın vurdu onu...
-
Yazıq... Ölüm qocaya-cavana baxmır... -
nazik qaşları çatıldı. - Necə
görünürəm mən, çox qocalmışam? - öz aləmində
yaşlanmağına izahat verdi. - Kökəlmişəm də,
arıqlaya bilmirəm...
- Kim deyir
onu, sən lap cavan görünürsən...
- Kim deyəcək,
sən...
- Mən?
- heyrətləndim.
- Bayaq
dedin ki, Cenifer məndən uşaqdı...
-
Orası... elədi... Yaş öz yerində...
- malalamağa söz tapmadım. - Amma səndə
özünəməxsus gözəllik var...
- Gopa
basma... - saymazyana əlini yellədi. - Abırsızam mən...
Mənə dəyən kimə dəysəydi o
dünyalıq olmuşdu. Bilmirəm rəhmətlik
qardaşımın yetimçələrinin dərdini çəkim,
öz nəvəmin qeydinə qalım, ya bədbəxt anama
qayğı göstərim... Aləm bir-birinə
qarışıb, hərdən baş götürüb
uzaqlara, çöli-biyabana qaçmaq istəyirəm.
Elə bir yerə ki, heç kəs məni tapmasın... - azca
ara verdi. - Yaxşı ki, sən gəldin,
başım bir az qarışdı...
İnan, hərdən adamın belə görüşlərə
çox ehtiyacı olur...
Söhbətin
yönünü dəyişmək istəsəm də deyəsən
işləri lap korladım:
- Nəçidi
ki, kürəkənin?
-
Heç nəçi, avaranın biridi, heç
vaxtı-vaxtında alimenti də verə bilmir...
- Niyə
boşandı ki, qızın?
- Mənə
çəkib də, qabağından yeyən deyil... O vaxt mən
də ərimdən tez ayrılmışdım. Heç
üç il yaşamadıq...
Kəpənək
qalstuklu ofisiant sinidəki mer-meyvəni, kofeni, dondurmanı
masaya düzüb dodaqaltı: "nuş olsun," - deyərək
mürəxxəs oldu.
- Bir yerdə
işləyib-eləyirsən sən? - yerimdə
qurcalanıb əlimi çay qaşığına
uzatdım.
- Hə...
Universitetdə laborantam... Həm də "Psixoloji Yardım Mərkəzi"ndə
psixoloqam... Belədi də, gülməli günə
düşmüşəm, mənim öz günümə
ağlayan lazımdı, mən ona-buna məsləhət verirəm...
Çörəkli yerdi, ölkədə psixlərin sayı
artdıqca bizim işimiz yaxşı gedir... Nə isə,
Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin
başına qoyuram ki, evdəkilər korluq çəkməsin...
Sən nə işlə məşgulsan?
- İndi
heç nə ilə... İşlədiyim bank
bağlandı, hələ ki, atamdan qalanlarla birtəhər
başımı dolandırıram...
- Axı,
sən qabaqlar şeir-zad yazırdın...
-
Eh... O çox qabaqlar olub... Həm də ki, indi şairə-filana pul-zad verirlər
bəyəm?
Sözümün
sonunu-canını vecinə almayıb
gülümsündü:
-
Yadındadı, mənə də şeir
yazmışdın...
-
Yadımdadı, - təsdiqlədim, - sənə şeir
yazmışdım dəftər vərəqində, sənin
özünə də and içdirmişdim ki, heç kəsə
deməyəsən... Yaman
sirsaxlayan idin, heç bircə gün keçmədi
üstündən,
sair dili ilə desəm, sirrimi dünyaya yayıb, məni el içində rüsvayi-cahan elədin gülə-gülə ki,
bəs, ay qızlar, bu uşaq mənə şeir yazıb...
Yaxşı ki, mən sənin xalan oğlu idim, özgəsi
olsaydım sirri bir dəqiqə də saxlamazdın...
Utandığımdan bilmirdim qaçıb harda gizlənim... Aramızda beş yaş fərq olsa da sən mənə
uşaq kimi baxırdın... Qalır səndə
o seiri yazdığım vərəq?
- Yox, -
başını buladı, - indiyə vərəq qalar?.. - məzələndi. -
Sevirdin də sən o vaxt məni, hə? - bic-bic göz
vurdu mənə. - İkilikdə olanda qıpqırmızı
qızarırdın, yadındadı?..
- Ooo!.. Dəli-divanə idim lap... - mən də
borclu qalmadım. - Elə sənə görə arvad almaq məsələsində
bəxtim gətirmir...
-
Kiri-kiri, bəxti gətirməyənə bax... Dalınca
sürünmədiyin bir yubkalı qalmayıb...
- Onu sənə
kim deyib?
- Mələk...
Babagillə üzbəüz yaşıyırdılar
axı... O vaxtlar mənim padruqam idi. Sonralar da zəngləşirdik
hərdən... Ozü də sənnən üç yaş
böyük...
-
Nişanlısı atmışdı Mələyi... -
özümə haqq qazandırdım. - Mən bir-iki il ona kömək elədim. Qoymadım, daha doğrusu,
qıymadım tək qalsın... Pis şey
ağlına gətirmə, pis nə var axı burda? Dar
ayaqda sənin rəfiqənə kömək eləmişəmsə
sən buna görə mənə "çox sağ ol,"
deməlisən.
-
Kiri-kiri... Köməkçi... Köməkçiyə bax...
Gör kimə nömrə gəlir... - Vəfa
məni yamsıladı. - Nə ürəyi
yumşaqsan... Babnik... Arvadlara kömək eləmək
üçün əldən-ayaqdan gedirsən...
- Elə
Vüqarın ölümünü də mənə Mələk
xəbər verdi... - qəfil dilimdən
çıxanları dəbbələyib, rəndələyib
səhvimi düzəltməyə çalışdım. -
Amma rəhmətliyin ili də
çıxmışdı Mələk mənə xəbər
eləyəndə...
Vəfa
bunun fərqinə varmadı, deyəsən, qanqaraldıcı
söhbətlərdən vaz keçib deyib-gülmək
fikrindəydi:
-
Çoxdandı səs-səmiri gəlmir, görəsən Mələk
hara yoxa çıxıb?
- Türkə
ərə getdi də... Bilmirdin?
- Yox... Hardadı indi?
- Bursada...
- Nolar,
Bursa da pis yer deyil... - söhbəti qəfil tutalqasız dəyişib
soruşdu. - Sənin Şotlandiyaya yolun düşüb?
Çaşdım:
- Yox, necə
bəyəm?
- Elə
yaxşı ki, düşməyib... Ora gedib çıxsaydın,
kişilərə də cumardın... - qəhqəhə
çəkdi.
- Sən
yubka məsələsinə görə belə deyirsənsə,
onda gərək mən buralarda arvad üzünə həsrət
qalaydım, çünki day zənənlərin hamısı
şalvar geyinir...
- Baban
sağ olsaydı ağacla döyərdi səni...
- Hə,
babamın çomağına tuş gəlmək
Əzrayılı dirigözlü görməkdi... Babanın
gözü qızdısa, gərək qaçıb bir yerdə
gizlənəydin canını qurtarmaqdan ötrü... Metrə
yarım boyu vardı kişinin, çomağı
özündən böyükdü, di gəl, gözü
qızanda hirsindən-hikkəsindən yer-göy titrəyərdi...
- Əsas boy-buxun deyil ki, ürəydi, ürəy... - Vəfa
əlini sinəsinə vurdu.
-
Yadındadı, babanın bacısı Nisbətin oğlu
Ramazan?.. - ürək
söhbətini qulaqardına vurub xəbər aldım.
- Yox...
Heç Nisbət dediyin arvadı da xatırlamıram...
Görməmişəm bəlkə də... Mən babagildə
qalanda sənin kimi
hər yerə burnumu soxmurdum axı... Məhəllədəki
qızlarla oturub-dururdum, padruqalarımla sənin mənə
yazdığın şeiri oxuyub
gülüşürdük...
Müsahibim
son sözlərini
havaya deyirmiş kimi davam elədim:
- Hə,
həmin o Ramazan dayısıgilə, yəni babamgilə gələndə
babam nənəmə tapşırardı ki, elə elə o
biqeyrət mənim gözümə görsənməsin... Nədi,
nədi, Ramazan arvadını boşayıb başqa arvad
almışdı... İndi gündə beşi evlənir, altısı
boşanır, heç kəsin də veçinə deyil, əyyam
dəyişib... Baxma ki, qoca vaxtında baban özü də
ikinci kərə evlənmişdi...
- Arvadı
öləndən sonra evlənmək qəbahət deyil...
Burda pis nə var ki?..
- Nə
isə, sözüm onun evlənməyində deyil, həmin o
Ramazana yazmışdım mən ilk seirimi:
Ramazan, qəbir
qazan,
Arvadına
məktub yazan...
- Yox, mənə
yazdığın şeir ondan yaxşı idi... Ramazan öz arvadına niyə məktub yazmalı
idi ki?
- Bilmirəm...
İlk qələm təcrübəsi idi də... Sənə seir yazanda püxtələşmişdim...
- məzələndim. - Az qala əməlli-başlı
sair idim...
Süfrədən
əl götürüb oturduğu stulda yerini rahatladı,
ayağını-ayağının üstünə aşırıb bic-bic
gözlərini üzümə dikdi:
- Hə...
Mənim dərdimdən az qala şair
olacaqdın... - yüngülcə nəfəsini dərdi. -
Bura bax, Ramazan, şeir-filan öz yerində, indi əsl mətləbin
üstünə gəl, düzünü de görüm, birdən-birə
gün hardan çıxıb, mənim yazıq anam,
başı bəlalar çəkmiş xalan hayandan
düşüb sənin yadına?..
Araya sükut çökdü.
Mən
bayaqdan ətrafa düz-əməlli fikir vermirdim, bağın
kənarındakı yolda şütüyən
maşınların səsini də, şəhərin
ümumi ahəngi hesab eləyərək eşitməməyə
çalışırdım, amma indi qəfil elə bil iri, həmişəyaşıl
ağacların ən sıx yarpaqlı yerində yuva quraraq
gizlənən və gözəgörünməzə
çevrilən quşların da səsi kəsildi, ya da bizim
oturduğunuz bağın yan yörəsinə səs, ün
keçirməyən halə çəkdilər sanki.
Sükut nə qədər çəkdi, müsahibim kirpiklərini
də qırpmadan mənə nə qədər baxdı,
bilmirəm, nəhayət, mən dilləndim:
- Deməyinə
deyəcəm e, ancaq bilmirəm, sən məni anlayacaqsan, ya
yox?..
Özünü
yığışdırıb tamam diqqət kəsildi:
- Sən
bir cəhd elə, çalışaram başa
düşüm...
-
Birincisi, mən son vaxtlar qəribə yuxular görürəm,
o yuxulara da həyatımda baş verənlərdən daha
çox inanıram...
- Səni
narahat eləyən nədi? - diqqətlə
üzümə baxdı. - Yox, rəng-ruhun pis deyl. İstədiyin
vaxt gələrsən mənim qəbuluma, sənə pulsuz
kömək eləyərəm, - gülümsündü.
- Zarafata
salsan day heç nə danışmayacam, - dedim incik-incik.
Maraq ona
güc gəldi:
-
Yaxşı-yaxşı, mən susdum...
Amma mən
xalam qızının susmasına imkan verməyib xəbər
aldım:
- Sənin
yadındadı da xalan... mənim anam?.. - boğazımı arıtladım. - Öz
anamı deyirəm...
- Əlbət
ki, yadımdadı... O qədər məni oynadıb ki... Allah
rəhmət eləsin... Xalamın gözündəki
işıq indiyəcən xatirimdədi... O iri gözlərdəki
par-par yanan işığın həmişəlik
sönüb getdiyinə adamın inanmağı gəlmir... -
yeddimərtəbəli sözlərlə kiçicik nitqini
başa vurdu.
- Bəs,
babam... yəni babamız?.. - dilim dolaşa-dolaşa soruşdum, müsahibimi
bir azdan deyəcəklərimə hazırlamaq lazım idi.
- Dəlisən...
Mən sənnən böyüyəmsə, adi
məntiqlə babamı sənnən daha yaxşı
xatırlamalıyam da, elə deyil? Kəsəsinə gəl,
birdəfəlik sözünün canını de, çox
"mus-mus" eləmə...
Onun dediklərini
qulaqardına vurdum, ucundan tutub
ucuzluğa getsəydim ən
azı mətləbdən yayınardım, özüm verəcəyim
sorğu-sual içində itib batsam da, əslində nə
istədiyimi mənimlə üzbəsurət əyləşənə
anlada biməzdim, çünki əslində nə baş
verdiyini, nə istədiyimi özüm də düz-əməlli
başa düşə bilmirdim, Vəfa mənə istiqamət
verməsəydi tamam çaşıb qalacaqdım.
- Hər şeyə öyrəşdiyimiz
adi məntiqlə yanaşsaq uzağa gedə bilmərik, məsələ
bunda deyil... Bax, o babamızın bir əmisi
arvadı vardı. Çox ağır
seyid idi həmin arvad. Amma guya, sonsuz idi seyid arvad,
uşağı olmurdu...
Yenə
sözümü kəsdi, lakin bu dəfə dediklərimi
axıracan dinləməməyi əslində mənə
kömək elədi, mən fikrimi cəmləyə bildim:
- Yaxşı, bəs, guya niyə? Əslində övladı vardı ki?.. - dirsəyini masaya dayayıb ovcunu çənəsinin altına qoydu...
Mübariz CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.2-4.