Getsin
Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da, getsin.
Ən böyük yalanmış
doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.
Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb
olmazlara: budu olan, - de,
Oxunu daşlara
tuşla da, getsin.
Təpil
yarğanlara, çəkil
çallara...
Boylan məzə
kimi qeylü-qallara.
Çürük matahını bürü
şallara,
Bəh-bəhnən alınsın, xoşa da
getsin.
Nə gözəl
toxunub fələyin toru? -
Adam özü qaçır
ağzına doğru.
İçində quldurdu, çölündə
oğru,
İçini-çölünü xışla da getsin.
Ömür deyiləni qılıqla,
yanla,
Fanidə oyun qur cisimlə,
canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? - Qoşa da getsin!
Bilirəm
Olur bil də "olmaz"ı,
Olmaz bil də "olur"u.
N.Fazil Qısakürək
Başıma olmazın oyunlar
gəlir,
Daha "olmaz"ları
"olar" bilirəm.
Mən nələr çəkirəm
bir Allah bilir,
Elə ki, gecənin bağrını yarıb,
Oxuyan quşları "Qu"lar bilirəm.
Dərd
bilib özümü atıram oda,
Məni bu alovlar yandırar
çətin.
Udduğum havada, içdiyim
suda
Düşmən məhəbbəti, dost xəyanəti,
Axır məqsədini bular, bilirəm.
Gördüm bir səhranın
yüz çuxurunu,
Görək çuxurunu, söz çuxurunu.
Allaha aşikar, bəndədən
gizlin,
Axıb
tapmayanda öz çuxurunu,
Harda veyillənir
sular, bilirəm.
Adamlar ağzına su alıb susur,
Qaraca daşları
dinən görürəm.
Beş dərə bir dağın dibini pusur,
Havalı
başımdan çəkilir
duman;
Uca zirvələri enən görürəm,
Dibsiz quyuları
"dolar" bilirəm.
Təbrizim döyülür, Şuşam
talanır,
Sabahım göynəyir güman içində.
Gecələr yuxuma xəncər
saplanır,
Səhərlər dururam al-qan içində…
Bal kimi uduram bu
təsəllini,
Palıd koğuşunda nolar, bilirəm.
Başıma olmazın oyunlar
gəlir,
Daha "olmaz"ları
"olar" bilirəm.
Çox da ki dinmirəm...
Çox
da ki, dinmirəm,
Allahın olsun,
Bu yalan-yanlışı sırı
az mənə.
Mənim
də dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!
Mənim
də dünyadan qandıqlarım var,
Yaxşı bax gözümün içinə, düz bax.
Sənə bu baxışlar heç nə demirmi?
Demirsə, vay mənim halıma - yüz
bax.
Sənə bu baxışlar
heç nə demirmi,
Demirmi sən necə zalım adamsan?
Tutaq ki, mən fağır
üzüyumşağam,
Sən niyə
bu qədər qalın adamsan?
Tutaq ki, mən fağır
üzüyumşağam,
Bə sənin
mürvətin-zadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Düşmənin, yaxının-yadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
- Varsa bu xislətə
necə dözürlər?
Çərləyibmi sənə salam verənlər,
Ya səni
almayıb vecə, dözürlər.
Çərləyibmi sənə salam verənlər,
Varmı
salamını alan - deyirəm.
Bezdirib dilimdən tərif qapırsan,
Ayə,
Allah haqqı yalan deyirəm!
Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var - bazar olmasın.
Heç
bir məmləkətdə,
heç bir millətdə,
Yazıqdı, sənintək yazar olmasın.
Çox
da ki, dinmirəm,
Allahın olsun,
Bu yalan-yanlışı sırı
az mənə.
Mənim
bu dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!
Torunu sudan çək,
balıqçı baba
Torunu sudan çək,
balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni
yem etdiyin harınlar ki, var -
Çıraq tutmayacaq gorunda sənin.
Açıb qucağını bu
dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana
bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.
Heç
nə görməyəndə
heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə
neçə göz baxır -
Dəryada davanın öz
qanunu var!
Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik
edən,
Özüylə üz-üzə gələnə
kimi?
Bədən qayığıma əllərim
avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı
baba,
Sualtı qayıqlar düşüb
dalımca.
O sevdalı çağlar yadındadımı
O sevdalı çağlar yadındadımı? -
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada
sənə tən gözəl.
Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər
hörən?..
Səniydin onlara yaraşıq
verən,
Nə çiçək
gözəldi, nə çəmən gözəl.
Sevgi bir yol gələr
adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.
Mən ömür sürmədim
- vaxtdı, uzatdım,
Sənsizlik adınnan başımı
qatdım.
Göynəyə-göynəyə əlliyə
çatdım, -
Gülə-gülə ölləm "öl"
desən, gözəl.
Gör mən nə saymışam, fələk
nə sayıb -
Dönüb sənə baxmaq
sayılar ayıb...
Aradan qırx igid ömrü adlayıb, -
Mən həmin dəliyəm, sən həmin gözəl!
Sənin həsrətindən özgə
Bundan gözəl ömür olmaz, -
Sən olan dünyada varam.
Göy məni Yerə qısqanar,
Bilsə necə bəxtiyaram.
Nolsun adın Günəş deyil,
Sənə bənddi axşam-səhər.
Sənə nisbət dövr
eləyir
Kainatda səyyarələr.
Bir kirpiyinə minnətdi
Yerin, Göyün
yeddi qatı.
Cəhənnəm olsa cənnətdi
Sən olan göylərin altı.
Bir arılar bilər nədi -
Gül dalının
gerçəkləri.
Kimin ətridi süsləyən
Çəmənlərdə çiçəkləri.
Bundan gözəl ömür olmaz, -
Sən olan dünyada varam...
Sənin
həsrətindən özgə
Nəyim
var haramdı, haram!
Adamı bunca sevməzlər
Adamı
bunca sevməzlər,
Bu qədər sevilməz adam.
Mən də bir nəfsin
quluyam,
Övliya deyiləm, qadam.
Hər dinəndə haqq desəm də,
Bir olanda bir də olmur.
Səni
necə inandırım?-
Göydə olan, yerdə olmur.
Gah aydan arı oluram,
Gah da zinrik bir gecəyəm.
Bu nə sözdü soruşursan,-
Mən hardan bilim necəyəm?
Qaratikan
görübsənmi
Yazağzı çiçək açanda.
Sarı-sarı bənövşələr
Dibində ətir saçanda.
Mən sevə bilirəm ancaq,
Sevilmək... O, mənlik deyil.
Dön mənə yaxşı-yaxşı
bax,
Gördünmü? - Görmədin,
xeyir!
Gəlir
Mən gözəl deyiləm...
Sən gözəl olmaya bilməzsən, xanım,
Sözlərindən çəmən, çöl
ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,-
Bir ildi ovcumdan gül ətri gəlir.
O mənəm - adına
düşkün, havalı,
Qıyğacı baxışın dindirər
lalı...
Sənin
həsrətinə urcah
olalı,
Gözlərimdən Maral-Göl ətri gəlir.
Xəyalımda əsmər bənizin
durur,
Unutmam -
çalına İsrafil
Suru...
Bu qara sevdadan, gözümün nuru,
İbrahim qoxuyan kül
ətri gəlir.
Can
Mənə nə desən
de, xanım əfəndim,
Amma mənə bircə
"can" demə, nolar!
Mənə "can" deyənə can borcum qalır,
Qıyıb da gəl "qana-qan" demə, nolar.
Mən çoxdan halıyam can əzabından,
Bilirəm can alıb, can vermək
nədi.
Təzə yaraları qaysaq
tutanda,
Köhnə yaraları qan vermək nədi...
Daha buz dağıdır mənim can payım,
Xəbəri də olmaz - "ət kəs ətindən".
Virandı can evim, könül
sarayım,
Virandı eşq adlı səltənətim də.
Şan-şöhrət deyirsən... Nə bilim, varsa
Şöhrət sənə qurban, şan sənə qurban.
Ömrünə bir anlıq ömür qatarsa,
Apar, sənin olsun, can sənə qurban.
Dilindən çıxınca bir
himə bəndəm,-
Mənə alış demə,
yan demə, nolar...
Mənə nə desən
de, xanım əfəndim,
Amma mənə bir də "can" demə,
nolar.
Başını qaldır, göyə
bax
Halım
hal deyil, soruşma
Sən gedəli
necə varam.
Əlim
ovcundan qopalı
Eləcənə tar-maram.
Qəm qoxuyur üstüm-başım,
Çölə həsrət divanəyəm.
Gölü quruyan balığam,
Bayquş ötən viranəyəm.
Günüm "sən" deyib
başlanır,
Axşamım "sən" deyib bitir.
Alışıram dilim-dilim,
Əriyirəm sətir-sətir.
Nur çeşməsi - səsin
ki, var
Hər yandan bürüyür məni.
Ürəyimdən bir ah qopur:
"Qız, səni
sevirəm, səni!"
Bu qədər zülmün içində
Məni bir ümid yaşadır.
Başını qaldır, göyə
bax,
İki ulduz baş-başadır.
İbrahim İlyaslı
Ədəbiyyat qəzeti.- 2018.-
4 avqust.- S.5.