Mən ordaydım -
qapının qarşısında
Ay buludlardan boylananda.
çərpələng uçurmaq
istərkən
qapının o üzündəki
tanış qoxunu duyduğu an belə,
ipin ucunu körpəcə əllərindən
buraxmayan uşaq
kimi.
Ay gördü məni,
gördü də mən duymadım.
Çərpələng uçururmuştək
əllərimi uzatdığım
boşluqda
Ay işığının üzümdə
necə oynadığını
sən də görürdün, İlahi!
Elə indi də görürsən
əl uzatdığım
boşluqdan
uçurumun dibinə
necə yuvarlandığımı.
Taxta qapı...
qaranlıq küçəyə
atılıb
kiminsə qorxulu yuxusundan.
Belə
qaranlıq gecələrdə
o qədər üzümə
qapanıb
qalmışam arxasında.
İndicə içəridən bir
əl çıxıb
üstümdən xatirələrin
tozunu çırpacaq,
Sonra da çəkib məni
uşaqlığın nağılına
aparacaq.
Mən bir pərvanə mizrabam
görən kimin səsi gələr
əlimi qapıya
toxundursam?
Nə qapı
açılır, nə
məni səsləyən
var.
Bilirəm, İlahi, üzümə
açılmaz
sən açmayan qapılar!
Məni
Ay işığı yerimdən
oynatdı
anamın sığalını
görüb əllərimi
uzatdım...
İşğal olunmuşuq;
əsir-yesir xatirələrdi
bizə qalan,
gəl buradan gedək, könül,
daha yetər, yetər...
Boş-boşuna xəyallar qurmaq
düşmən qapısına
getməkdən betər.
Biz ki, əl açmadıq
heç kimə
ürək açmağa
da bir kimsəmiz yox.
hələ mənzil
başına var deyib
fələk bizi qovur, qovur,
necə ki, külək buludu.
Niyə
bilmədik, bilmədik
unudulan sevdalara
yas tutulan yerlər budu!
Şükürlər
olsun sənə, Tanrım,
bir ömür yaşayıram
bir udumluq hava varsa bəsimdi.
Su üzərində köpük
necə olur?
bu axşam canım elə
yüngül.
Yox, yox, demirəm
bu can ağrısız
qala,
ağrılar unudula
axı su üzərində köpüyün
də
hərdən-hərdən naz satmağı var -
dalğaları oyada-oyada.
Yetər
ki,
sonacan üzməyə
nəfəsi çata...
***
Bir
gün sən də bezib
bu yerdən getmək istəsən,
yəni harasa getmək
özündən uzaqlaşmaq.
Amma bilməzsən hara...
Duyğular hücum çəkər,
içində baş qaldırar
çoxdan gözlənilən
dalğalar.
Bir də görərsən
uzaq okeanlara üzən
gəmiyə dönüb
buludlar -
indicə limandan ayrılacaq.
Sərnişinlərin arasında adın yox,
uçmağa qanadın
yox,
səni götürməz
bu gəmi...
Hələ sevməliyik bir-birimizi,
hələ nəfəs
alır, hava uduruq.
Hələ dözməliyik bir-birimizə,
hara gedəsiyik buradan durub?
Yol hələ uzunsa, ömür beləsə,
dərəsi, təpəsi,
yoxuşu belə.
Hər günü mövsümtək
dəyişən ömrün
istisi-bürküsü, yağışı
belə.
Daha söz deməyə dilim gəlməyir,
tale də, qədər də qınaq yeridir.
Burda bizsiz ağrıları çəkən yox,
yeri canım, nə durmusan, yeri di.
***
Vaxtlar
vardı mən də sənin kimi
macəralarla dolu dünyayla savaşdım.
Amma nə qədərə güc
gələ bildim,
nə də taleyimi dəyişdim.
İndi
hər şeydən -
yaşımdan, başımdan,
sənin gözlərindən
utanıram, oğlum!
Hara baxsan hara getsən
də
düşüb-qalxdığın yoxuşlar
yollar,
bu lənətə
gəlmiş suallar
qorxulu.
Hələ demirəm qapını
vaxtsız-vədəsiz döyən
ömrün payızı
var,
payızın da nazı...
Eh, sənə nə desəm də hamısı birdi.
Retro havası üstündə
kökləyib
fələk əlindəki
sazı.
Bir baxsana,
əlvan rəngləri
sevsəm də
hər havada bir rəng alır
qırışları üzümün
macəralarla dolu ömür yaşayanlar
sonda xatirələrlə
ovudur özünü...
***
Erkən
payız səhərində
Anna Germanın səsi
pıçıltıyla süzülür
könlümə;
mən can verdim,
sən can vermə ölümə.
Sərxoş səsə dönüb
payız səhəri,
sərxoş səsə
dönüb
əski günlərin xatirələri...
***
Qəfil
gəldi yağış,
pəncərəmin şüşəsi
tel-tel, naxış-naxış.
Saatlar ötüb keçir,
yağış elə həsrətlə, elə
ləzzətlə yağır.
Şeytan
məni dilə tutur,
Cəhənnəm olsun hər şey,
dur pəncərəni
aç,
tullan gölməçənin
düz ortasına
eləcə yağır
yağış
pəncərəm naxış-naxış.
Şeytan
bic-bic göz vurur:
- Hə, nə oldu niyə durdun,
yoxsa yağışdan
qorxdun?
Durub pəncərəni açıram
lənət yağdıra-yağdıra
şeytana
başımı tuturam yağışın altına.
Axı xatırlamalı çox şey var
bu yağışın
altında!
***
Həndəsi
fiqurlara oxşayır getdiyim yollar
hər döngəsi, hər dalanı
düz, əyri xətlərlə dolu.
Alnımın səcdəyə gəlməsiylə
nurlandı qamış
qələmim,
ta əyri xətlər də
tanışdı mənə.
Ruhun diriliyi cəm kimidi
qafiyəsiz sözlərin
yeri dəyişsə
də,-
qoca dərviş danışdı mənə!
Karvankəsənlərin gözündən
iraq,
yükümü tutmuşam,
İlahi!
Xurcunumun
bir gözündə
qoca dərvişin xeyir-duası,
o biri gözündə
Məcnun
sevdası...
***
Pəncərədə
sükut
qapını çırpıb
evdən gedən
qadındı ümid.
Yuxuda gördüyüm göyərçin
uçub qondu pəncərəmə,
qanadından qan damır,
titrəyir, çırpınır,
yorulur.
Bəlkə o quşcığazla
mən tale ortağıyam,
eyni budaqdan düşmüş bəxt
yarpağıyam.
Əvvəl-axır tapacaqdı məni,
bəlkə elə ömür boyu
gözləmişəm mən də onu.
Göyərçin hardan bilsin
göylərə üz tutan sevdalılar
beləcə bir gün uçub-uçub
yorulur,
yorulunca qanadından vurulur.
***
Qapının
qarşısında durmuşuq -
kölgə, mən.
Kölgə tərpənir birdən,
döyümmü bu qapını,
bəlkə çıxıb
gedim?
Gedirəm kölgə gedir,
dayanıram dayanır.
Yenə məndə köhnə istək oyanır.
görən qapını
döysəm kimin səsi
gələcək?
məni tərpədir kölgə
getsəm-güləcək.
kölgə macal vermir
əlimi uzadım
düyməyə,
üzümə açılacaq
sonuncu qapını döyməyə...
Fəxrəddin Əsəd
Ədəbiyyat qəzeti.- 2018.- 4
avqust.- S.7.