Tarixləri əks etdirən türk sözü
"Azərbaycan"
jurnalının 7-8-ci sayında xalq yazıçısı
Anarın "Türkün sözü" essesi işıq
üzü görüb. İrihəcmli essedə
yazıçı ümumtürk ədəbiyyatı,
poeziyası haqqında fikirlərini müxtəlif şairlərin
misraları vasitəsilə oxucusuna
çatdırır. Esseyə son söz yazan Pərvin "Türkün sözü"nü Anarın ümumtürk
ədəbiyyatı, mədəniyyəti üçün
gördüyü böyük
işlərin davamı kimi dəyərləndirir.
Pərvinin məqaləsini oxucularımıza təqdim edirik.
Rus şairi Mixayıl Lermontov "Zəmanəmizin qəhrəmanı" romanında yazırdı ki, insan ruhunun, hətta ən kiçik ruhun belə tarixi bütöv millətin tarixindən daha maraqlı və faydalıdır. Millətlərin tarixini yazan, araşdıran, hadisələrin, rəqəmlərin dəqiqliyini düşünən elm var - tarix elmi. Və yer üzündə heç bir sənət, heç bir olay, hadisə tarixdən kənar, ondan ayrı qavranıla bilməz. Hisslərin, ruhun tarixini isə yazan, əbədiləşdirən ədəbiyyatdır, daha dəqiq söyləsək, poeziyadır. Bu mənada poeziya elə bütövlükdə Lermontovun təbirincə desək "ruhun tarixi" hesab oluna bilər.
Xalq yazıçısı Anarın "Türkün sözü" adlı essesini oxuyanda nədənsə elə Lermontovun bu sözlərini xatırladım. Axı Anarın da insan həyatını, şəxsi duyğuları əks etdirən poeziyaya, ədəbiyyata belə xüsusi münasibəti var. Misal üçün, böyük türk şairi Nazım Hikmət haqqında irihəcmli "Kərəm kimi" romanında şairin barəsində yazılmış elmi, bədii, bioqrafik məxəzlərin az qala hamısına müracət etsə də, ən ciddi və dəqiq mənbənin şeirlər olduğunu vurğulayır. Yaxud "Yaşamaq haqqı" traktatında istilaların, işğalların xalqın dilinə təsirindən danışanda folklorun ciddi bir göstərici olduğunu xüsusi qeyd edir:
"Xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə salmaq olar axı? Onlar əbədidi, əzəlidi və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz".
"Türkün sözü" essesi də Anarın həm türk dünyasına, həm də ümumiyyətlə şeirə münasibətinin daha bir nümunəsidir. Yazıçının türk dünyasını, ümumtürk ədəbiyyatını bütöv görməsi heç kəs üçün sirr deyil. İstər bədii yaradıcılığında, istər publisistikasında, istərsə də ictimai fəaliyyətində bunun xeyli sayda əksini, ifadəsini görmək olar. "Ağ qoç, qara qoç" əsərinin utopiya hissəsində Anarın xəyallarının Bakısında türk dünyası sənətinin, abidələrinin əksi, yaxud hələ 90-cı illərdə, müstəqillikdən çox keçməmiş yazıçının "Min beş yüz ilin oğuz şeiri" antalogiyasını çapa hazırlaması, TÜRKSOYun yaradılması təşəbbüsü ilə ilk çıxış edən ziyalı olması deyilən fikri təsdiq edir. Bu mənada "Türkün sözü" Anarın türk dünyası təəssübkeşi kimi gördüyü işlərin davamıdır.
Essenin bütün başqa məziyyətlərindən söz açmazdan əvvəl bir məqamı xüsusi qeyd etmək istərdim. Müəllif bu yazı ilə el arasında bayağılığı, kobudluğu "yumşaltmaq" üçün işlədilən "türkün sözü" ifadəsinin anlamını dəyişmiş olur. Tarixi qədimlərə gedən türk sözünün, türk poeziyasının əsl mahiyyətini, cövhərini, gizlin və aşkar mənalarını oxucusuna anladır: "Xalqlarımızın tarixi hafizəsi bir çox hallarda poeziyada əks olunub..." - deyir və bu tezisi irihəcmli esse boyu izah edir. Həm özünü tərtib etdiyi "Min beş yüz ilin oğuz şeiri" antalogiyasına, həm də sadəcə yaddaşına müraciət edib seçdiyi şeirlər müxtəlif yönlərdən qruplaşdırıla, ümumiləşdirilə bilər... Və bu ümumiləşdirmələr türk dünyasının mənzərəsini yaradır. Anar əsrlərin, uzun illərin, böyük məsafələrin ayırdığı sənətkarların poeziyasında eyni mövzuların, eyni ağrıların, eyni problemlərin əksini göstərir və elə bunun özünü də birliyin təcəssümü kimi dəyərləndirir. Sadəcə şərqli - türk xarakterindən tutmuş böyük bəlalara, tarixi faciələrə kimi hər şey müxtəlif türkdilli xalqların poeziyasında oxşar və fərqli formada öz əksini tapıb.
Anar sadəcə bir türk kişisinin zövqünü, qadına münasibətini göstərmək üçün XVI əsrdə yaşamış Fəzlinin qoşması ilə ondan iki yüz il sonra yazıb-yaratmış Molla Pənah Vaqifin "Gərək" şeirini müqayisə edir. Əslində hər iki şairin arzusu türk qızıdır və yəqin ki, XXI əsrin türk kişisi də belə bir gözəldən vaz keçə bilməzdi. Zaman insan hisslərini dəyişə, başqalaşdıra bilmir, yalnız zahiri formalar, ifadə tərzlər ayrı cür olur. Və elə bunun özü də Anar yaradıcılığında aparıcı ideyalardan biridir.
Bir türk sənətkarı, ziyalısı kimi millətinə ayıq münasibəti olan Anar "Türkün sözü" essesində yenə müxtəlif əsrlərdən, zaman və zəmanələrdən seçdiyi fərqli şairlərin şeirləri ilə qüsurlarımız, naqis cəhətlərimiz haqqında da düşünməyə çağırır. Qeybət, önyarğı, başqasının həyatını müzakirə etmək, bütün bunlar qürur duyacağımız işlər deyil. Məsələn, necə olur ki, XVI əsrin Türkiyə şairi Qul Nəsimi də "Kimə nə?" deyir, XIX əsrin azərbaycanlı Aşıq Hüseyn Şəmkirlisi də "Sənə nə?" deyə etiraz edir. Dahi Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasında ən təsirli, düşündürücü məqamlardan biri də xorlardır... "Ah, görün bu azğınlar dərsdən qaçıb nə edirlər?!", "...qoyma məktəbə getsin", "Qızını Məcnuna vermə..." - elə bu ifadələr, xorların adları mühiti ifadə etmirmi? Axı xor məhz kütlənin, çoxluğun fikrinin ifadəsidir və böyük bəstəkar olmaqdan savayı həm də xarakter ustası Üzeyir bəy bunları təsadüfən yaza bilməzdi. Füzuli poemasının ümumi ruhunda da bu vardı, XX əsr operasında da yerinə düşürdü və XXI əsrin çağdaş insanı üçün də aktualdır. Sual oluna bilər ki, məgər sevginin yasaq, qadağan hiss olması yalnız türklərə, Şərqəmi aiddir?! Xeyr! Əlbəttə yalnız nakam sevgi ədəbiyyatın, sənətin obyekti ola bilər. Lakin, tutalım Şekspir nakam sevgi yaratmaq üçün Montekkilərin Kapulettilərlə nəsil düşmənçiliyini yaradırsa, bizdə buna ehtiyac da yoxdur. Elə sadəcə olmaz, vəssalam. Günahdı, qurtardı! Anar məhz bu məqama diqqət çəkmək üçün eşqin haram, günah sayılmasını müxtəlif şairlərin, XVI əsr Türkiyə şairi Qul Nəsiminin, azərbaycanlı İmadəddin Nəsiminin və XX əsrli Bəxtiyar Vahabzadənin misralarını gətirir. Elə Molla Pənah Vaqifin də, Aşıq Hüseyn Şəmkirlinin də eyni "Başına döndüyüm toy adamları" qoşmaları bu mövzunun davamı kimi, hisslərin, yaxud ən azı simpatiyanın gizlin, mübhəm saxlanılmasının "qaçılmazlığının" ifadəsi kimi essedə yer alıb. Eyni zamanda türk kişisinin yumor hissi, qadının qəlbini ələ almaq məharəti də bu şeirlərdə öz əksini tapır.
Nə qədər paradoksal səslənsə də Şərqdə, türk dünyasında (hər halda sənətdən) qəribə bir asudəlik duyulur... Xüsusən uzun-uzun meyxanələrdən, türkülərin bitib-tükənməzliyindən bunu hiss etmək olar. Amma incəbelli qızları vəsf etməkdən, eşq acısı çəkməkdən, bəyəndiyi yeri seçib ora köç etməkdən daha ciddi, daha dərin ağrıları, problemləri var türklərin. Yazıçının bu məsələlərə aid fikirlərini əsaslandırmaq üçün yenə "Yaşamaq haqqı" traktatına müraciət edirəm:
"Öz milli mənliyini, varlığını - adlarını, dilini itirmək təhlükəsi ilə üzləşərək intihar həddinə çatan türk xalqının min ildən uzaq çağlarından xəbər verən bu yazıları həyəcansız oxumaq mümkün deyil. "Yadlara qul olmaqdansa, ölüm yaxşıdır" - deyən xalq acı çəkir, fəğan edir: - Axı öz dövləti, öz hökmdarı - Xaqanı olan xalq idim mən, bəs hanı mənim dövlətim, hanı mənim xaqanım?.."
Amma türkün qədim Allahı - göy Allahı Tenqri onun dadına çatır: "Türk xalqı məhv olmayacaq, o yaşamalıdır!"
Orxon-Yenisey abidələrindən gətirilmiş yuxarıdakı misralar və Anarın yozumu türkün əbədi bəlasını, faciəsini əks etdirir. İllərlə müxtəlif istilalardan, soyqırım və bəlalardan keçən böyük türk xalqı varlığını, mənliyini qoruyub, azadlığına qovuşub. Amma bütün faciələr, bəlalar təsirsiz ötüşməyib, ən kədərli şeirlərə, kövrək misralara çevrilib. Müəllif heç bir "ayrı-seçkilik" salmadan bu ağrılı mövzulara da, onların poeziyaya çevrilmiş ifadəsinə də bütöv yanaşır. Məsələn, Tofiq Fikrətin məşhur "Millət şərqisi"ni XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan Meydan hərəkatının çağırışı kimi yozması buna bariz nümunədir. Yaxud Tofiq Fikrətin taleyi faciə ilə bitən bacısına yazdığı "Həmşirəm" şeiri ilə Rəsul Rzanın vəfat edən bacısı Turəyə yazdığı "Anamın gəlin qızı" şeirinin müqayisəsi ruhun, istər millət ağrısına, istər şəxsi acılara münasibətin eyni olduğunu göstərir.
"Türk xalqlarının başına nə müsibətlər gəlməyib ki?!" - deyir müəllif. Və bütün bu müsibətlərin istər folklorda, istərsə də yazılı ədəbiyyatda necə əksini tapmasını göstərir. Krım tatarlarının, Axısqa türklərinin, dövlətləri ikiyə bölünmüş azərbaycanlıların, Sovetlərin tərkibinə daxil olub azadlığı, dili, hüquqları əllərindən alınan müxtəlif türk millətlərinin faciələrini sadalayır, amma şeir, bayatı, qoşma dili ilə. Və bununla da essenin əvvəlində işlətdiyi "Xalqlarımızın tarixi hafizəsi poeziyada əks olunub" fikrini dönə-dönə təsdiqləyir. Həmçinin real həyatın, tarixi hadisələrin yalnız sənətə çevrilincə əbədiləşdiyini göstərir.
"Türkün sözü" essesinin məziyyətlərindən söz açmışkən bir məqama da diqqət çəkmək istərdim. Bu esseni yazıçı həm də uşaqlığından, valideynlərindən eşitdiyi, yaddaşında saxladığı şeirlər əsasında yazıb. Və qəribədi ki, bu şeirlərlə bağlı fikirləri, yozumları, xatirələri Azərbaycanın üç böyük sənətkarını anlamağa, duymağa kömək edir. Daha doğrusu onların yaradıcılığından, bioqrafiyasından görünən sənətkar xarakterinə müəyyən ştrixlər əlavə edir. Anar yazır ki, Rəsul Rza Müdhat Camal Küntayın "Ağlayan bir millətin siması pək qorxunc olur" misrasını çox bəyənirmiş, amma şairə kiçik bir düzəliş edirmiş ki, gərək "ağlayan" yox, "hayqıran" yazaydı. İstər bioqrafiyasından, istərsə də poeziyasından qürur, əyilməzlik yağan, möhkəmlik duyulan Rəsul Rza xarakterini açmırmı bu xatirə?! Elə Nigar xanım Rəfibəylinin də Əhməd Haşım poeziyasını sevməsi - "Yarın dodağından götürülmüş bir qətrə alovdur qərənfil" - misralarını təkrar etməsi zərif ruhlu şairənin sənətə münasibətini əks etdirir.
Nigar Rəfibəyli haqqında çəkilmiş televiziya verilişlərindən birində qızı Fidan xanım bir xatirəsini bölüşürdü: "Bir gecə anam yataqdan qalxıb nə isə qaralamağa başladı, soruşdum nədi, yenə gül-çiçəkdən yazırsan?" Bu məqamı İstanbulda, Anar müəllimin yubiley tədbirlərində birgə olduğumuz günlərdə fürsət tapıb soruşdum Fidan xanımdan. Gülümsədi, "hə, o vaxt zarafata salırdıq, amma zaman keçdikcə anamın şeirlərinin nə qədər insani, həyati olduğunu anladıq" - dedi. Doğrudan da dillər əzbəri olan "Ala gözlüm" mahnısının sözləri də sadəcə təbiət təsviri, gül-çiçəyin vəsfi deyil axı... Saçın yolan qərənfillər də, baxıb qəmgin olan bənövşələr də insanı ifadə edir, sevgilisi üçün darıxan qadının ovqatını. Bütün təbiətin, ətrafın, hamının, hər şeyin insandan, onun iç dünyasından asılı olmasını deyir şairə. Və elə "Türkün sözü" essesində Nigar xanıma aid xatirələr, onun sevdiyi şeirlərlə bağlı fikirlər şairənin poeziyasını anlamaq üçün açar rolunu oynayır.
Həmçinin, onu da xüsusi qeyd etməliyəm ki, bu essedə Anar yaradıcılığına aid də həlledici məqamlar az deyil. Nəcib Fazilin "Otel odaları" şeirindən təsirlənib "Otel otağı" povestini qələmə alan yazıçı şeirdən irihəcmli əsər doğulmasını səmimi şəkildə izah edir. Eyni zamanda ilk dəfə məhz bu essesində Türkiyəyə getməsinin, Memar Sinan Universitetində dərs deməsinin əsl səbəblərini açır. Bu mənada təkcə türk şeirini yox, elə Anar yaradıcılığını anlamaq baxımından da faydalıdır bu əsər.
Xalq şairi Fikrət Qoca televiziya müsahibələrindən birində "Min beş yüz ilin oğuz şeiri" antalogiyasından danışır, "Anar təkcə bir institutun işini görüb" - deyir. Bu mənada elə "Türkün sözü" essesi də ciddi elmi araşdırma, tədqiqat hesab oluna bilər. Çünki müəllif sadəcə mövzuları, hadisələri yox, janrları, formaları da təhlil edir. Oxşar hisslərin fərqli janrlarda, müxtəlif ölçülərdə, həcmlərdə necə əks olunmasını göstərir... Ən kiçik bayatılardan tutmuş, irihəcmli poemalara kimi hamısını təhlilə cəlb edir.
Anar şeirlərindən birində "Sevgi şeir yazmaq üçün bəhanədir" - deyir. Bu qədər açıq və sadə şəkildə deyilmiş fikrin alt qatları çox dərindir əslində. Sanki bütün həyat, yaşananlar, faciələr, tarix, zaman - hər şey gerçək sənətin yaranması üçündür. "Türkün sözü" essesindən də çıxan nəticə budur ki, zaman-zaman türk millətinin başına faciələr gəlib, istər bütöv xalq, istərsə də ayrı-ayrı sənətkarlar müxtəlif hadisələrlə üzləşiblər, olaylar yaşayıblar, hisslər keçiriblər. Amma bunların hamısının bir ciddi nəticəsi var. O da bundan sonra min-min illər yaşayacaq türk sözü, türk sənəti, türk poeziyasıdır.
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2018.- 4
avqust.- S.6-7.