Doğru
Çox tələsdim ilahinin
Yerinə, Göyünə doğru.
Mən borcluyam yaşamağa,
Ay... nə doğru, ay... nə doğru!
Axmışam şəlalə kimi,
Tale yox bu tale kimi!
Çox
qaçmışam taleyimin
Yazına, yayına doğru.
Ayı,
ili verdim
bada,
Dərdim
var həddən ziyada,
Gedirəm payı-piyada
Ömrün o tayına doğru.
Keçdim dünya kələyindən,
–
Xəlbirindən, ələyindən...
Üz tutmuşam gələn gündən
Tanrının payına doğru.
Yönəltmişəm yarı-yarı
Qəlbimdəki arzuları –
Gündüzün Gününə sarı,
Gecənin Ayına doğru.
Yaşamaq
Gedib elə sonsuzluqda qalardım,
Beynimizə hardan düşüb yaşamaq?!
Udmaq olmur hər yalanı, nahaqqı,
Ölümdən də pisdir susub yaşamaq!
Bir də gördün görünməz də göründü,
Başımıza nələr gəlir gör indi?!
Nə olsa da, dünya
elə şirindi,
Olmur axı, ondan küsüb yaşamaq!
Ay Zirəddin, zilə qalxma, düş bəri,
Bu həyata biz olmuşuq müştəri...
Bir oyundur bu dünyanın
işləri,
Çətiniymiş başa düşüb yaşamaq.
Canım
Yerini, yurdunu tanımayanda
Adam adamlıqdan gen düşür,
canım.
Qayğısız, qulluqsuz qalırsa
əgər
Ağacda
meyvə də bürüşür, canım!
Heç
vaxt bel bağlama eldən seçkinə,
Pis gün göstərməsin
Allah heç kimə!
Yaşayıb gedirik Allah eşqinə,
Bu baxta, qismətə min şükür, canım!
Yol vermə həddini kimsə aşanda,
Başa çəkilərsən toyda,
nişanda.
Fikir ver, ləpələr aşıb-daşanda,
Göldə sonalar da ürküşür canım!
Həmişə xainin çıxar
əngəli,
Zirəddin dost olub, dosta tən gəlir,
Nadanın yoluna duman, çən gəlir, –
Aqilin yoluna gün düşür, canım!
Mən niyə təkəm...
Dünyanı başına götürənlər
var,
Mənim
bu dünyanı başım götürmür,
Bu köçü aparıb
gətirənlər var,
–
Atları kişnəmir, itləri hürmür.
Bu Yurdda mən niyə təkəm, Allahım?!
Yaman darıxıram, yoxdu heç kəsim,
Əllərim çatmayır heç
yana daha!
Qısalıb yollarım, kəsilib
səsim,
Qalmışam utana-utana daha,
Bu Yurdda mən niyə təkəm, Allahım?!
Sənin
Gündüzün var,
sənin Gecən var,
Gündüzün Gecənlə girib yarışa.
Yanından o qədər gəlib
keçən var,
Bu ömür mənimlə çətin barışa,
–
Bu Yurdda mən niyə təkəm, Allahım?!
Bir ağac gül açır, bir çiçək solur,
Dupduru bulaqlar bulanıb gedir.
Bir yerə qar yağır,
bir yerə dolu,
Dördyanım başıma dolanıb
gedir, –
Bu Yurdda mən niyə təkəm, Allahım?!
Səndən ayrılmışam Səndən
olaraq,
Yolu yox qayıdıb Sənə dönməyin.
Özün Təksən axı,
bəndən olaraq
Səndənmi başladı bu təklənməyim?!
Bu Yurdda mən niyə təkəm, Allahım?!
Nazına bax...
Neynəyəsən, saya salmır heç kəsi,
Özünə bax bu Nazənin xanımın!
Yollar düşüb ayağının
altına,
Nazına
bax bu Nazənin
xanımın!
Gözəlliyi gəzir dildə,
ağızda,
Sən eşqə
bax, həvəsə bax bu qızda.
Geri dönüb hər küləkli payızda
Yazına
bax bu Nazənin
xanımın!
Dərdin
varsa, düşən
deyil dərd yada,
Bu gözəllik olub
elə dərd, qada.
Məndən gözəl yoxdu
deyir dünyada,
Sözünə bax bu Nazənin xanımın!
Heç
kəs gedib kəsə bilməz yanını,
Qansızların qaynadandı qanını,
Əsirgəmə, lap istəsə canını,
Sözünə bax bu Nazənin xanımın!
Gözəlliyi sığan deyil
heç yerə,
Sığal çəkir neçə-neçə
gözlərə,
İnanmasan dedikləri sözlərə
Gözünə bax bu Nazənin xanımın!
Onu
Yaman çox oynadın ürəyimlə sən,
Ac qoydun bir şirin sözünə Onu.
Durub birdən-birə acığa
düşdün,
Atdın ocaqların közünə
Onu.
Olmayıb nə bir dərd – qada sənintək,
Nə olar, bir sevinc dada sənintək?!
Sevilmək istəyir O da sənintək,
Qat bu məhəbbətin gözünə Onu!
Qayıt
bir Məzhəbə,
qayıt bir Dinə!
Bir günə qoymusan Onu, bir günə...
Alışdır özünə, öyrət
özünə,
Salma o çöllərin düzünə
onu!
Bu ürək görəni bir dağ görməyib,
Heç
yerdə bir isti ocaq görməyib,
Onsuz da ömründə qucaq görməyib, –
Götür heç olmasa dizinə Onu!
Gözlərim yol çəkir,
ürəyim kədər,
Mən səni
sevirəm ürəyim
qədər. –
Zirəddinəm, tez-tez ürəyim
gedər,
Qaytara bilmədin
özünə Onu.
Ay dostlar, bu ömrü
verməyin bada!
Heç
kəs əl açmasın qohuma, yada,
Yeyib-içdiyini bu gen dünyada
Adamın burnundan siqaret tökür.
Zirəddin, yaxşı ki,
gözlərin toxdu,
Axı neynəyəsən
çəkəni çoxdu?!
Hara üz tutursa, əlaçı yoxdu,
Çəkənin içini siqaret sökür.
Qəbrin üstündə...
İçin-için yanıram,
Kəsmir göynəyim indi.
Gözümdən bir an belə,
Düşmür eynəyim indi.
Səni
hər ziyarətim
Mənim
istirahətim,
Ay itən səadətim
Sənsiz neynəyim indi?!
Daha yazığam, dincəm,
Qısılmışam bir küncə.
Qıyırsan, qıy, – ölüncə
Yanım,
göynəyim indi!
Zirəddin Qafarlı
Ədəbiyyat qəzeti.- 2018.- 4
avqust.- S.9.