Səhnəyə çıxanda gözlərim doldu, alnım

tərlədi, arada yalandan gülümsəmişdim də...

 

"Dördüncü divar" layihəsinin qonağı - Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovadır

 

- Mehriban xanım, ilk çəkildiyiniz film "Bircəciyim" olub. Sonra müəyyən fasilələrlə kinolara çəkilmisiniz. Amma sizə elə gəlmir ki, sizin kimi fakturalı bir aktrisadan istər kinoda, istərsə də teatrda az istifadə olundu?

- "Bircəciyim" filmindən sonra irili-xırdalı çox filmlərim olub. Teatrda da həmişə köhnə rollarımı ifa edirdim. Son illər uşaq tamaşalarında çox iştirak etmişəm. Çünki uşaqları çox sevirəm. Amma bu yaxınlarda təhvil verdiyimiz, Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış "Manqurt" tamaşasındakı rolum kimi rol olmayıb. Bu tamaşa İzamə Babayevanın diplom işidir. O, məhz özü məni və tamaşadakı digər iki tərəf-müqabilimi bu tamaşada birgə görüb. Mənim bu barədə heç bir məlumatım yox idi. Sadəcə, məşqə çağırılanda bilmişəm ki, Nayman ana obrazına təsdiq olunmuşam.

- Əsər özü də, Nayman ana obrazı da yetəri qədər mürəkkəb obrazdır. Hazırlıq prosesi necə idi?

- Məşqlərə başlayanda əsər mənə çox çətin təsir bağışladı. Nayman obrazı tam olaraq aydın deyildi. Rola uyğunlaşa bilmirdim. Onun mahiyyəti, iç dünyası, apardığı mübarizə çətin gəlirdi. Hətta mənə dedilər ki, internetdən başqa ölkələrin teatrlarında hazırlanan "Manqurt" tamaşasını tapıb izləyim. Amma mən heç bir tamaşaya baxmadım. Romanı iş yoldaşlarım  göndərəndən sonra oxudum. Düzdür, İzamə xanımın quruluşu tamam fərqlidir. Orda həm də müasir manqurt var. Mənə elə gəlir ki, İzamə xanımla tamaşanın bədii rəhbəri Anar Babalının hazırladığı bu tamaşa yaxşı alınıb. Hər halda, bunu tamaşanı izləyən tamaşaçılar da qeyd edə bilərlər. Ancaq yenə də qeyd edim ki, Nayman ananın yaşantıları o qədər ağır idi ki, mən həmin obrazdan çıxandan sonra tamaşa boyu yaşadığım sarsıntılardan ayıla bilmirdim. Bəzən rəngimin ağarması, əllərimin, bədənimin titrəməsi o qədər təbii olurdu ki, tamaşaçılar da hiss edirdi ki, bunlar rol üçün icra olunmaqla yanaşı, həm də daxildən gəlir. İnanın ki, tamaşadan sonra bəlkə də üç, dörd saat özümə gələ bilmirəm. 

- Qeyd etdiyiniz emosional partlayışları mən də tamaşanı izləyən zaman hiss etdim. Bəlkə bu həm də sizin kimi fakturalı bir aktrisanın uzun müddət rolsuz qalmasının və yaxud da uşaq tamaşalarındakı xırda rollarında özünü tam ifadə edə bilməməsinin nəticəsidir?

- Bilirsiniz, mən dəyişilməyi sevən aktrisayam. Bir tamaşada bugün rolumu başqa cür, sabah başqa cür ifa etməyi xoşlayıram. Aktyor var ki, bir tamaşada ifa etdiyi obrazı, sonra başqa tamaşaya aparıb çıxarır. Məndə elə deyil. "Manqurt" tamaşasındakı Nayman ana obrazını mənim ifa edə biləcəyim bəlkə də bir çoxlarının ağlına gəlmirdi və ya düşünürdülər ki, bu rolun öhdəsindən gələ bilmərəm. Amma insanlar tamaşanı görəndən sonra yəqin anlayırlar ki, aktrisaya rol vermək, onu işlətmək lazımdır.

- Ümumiyyətlə, Nayman ana obrazı sizə aktrisa kimi nə qazandırdı?

- Elə olub ki, mən üç-dörd il teatrda obrazsız qalmışam. Heç nə ifa etməmişəm. Ancaq heç vaxt rol üçün qapı döyməmişəm. Nayman ana rolundan əvvəl isə teatr rəhbərliyinin yanına getdim. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərindəki Pırpız Sona obrazını Azər Paşa müəllimdən istədim. Sizin qəzetiniz vasitəsilə yenə də istəyirəm. Mənə elə gəlir ki, tamaşaçılar həmin obrazda da məni çox dəyişik görə bilərlər.

- Mehdi Məmmədovun quruluşunda sizin müəlliminiz Şəfiqə Məmmədova ifa edib Pırpız Sona rolunu...

- Bəli. Əlbəttə ki, Şəfiqə xanımdan sonra bu rolu ifa etmək çətin olar. Mən o vaxtı universitetə daxil olanda qrupumuzdan dörd nəfəri - məni, aktrisa Kəmalə Müzəffəri və digər iki nəfəri Şəfiqə xanımın, belə deyək də, gözü tutmuşdu. Yəni o, bizim gələcəyimizə inanırdı. O vaxtı Moskva Kinematoqrafiya İnstitutuna qəbul olmaq istəyirdim. Batalov gəlib burdan uşaqları seçib aparırdı. Amma elə oldu ki, mən kəsildim. Onda Şəfiqə xanım məni görüb demişdi ki, İncəsənət Universitetinə gəlib sənədlərini verərsən. Mən də aktyor Əhməd Salahovla İncəsənət Universitetinə gəldik. İmtahanlardan iki beş, bir dörd aldım. Amma sizə deyim ki, heç səhnədə həyəcandan nəsə göstərə də bilməmişdim. Səhnəyə çıxanda gözlərim doldu, alnım tərlədi, arada yalandan gülümsəmişdim də. Şəfiqə xanım da mənə beş yazıb demişdi ki, sən lazım olan hər şeyi elədin. Başqa nə isə lazım deyil.

- Elə universiteti oxuya-oxuya "Sahilsiz gecə" filminə dəvət aldınız?

- Bəli. 1989-cu ildə rəhmətlik Şahmar Ələkbərov məni həmin filmə dəvət etdi. Filmin çəkilişləri də hardasa altı ay davam etdi. Şahmar müəllim bizim hamımız üçün əlçatmaz sənətkar idi. Allah ona qəni-qəni rəhmət etsin. O, sağ qalsaydı, mən çox rollara çəkilərdim. Çünki məni atçapan, oğru, xuliqan və digər rollarda görürdü.

Şahmar müəllim "Sahilsiz gecə" filmini çəkəndə xəstəliyinin də ağır vaxtları idi. Amma sənətkar kimi də, insan kimi də çox yaxşı idi. Mən çəkiliş meydançasına gələndə deyirdi ki, "kişi gəldi". Çox mehriban, qayğıkeş adam idi. Mənim problemim olanda onun qapısına getmişəm. Məni naümid qaytarmayıb.

- Bir verilişdə "Bəxtəvər" filmindən fraqmentə baxıb ağlayırdınız. Həmin filmdəki aktyor dostlarının yoxluğuna. Sizi kövrəldən gedənlərin yerini heç kimin verməməsi oldu, ya boşluqların, ümumiyyətlə, dolmaması idi?

- Gedənin yerini heç kim vermir. Əgər kimsə bunun əksini deyirsə, inanmayın. Yalan söhbətdir. Bu gün Hökümə Qurbanovanı, Nəcibə Məlikovanı, Rübabə Muradovanı, Nəsibə Zeynalovanı, Vəfanı (Vəfa Fətullayeva - S.Ə.) kim ortaya çıxara bilər? Heç kim!

Məni həmin verilişdə ağladan məqam isə Yaşar Nurinin, Səyavuş Aslanın, Telman Adıgözəlovun və digər dünyadan köçən sənət dostlarımın bu gün olmaması oldu. Bəzən tamaşalarımızın ilk baxışı olanda iki, üç sənət dostu tapırıq ki, ərk eləyib tamaşamıza çağıraq. Bəlkə çatışmayan bir nüansı da onlar görüb bizə desin. Axı tamaşaçı ilə aktyor baxışı fərqlidir.

- Sizcə, aktyor öz həmkarını ilk işinin sevincini bölüşməyə dəvət etməlidir?

- Etməli deyil. Çünki daxili baxış deyilən vaxtı biz hamımız ən azından sənət adına, hansısa aktyor dostumuza dəstək naminə yığışıb gedib, onun ilk tamaşa günündə yanında olmalıyıq. Çünki həmin günü nazirlikdən də, televiziyadan da, mətbuatdan da nümayəndələr olur. Əgər orda zal boş olursa, onda elə biz bir-birimizin ayağının altını qazıyırıq, öz içimizdə özümüzü yeyirik.

Bir-birimizin uğuruna sevinməyi bacarmalıyıq. Əvvəllər tamaşaların ilk baxışında zalın yarıdan çoxunu elə sənət dostlarımız doldurardı.

- Səhv etmirəmsə, "Təhminə" filmindəki Təhminə obrazına ilk dəfə siz təsdiq olunmusunuz?

- Bəli. Həmin film barədə Rasim Ocaqov Şahmar Ələkbərovla mənim haqqımda danışmışdı. Sonra Rasim müəllim məni Təhminə roluna dəvət etdi. Hətta biz Fəxrəddin Manafovla bu filmin məşqlərini də etmişik. Amma bir gün ayıldım ki, mənim əvəzimə Təhminə roluna türk aktrisası Meral Konrat çəkilir. Hansı ki, mən ifa baxımından onu kölgədə qoyardım. Ordakı Təhminə mən idim.

- Açıq-saçıq səhnələrini ifa edərdiniz?

- Əlbəttə, edərdim. Bu mənim sənətimdir. Düzdür, mən həmin rolu ifa etsəydim, söz-söhbətlər yaranacaqdı. Amma bu obrazdı və Təhminənin yaşadığı həyatdır. Əvvəl də, indi də o cür həyat yaşayanlar çoxdur.

- Çox gənc yaşından ailə yükü, əziyyəti çəkən olmusunuz. Xarakter məsələsi idi, ya elə çiyinlərinizə müəyyən bir öhdəçilik düşmüşdü?

- 190 saylı məktəbi bitirəndən sonra gecə məktəbinə yazıldım. Məktəbi oxuya-oxuya da oyuncaq fabrikində işə düzəldim. Həm ailə saxlayırdım, həm də oxuyurdum. Aktrisa olacağım, insanlar tərəfindən seviləcəyim o vaxtlar heç ağlıma da gəlməzdi. Ancaq sizə bir söz deyim ki, hansı peşədə olsaydım, məşhur olacaqdım. Təbii ki, aktrisalıq səviyyəsində yox, amma öz əhatəmdə, dairəmdə peşəkar  olardım. Çünki öz üzərimdə hansı sahə olur-olsun işləyən adamam. Sənətimi sevən aktrisayam. Allah, yenə deyirəm, Şahmar müəllimə rəhmət eləsin.

- Şahmar Ələkbərovu necə xatırlayırsınız?

- Çox gözəl. Həmişə yadımda işıqlı insan kimi qaldı. Elə digər dostlarım da... Ömür Nağıyev rəhmətə gedəndə son anlarında yanında oldum. Pulum olmasa da, çevrəm, tanışlarım var. Nəsə etmək istəyirdim. Ömür deyirdi ki, zəhmət çəkmə.

Mən onun yanına gedəndə artıq hər şey gec  idi. Bayaq siz qeyd etdiyiniz verilişdə ağlamağıma səbəblərdən biri də Ömürün son anlarını xatırlamağım olmuşdu.

- Qadın aktrisalarımızdan Zərnigar Atakişiyeva evində tək rəhmətə getdi. Səfurə İbrahimova da tənhalığa çəkilib. Aktrisaların təkliyə meyillənməsi sanki yolxucu vüsət alır...

- Ürəyimiz düzdür. Elə Zərnigar xanımın adını çəkmək istəyirdim. Mənim üçün insanın evin içərisində tək qalmasından dəhşətli, ağır heç nə yoxdur.

Mən təkliyi sevmirəm. Allah bütün anaların canını sağ etsin. Anam sağdır, onunla yaşayıram. Depressiyaya meyil hamımızda var. Gərək birtəhər, necəsə öhdəsindən gələk.

Misal üçün, Səfurə xanım kimi aktrisa indi harda var? Onlar özləri də bir az elə həyata meyillidirlər. Onlar indi bizə böyük kimi, sənətkar kimi lazımıydılar. Çox təəssüf ki, aramızda yoxdular. Mən bu gün Səfurə xanımın evinə də gedərəm, qapısını da döyərəm. Amma birdən qapını açmasa, pərt vəziyyətdə qalaram axı...

- Ümumiyyətlə, aktrisa hara qədər dözümlü olmalıdır ki, sənətdən küsməsin?

- Tək Səfurə xanıma aid deyil. Ümumiyyətlə, sənət adamı küsməməlidi. Səfurə xanım da küsməli deyildi. Məndən mənə aid olanı bircə Allah ala bilər. Başqa cür yanaşanda, mən niyə öz yerimi kiməsə verməliyəm? Özümə inanıramsa, heç kimdən küsmərəm.

- Ancaq sizi də yəqin ki, incidiblər...

- Çox olub. Amma sınmamışam. Allahın öhdəsinə buraxmışam hər şeyi. Filmdə xeyli rollar əlimdən alınıb. Allah da məni mükafatlandırıb. Elə "Manqurt" tamaşasındakı Nayman ana obrazım buna sübutdur. Çünki həmin rolun, yenə deyirəm, mənim üçün nəzərdə tutulmağından heç bir halda xəbərim olmayıb. Rejissor məni o rolda görüb və öz fikrini də dəyişməyib.

- Rol üzərində işləyərkən sırf klassik yanaşma ilə başlayırsınız, ya özünüzün bu günlə səsləşən əlavələriniz də olur?

- Söhbət Nayman ana rolundan gedirsə, öz əlavələrim çox oldu. Məşqləri də böyük həyəcanla edirdim. Həm sözləri əzbərləmək, həm müxtəlif hərəkətləri, ananın ağrılarına xas nüansları tapmaq, əlbəttə, çətin idi. Bəzən rola çox qapılıb məşq edəndə, evdəkilər deyirdilər ki, "Mehribanın başına hava gəldi" (gülür). Amma əsl yaradıcılıq atmosferi budur ki, ətrafdakılara rolu, onun hazırlığını elə çatdırırsan ki, hətta yaxın adamlar da aktyorun hazırlığı zamanı şübhəyə qapılıb, həyəcan keçirirlər.

Heç bir insan bir başqasının ağrısını hiss edə bilməz. Amma mən "Manqurt" tamaşasında ananın oğlu üçün çəkdiyi ağrını özüm də yaşadım, tamaşaçıya da yaşatmağa nail oldum.

Bəlkə kiminsə xətrinə dəyəcək. Amma bir çox aktrisalarımız tamaşada gözəllik axtarırlar. Mənə isə gözəllik yox, obraz lazımdır. Tamaşaçı mənimlə birgə həmin obrazı yaşamalıdır. Əgər mən oynadığım rolla tamaşaçıya obrazı yaşada, hiss etdirə bilmirəmsə, onda o tamaşa sənət əsəri ola bilməz.

- Stanislavski deyirdi ki, tamaşada hakim tərəf-müqabilidir...

- Bilirsiniz, səhnədə daşınan yük var. "Manqurt" tamaşasında tamaşanın əsas ağırlığı mənim çiyinlərimdə idi. Amma digər tərəf-müqabillərimin də öz çətinlikləri vardı. Biz bir-birimizi tamamlayırdıq. İzamə xanım bizim hər birimiz üzərində doğru seçim etmişdi. Bütün hallarda tərəf-müqabili çox böyük əhəmiyyət kəsb edir.

- Televiziya verilişlərinə çıxırsınız. Və bəzən də ətrafınızda qalmaqallar yaranır. Mehriban Xanlarovanın qalmaqalda olmasına səbəb nədir?

- Bilirsiniz, sosial verilişlərə məni dəvət edəndə, özüm gedirəm. İmtina da edə bilərəm. Amma kasıb təbəqənin mənim kimi sənət adamlarına ehtiyacı var. Mən maddi olmasa da, mənəvi cəhətdən gücüm çatdığı qədər onların ardınca getməyə hazıram. Küçədə belə köməyə ehtiyacı olan insan görəndə, biləndə ki, ona necəsə kömək edə bilərəm, onu etməyə çalışmışam. Ürəyim çox yumşaqdır.

- Amma elə bil həyat, cəmiyyət bir az sizi gərginləşdirdi, aqressiv elədi.

- Yox, elə deməzdim. Ola bilsin ki, çətinliklərim çox olub. Amma Allaha inamım, onun mənimlə olması fikri o qədər güclü olub ki, məni yıxılmağa qoymayıb. Allah da heç vaxt məni naümid buraxmayıb. O qədər sıxıntılarım, pulsuzluq çəkən günlərim olub ki, heç kim bilməyib. Yenə də dadıma Allah çatıb. Ona görə də insan Allaha olan inamını heç vaxt itirməməlidir. Nəyisə bəxş edən də odur, alan da.

 

Söhbətləşdi:  Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.10-11.