Dostoyevskinin "Bədbəxt
adamlar"ı
1840-1841-ci illərdə məzun olmazdan əvvəl Fyodor Mixayloviç Dostoyevskinin həyatı ağır keçməyə başladı. O, gecələr pyes və romanlar
oxuyardı. Növbətçi zabit isə onu yatmağa
göndərirdi. Gözləri dərsliklərdə
qalsa da, fikri uzaqlara - "Hamlet"ə, Puşkin poemalarına,
Qoqol gülməcələrinə gedirdi. Günlərin
birində onu imperatorun qardaşı knyaz Mixail Pavloviçin
yanına göndərdilər. Fyodor ona raport verməyi
unudanda, knyaz hirslənmişdi: "Ele hey belə axmaqları
göndərirlər". 1841-ci ildə
Dostoyevski proporşik rütbəsinə yüksəldi. İmtiyazı belə idi ki, zabit siniflərinin dinləyicisi
olmaqla bərabər, kənarda müstəqil həyatını
qura bilərdi. Fyodor yoldaşları ilə bir ev kirayələdi. Həmin ev
dörd otaqdan ibarət idi. Dostlar orada gecə-gündüz
kitab oxuyur və yazırdılar. 1843-cü
ildə praporşik (Çar Rusiyası zamanında
adıçəkilən rütbə "gizir" kimi də
vurğulanır) Dostoyevski podporuçik rütbəsi aldı
və Mühəndislik Departamentində işə düzəldi.
Onun karyerası çox qısa sürdü.
Belə bir əhvalat danışılır ki,
guya Fyodor Mixayloviçin tez təqaüdə
çıxması üçün ona tələ qurublar.
Ya da hadisəni
əvvəldən özü qəsdən
planlaşdırıb. Belə ki, onun layihəsi
I Nikolayın masasının üstünə qoyulub.
Nikolay layihədə belə yazıb: "Bunu hansı idiot
çəkib?". Dostoyevski
vəziyyətin belə hal aldığını görərək
istefa verib. Həmin ağır günlərdə
qardaşına məktub yazıb: "Niyə belə gözəl
illərimi itirim? Mən bir tikə çörək
tapacağam. Mən cəhənnəm məşəqqəti
ilə çalışacağam. İndi
mən azadam". Dostoyevski həyatda tam
sabit planla həyatını quranlardan olmayıb. Digər böyük yazıçılar kimi gün
ərzində qrafik tutmayıb, pulunu qaydası ilə xərcləməyib.
Nə öz zamanını idarə etməyi
bacarıb, nə də bədxərcliyindən əl çəkib.
Onun mənzilində qarışıqlıq, natəmizlik
hökm sürüb. Dostundan aldğı
pulun 80-90 faizini xərcləyər, ayın qalan günlərini
çay-peçenye ilə keçirirmiş. Bir dəfə qardaşının dostu doktor
Rizenkampf ona qonaq gedir. Daha doğrusu,
qardaşı onu göndərir ki, Dostoyevskini
ağıllandırsın ki, pulu ay ərzində xərcləməyi
bacarsın, qənaət etsin. Hər
şeyə qənaət edən Rizenkampf gözlərinə
inanmayıb. Dostoyevski dostundan borc
aldığı pulu bir gündə xərcləyib, ertəsi
gün qardaşının dostundan 5 rubl borc istəyib.
1844-ci il. Həmin ilin qışı
Rusiyada soyuq keçib. Adamlar
çalışıb ki, evində qida ehtiyatı toplasın,
fəsli başa vurmağa odunu olsun. Fevralın
1-də Fyodorun əlinə 1000 rubl gəlib. Lakin axşam həmin puldan 100 rubl
qalıbmış. Pulunu bilyard və
dominoda uduzubmuş. Qış günlərində
Dostoyevski tez-tez xəstələnib. Mənzil
yaxşı qızmırdı, çünki odun ehtiyatı
toplamağa pul tapılmırdı. Canına
istilik yaymaq üçün traktirə gedər,
saatlarını aşağı təbəqəli adamlarla
keçirərdi. Həmin təbəqəyə
səfillər, sərxoşlar, hərbdən qovulan məmurlar,
cinayətkar və qumarbazlar daxil idi. O tipli adamlarla
oturmağına baxmayaraq, tünd spirtli içkilərə meyli
olmayıb. Yalnız hərdən çaxır və pivə içərmiş. Yeməyə də hərisliyi olmayıb. Qida qəbul etməyi yadına da
düşmürmüş. Ancaq
şirniyyatdan qaça bilməyib. Bəzən
gün ərzində peçenye, çoxlu tort və
şokoladlar yeyərmiş. Dostları onun
ziyarətinə gələndə bilərmişlər ki,
Fyodor stola çay və şirniyyat düzəcək. Lakin buna baxmayaraq arıq olub. Tez-tez
soyuqlayar, mədə ağrısı və sinir sisteminin
sancısından əziyyət çəkərmiş. Dostoyevski həm də işarələrə
inanarmış. Bəzən kiminsə
asqırmasına görə gün ərzində
başına nəsə gələcəyindən
ehtiyatlanarmış. Hətta simvollara
böyük əhəmiyyət verər, peyğəmbərlərin
hər sözünü dünyaya xəbərdarlıq
işarəsi hesab edərmiş. Tez-tez
falçıların yanına qaçar, gələcək
taleyinin necə olacağını soruşarmış. Ona elə gələrmiş ki, letargiya yuxusuna gedəcək,
onu diri-diri basdıracaqlar. Qorxusu o həddə
gəlib çatıb ki, masanın üzərində
kağız qoyub. Həmin kağızda
yazılıb ki, öləcəyi təqdirdə onu 5 gün ərzində
dəfn etməsinlər. Belə müraciət
xüsusilə onu sevən dostlarına
ünvanlanmışdı. Ancaq
bütün bu qorxular onu romanları üzərində işləməyi
yarımçıq saxlamayıb. Xüsusilə
"Bədbəxt adamlar" romanını inadkarlıqla
yazırdı, bütün ümid və məşhurluğu
bu əsərdə görürdü. "İnadkarlıq"
sözünü nahaqdan işlətmədik. Dostoyevski bu
romanı yazanda çox az yatarmış.
Qardaşına yazdığı məktubda adıçəkilən
əsərə görə çox narahat olduğu
açıq-aydın görünür: "Əgər bu
işim alınmasa, bəlkə də özümü
asacağam". 1845-ci ildə acı taleyin
oyununda heç kimə lazım olmayan və tanınmayan,
yorğun və xəstəhal yazıçı
özünün ilk əsərini qarşısına qoyub
düşünür. Onu hara göndərsin?
Jurnala göndərsin, yoxsa borc tapıb
özü dərc etdirsin? Elə bu
narahatlıq və həyəcanla yuxuya gedər, yanında
qalan dostlarının xatirələrinə görə tez-tez
sayıqlayarmış. Həyacan içində qalan
yazıçının düşündüyü yalnız
bir nəsnə idi: "Görəsən, romanım qəbul
ediləcəkmi?". Əlyazmanı ev yoldaşı Qriqoriçə göstərir.
Qriqoriç gələcəkdə "Anton
Qoremıki" kitabının müəllifi olacaqdı.
Qriqoriç "Bədbəxt adamlar"
romanını oxuyandan sonra Nekrasova göstərir. Bütün bu hadisələr 1845-ci ildə baş
verirdi. O illərdə Nekrasov nəzm və nəsr əsərlərindən
ibarət almanax hazırlayırmış. Gənc
ədiblərin üzə çıxarılmasında onun
böyük əməyi olub. Beləliklə,
Nekrasov romanı oxuyub. Romandan necə vəcdə
gəlibsə, elə həmin gecə müəllifi görmək
istəyib. Qriqoriç ona deyəndə ki, gecə saat
4-də Fyodor yatır, onda Nekrasov deyib: "Necə yəni
yatır? Bu məsələ yuxudan da
vacibdir". Dostoyevski doğrudan da yuxuda
imiş. İçəri kimsənin girməsindən
də xəbəri olmayıb. Nekrasov onu
oyadıb, bağrına basıb. Həmin
gecə unudulmaz imiş. Böyük mütəfəkkir
gənc müəllifi elə tərifləyib ki, Fyodor
Mixayloviç anlayıb: "Mən ədəbiyyat
üçün yarayıram". Dostoyevski sonrakı xatirələrində
yenə yazacaqdı: "Bu, mənim həyatımda unudulmaz
gün idi".
Romanın hələ dərc edilməmiş əlyazması
əllərdə gəzib. Onu oxuyan hisslərinə hakim
olmağı bacarmır, ən soyuqqanlı adam
belə ağlayırmış. Əsərin
sonu sevgi ilə bitir. Ancaq bu sevgidə də
xoşbəxtlik yox idi. Xırda məmur -
yaşlı Makar Devuşkin gənc Varvaranı sevir. Qız yaşlı adama görə deyildi. O,
heç vaxt qızı fəth edəcəyinə
inanmayıb. Ona yazığı gələr, əməyini
yüngülləşdirməyə çalışardı.
Bəzən məvacibini, olanlarını sataraq
qıza hədiyyə və gül-çiçək göndərmək
Devuşkinin həyat eşqini artırarmış. Yalnız belə idi sevgisi. Məmur
ona görə daha da kasıblaşır. Heç
vaxt qızdan təşəkkür də gözləmir.
Varvara onun varlı olduğunu
düşünür. Sonda məlum olur ki,
Makar Devuşkin adi məmur imiş və bütün
olanlarını onun yolunda xərcləyib. Varvara ondan uzaqlaşır. Başqası
ilə, pullu bir adamla ailə qurur. Ancaq onu
sevmir və qorxur.
Belə deyirlər ki, qələmə aldığı
ilk əsər yazıçını ədəbiyyat
dünyasından ayıra da bilər, bağlaya da. Dostoyevskinin
ilk romanı çox əzab-əziyyətlə ərsəyə
gəlib. Əvvəla, yazıçı
romanı necə yazmağın qaydasını bilmirmiş.
O, romanları yalnız oxumuşdu. Amma
özü yazmamışdı. Təcrübəli
romançılar kimi əsəri qrafikə uyğun görə
yazmağı bacarmayıb. Bəzən
günlərlə yazmır, bəzən yuxu rejimini pozaraq qələmə
alırmış. Əlbəttə, bu da
sağlamlığına təsir edirmiş. Dostoyevski hesab edirdi ki, əsər yalnız ilham pərisi
gələndə yazılmalıdır. Sonrakı
romanlarında isə anladı ki, ilham pərisi yazı
prosesində ortaya çıxır. Əgər
o, sonrakı romanları yazarkən qrafikaya əməl etməsəydi,
o cür böyük əsərlər ərsəyə gəlməzdi.
Ya əsərlər yarımçıq
qalardı, ya ömrü. Ancaq "Bədbəxt
adamlar"a qədər fikirlərində təbəddülatlar
yaranırmış. İlk romanı yazana
qədər kifayət qədər həyat təcrübəsi
qazanmış və şəxsi mülahizələri ilə
çıxış etməyi bacarırmış. "Bədbəxt adamlar"ın
yazılmasını isə 1830-1840-cı illərdə rus ədəbiyyatının
təşəkkül tapması ilə bağlamaq
lazımdır. Həmin illəri rus ədəbiyyatında
"təşəkkül dövrü" kimi xarakterizə
edirlər. Romanı yazana qədər
Balzakın "Yevgeniy Qrand" əsərini tərcümə
etməsi də böyük təkan verib. Həmin
roman adamların həyatı barədə irihəcmli əsər
yazmaq ideyasını ortaya qoyub. Müasirlərinin
xatirələrində göstərilir ki, Dostoyevski Balzakın
əsərinin tərcüməsindən sonra özündə
güc tapıb, eyni zamanda roman yazmağın heç də
çətin olmadığını düşünüb.
Sadəcə, bunun üçün həyat təcrübsəi
və məşəqqətli gecələr lazımdır.
O, nəinkli süjet xəttini maraqlı etdi, o cümlədən
qəhrəmanlarının daxili dünyasını
açmağı bacardı. Məhz bu amil
Dostoyevskini sevdirdi. "Bədbəxt
adamlar" romanı onun ədəbiyyat dünyasına vizit
kartı sayıldı. Deməli, masa ətrafında
saatlarla, özü də yuxu rejimini pozaraq yazmaq uğura
aparırmış. Yalnız ədəbiyyatda.
Həyatda isə borc içində
çabalayan, xəstəliklərdən əziyyət çəkən
yazıçı özünü tapa bilməyib ki, bilməyib.
Bəlkə də əsərlərinin
dünyada hələ dəbdən düşməməsi də,
onları özünü tapa bilməyən insanın yazmasında
idi.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.13.