Elçindən gizli Elçin...

 

"- Heç şeir yazdınızmı?.."

Elçinə ünvanladığım bu sualın cavabı hələ verilməyib. "Bu sual nə zaman yaranıb" deyə soruşsanız, "şeirlə bağlı fikirlərini izlədiyimdə" deyərdim...

Necə olub yaranıb, bu, aydın məsələdir...

Yazıçının mətnində əbədi bir şeir var, yazıçının mətnində əbədi səslənən şeir heç zaman yazılmayacaq. Yazıçı hər dəfə eyni şeiri pıçıldayacaq. Amma onu əsla və əsla misralara tökməyəcək. Oturub hekayə yazacaq, roman yazacaq, esse yazacaq, məqalələr yazacaq, o şeiri yazmayacaq...

Şeir, yazıçının zehninin dərinliklərində çox adi, sadə, lakin o qədər də gizli bir dərinlikdə sıxılacaq bir küncə, kürəyini divara söykəyəcək, susacaq. Bəzən başını - "Baş"ını qaldırıb dolu-dolu, uzaqlardan gələn bir sükutla susacaq...

- Həmişəmi sakit dayanacaq şeir?

- Deyəsən həmişə...

Tərpənməz şeirin ətrafındakı hava dalğalanacaq. Qaranlıq işığa dartınacaq, zahiri dinclik gizli toxumunda sıxılıb, sıxılıb içinə çəkildikcə çəkiləcək. Lakin sezilməyən ruhu üsyan yetişəcək içəridə, qabığın altında qan damarlarında xaotik həyat nizamı əbədi təlabatın, ehtiyacın əmrlərinə tabe olacaq...

Şeir, Tanrı kimidir. Olub-olmadığını sübut etmək mümkün deyil, arxalanıb-arxalanmayacağımıza da özümüz qərar veririk. Arxalanmaq - hərəkətsizlik, hazır gələcəklərə boyun əymək- qışqıran şeirsizliyin misralanmasıdır. Lakin başqa bir yol var-təbəssüm... Şeiri,  həmin şeiri olduğuna inanıb bir kənarda saxladığımız Tanrı kimi qonaqlayıb, özünü öz evindəymiş kimi rahat buraxmaq və çıxıb getmək...

...İnsan varlığına əmin olduğu hər şeylə belə davranır. Öy kimi. Hara getsən, ora qayıdacaqsan, o, var, o, yerindədir, o, ordadır...

Elçin hələ mənim sualıma cavab verməyə tələsmir...

 

***

 

Elçin, çoxlu hekayə yazıb. Yaradıcılığının əhəmiyyətli  hissəsi. Altmışıncı illərin sonundan başlayaraq bu günə qədər davam edən hekayələr. Zaman dəyişib, düşüncə dəyişib, bəs Elçin öz hekayələrində nəyinsə dəyişmədiyini düşünürmü? Ümumiyyətlə, görəsən Elçin, hekayələrinin qəhrəmanlarını, epizodlarını, mənasını, ismarıcını, xatirəsini şeirin hansı misrasının, səsinin ovcundan götürüb duydurmağa çalışıb?  Bəlkə şeirindən bir ağrı götürüb, zoğal ağacının mıx çalınmış yara yerinə sarğı qoyub? Keçib gedən qatarların taqqa-tuqqu göründüyünün əksinə, ağappaq şeirdən soraq verir. Nizamlı səslərin içində gəlib-gedən adamların baxışları nə hecalanır, nə bölgülənir, nə bəndlənir...

Ağaclar insanın ən çox  əllərinə baxırlar. Ağacların sularda üzmək eşqindən tutmuş, özünə qayıtmaq, hansı meyvəni yetişdirmək istəyinə kimi, hər şey insan əlindən keçib gedir. Ağac meyvələrinin müxtəlifliyi arasında çaşıb qalıb, onun əzəlində hansı missiya (meyvə) vardı?

Tanrının qonaq saxlandığı aləmdə güclü bir oduncaq, əzmli bir budaq nəfəsinin son udumunda şeirini xatırlayır. Canını geri qaytarır...

Fanilik,  axıb gedən həyat çayının sahilində yanaşı dayanır. Fanilik, şeir qədər gülümsəyir çarpışmalara...  Ən kiçiyindən tutmuş, ən böyüyünədək, hər birinin içində nəhəng nəfəs var. Bəzən Tanrını düşünməyə ehtiyac olmur, faniliyi yada salmaq da yetir.

İnsanın Tanrını sorğulaması və onunla dostlaşması körpünün o tayında sakitcə oturub yolçusunu gözləyir. Bəzən insan unudur,  ya da unutmaq istəyir. Ona elə gəlir, fanilik  barədə hələ təzə-təzə düşünməyə başlayıb. Onun qarşısına güzgü tutun...

Elçin, güzgünün içindən keçib gəlib o taya...

 

***

 

Müsahibələrinin birində,  son zamanlarda dünyanin faniliyinin onu mövzu olaraq daha çox çəkdiyini deyib. Lakin almışınçı illərin sonunda  yazilmiş "Beşqəpiklik motosikl" hekayəsində gənc ata Sabir Məlikov-Siniq, Firanın-Firəngizin ölüm xəbərindən sonra dərhal fanilik barədə düşünür. Yaxud "Bozluq içində iki adam"...  Görünür, fanilik təzə məsələ deyil...

Qayıdırıq günümüzə, yazıları bir-birilə bağlayan, daha çox gözəgörünməz, sezinti, yansımaymış kimi hiss edilən, lakin güclü köklərlə mətnin qayəsini və məqsədini ayaq üstə saxlayan xətt  var. Bu, təkcə fanilik deyil... Bu xətt  Başa çatıb, ordan  keçib gələnə oxşayır..  Rəssam Muxtarın şüurunda bütün həyatını yaddaşın əvvəlindən sonuna aparan və onu öz içində əridib həll edən uzaq dağlarıın görüntüsü. O dağların arxasındakı sirr, sirdən daha çox həsrəti çəkilən dinclik... Peterburqda pəncərəsindən uzaq Gürcüstan dağlarına boylanan Babua Arçil, bəlkə gizli ehtiram və həsrətini dayəsinin kölgəsində gizlədən Sisianov...

Elçin, başını yelləyir... Onun mənimlə razılaşıb-razılaşmayacağını heç zaman bilməyəcəyəm...

 

***

 

Ölümün çox qəribə, yüngülləşdirilmiş, asanlaşdırılmış, faciədən arındırılmış qatında insanlar, sadəcə, yox olurlar. Rəssam Muxtar həyatı boyu çəkdiyi rəsmdə yox olur, ömrünü Şumer mədəniyyətinin tədqiqinə həsr etmiş alim liftə çevrilir. Ağa Əbdül də özündən əvvəl əfsanələşmiş yox olma yerində, Gözəl Kor Qızın getdiyi qayadan gedəcək, o Gözəl Kor Qız ki, bulağa, qayaya çevrilmişdi, əfsanə olmuşdu. Bəzən hekayənin yoxolmadan əvvəli, bəzən sonrası nağıl edilir, Sisianov isə keçmişlə gələcəyin arasında gedib gəlir..  Qəhrəmanlar kim olur-olsun, ölüm - hər nə qədər inanılsa da, deyilsə də "yox olma" deyil, bir haldan digər hala keçmə, birindən digərinə köçmədir. Ağa Əbdülün sualı həm də rəssam Muxtarın, alimin, Sisianovun sualıdır: Hansı: o dünya, ya bu dünya?

Mənsə sual verirəm, bu adamlar kimdir, kim kimdir, kim kimin davamıdır, kim kimin dünyasına girib?..

Zamanın qeyri-müəyyən genişliyi içində məhv olub gedən, əriyən, itən, bəlkə də inandığımız kimi, bir halıdan digərinə çevrilən həyatlar. Onları unudulmaq gözləyir, ya da bilinməzliyə xas izah. Bəlkə elə Çingiz xan düz edirdi-hər itkinin əvəzinə qalaqda bir daş artırdı. O yerdən baxanda bizi - insanı daşlaşmaqdan uzağa gedə bilməyən taledən nə qurtara bilər?

Bəlkə də Sisianov elə bunu qazandı-döyüş meydanlarında minlərlə adi əsgər, sadə adamlar itdi-getdi, yəqin, Çingiz xanın dövrü olsaydı torpaqlarda nəhəng daş qalaqları yaranacaqdı, amma Sisianov fərqli ölümdən sonrasını əldə etdi, başı bədənindən ayrılıb ruhu quş dimdiyinə azadlıq qazanan insan unudulmaqdan qurtuldu?

Sisianovun ruhu o dar məkanda, dar qəfəsdə - Başın içində hər şeyi yada salandan, hər şeyi görəndən, artıq heç nəyə və heç kimə yaramayacaq həqiqəti dərk edəndən sonra bir anlıq kəpənək ömrünü quş dimdiyində itirən anda azadlığa qovuşacaq...

Fanilik...

...Görəsən, köklərindən qopub dənizə qanadlanan ağacın çürüməkdə olan gövdəsində bu suala yer tapılacaqmı?

Elçinin bu suallara ehtiyacı yoxdur, fikri şeirinin yanındadır...

 

***

 

Elçindən soruşmaq istəyirdim - Görmək nədir? Ümumiyyətlə, görmək mümkündürmü? Doğrudanmı, görmək üçün Başımızın kəsilməsi qədər əlimizin-qolumuzun bağlanmasına, gözümüzün çıxarılmasına - zülmətə ehtiyacımız var?

Ağa Əbdül gələcəyi görürdü, kəsik Baş  isə içindən keçdiyi, lakin sağ adamın əlinin yetməyəcəyi həqiqəti görmək üçün keçmişə boylanır. Nədir bu maraq? Həqiqət insanın nəyinə gərəkdir? Bəlkə faniliyin kölgəsində onun heç olmadığını qəbul etmək daha yaxşı olardı?

Bəlkə görmək üçün bir quşun dimdiyinə alıb dam başına çıxardığı bənövşə olmaq da yetir. Heç nəyi görməyə can atmadan sakitcə susub, çiçək olaraq diriləcəyimiz taleyi gözləmək yetərlidir...

İçimizin küncünə sıxılıb kürəyini divara dayayan şeirimiz kimi...

İnsan, hər gördüyünə inanmırmış...

Mən, Elçinin şeir yazmadığına inanmağa başlamışam...

 

***

 

Həyatı boyu eyni şeyi çəkən, bəstələyən, yazan... - quran   adamlar. Bu adamları anlamaq çox çətin deyil, eləmi? Lakin onları anlamaq yerinə axına qoşulmaq, axınla getmək, "qaydasında görünmək" tələb olunur...

Şeiri olan adamları insanlar çox az məşğul edir, amma bütünləşmənin içində hər insanın səndən bir parça daşıdığını hiss edirsən, sonra görürsən, sonra baxmağa başlayırsan...

Birdəncə, mənzərə qalır, duyum dəyişir. Rəqs davam edir, hava dəyişir. Mətn davam edir, sezinti dəyişir - Məleykə xanımın çantasında bir "ox" var...

Ya anlayır, ya da anladığını düşünürsən,  yazıçı, bütün yaradıcılığı boyu eyni mətni yazmaq üçün müxtəlif mətnlər yazmaqla şeirinə sədaqətini qoruya bilibmi... Pozularmı bu əhd, zədələnərmi bu sədaqət, xəyanət, yazıçının hansı qatında onu yaşamağa qoymaz? Sıxar, boğar, incidər... istədiyini almayınca çəkilməz o küncünə...

Adamı olan əbədi yazılmamış şeirləri elə də kiçik səbəb hesab etməyə dəyməz, adamını gözüyumlu içində saxlar, ya onun sevgilisi olacaqsan, ya heç nə ola bilməyəcəksən... Yolsuz qalacaqsan, yolsuzluq dəhşətdir...

Bir gün həmin o rəsmin, musiqinin, mətnin, bir mənada o qatarın  bizi  o üzə aparacağına, o üzdən geri dönməyəcəyinə ümid varmı?

Qatarların geri dönmədiyi sonsuzluq şeirin içində əriyib-itir...

Elçin, dayandığı yerdən altı yaşlı uşaq kimi, keçib gedən qatarları qatar kimi seyr edir...

 

***

 

Hər şey bilginin əlehinə çevrildiyi bir yer var - sehr. Kimsə o sehrə inanırmı, görəsən? O sehrə inanmağın labirint içi cığırları sizi aparıb çıxaracağı yerdə dərin bir təbəssüm var: Xoş gəlmisən, amma heç yerə gəlməmisən - Sisianovun başını o sinidə şah sarayına ərməğan aparan qüvvə Mirzə Məhəmməd Əkbari Azərbaycanidir... Amma bu təzə xəbər deyil, Baş bunu çox əvvəllər, çox-çox əvvəllər quş dimdiyinə yerləşməyəcək qədər kobud, quşu qanadlanmağa qoymayacaq qədər ağır məktublarından birində yazıb...

"Bəlkə bir gün elə mənim başımı kəsib göndərəcəklər..."

Hara, niyə, nə üçün?

Çingiz xanın daş qalaqlarından birinə atılmaq üçünmü...

 

***

 

"Şeytan, yoxsa mələk?"

Görəsən insan yaşamı boyu bu sualla neçə dəfə qarşılaşır? Ümumiyyətlə, bu sual insanın yadına hardan düşür? İnsan niyə bu barədə düşünməlidir? Axı, insanın şeiri var...

Gizli-gizli, qanın-qadanın, iyrənc siyasətin, düşmənçiliyin, dünyaya nə verib - ala bilmədiyi düzənsizliyin içində, ən vacib (hərçənd, heç nə vacib deyil) məqamda Hüseynqulu xanın  könlünə şeir yazmaq düşüb...

Hacı Murad təslim olub, özündəki şeytanı özündən başqa hər yerə yerləşdirməyə hazırdır. Adam, mələk kimi görünmək istəyir-öz gözündə... O əmindir, Baş oğurlayıb Rusiyaya geri vermək fikri ancaq şeytanın Başının altından çıxa bilərdi. Sual geri dönüb - kim kimdir, Şeytan Mələkdir, ya Mələk Şeytan?

Şeirdən çıxdınmı, hər şey bir-birinin maskalanmış formasıdır, onlardan hansının hansı olduğunu ölümdən əvvəl anlaya bilməyin mümkün deyil...

Qadın və Kişi, Adəm və Həvva, biri yaşamın  sonu, biri yaşamın əvvəlində - arada uzun (bəlkə də çox qısa) yaşanmışlar. Paralelləşən dünyalar, həyatın hansında bitib, hansında davam edəcəyi naməlumdur. Lakin insan son anda belə üzünə bir maska taxır. Bu, məhz "qəbul edilmiş nizamlı dünyanın" qaydasıdır...

Yazıçı etiraz edir...  Etirazını əbədi susmuş şeirinin segilisi olmaqla bildirir...

 

***

 

Nizam nədir?

Bunu düşünmək bizə lazımdırmı?

Muxtarın məzarına sarı əyilən zeytun (barış) budağını kəsmək. Qəbir ruha gərək deyil, zeytun budağı onu narahat edə bilməz, amma görünüşü (təyin edilmiş nizamı) pozur, eynən rəssam Muxtar da nizamı pozub eyni rəsmləri çəkirdi...

Elçin bir baxımdan, eyni rəsmi çəkib duran rəssam kimi tarixi ələ salır: "Guya sizin yazdığınız və inandığınız hər şey həqiqətən, sizin dediyiniz ardıcıllıqda və formada baş verib?"...

Hər şey qaranlıq yuxunun içində, orda-burda görünüb itən portfel formasına düşüb nəsnələnib... Görünməyən qorxulu aydınlanma dirilişin baş tutacağı bir naməlumluğa qədər portfeldə - boğçada sıxışıb qalacaq.

Sirr.

Nə üçün, daşımaq üçünmü? İnsan sirrini özüylə daşımalıdırmı? İnsan təkcə öz sirrinimi daşıyır və hansı ağırdır - öz sirrin, ya başqaların sirri? İnsan kimin sirrinə daha ehtiyatla yanaşır?

Faniliyin duyumundan xəbərdar olub bu dünyaya qayıdan yazıçının sirrini çözmək deyil, o sirrin varlığını anlayaraq təsəlli tapmaq istəyirəm...

Bağban - Tanrı - şeir... əbədidir...

 

***

 

Tarix nədir?

Heç nə!

Bir yerdə kiçik bir əminliyim var, Elçin, tarixin sirrinin kənarında dayanıb... Yoxsa Başın qatı açılan ilk baxışında niyə: "Bu, tarix deyil" - desin?

Hər şey dayanmadan hərəkətdədir. Hər şey dəyişir: insan, təbiət, xarakter, şərtlər, sərhədlər, adlar, həyatlar. Bir yandan da heç nə sanki dəyişmir, tam da dediyimiz kimi, bir haldan digərinə keçir - Dünya adlanan bir çuxurda dayanıb içi-içində qaynayır... Bu çuxurun içində tərpəniş olduqca hər şey qarışır, çirk təmizliyi, qan ağlığı, vəhşət düşüncəni incidir, bu kiçik çuxurun içində tarixdən naqis nə ola bilər?

"Dünyanın heç bir yerində Azərbaycandakı qədər şair görmədim" - yazırdı Sisianov məktubunda.

Elçin, şeirini bəlkə elə bunun üçün heç zaman yazmayıb...

Əvəzində, Qadın və Kişinin gördüyü qaranlıq sanki illərin o tayına, Mərdan Dadaşlının təyyarədəki qaranlığına uzanıb. Lakin indi "nə var, nə yox?" sualı yoxdur...

Qaranlıqdan xəbərsiz sual səslənir - Allah güclüdür, ya Şeytan? Mələk qanadlanıb, uçub gedib, yox olub, yerini Allah tutub...

Hər şeyin bir-birini təkrarladığı, hər şeyin bir-biri olduğu məlum mövcudluqda Mələyin Allah olmasına inanmaq...

Bəlkə hər şey o sualdan başlayıb? O sual ki, ən qədim sualdır, ən mürəkkəb sualdır və məhz Tarix öz naqisliyiylə Allahı şübhə altına alıb?

Sual  dəfələrlə, çox sadə görünən yollarla təkrarlanır, lakin cavab vermək  o qədər də asan deyilmiş, eləmi?

Elçin hansı sualına cavab axtarır?..

 

***

 

"İnsanı başa düşəcək yeganə adam - o özüdür." (Qatar. Pikasso. Latur. 1968.)

 

***

 

Az qala 50 il keçib, Elçini  Elçindən  başqa başa düşən oldumu?...

 

***

 

Mən, Elçinin şeirini yazmasini istəmirəm...

O, Elçindən gizli Elçindir, qoy hər şey elə belə də qalsın... Ya da davam eləsin...

 

Hədiyyə ŞƏFAQƏT

 

Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.12-13.