Odu üşüyən şam
Boyunda ucalıq hissi,
Bətnində Günəşi qucaqlamaq.
Yerin cazibəsindən də güclüdür,
Qəmzəsində gizlətdiyi ulduz
Milyon illərdi
parıldayır.
Oğlunun ilk topu - böyrəkləri,
Qızının ilk gəlinciyi - göbəyi.
İlk beşikdi o,
İlk oyuncaq.
Bütün qadınların arzusu,
Doğma
həyat sancısı...
Özünü hamıdan soruşan,
Odu üşüyən şam...
Bir çiçəklik çəmən,
Bir ağaclıq meşə...
Hazır yanmağa həmişə.
Razıdır adını unutsun
hamı
"Ana" desinlər ona.
Gəncliyim
Gedirsən...
Elə gedirsən ,
Barmaqlarımın ucundan axa-axa,
Gözümün içinə baxa-baxa,
Yavaş-yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Lövbərini sahilə atıb
gedən gəmi kimisən,
Dönməyəcəyini bilirəm,
gözləmirəm yolunu.
Amma baxacam arxanca,
Gözlərimin qarası ağında əriyənə qədər.
Saçlarımı vida yerinə yelləyib,
Əllərimi üzümə sıxıb
yola salıram səni.
Heç
getməsəydin keşkə...
Gedişin günəşli günlərimə
qara bulud kimi çökür.
Ayları,
illəri bölüşürdük
Göy qurşağım idin mənim,
Gözlərim yağandan sonra görüşürdük.
Sən gedirsən...
Hər gün bir az uzaqlığınla
boyanır,
Yaşıl yatıb, sarı oyanır yuxularım.
Həyatımı baxış-baxış süstləyənim,
İllərimi naxış-naxış işləyənim,
Sənə demək istədiklərimi
ürəyimdə qoyursan.
Tətiyi çəkilmiş tüfəng
kimisən artıq.
Gözlərimdən, baxışlarımdan,
əllərimdən, saçlarımdan
gedirsən.
Gedirsən...
Barmaqlarının ucundan axa-axa ,
Gözümün içinə baxa-baxa .
Yavaş
-yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra, gedirsən.
Alacağın olsun həyat,
Onsuz da bütün sevdiklərimi
alacaqsan.
Qoy onu sevə-sevə yola salım.
Əzizim,
özünə yaxşı
bax deyə bilməyəcəm,
Əlvida deməyə də dilim gəlmir.
Məni
unutma...
Məni unutma... gəncliyim.
Foto
Nə vardı gözlərindən
gələcəyi oxumağa,
keçmişini xatırlatmasaydı.
Belə yaxın durmasaydı,
nəsə uydurmasaydı...
Özündən gizlənməsəydi, bu baxışlar.
Düşüncələr qucağından
qoymur yerə,
bu dəcəl uşağı.
Qoysa yoxuşlara
yuvarlanar.
Xəstələnib sakit durunca dəcəl uşaqlar,
Anaları yalvararlar Allaha,
Tez sağalıb, dağıtsın
ev eşiyi.
Ən sevdikləri, qoruduqları
əşyaları verərlər
əllərinə.
Bax, elə
vermişəm könlümü.
Bircə mən bilirəm,
Ən yaxşı fotosu
Ömür boyu çəkdikləridir
bu adamın.
Bu gecəyə
Bu gecənin qaranlığı,
Qaranlıq qalırdı mənə.
Oydum gözlərini,
Yırtdım ulduzlayan bətnini,
Odlayıb, söndürdüm ayazını.
Bu gecənin hər misrası,
Nağıl rəngdə kabus imiş.
Süfrə açdım göy
üzünə,
Buludlar iştaha gəldi,
Yuxuların qarnı toxdu.
Axtardım səhərə qədər,
Bu gecənin
Cini var, lampası yoxdu.
Yaşım qədər
Axşamüstü geyinincə
O işıqlı paltarını,
İncə qaranlığından,
Qapısını döyüb qaçmaq
istəyirəm
bu şəhərin.
Çıxmaq istəyirəm övladlığından.
Kövrək Ay öpər üzümdən,
Sonsuzluq tutar əlimdən.
Çox
sular axdı,
O körpünün altından.
Külək çoxdan qırıb,
O buludun qanadını.
O körpüdən, o buluddan
Çəkdim yorulmuş gözümü.
Yol yolçunun xərcliyidi,
Yollardan aldım özümü.
Nə bir ünvan tanıyıram,
Nə bir insan,
Dincəm indi.
Bilmirəm kim xatırlayar ,
Yaşım qədər gəncəm indi.
Metro
İndiki
zamana aiddir bütün feillər
Qapılar bağlanır, növbəti
stansiya..."
"xahiş olunur,
vaqonlardan düşərkən,
əşyalarınızı götürməyi
unutmayın"
Fikrim axır, axır
Susuram,
ona qədər susdum.
Sonra bütün
dillərdə susuram.
Nə pəncərəsini Günəş
qamaşdırır,
Nə qapısını
külək döyür.
"Sim-sim qapını aç" sözü də çıxıb
hamının yadından.
Qapılar açılır
Fikirlər boşalır,
Yeni fikirlər
dolur vaqona.
"Uşaqlı qadınlara, əlillərə yer verin"
Qucağı əylənir bir ikisinin.
Fikirlərin əsasını, arabasını
alır
O biri fikirlər.
İndiki
zamana aiddir bütün feillər
"qapılar bağlanır,
növbəti stansiya
20 Yanvar,
Next
station is 20 yanvar"
Fikirlər dərinləşir, gərginləşir
Beyinləri eşir, deşir.
Əsalı fikirlərdən utanır
vaqon.
Burda indiki zamana aiddir
bütün feillər
"Mənə "Azadlıq"
stansiyası lazımdı"
- deyir.
Bayaqdan bütün
dillərdə susuram.
"Azadlığa gedən
yol 20 Yanvardan keçir".
Həyat
Yordum səni, həyat
Üz çevirsən də məndən,
düz gözlərinin
içinə baxıram...
Gözlərinin dilini yaxşı bilirəm.
Rahat olsun başqasına verəcəyin könlün,
Bir öpüş də almağa qıymadım,
Başqasını sevərsən deyə...
Bəlkə
Sinəmdəki yaralarım,
Qaradinməz dualarım,
O alnından öpüləsi
Günahlarınla qocalır.
Tanrı
bəlkə də qadındı
Bağışlamağı bacarır.
İşarə
Barmağına bir işarə
qoy,
Unutmaq üçün...
Ayağına küçələri dola,
Qaçmaq üçün...
Dərin
bir nəfəs al,
Boğulmaq üçün...
Vəssalam.
Oğluma...
Oğlum,
bəlkə darıxmağın
Həddini çoxdan aşmışam.
Səni
üşütməsin deyə,
Bu il qışla
dostlaşmışam.
Sevmədiyin yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən
gün yemək yeyəndə,
Tikəni saldın əlindən.
O tikəni yeyib doydum,
İl yarım
sonra acaram.
Darıxmaq orucu tutdum,
Sənin qoxunla açaram.
Sən olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.
Sənin
paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini gözlədiyim an,
Fikrim o dağları
aşır.
İgid
oğlum, Vətən
sənin
Sən Vətənin
əmanəti.
Bu bir şeir deyil,
balam
Bu bir qürur əlaməti.
Səni
gətirən yollara
Mən baxıram,
sən heç baxma.
İkimizin yerinə də,
Darıxaram, sən darıxma.
Nuranə NUR
Ədəbiyyat qəzeti.- 2018.-
4 avqust.- S.21.