İşıq kimi bir ömür:
İmamverdi Əbilov
"Köhnə kişilər"
silsiləsindən
Sən
şirinsən, yox zərrəcə
Acılığın.
İmamverdi!
Sən
hacılar hacısısan.
Cövhərində, canındadır
Hacılığın,
İmamverdi!
Axı sənin öz məskənin övliyadır,
Müqəddəsdir:
İmamverdi!
Təkcə səni ziyarətə gəlsə millət,
Elə bəsdir...
İmamverdi!
Xalq şairi, unudulmaz Qabilin bir şeirindən seçdim bu misraları. İmamverdi Əbilova həsr olunub. O İmamverdi Əbilova ki, Azərbaycanın ən tanınmış ziyalılarından biri idi və indi - ölümündən sonra da həmişə xatırlanan, ruhuna dualar oxunan bir kişi...
İmamverdi Əbilovun adı qarşısında filologiya elmlər doktoru, professor, qabaqcıl maarif xadimi, əməkdar müəllim və s. titulları sıralamaq niyyətində olmadım. Sadəcə İmamverdi Əbilov - Azərbaycanın istənilən bir kəndində, şəhərində bütün ziyalı camiəsi üçün İmamverdi Əbilov adı ən doğma isimlərdən biridir. Səksən ildən artıq bir ömür qovşağında çoxlarına nəsib olmayan belə bir şöhrət zirvəsinə o necə qalxa bilmişdi? Mən bu suala qısaca, birnəfəsə cavab verə bilərdim, amma İmamverdi Əbilovun həyat və yaradıcılıq yolunu əhatə edən "Ömrün və elmin romantikası" kitabında tam aydınlığı ilə cavab tapdım.
1927-ci il, 19 dekabr - bu, İmamverdi müəllimin
doğum tarixidir. XX əsrin 73 ili və bir
də XXI əsrin ilk onilliyi. Sovet Azərbaycanının
və müstəqil Azərbaycanın ən tarixi hadisələrinin
şahidi və iştirakçısı. Amma təkcə şahidi və
iştirakçısı deyil, həm də böyük Azərbaycanın
bir zərrəsi. Və bu zərrədən
- fərdi bir ömür prizmasından işıqlı bir həyatın
tarixçəsi boylanır.
Mən Azərbaycanın ən görkəmli
insanları haqqında düşünəndə, birinci
işıq kəlməsini xatırlayıram. İmamverdi
Əbilov da o işığı varlığında
yaşadan bir insan idi. Bu
işığın mahiyyəti Azərbaycan mənəviyyatını
və bu mənəviyyatın başlıca atributlarından
olan Azərbaycan ədəbiyyatını sonsuz bir məhəbbətlə
sevmək, yaşatmaq və təbliğ etmək idi. Özü də harada? Nə Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutunda, nə də
Yazıçılar İttifaqında (hərçənd, bu
iki humanitar mərkəz İmamverdi Əbilovun
tanınmasında böyük rol oynamışdı), qaynar ədəbi
və elm mərkəzi Bakıdan uzaqda - Neftçala rayonunda.
İşıq
kəlməsi heç şübhəsiz, od
və ocaq kəlmələri ilə bağlıdır.
İmamverdi Əbilovun yaşadığı Neftçala şəhəri
- Puşkin küçəsi, ev 12 Azərbaycan
alimlərinin və ədiblərinin tez-tez baş çəkdiyi
bir ocaq timsalında idi. Böyük Səməd
Vurğunun Neftçalaya gəlişi, bu rayonun zəhmətkeşləri
ilə yay klubunda görüşü, ədəbiyyat müəllimi
İmamverdi Əbilovun şairin yaradıcılığı
haqqında məruzəsi həmin ocaqda çatılan ilk
tonqal idi. Sonralar Süleyman Rəhimov, Süleyman Rüstəm,
Rəsul Rza, İlyas Əfəndiyev, Mirzə İbrahimov,
Yusif Məmmədəliyev, Mehdi Mehdizadə, Mehdi Hüseyn, Bəxtiyar
Vahabzadə, Məmməd Rahim, İsmayıl Şıxlı,
Mirmehdi Seyidzadə, Əli Sultanlı, Xudu Məmmədov, Nəriman
Həsənzadə, Əliağa Kürçaylı, Bəkir
Nəbiyev, Söhrab Tahir, Əli Kərim, İslam Səfərli,
Xəlil Rza Ulutürk, Cabir Novruz, Məsud Əlioğlu, Mehdi
Məmmədov və daha hansı mədəniyyət korifeylərimiz
bu ocağın başına yığışdılar və
bu ocaq bir ziyarət məkanına çevrildi. Yox,
İmamverdi müəllim nə möcüzəli pir sahibi
idi, nə də müəzzəm bir seyid. Azərbaycan ziyalıları o ocaqda Füzuli, Nəsimi,
Sabir, Cavid, Hadi, Şəhriyar, Səməd Vurğun
poeziyasından yayılan işığın təşnəçiləriydi.
İmamverdi müəllim ömrünün son
gününə qədər o ocağın qoruyucusu oldu.
Bəs bu korifeyləri o ocağa çəkən
hansı qüvvə idi?
Bəxtiyar
Vahabzadənin, Xudu Məmmədovun və Məsud
Əlioğlunun səsyazısından (10 sentyabr, 1969) bir
neçə sətir bu suala ən tutarlı cavabdır:
Bəxtiyar
Vahabzadə: "Bu qapıya gəlməyən bir ədəbiyyatçı,
bir şair, bir ədib...mən təsəvvür eləmirəm.
Hamı bu qapını açıb,
İmamverdinin evi ədəbiyyat evidir, ona görə də
müqəddəsdir. Bu evdə gör kimlər var. Bu
evdə Füzulidən tutmuş bugünkü ədiblərimizə
qədər... Şekspirdən tutmuş Sartra qədər,
ondan sonra bütün klassiklər bu evə
yığılıb. Bu otaqda musiqi var,
burda şeir var. Bəs İmamverdi kimdir? Nə
üçün İmamverdinin başına toplaşıb bu
gözəl adamlar, bu gözəl şəxsiyyətlər,
bu gözəl ruhlar? Ona görə ki,
İmamverdinin özü təmizdir, özü müqəddəsdir,
özü pakdır".
Məsud
Əlioğlu: "İmamverdi xiridardır, mənəviyyat
xiridarıdır, insanlıq xiridarıdır. Onun
insan mənəviyyatına o qədər eşqi,
şövqü, bağlılığı var ki, bununla məşğul
olaraq az qala özünü unudub".
Xudu Məmmədov:
"İmamverdidən qabaq da burda ziyarətgah yaradan
olardı. Amma
öz aləmində İmamverdi bu evi ziyarətgah
yaradıb".
Bu misalların sayını istənilən qədər
artırmaq olar. Ancaq mənim də bir əlavəm var: İmamverdi
Əbilov XX əsr Azərbaycan ədəbi yaddaşının
ən fədakar qoruyucusu idi. İnsan, özü də
ziyalı bir insan, lap elə ədəbiyyat fədaisi mənən
təmiz, saf, hamının sevdiyi şəxs ola
bilər, lakin yaddaşı qorumaq, onu nəsillərə
ötürmək missiyası hər adama qismət olmur. Mən
böyük tənqidçi Yaşar Qarayevin bu sözlərini
yazıma gətirirəm: "Yalnız yaddaş olan yerdə
sabitlik və tamlıq var, nəsillər və əsrlər,
ilahi və bəşəri dəyərlər və sərvətlər
arasında əlaqə və estafet var. Əslində, nəinki
təbiət və insan, ekologiya və poeziya da
yaddaşdır. Şəhid - ölümü
ilə, şair - ağrısı ilə yaddaşa
qaynayıb-qovuşur. Və yaddaşın
ömrü bir vicdana və haqqa xidmətin, bir də qədir-qiymətə
çevrilən anların cəmindən yaranır. Artıq gör neçənci əsrdir ki, İsa və
Məhəmməd də, Qorqud və Şekspir də bir
haqqın, bir də yaddaşın dərgahında yaşayır.
Daha doğrusu, tarix, zaman hər yerdən axıb,
sürüşüb gedir, bir yaddaşa ilişəndə iz qoyur, əbədiləşir
və abidələşir".
İmamverdi
Əbilov bu yaddaşı əbədiləşdirən və
abidələşdirən bir ədəbiyyat kişisi idi. Bu mənada
mən onun böyük zəhmətini XX əsrin Salman
Mümtaz, Qulam Məmmədli, İlyas Əfəndiyev, Rəsul
Rza, Məmməd Cəfər kimi böyük şəxsiyyətlərin
- ədəbi-tarixi yaddaş missiyasını yaşadan şəxsiyyətlərin
tələbəsi hesab edirəm. İmamverdi Əbilovun Səməd
Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman
Rüstəm, Mirzə İbrahimov və b. sənətkarlar
haqqında qələmə aldığı
yazılarını təkcə səmimi hisslərin, ustadlara
böyük məhəbbətin ifadəsi kimi anlamaq doğru
olmazdı, həm də bu portret yazılarda ədəbiyyat
tariximizin elə olayları, çoxlarına məlum olmayan elə
həqiqətləri üzə çıxır ki,
bunları qələmə almamaq günah olardı. Özü də İmamverdi Əbilov bu hadisələri
kimsədən eşitməyib, şəxsən həmin hadisələri
gözləriylə görüb. M.C.Bağırov-Səməd
Vurğun konflikti - Tiran və Şair qarşıdurması.
"Sağlığında şöhrətin zirvəsinə
çatan Səməd Vurğun 40-50 yaşlı sənətkarların
dözə bilməyəcəyi təzyiqlərə,
hücumlara dözmüş, haqlı mövqeyi uğrunda
mübarizə aparmışdı... Opera və
Balet Teatrında keçirilən yığıncaqda məruzəçi
Mircəfər Bağırov idi. O vaxtki SSRİ-nin
bütün respublikalarından qonaq var idi. Mən Mehdi
Hüseyn, Əli Vəliyev və Əbülhəsənlə
yanaşı əyləşmişdim. İclası
o vaxtkı Bakı şəhər partiya komitəsinin birinci
katibi Mirteymur Yaqubov aparırdı. M.C.Bağırov
15 dəqiqəlik tənəffüs nəzərə
alınarsa, 3 saat yarım məruzə elədi. Nazirlər Soveti sədrinin I müavini, Mincəçevir
SES-i yaradanlardan biri İslam İslamzadəni biabır elədi.
Sonra isə təhqiramiz ifadələri Səməd Vurğuna
yönəltdi: əvvəlcə şairin sənətkarlıq
qüsurlarından danışdı - yaratdığı
şah, çoban, vəzir, şair, qadın
obrazlarının hamısının filosof ədası ilə
danışdığını söylədi. Sonra
isə Səməd Vurğunu dəlilsiz-sübutsuz
ağır ittihamlarla günahlandırdı". Və tənəffüsdən sonra iclas öz
işini davam etdirir. Şərtə görə hamı
rus dilində yazdığı konspekti oxumalı idi. Hamı bu qaydaya əməl edir. Nəhayət,
S.Vurğuna söz verilir. "Səməd Vurğun
çıxışın bitməsinə 2 dəqiqə
qalmış əlindəki konspekti kənara qoyub Azərbaycan
dilində salona müraciət elədi:
- Əziz
yoldaşlar! Bilirsiniz ki, mən şair adamam.
Şairlər isə konspektdən
çıxış edəndə istədiklərini ifadə
edə bilmirlər. Şair sərbəstlik
sevir, konspekt isə rəsmiyyət deməkdir. Xahiş
edirəm, fikirlərimi sərbəst ifadə etmək
üçün mənə icazə verəsiniz... Salondan alqış sədaları qopdu və
arası kəsilmədi, hətta Bağırov da əl
çaldı və başı ilə işarə etdi ki,
buyur.
-
Yoldaş Bağırov, "Vaqif"dən sonra yüksək
dram əsəri yaratmadığımı dediniz. Şair hər zaman şedevr yarada bilməz. O
ki qaldı mənim personajlarımın filosof ədası ilə
danışmasına - bunu əsərin romantik mahiyyəti tələb
edir. Şekspirin prinsi də, sərkərdəsi
də, məzarqazanı da filosof ədası ilə
danışırsa, bunu 400 ildir ki, görür və
Şekspirə irad tutmurlar. Hər
şairin öz üslubu var. Romantika mənim
yaradıcılığımın guşədaşıdır".
Səməd Vurğun o iclasda M.C.Bağırovun
bütün ittihamlarına təmkinlə cavab verir. Bu hadisə İmamverdi müəllimin dəmir
yaddaşında möhkəm iz salır. Təkcə
bu hadisəmi? Süleyman Rəhimovla, Süleyman Rüstəmlə,
Rəsul Rzayla, Mirzə İbrahimovla, İslam Səfərliylə,
Mirmehdi Seyidzadə ilə, Məmməd Rahimlə,
Əliağa Kürçaylıyla, Əbülhəsənlə
və b. sənətkarlarla bağlı onlarla elə hadisələr
xatırlanır ki, bunları kiçik bir yazıda incələmək
uzun vaxt aparar. Amma İmamverdi Əbilovun hər
bir belə xatirə yazısında ən mühüm
olanı budur ki, o hansı sənətkardan söz
açırsa, portret-obraz yaradır. Süleyman Rəhimovun
ağır, təmkinli, epik obrazı, Rəsul Rzanın
mütəfəkkir şair obrazı, Süleyman Rüstəmin
qətiyyən zarafatından qalmayan, amma həm də kövrək
şair obrazı, Bəxtiyar Vahabzadənin filosof-şair, azərbaycançı
obrazı, Məsud Əlioğlunun bütövlük,
şirinlik, təmiz insan obrazı, Xudu Məmmədovun
böyük alim obrazı o yazılarda İmamverdi müəllimin
həm də bədii söz ustası olduğunu təsdiqləyir.
"Ömrün və elmin romantikası"
kitabında "Məktublar" adlı bir bölmə var.
Orada Azərbaycanın demək olar ki, üzdə olan
bütün sənətkarlarının İmamverdi müəllimə
ünvanladığı məktublar təqdim edilir. Sözün
yaxşı mənasında, dəhşətə gəlirsən
- bu qədər məktubları göz bəbəyi kimi
qoruyub hifz eləmək hər kişinin işi deyil. Və
İmamverdi müəllimə ünvanlanan bütün məktubların
başında bu sözləri oxuyursan: "Əzizim",
"Hörmətli", "Əziz qardaşım",
"Möhtərəm", "Dostum", "Əziz və
hörmətli" və s. Bu məktublar tədqiqata cəlb
edilərsə, XX əsr Azərbaycan epistolyar janrının
inkişafı haqqında geniş təsəvvürə malik
olarıq. Məktubların məzmununa gəldikdə isə,
çox maraqlı bir mənzərənin şahidi oluram:
hamı İmamverdi Əbilovla öz dostu, qardaşı,
sirdaşı kimi danışır, hətta dərdlərini
də onunla bölüşür, yeri gələndə öz
yaradıcılıq planları barədə söz
açırlar. Ən çox Bəxtiyar
Vahabzadə.
"Elə günlər, illər keçir...yaşadığımız
ağlı-qaralı günlərə qayıda bilmirik. Dostlar əlimizdən
çıxır. Təkləşirik.
İndi hər şey bizə kədər gətirib.
Sevinc itkin düşüb. Yeni
şeirlərimdən (Ulduz-¹9) razı qaldığını
yazırsan. Oxucular mənim
yazılarımdan razı qaldıqca məndə
narazılıq artır. Daha böyük
zirvələr istəyirəm, sabahın üfüqləri
genişlənir, sabahkı tələbə indidən cavab
vermək üçün yaradıcılıq əzabları
çəkirəm. Hörmətlə, Bəxtiyar
Vahabzadə. 12 noyabr 1979".
Amma çox təəssüflənirəm ki, o kitabda mənim
İmamverdi Əbilova ünvanladığım iki məktubun
heç birinə təsadüf eləmədim. Tərtibçi
və redaktor Azər Turan - İmamverdi müəllimin oğlu
- dostumdan qətiyyən incimirəm. Amma nə
yaxşı ki, İmamverdi müəllimin 2010-ci ildə mənə
poçtla göndərdiyi bir məktubunu itirməmişəm.
Mən AZtv-nin "Ovqat" proqramında
çıxış etmişdim. İmamverdi
müəllim o verilişə baxmış və poçtla mənə
məktub göndərmişdi. O məktubu cüzi
ixtisarla bu yazıya qatıram.
"Hörmətli Vaqif müəllim! Salam! Sizə uzun, sağlam,
axtarışlar eşqi ilə dopdolu, uğurlu ömür
arzulayıram! Bildiyiniz kimi tale mənə ötən əsrin
işıqlı - dahi şəxsiyyətləri ilə
dostluq etmək, ünsiyyətdə olmaq səadəti bəxş
etmişdir. Bu ulu
insanlar içərisində Azərbaycan şeirinin dağ
qartalı olan Rəsul Rza ilə dostluğumuzun da şərəfli
tarixi vardır. Səhhətimin bərbad
çağında iftixarla düşünürəm ki,
böyük şairlə dostluq etdiyim 22 il müddətində şeirimizin sultanlıq səltənətini - Rəsul
Rza poeziyasının idrak rayihəsini daşıyanlardan biri
olmuşam. Bu həqiqəti ədəbi ictimaiyyət
də, sükutla yaşayan tarix də təqdir və təsdiq
edir. Bir zaman
eynək mənə gözlərim qədər əziz idi. İndi bu "əzizlənmə"
də itib. Bu məktubu üç lupa
böyüdücü arxasından yazıram... Cismani əzablar...gözlərimin
nurunun itirilməsi qorxusu, daha nə bilim nələr, nələr...
Amandır, səhhətinizi qoruyun... "Ovqat"da
dediniz ki, Rəsul Rza haqqında kitabım oxuculara təqdim
olunub. Şəksiz, mənimlə şərik
olarsınız ki, bu mübarək kitabın ilk nüsxəsi mənim
kitabxanamda olmalıdır. Əziz-girami
övladım, gözlərimin işığı, ürəyimin
taqəti Azərimə də verə bilərsiniz. Lakin
Azərim o qədər ürəyiyumşaq, səxavətlidir
ki, o kitabı ondan kim istəsə, dərhal
tərəddüdsüz ona bağışlayacaq,
"qaytarmaq şərti ilə" ifadəsi isə
çoxdan dəbdən düşüb. Mümkünsə,
poçtla birbaşa mənə göndərin.
Ədəbi düşüncəmizin flaqmanı -
"Azərbaycan" jurnalının əməkdaşlarına
- qardaşım oğlu İntiqam müəllimə, Südabə
xanıma, Tofiq Mahmudova salamlarımı yetirin.
Süleyman
Rüstəm haqqında yazımı verdiniz, sağ olun!
Unudulmaz dostum haqqında o yazını gözlərimin yaxşı
çağında yazmışam.
Sizə sağlam səhhət, ailə fərəhi,
yaradıcılıq uğurları arzulayıram.
İmamverdi Əbilov".
Bu yazının əvvəlində
vurğuladığım "İşıq" kəlməsinə
qayıdıram. Məncə, böyük ziyalımız
İmamverdi Əbilovun ömrü də başdan-ayağa
işıqdan, nurdan yoğrulmuşdu. Qibtə edilməli
işıqlı ömür...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.20-21.