Tecelli Sercan
Sırma
Yaxşını və
pisi bilmək ağacı
Birinci Dünya müharibəsi ərəfəsində
Ərbildə yaşamağa qərar verən bir şotland əsgərinin
həyatından bəhs edilən romanda Təcəlli Sırma
Britaniyadan Orta Şərqə qədər uzanan səfərdən
bütün həqiqətləriylə bəhs edir. Həyatın yenidən qurulmasıyla ortaya
çıxan roman sevginin, müharibənin, xoşbəxtliyin,
kədərin iç-içə yaşandığı həyatın
güzgüsü kimi diqqəti cəlb edir.
1897-ci ildə Klayd çayı
Qlazqonu,
Qlazqo da Klayd
çayını yaratdı.
Şotland məsəli
Northwood Side Road prospektinin arxa küçələrindən
birində, qırmızı kəsmə daşlardan
tikilmiş üçmərtəbəli köhnə
binanın 4 pilləli pilləkənlərində yeddi-səkkiz
yaşlarında bir uşaq başını dizlərinin
arasına alıb, hərəkət etmədən
oturmuşdu, sanki yatmışdı.
Soyuq qış günündə güclü küləklə
sovrulan qar dənələri damlarda, küçə
lampalarında, pəncərə kənarlarında
toplanırdı. Bir ev pişiyi pəncərədən
küçədəki pişikləri izləyirdi. Pilləkəndə
oturan uşağın papağı, pencəyi,
şalvarının dizləri yavaş-yavaş ağarır,
bacalardan çıxan dumanlar səmada boz bir boşluq
yaradırdı…
İkitəkərli,
odun yüklü əl arabasını çəkən
satıcı bir anda küçənin sakitliyini pozdu:
"Odun var! Odunlarım var! Quru odunlar,
yaxşı isidən, çox yanan odunlarım var. Xəstələrin,
yaşlı və uşaqların can dərmanı odunlar.
Az qalıb…"
Satıcı susanda küçə yenidən səssizliyə
boğuldu.
Küçədəki açıq qalan bir neçə qara
ləkə də az sonra qarla
örtülüb ağardı.
Odun arabası küçədə iz qoyaraq irəliləyirdi. Altı-yeddi
bina keçdikdən sonra yenidən pəncərələrə
boylanıb "Odun var" deyə qışqırdı.
Pişik pəncərədən çəkildi.
Gözü evlərdən birinin daş pilləkənlərinə
sataşdı. Üzünə
çırpılan küləkli qardan qaraltının nə
olduğunu dəqiqləşdirə bilmədi. Arxasını küləyə çevirib qapıya
yaxınlaşdı. Bir az daha diqqətlə
baxıb qar altındakının uşaq olduğunu anladı.
Kürəyini qapıya dayamış,
qarnına çəkdiyi dizlərinin üzərinə
bükülmüşdü. Donmuş kimi hərəkətsiz və
səssiz idi. Bir addım geri çəkildi.
Qorxmuşdu. Şəhər küçələrini
gəzərkən buza donmuş o qədər adam
görmüşdü ki… Nə edəcəyini
qərarlaşdıra bilmədi. Özlüyündə
"Ən yaxşısı görməzliyə vurub tez buradan
gedim"- deyib arabaya yapışdı. Sürətlə
oradan uzaqlaşdı.
Küçəni ikiyə ayıran, dördmərtəbəli
binanın altındakı kəmərli tunelə çatana qədər
dayanmadı. Orada nəfəsini dərib əvvəlcə
üstündəki, sonra isə odunlardakı qarları təmizlədi.
Əlcəkdə olsa da üşüyən əllərini
ovuşdurdu. Bir neçə dəqiqə
gəldiyi tərəfdəki bəmbəyaz boşluğa diqqət
kəsildi. Sanki qardan tül pərdələr
dalğa-dalğa küçəyə enirdi. Bir az düşünüb arabanı qoyub geriyə
qayıtdı. 50-60 metr qaçdıqdan sonra
ağlına nə gəldisə yenidən tunelə
qayıtdı. Arabasını da
götürüb küçəyə qayıtdı. Uşağın oturduğu pilləkənə
çatanda o hələ də eyni vəziyyətdə,
başı dizlərinin arasında hərəkət etmədən
oturmuşdu.
Qarşısında
dayanıb: "Hey, ay uşaq! Bura bax! Dur oradan, yoxsa bir azdan
donacaqsan",- dilləndi. Uşaq nə
cavab verdi, nə də hərəkət
etdi. Satıcı bir az da ucadan dilləndi.
Cavab vermədiyini görüb arabadan
götürdüyü odun parçasıyla uşağı
dümsüklədi. "Səninləyəm
axı!"- deyə
qışqırdı.
Dizlər arasından bir baş yüksəldi. Yuxudan
ayılmış kimi gərnəşdi. Yavaş-yavaş
dikəldi. Üstündəki qarlar yerə
töküldü. Birdən
qarşısındakı adamı görüb
qışqıraraq divara söykəndi.
Odun
satıcısı: "Elə bildim donmusan. Evin
yoxdur? Niyə Bu pilləkənlərdə
oturmusan? Tez evinə get. Yoxsa donacaqsan.
Xəstələnməsən yaxşıdı",- dedi. Uşaqdan yenə səs çıxmadı. Özünü qapı ilə divarın arasına
saldı.
Bu zaman qapı aralandı, bir qadının başı
göründü. Qapının sol tərəfində ayaq
üstdə dayanan uşağı görmədi.
Qadın
odun satıcısına baxıb deyinməyə
başladı: "Qapının qabağında
qışqırma! Az qala evin içinə
girəcəksən. Odun lazım deyil.
Başqa tərəflərə get. Ax, siz
satıcılar. Qar yox, göydən
daş da yağsa qapı-qapı gəzib
qışqıracaqsız. Başqalarını isitmək
əvəzinə, evinə çıx get, özün isin. Üz-gözünə bax, gömgöy olmusan.
Bir az da bu qarın altında gəzsən
donub öləcəksən. Cansız bir qar adam
olacaqsan. Xəstələnmədən evinə get. Qar kəsiləndə odununu satarsan".
- "Siz mənə yox, qapınızın
qarşısındakı uşağa baxın. Az qala
soyuqdan donacaq. Mən evə getməsini desəm
də cavab vermir. Uşağı
tanıyırsınızmı?"
Qadın
başını bir az da çölə
çıxarıb qapının digər tərəfinə
baxan kimi ondan bir qışqırıq qopdu.
"Artur,
Artur! Bu nə haldı, hansı cəhənnəmdəydin?
İt kimi titrəyirsən" -deyib
uşağı qolundan tutaraq içəri çəkdi.
Odun satıcısının üzünə belə
baxmadan qapını çırparaq bağladı.
Qonşu evlərdən bir neçəsinin pəncərəsi
açılıb örtüldü. Odun satıcısı
arabasını küçənin
çıxışına doğru çəkməyə
başladı. Küçədən
çıxana qədər qışqırmadı. Sonra isə sovrulan qarın arxasından gözdən
itdi.
Xanım Rouz buxarıya bir neçə odun atdı. Ocaq daha da
alovlandı. Arturu buxarıya
yaxınlaşdırdı. Köhnə bir
dəsmalla başını quruladı. Yaş
paltarlarını çıxardı. Quru
geyimlərini geydirərkən bir tərəfdən də deyinirdi.
- Artur,
daha bəsdir! İntihar etmək istəyirsən?
Özünü öldürsən Slavin geri
qayıdacaq? Ölümün onu və
ananı sevindirəcəkmi? Özünü
cəzalandırmaqla nə əldə edəcəksən?
Onu nə qədər sevdiyini bilirəm.
Ona həm qardaş, həm ana, həm də ata idin. Canından
çox sevirdin. Amma yalnız sənmi kədərlənirsən?
Mənim kədərlənmədiyimimi
düşünürsən? Bir aydır əzab
çəkirəm. Gecələr
yatağımda səssiszcə ağlayıram, qorxulu yuxular
görürəm. Bacımın kiçik
mələyini qoruya bilmədiyim üçün
özümü lənətləyirəm. Amma əldən nə gəlir? Bir
hadisə idi oldu. Sənin günahın
yoxdu. Bir günahkar varsa, o da mənəm.
Üç yaşında, hələ
öz-özünü yaxşı idarə edə bilməyən
kiçik bir uşağı oynamaq üçün
küçəyə buraxmamalıydım. Slavin ana əlindən uzaqlaşacaq yaşda deyildi.
Ona analıq edə bilmədim. Qoruya bilmədim. Bacımın əmanətinin
qayğısına qalmadım. Kaş ki
onun yerinə mən yıxılıb başımı
daşa çırpsaydım. Ah, ağılsız
başım. Ay Allah, bu səhvə necə yol verdim?
Düzdür, yanındaydın. Amma onu sən
yıxmamısan ki. Anan onu
çağırdı, bir mələk də Slavini onun qucağına
itələdi. İndi anasını
qucaqlayıb yatıb. Yıxılıb
başını əzməsi bir bəhanədir. Allah elə olmasını istədi və oldu.
Bunun qarşısını kim ala bilər ki?",- xanım Rouz nəfəsini dərib davam etdi.
"İndi özünə gəl. Hamı kimi
yaşamağa çalış. Bacımdan
qalan son xatirəsən. Sənə də bir şey olsa nə edərəm?
İstəyirsən hamı məni qatil, qəddar
xala kimi barmaqla göstərsin? Bu belə
davam edə bilməz. İrvinlə
danışacam səni bir məktəbə yazdırsın.
Yeni dostların olar, başın qarışar.
Kədərini də unudarsan. Həm də ki, yaxşı oxuyub, məktəbi
bitirsən həm ananın, həm də
qardaşlarının ruhu cənnətdə şad olar.
Arturun anası Kristi qızı İslanın
doğumunda ölmüşdü. İsla da cəmi bir həftə
yaşaya bildi. Ondan sonra üç yaşındakı
oğlu Slavin, beş yaşlı Rodrik və
yeddi yaşındakı Artur anasız qaldı.
Qayğıya möhtac üç uşaqla qalan ata Skott
bir müddət uşaqlara görə işə getmədi. Əlindəki pulu qurtaranda
isə işə qayıtmağa məcbur qaldı. Hər ikisinin öhdəsindən gəlməyə
çalışsa da, bunu bacarmırdı. Səhər tezdən limandakı emalatxanasına gedir,
gecədən xeyli keçmiş evə qayıda bilirdi.
Gecə də yemək hazırlayır, paltar
yuyur, təmizlik işləri görürdü. Bir neçə ay sonra Rodrik öldükdən sonra
digər uşaqlarının həyatlarına görə
narahatlıq keçirməyə başladı. İki oğlunu da götürüb uzaq qəsəbədə
yaşayan qoca ata-anasının yanına getdi. Əslində, onların da qayğıya ehtiyacı
vardı. Özlərini güclə idarə
edirdilər, lakin uşaqlar ən azından təhlükəsiz
yerdə idilər, nəzarət var idi. Orada olarkən də
əlindən gəldiyi qədər yemək bişirməyə
və paltar yuyulmasına köməklik edir, onlarla tez-tez maraqlanırdı.
Ata-anası da bir ilin içində öldükdən
sonra uşaqlarını yenidən evinə gətirdi. Əvvəllər olduğu
kimi evlə iş arasında vurnuxmağa başladı. Nə işdən əl çəkə bilirdi, nə
də uşaqlarından. Bircə yolu vardı və onu
reallaşdırmağa qərar verdi. Uşaqları
arvadının evli, lakin uşağı olmayan kiçik
bacısı Rouza vermək.
Rouzun uşaqları istəyəcəyinə
əmin olsa da, yoldaşı İrvin bədxasiyyət və əsəbi
olduğundan asanlıqla razılaşmayacaqdı. Bu məqsədlə əvvəlcə Rouzla
danışdı, o da çox sevindi. Həm
bacısının ruhu şad olacaq, həm də uşaqlar
ona yoldaşlıq edəcəkdi.
İrvin məsələni bildikdə əvvəlcə
etiraz etdi, lakin hər ay müəyyən məbləğ
qarşısında uşaqların onlarla qalmasına
razılaşdı. Bir neçə gün sonra Skott
uşaqları onlara gətirdi.
Dörd-beş ay ərzində Skott hər ay ödəməsini
etdi. Uşaqları görməyə gələndə
onlar üçün də hədiyyələr alırdı.
Buxarının üstünə əlavə pul
qoyurdu.
Bir müddət sonra gəlişlər seyrəlməyə
başladı.
Bəhanələr uydurmağa başladı.
Günlərin birində isə tamamilə qeyb
oldu. Onu bir də görən olmadı.
İrvin bir ay onu axtardı. İş yerini,
çay boyu, liman, tərsanə və bütün ərazidəki
emalatxanaları gəzdi, heç bir iz tapa bilmədi.
Kimi dedi gəmiyə minib uzaq ölkələrə gedib, kimi
də gəmidə çıxan üsyanda öldüyündən
danışdı… Dedi-qodulara görə isə
heç yerə getməyib, evlənib başqa yerə
köçmüş, izini itirmişdi.
Skottun getməsiylə təbii ki İrvinə olan ödəmə də kəsildi, belə olduqda İrvinin Artura olan münasibəti dəyişməyə başladı. Hər şey üçün onu danlayır, döyürdü. Xanım Rouz Arturu qorumağa çalışarkən onun da payını verirdi. Atasının gedişindən sonra Artur Slavinə daha çox diqqət göstərir, gözünü üzərindən ayırmırdı. Ta ki Slavin həyətdə oynarkən yıxılıb başını daşa çırpmış və həkimə aparılmadığı üçün bir neçə gün sonra ölmüşdü.
Qardaşı öldükdən sonra Artur özünə qapanmış, fürsət tapdıqdca qaçıb saatlarca əvvəlki evlərinin qarşısında oturardı. Evin yeni sahibləri onu qovar, o isə axşama qədər küçələri gəzərdi.
İrvin evdə olmadığı vaxtlarda xanım Rouz bacardığı qədər Artura diqqət göstərir, onu təsəlii etməyə çalışırdı. Həm də Slavin öldükdən sonra İrvin bir az yumşalmışdı. Amma evin yardım mərkəzi olmadığını, Arturun böyüdüyünü və haradasa işləməli olduğunu tez-tez xatırladırdı.
Xanım Rouz bir neçə ay yalvarıb dil tökmüş, vədlər verərək Arturun məktəbə getməsi üçün İrvini razılaşdırmışdı. Payızda Artur məktəbə getməyə başladı, lakin nə kədərini unutdu, nə də uşaqlarla yoldaşlıq etdi. Məktəbdən çıxan kimi ya əvvəlki məhəllələrinə, ya da məzarlığa gedər, anası və qardaşlarını ziyarət edərdi.
On dörd yaşında ibtidai sinfi bitirdi. Rouz çox
çalışsa da, İrvin onu başqa məktəbə
göndərmədi. Köhnə əşya
və ayaqqabı təmir etdiyi dükanına aparıb işlətməyə
başladı.
Dükanı Klayd çayının dənizə
yöküldüyü, limana yaxın bir küçədə
idi. Artur
dükana gələn kimi limandakı gəmiləri, ətrafdakı
iş yerlərini, barları gəzir, düzəldiləsi
ayaqqabı, çanta, hətta geyimləri yığıb gətirir,
təmir edildikdən sonra da sahiblərinə
çatdırırdı.
İşi yorucu olsa da xoşuna gəlirdi. Müştəri
axtarakən həm bəxşiş alır, həm də
bütün gün İrvinlə bir yerdə olmaqdan canını
qurtarırdı. Qısa zaman ərzində
liman və ətrafdakı bütün dükanları, fabrikləri,
kiçik-böyük atelyeləri, barları, otelləri
tanıyıb öyrəndi. Qlazqonu hər
gün yenidən kəşf edirdi.
Gəzib dolanarkən bir yandan da atasını
axtarırdı. Onun işləməsindən İrvin də, Rouz da razı idi.
Hazırladı:
Nərmin CAHANGİROVA
Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.19.