Sən göndərən şərqi
Sən göndərən şərqi
bükdü dizimi,
Mən çətin
dikələm qalxam bir daha.
Agah olmaq üçün belə yığvaldan
Gərək vaxt eliyəm çıxam Allaha.
Bu bəxt ilmə-ilmə necə toxundu,
Bu ömür-günü kim qavğardı belə?!
Niyə
bu sevgiyə bir yol görünmür,
Niyə dörd yanımız divardı belə?!
Talenin işindən baş açmaq olmur,
Görmədim yetişə dada sevgisi.
Sevgini göndərir divar da çəkir,
Ya divarı
qalsın, ya da sevgisi.
Səni
gözləyərəm - gözüm
yol çəkər,
Amma, mənə
gələn qədəmin
olmaz.
Gəmiylə doludu çaylar,
dənizlər,
Bizi də götürən bir gəmi olmaz.
Bizi də götürsə, göyərtəsinə
Yolboyu həsrəti
suya çəkərdik.
Sevginin şəklini gündüz
Günəşə,
Gecələr boylanan Aya çəkərdik.
O gəmi uzağa götürə bizi,
Nakam sevgilərin yeri ağlaya...
Sən göndərən şərqi
səslənə birdən
Bir gözümüz
gülə, biri ağlaya.
Sən göndərən şərqi
şeirə döndü,
Misranın, sətirin budu düzümü.
Sən göndərən şərqi
su imiş, zalım,
Sən göndərən
şərqi yudu üzümü.
***
Bu gün ağlamışam
səni düşünüb...
Məndən utanır, -
sevginin üzümə
çıxacaq üzü,
Ağlatmışam -
gözümün gözümü
görəcək gözü
yoxdu.
Şirin ağla məni
Vaqif Səmədoğluna
Ölüm xəbərim sənə
çatanda
gərdəkdəki gəlin
kimi
heç kəsə
görünməzsən,
hamıdan uzaq olacaqsan,
Qapının dalını vurub
ən yaxın sirdaşına,
doğma balana da açmayacaqsan...
Axı məni nə deyib,
kim deyib ağlayacaqsan?!
Qorxarsan
qızarmış gözlərini,
səyriyən dodaqlarını
görən olar...
İnanmazsan - əllərin bir
cüt çəkic,
gözlərin bir cüt şırran olar.
Bir uzun xalat geyərsən
-
gözünə dəyər
ətək ağlarsan...
Söndürərsən telefonu da
hamıdan qaçıb
tək ağlarsan...
Üzünü küncə tut, hıçqır
için-için,
Eləcə sərin ağla məni.
Mən səni şirin sevirdim,
Sən də şirin ağla məni.
Adım
dilinə gəlməz
İlan
vuran ala çatıdan
qorxan kimi
qorxarsan adımdan.
Qu sudan necə
çıxır -
eləcə quru çıxarsan adımdan
Öz əlin öz yaxanda qalar...
bütün dərdlərin
bu dərdinə muştuluq olar.
Canın sağ olsun
Əllərini ziyarətə
Qoymadın - canın sağ
olsun!
O əllərdən bir salamı
Qıymadın - canın sağ
olsun!
Canım
atəşi sevgini,
Bağrım badaşı sevgini,
Hər şeyin başı sevgini
Duymadın - canın sağ
olsun!
Gah duman, gah sisdə
gəldin,
İlham
üçün qəsdə
gəldin,
Hər gün bir az üstə gəldin,
Doymadın - canın sağ
olsun!
İndi
Bu şirin sevdalar cana duzaqdı,-
Kor-peşman qayıdıb gəlirəm
indi.
Göy niyə bu qədər
Yerdən uzaqdı,
Barmaq dişləmişəm,
bilirəm indi.
Göz gözdən göz olar - gözə nə baxıb?!
Gözə göz qoyanlar özünə baxıb.
İt-pişik umsunur üzümə
baxıb,
Ey dil, ürəyimi bölürəm
indi.
İlhama
bir oda tikirdim
dünən,
Bürcündən yıxılıb hönkürdüm
dünən
Mən hansı dərdləri çəkirdim dünən,
Gör hansı
dərdinən ölürəm
indi.
Allah Laçında
tək qaldı
Yurdda nə qalmadı bizdən -
Arısıyla çiçək qaldı.
Biz Allahı qoyub gəldik,
Allah Laçında tək
qaldı.
Laçında ardıc ətri
Telli balam, elə indicə
Laçında ardıc meşəsiylə
üzüyenişə çaya
endim.
Yoldakı ardıcın altından
keçəndə
qolunu boynuma saldı, əl tutdu,
saqqızı əlimə
yapışdı,
kor tikanları qulağıma, üzümə
batdı.
Budağında buğda dimdik
qaratoyuğu dinlədim.
Acıya
çalan ətrindən
pay qoydu,
büküb burnuma düyünlədi.
Ayrılanda gözüm nəmlədi,
əlim titrədi...
Telli balam,
Laçında ardıc ətri
həsrətin ətridi,
Hara gedirəm o ətir
mənimlədi.
Şəkidə payız və sevgi
Ayaqlarımız addım-addım
gəzdi Xan sarayını,
gözlərimiz naxış-naxış...
Babaların ruhuna
bir salavat, min alqış!
Daş küçələrdə qoşulduq
işığı sozalan Günəşə
sallandıq başıyenişə.
Karvansaranı dolandıq.
Karvansara
qədim
havasını oxuyurdu
-
Başı cilovlu xurcun yüklü atlar,
arpa yeyər, quyruq çırpar, gözün qırpar.
Başı ovsarlı, farmaş
yüklü
zınqırovlu dəvələr
gövşək vurar, şirin-şirin gəvələr.
"Ələhməd" dükanının
qarşısında
səni çağırıb
pıçıldadım:
- Qənşərə dur, dağlar da bizi görsün,
Dağlar
yeriyə bilmir,
dağlar böyükdü,
balacayıq biz...
Kim bilir, bəlkə, elə bu dağların,
bu payızın yadında qalacağıq
biz.
Saralmış dağlara baxdıq
dağlar deyərdin
payız rəngli topdu...
Payızın ayrılığı andıran kədəri,
simavar kimi içdən yandıran kədəri
qanımıza, iliyimizə
hopdu.
Gördük, yarpağa xal düşür,
yarpaq xallanır,
Gördük payız kəlağayı
kimi
dağlardan Şəkiyə
sallanır.
Şəkidə payızın sütül
vaxtıdı,
Məəttəl qaldıq -
Bu rəngləri təbiət
nə təhər çəkib?!
Payız
Şəkini ağuşuna
alıb,
payız Şəkiyə
çəpər çəkib.
Nohur gölündə
Xanım havası
Biz Nohur
gölünə çatanda
dar vaxtıydı,
Güllüburun qaralırdı
müqəddəslərin türbəsi
kimi...
Göydağ gölü yırğalayırdı
dizi üstündə
körpəsi kimi.
Göl xumarlanıb süst düşmüşdü,
meşənin ətəyində
məst düşmüşdü.
Gölün sakitliyi ətrafa
hakim idi,
Payız
yarpaqları körpə
ovcu kimi
büküm-büküm idi.
Sahildəki qayıqlar, ağaclar
mürgü tutmuşdu,
Sən iki daşın arasında
saçına baxır
-
əlində güzgü
tutmuşdun.
Sonra əl-ələ verdik
payızın nəmli cığırında...
Cığırın axırında
dünyaya dəyən
şaxlığınla
laübalı baxışınla
dayandın qarşımda,
Əvvəl alın-alına söykəndik,
sonra alnımız qaçdı söykəkdən...
Dodaqlar söykək tutdu...
Əllərimiz bizdən lap bərk-bərk
tutdu.
Bizi qucaqlamışdı çölün
dumanı,
bomboz kül dumanı - özün demiş -
"zərif, ütüsüz
tül duman"ı.
Yadındamı, Nohur gölündə
o axşam?-
İkimiz
ağacın altında,
meşəni kürk
geymiş dağlar
ucalırdı...
Hər yan o axşam sənə
köklənmişdi -
bir gözəl xanım havası
çalırdı.
***
Yaxşı
ki, sən varsan, bu darıxmaq var,
Darıxıram - gələn budur əlimdən.
Desəm
inanmazsan -
sənsiz olanda
Səninçün darıxmaq tutur əlimdən.
***
Mən sənsiz,
tellim, kasıb eviyəm,
Gün keçirirəm yalavac kimi...
Ayrılığın ağrısı
içimdə,
Haçadan ayrılan ağac kimi.
Darıxmaq
Sənə
necə deyim, necə anladım
darıxdığımı?!
Dad desən dadı yoxdu,
Şəkli, boyu, adı yoxdu -
deyəm ki, budu darıxmaq...
Gözlər yaş paltar kimi sıxılar
görərsən üzünü
yudu darıxmaq.
Tək ayaq adamın çəkməsinin
geyilməyən tayı
necə darıxar...
Yəqin
belə xaraba Ağdamda
boş küçə
darıxar.
Bilməzsən
necə darıxıram...
Qanadı
sınıb dəstədən
ayrılan
durnanın darıxmağını
desəm,
sən denən azdı,
Bu darıxmaq başında tükü biz-biz edən
yalquzaq ulartısındakı
avazdı.
Dərdin nişanı
Telli balam, dərd var söyləsən bitməz,
Uzanar səhərə - dastan
kimidi...
Dərd
çəkənin üzü
gendən bildirir,
Təzə suvarılmış bostan kimidi.
Sən məni gözəl unudarsan
Səndən yaxşı tanıyanım
yox,
Məni
səndən yaxşı
kimsə unutmaz...
Dinmədən, danışmadan,
sakitcə - lal unut, tellim,
Xatirələri dəyməyə qoyma
eləcə kal unut, tellim.
Məni
bir ağac hesab eləsən,
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin
görüş yerini unudarsan,
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı,
öpüş yerini unudarsan.
Unut məndə nə gördünsə,
Sənə çəkdirdiyim acıları,
dilimdən çıxan
zəhəri unut,
Zəng
edib danışa bilmirdim
boğazıma tıxanan
qəhəri unut.
Məni səndən
gözəl heç kəs unutmaz
Axşamlar balaca eyvanında
tamaşasına durduğumuz
şəhəri, seyri unut,
səni mənə sevdirən sirri-xudanı,
sehri unut,
Heç
nəyə rəhm eyləmə -
sənə yazdığm
şeiri unut.
Hər
görüşdə
yeddiilliyimizi geri salan qorxunu,
Fələyin amansız hərlənən
çarxını unut.
Pünhan
gətirdiyim xrizantemi, -
sevdiyin gülünü
unut,
Adımı "dəli" qoymuşdun
-
mən adlı dəlini unut.
Dəniz, göz yaşı,
maşın
Dənizin
qaranlığına susayırlar,
Dəniz qaranlığıyla doğma
gəlir.
Utanmazdılar, - sən demə
qaranlıq anaş
toyuq kimi
sevənləri altına
yığır,
Sevən
qaranlıqda
özünü suda balıq kimi hiss edir.
Qaranlığın əllərini tutmaq,
öpmək istəyirlər...
...Maşın sahildə saxlayır...
Qadın
ağlayır, öpür,
ağlayır, öpür,
Sonra öpmək göz yaşına məğlub olur,
başını çiyninə
qoyub eləcə
ağlayır...
Səsi
lap dərindən - illərin arxasından
gəlir...
Niyə ağladığı, nəyə
ağladığı dilinə gəlmir.
Dəniz
duzludu, göz yaşı da!
Kişi
qollarını boynuna
dolayıb yalvarır:
-Ağlama, pencəyimin çiyni ağarır...
***
Tellim, bu sevgidən çox acı çəkdim,
Yaxına durmazdım ağıl eyləsəm.
Döşlüyün qaldırıb gözün silərdi
Anam sağ olsaydı, nağıl eyləsəm.
Yolu-yolağası bağlı - görüşmək,
Müşkülə çevrildi, əngələ
döndü.
Dedim ötəridi, keçib gedəcək,
Bərkidi içimdə heykələ
döndü.
İlham QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2018.- 4
avqust.- S.22-23.