Türklük anlayışı və
türk olmaq
"Əziz və cəlil olan Allah buyurur ki, "mənim
bir ordum vardır, adını Türk qoydum və onları
Şərq ölkələrinə yerləşdirdim. Hər
hansı bir qövmə qəzəbləndiyim zaman türkləri
onların başına musallat edərəm". - Hz. Məhəmməd (S.A.V)
Mahmud Kaşgarlı,
"Divanu
Luğat-it-turk"
Türk olmaq dünənlə öyünürkən bu
gününü dəyərləndirmək, sabahlara
hazırlanmaq deməkdir. Orxon yazılarında Göytürk;
Kültigin abidəsində Bilgə Xaqan; Bilgə Xaqan abidəsində
özünü tapmaq deməkdir. Türk
olmaq tarixi ilə qürur duymaq deməkdir. Türk olmaq
atasını tanımaq, Türkün və
Türklüyün atasına hörmətdə qüsura yol
verməmək deməkdir...
Türk
olmaq Bozqurd səsi ilə Ergenekondan çıxmaq,
Kürşadın nərəsiylə Tanrı
Dağlarından enmək, Attilanın qılıncı ilə
azğınları diz çökdürmək, Sultan Mehmedin
daşıdığı fateh ruhuna sahib olmaq, Sultan
Süleymanın qanunnamələrinin ruhunu qavramaq deməkdir...
Türk olmaq Alp Ər Tonqanın qisasını
almaqdır. Türk olmaq qala divarlarında Ulubatlı Həsən,
cəng meydanında Malkoçoğlu, fəthdə Sultan
Mehmed deməkdir. Mete xandan, Teymurdan, Baburdan, Osman bəydən,
İldırım Bəyaziddən, Fatehdən, Yavuzdan, Qanunidən,
Atatürkdən xəbərdar olmaq, onlardan ilham almaq deməkdir...
Türk olmaq haqsızlığın
qarşısında dəmir pəncə, məzlumun
yanında şəfqət əli olmaq deməkdir. Türk olmaq
döyüşdə mərdlik deməkdir. Türk olmaq
bütün şərtlər altında qorxusuz savaşmaq,
Alparslanın kəfənini daimi olaraq kürəyində
daşımaq deməkdir...
Türk olmaq yaylaya aşiq olmaq, Tanrıya yaxın
olmaqdır. Türk olmaq gah ozan, gah şaman olmaqdır. Süleymaniyyədə neçə min
dalğalı "təkbir"lə tək bir səs olmaq, Səlimiyədə
rəhmət qapılarını dua ilə açmaq, Kəbədə
Haqq eşqiylə təvaf etməkdir. Türk
olmaq Yavuz kimi peyğəmbərlərinin əmanətinə
xeyirxah olmaq, Fateh kimi "digər"lərinin
atalarının xəyal belə edə bilmədiklərinə
sahib olmaqdır.
Türk
olmaq dost olmaqdır, dostuna sadiq olmaqdır. Dostluqdan
zövq almaqdır. Türk olmaq Pir Sultan Abdal kimi "bir
dost tapa bilmədim, gün axşam oldu" deyənlərə
səs olmaqdır.
Türk olmaq sevgi demək, şəfqət demək,
yaxşılıq demək, gözəllik deməkdir. Türk olmaq
"Yaradandan ötrü" yaradılanı sevmək deməkdir.
Türk olmaq Nəsimi kimi hər gözəllikdə
türkü görməkdir...
Türk olmaq kiçiklərinə sevgi, böyüklərinə
sayğı göstərmək deməkdir. Türk olmaq alicənab olmaq
deməkdir... Türk olmaq qazisinə, əngəllisinə,
yaşlısına, qadınına, qızına yer vermək,
"lütfən, öndən buyurun" deyə bilməkdir...
Türk olmaq çöldə çılğınca at
sürmək, yaşılına vurğun olmaq, tıxacda
"sağ" zolaqlı olmaq deməkdir...
Türk olmaq könül qurmaqdır. İşi
asan etməkdir. Tanış olmaqdır.
Türk olmaq "Bir kəs könül
yıxdın isə, bu qıldığın namaz deyil..."
deyə bilməkdir. Sümmaninin "Bir
könül qurmaq yüz min həcc olur" deyişinə
könüldən inanmaqdır.
Türk olmaq qonşusu ackən tox yatmamaqdır. Türk olmaq
"acları doyurmaq, çılpaqları geydirmək"
deməkdir. Türk olmaq müsafirinə
"baş üstündə yer" vermək, "Türkə
salam ver, sən yeyəcəyini düşünmə"
sözlərini söylədənləri, söyləyənləri
yad etməkdir.
Türk olmaq şirin yeyib, şirin danışmaqdır. Türk olmaq
yeməyə şükürlə başlamaq, yeməkdən
şükürlə qalxmaqdır. Türk
olmaq "artsın əskilməsin, daşsın tökülməsin.
Tanrı Bayandır xan bərəkəti versin
duasını etməkdir. Türk olmaq
"az yeyən mələk olur. Çox
yeyən həlak olur" deyə bilməkdir. Türk
olmaq Yunus kimi "hər kim mənə
düşməndirsə, Haqq Tanrı yar olsun ona" deyə
bilməkdir.
Türk olmaq dəyər bilməkdir. Dəyər
verməkdir. Türk olmaq Seyranın
"Süleymandır quş dilini söyləyən. Hər
Süleyman dil qədrini nə bilsin?.."
sualına cavab verməkdir.
Türk olmaq sevmək, sevilməkdir. Türk olmaq
xanımına duyulan sevgidə Mümtaz Banu Begüm, sərhəd
tanımayan eşqdə Leyli və Məcnun olmaqdır. Türk olmaq qadınını baş tacı etməkdir.
Qonşusunun, dostunun qadınını,
qızını bacı kimi görməkdir.
Türk olmaq Baciyan-i Rum olub əri ilə, ailəsi ilə
çiyin-çiyinə olmaqdır.
Türk olmaq üçlər, beşlər, yeddilər,
qırxlar əlindən badə içərək "əlinə,
belinə, dilinə" sahib olmaqdır. Türk olmaq
Mevləvi ayinlərini, Bektaşi "deyim"lərini və
"semah"larını bilməkdir. Türk
olmaq ilahilərə "nəfəs" verməkdir. Duvaz "demək"dir.
Türk
olmaq şeir, mani oxumaqdır. Təkərləmə bilməkdir. Türk olmaq semai, sarsağı söyləməkdir.
Türk olmaq Qızıl Alma hədəfi verən
laylalarla dastan yazacaq nəsillər böyütməkdir.
Türk olmaq şair ruhlu olmaq deməkdir. Türk olmaq
qoşma bilmək, gözəlləmə yazmaq, qoçaqlama
söyləməkdir. Türk olmaq Yunis Əmrə kimi,
Pir Sultan Abdal kimi, Koroğlu kimi, Dadaoğlu kimi, Qaracaoğlan
kimi, Ərzurumlu Əmrah kimi, Derdli kimi, Aşıq Veysəl
kimi söz ustadı olmaqdır.
Türk
olmaq Dadaloğlu kimi "Fərman padişahınsa, dağlar
bizimdir... Ölən ölür, qalan sağlar
bizimdir" deyə bilməkdir.
Türk
olmaq Qaracaoğlan kimi həyatı anlamaq və -
"Neçə sultanları taxtdan endirdi.
Neçəsinin gül üzünü soldurdu.
Neçələrin gəlməz yola göndərdi.
Bir
ayrılıq, bir yoxsulluq, bir ölüm"
- deyə bilməkdir.
Türk olmaq Koroğlu kimi düşmənin canına
qorxu salmaqdır. "At kişnəməsindən, mizraq səsindən"
dağlardan səda duya bilməkdir.
Türk
olmaq Ercisli Əmrah kimi gözəlin haqqını vermək,
"Bu gün mən bir gözəl gördüm.
Sallandı bağçaya girdi.
Çiçəklər salama durdu.
Mor bənövşə
boyun burdu.
Gül
qızardı hicabından..."
- deyə bilməkdir.
Türk
olmaq Dərdli kimi,
"Havalanma telli durnam.
Uçub getmə yelə qarşı.
Zülflərin tel-tel olmuş.
Töküb
getmə yelə qarşı..."
- deyə bilməkdir.
Sevgisini
qısqananlara
"Gözəl
sevər deyə söylərlər,
Mənim Haqqdan özgə sevdiyim varmı?"
- dəyə hayqıra bilməkdir.
Türk
olmaq Ərzurumlu Əmrah kimi
"Birin bilir, birin bilməz.
Bu
dünya kimsəyə qalmaz..."
- deyə bilməkdir.
Türk olmaq türkcə çalmaq, türkcə
söyləmək, türkcə dinləmək, türkcə
yazmaqdır. Türk olmaq "Divanu Luğat-it-turk"də Mahmud
Kaşgarlı olmaqdır. "Qutadqu-bilik"də
Yusuf Xas Hacib, Əlişir Nəvai timsalında türk dilini zənginləşdirməkdir.
Türk
olmaq Mahmud Kaşğarlıdan türkcəni, Hoca Əhməd
Yəsəvidən inancı, Karamanoğlu Mehmet bəydən
dili, Mövlanadan tolerantlığı, Yunusdan
doğruluğu, Füzulidən təsəvvüfü, Mehmet
Akifdən Çanaqqalanı və istiqlalı, Yahya Kəmaldan
Süleymaniyyəni, Nəcib Fazildən Sakaryanı öyrənmək
deməkdir.
Türk olmaq Əhməd-i Dai, Qazi Bürhanəddin,
Şeyxi olmaqdır. Əhməd paşanı, Necatini, Mərcimək
Əhmədi, Aşıqpaşazadəni, Sinan paşanı
tanımaqdır. Türk olmaq Füzuli, Baki,
Bağdadlı Ruhi, Nəbi, Nəfi, Nədim, Şeyx Qalib,
Evliya Çələbi, Katib Çələbi, Veysi, Nərgizi
olmaqdır.
Türk olmaq Namiq Kamal oxumaqdır. Ömər
Seyfəddinin "Çəhrayı incili kaftan"ıyla
Qızıl Almanı aramaqdır. Mehmet
Akiflə "İstiqlal" marşını
hayqırmaqdır. Türk olmaq
Qaspıralının "dildə, fikirdə, işdə
birliy"inə tərcüman olmaq, Əli bəy Hüseynzadə
ilə "türkləşmək, islamlaşmaq, müasirləşmək",
Atsıza ad vermək, Yazğana yazdırmaqdır.
Türk olmaq Molla Nəsrəddin olub gah
güldürüb, gah düşündürməkdir. Nağıl
olub doqquz divi yox etməkdir. Türk olmaq
uşaq qarşısında gəlincik, xalq qarşısında
məddah, mizahda, həcv və daşlamada Karagöz
olmaqdır.
Türk olmaq yakutlara oyun, oğuzlara ozan olmaqdır. Qopuz
çalmaqdır. Türk olmaq Qara dənizdə
kamançaya, İstanbulda qanun və tambura, Azərbaycanda tara, Anadoluda bağlamya, Türküstanda qopuza
səs verməkdir. Söhbətlərdə dəf
çalmaq, küdüm vurmaqdır.
Türk olmaq hər Qurban bayramındakı
"Segah"da, müqəddəs əmanətlərin ziyarətində
Segah Sal-at-ı Ümmiyədə, Mayedə, Dilkeşhaveranda
İtrini anlamaqdır. Taksim, peşrev və saz semaisindən keyf
almaqdır.
Türk olmaq
Hamamizadə İsmail Dədə Əfəndiylə
"Zülfündədir
mənim baxt-ı siyahım,
"Könlümü
vermişəm sənə almam geriyə..."
- deyərək ağlamaq; "nigah-ı məstinə
canlar dayanmaz" deyərək Hacı Arif bəylə
"dümtək" olmaqdır. Egedə Zeybək, Anadolu
çöllərindəki uzun incə yollarda Veysəl
olmaqdır. Telli durnaya salam söylətmək,
Haydara ağlamaqdır. Qara dənizdə
kamança olmaq, üzdəki yaşmağa türkü deməkdir.
Türk olmaq Qlüka, Motsarta, Bethovenə ilham verən
mehtərlə cəngə girməkdir.
Türk olmaq örf, adət və ənənə bilməkdir. Hıdırellezdə
Hızır olmaq, Novruz çiçəyi olub Türk elində
açmaqdır. Türk olmaq toy-düyündə
keşkək və pilov, doğum evində şərbət və
şəkər, yas evində un halvası
paylamaqdır. Türk olmaq əllərini buxur
suyu ilə yumaqdır. Əllərində
öd ağacı, mişk, sandalağacı və
çiçək suyu qoxuları daşımaqdır. Türk olmaq gəlininə xına yaxmaq,
könül sevgisiylə bəzənməkdir.
Türk olmaq Artvində Ardanuç, Maraşta kərpiç
və tandir istifadə etməkdir. Türk olmaq xalı,
kilim toxumaqdır. Çini bişirmək,
qızıl, mis işləməkdir. Türk
olmaq iynədə, toxuculuqda, naxışda, məkikdə
hörmə hörməkdir.
Türk
olmaq düşünmək, düşündürmək deməkdir...
Türk olmaq "oxu, oxu, oxu..." əmrinə
uyaraq oxumaq, oxutmaq, oxumağa təşviq etməkdir.
Türk olmaq avtobusda, metroda, tramvayda, çimərlikdə
oxuyan adam olmaq deməkdir. Adam başına
oxunan kitab sayı, qəzet sayı ilə öyünmək
deməkdir...
Türk
olmaq dünyanın fırlandığını
xatırladığında Biruni, hər səyahətdə
Evliya Çələbi, hər havada Hazerfen Əhməd
Çələbi, dəniz altında İbrahim əfəndi,
hər vərəm xəstəsində Kambur Vesim, hər
qeyri-səlis nəzəriyyədə Lagari Hasan Çələbi,
kosmosa hər baxışında Uluğ bəy, Biruni olmaq,
Əli Kuşçu, Əhməd İbn Kesir olmaq deməkdir.
Türk olmaq hər səsdə Fərabi, hər
meyildə Fərqani, hər xəstədə İbn Sina olmaq
deməkdir.
Türk olmaq hər zəlzələdə Məsudi, hər
körpüdə, hər hamamda, hər camidə Mimar Sinan
olmaq deməkdir. Hər dənizdə Piri Rəis, hər dəniz
qulduruna qarşı Barbaros, hər düşmənə
qarşı Qılıc Əli olmaq deməkdir.
Türk olmaq hər camini Həbibi-Həccar görmək,
Süleymaniyyədə bayram namazı qılmaq, Selimiyədə
Sinanı, Tac Mahalda Şah Cahanı anmaq deməkdir. Türk olmaq hər
çinidə İznik olmaq, hər minyatürdə
Matrakçı Nasuhu, Baba Nəqqaşı, Nigarini,
Nakşını, Şah Qulunu xatırlamaqdır.
Türk olmaq idmanı sevmək, idmançını sevməkdir. Türk olmaq
kürəyi yerə dəyməyən idmançı
olmaqdır. Türk olmaq ox atmaqdan yüksəkliyə
tullanmağa qədər hər idman növünə maraq
göstərməkdir.
Türk olmaq çalışdığı hər sahədə,
sadəcə ölkəsinin deyil, dünyanın ən
başarılı insanı olmaq üçün Bilgə
Xaqanın izində "gecə uyumadan, gündüz
oturmadan" çalışmaq deməkdir. Türk olmaq idarə etmək
deməkdir... Türk olmaq
türklüyünün fərqində olmaq, Tanrının
türkə yüklədiyi missiyanı bilmək, o missiya
üçün çalışmaq deməkdir.
Türk olmaq "Türkəm, müsəlmanam, siviləm"
deyə bilməkdir. Türk olmaq "Türkəm,
Türkçüyəm" deyə hayqıra bilməkdir.
Türk olmaq türk doğulmaqla öyünmək,
türk olaraq doğulmayanlara şəfqət göstərməkdir. Türk olmaq
"Türk olduğuma xoşbəxtəm" deməkdir.
Türk demək türkcə danışmaq,
türkcə söyləməkdir.
"Nə xoşbəxt ki,
yaradılışımdakı ən böyük fövqəladəlik
Türk olaraq dünyaya gəlmək" deyə bilməkdir.
Türk olmaq Bakıda Hüseynzadə Əli Turan,
Əhməd Ağaoğlu, Əlimərdan bəy
Topşubaşov, Məhəmməd Əmin Rəsulzadə
olmaq deməkdir.
Türk olmaq Əlişir Nəvai kimi "mühakimə" etmək və şairi, alimi ilə türkcə yazmaq, türkcə oxumaq və türkcə düşünməkdir.
Azərbaycan
türkcəsinə uyğunlaşdıran: Bəsirə Əzizəli
Muhsin
Kadıoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 4
avqust.- S.24-25.