Virtual söhbət: "İndi və burada"

İstanbul-Bakı

 

Salam, Ülvi!

Məktubundan üç-dörd gün sonra sağ biləyimi qırdım. Bazar ertəsi həkimə getdim. Hələ 40 gün daha qolum gipsdə qalacaq. Biz yazmağa başlayanda ən çox vaxt tapmayacağımızdan narahat idik, heç ağlımıza başqa səbəblər gəlməmişdi (ən azı mənim).

Daha gözləyə bilmədim. Sol əlimlə yazıram sənə bu məktubu. Sən də sol əllə yaz. Şok! Şok! Azərbaycan ədəbiyyatında postinsan janrına aid ilk məktublaşma:

Avropa səfərindən qayıtdınmı?

Hansı şəhərləri gəzdin?

Söhbətimiz ən maraqlı yerində yarımçıq qaldı...

Yazında Nərmin Kamalın yazısından söz açmısan. Oxumuşdum o yazını. N. Kamala da facebookdan qısa fikrimi yazmaq istədim, yazmadım. Sən demə, bizimlə eyi vaxtda o da bu məsəllə barəsində düşünürmüş. Maraqlı fikirlər vardı.

Bunun keçən dəfə yazdığın məktuba cavab olaraq yazıldığını düşünmə. Bu, sadəcə uzun zamandır yazmayan birinin hal-əhval tutması kimi dəyərləndir. Bu gipsdən azad olan kimi ətraflı yazacam sənə. Ancaq sən yaz mənə, sarğı qolumdadı, gözümdə deyil.

 

Ramil,

 

14.06.2016, İstanbul

  

Əziz Ramil, sağ biləyinin qırılması məndə qəribə bir duyğu yaratdı. Daha doğrusu, yenicə oxuduğum "Solaxay" romanından doğan suallar düşdü yadıma. Niyə həmişə sağa meyil edirik? Sağ daha güclüdür? Solu zəif salan nədir? Həmid Herisçinin "Solaxay" romanı sol əllə yazılması ilə maraq doğurur. Ən azından müəllif belə deyir. Və belə deməklə düşüncəni sağdan sola sarı çevirməyi bacarır. Alternativ düşüncə və fikrə qapı açır. Çoxsəsli, polifonik bir zaman və tarix yaradır. Romanda əhvalat və personajlar da maraq doğurur. Ancaq müəllifin fikir və mülahizələri, monoton təhkiyə mətnin bədii ovqatını zəiflədir. Hər nə isə.

Yazmaq kəlməsinin semantikasında qalmışdıq. Yazmaq vaxt və zamana qarşı gəlməkdir. Yazmaq ölən anı diriltməkdir. Yazmaq öz varlığında yox olub, başqa birinə çevrilməkdir. Başqasının həyatında mövcudluq qovğasıdır. Zamanla savaşmaqdır, yazmaq. Bir qadını sevmək qədər məhrəm və doğmadır. Alatava məhəlləsində yaşayan dənizi gözü sarışın qızla tanışlığımız yazılarla məhrəmləşdi. Onunla ilk dəfə bilik günündə universitetə qədəm qoyarkən rastlaşdım. Dəhlizdə bir dəstə qızla deyib-gülürdü. Sanki illərlə tanıdığı, doğma adamlarla söhbət edirdi. Halbuki, bu korpusda hamı üçün tələbəliyin ilk günü idi. Baxışlarımız kəsişdi. Bir müddət sükut çökdü ətrafa. Gözlərimiz zilləndi bir-birinə. O susmaqla başına yığışan qızları da özünə ram etdi. Ətrafa boylanıb gülümsədi. Baxışlarım davam etdikcə başını bulayıb göz süzdürdü mənə. Və dirijor ani pauzadan sonra orkestri yenidən hərəkətə gətirdi. Qızların şaqraq gülüşləri fonunda ötüb-keçdim ordan. Boynum alabaxta quşu kimi yanakı qalmışdı. Dənizi gözlər məni özünə çəkirdi...

Dərs çıxışında universitetin həyətində qəribə bir hadisə baş verdi. Qız çöməlib oturmuşdu yerdə. Yanından keçib getmək istədim. Xüsusilə, bayaqkı hərəkəti məni yaman acıqlandırmışdı. Ancaq gözlərim yerə, qızın ayaqlarına sataşdı. Yenə baxışlar toqquşdu. Qəzaya uğradı. Qızın ayağındakı çəkələk (vetnamka) qopmuşdu. O, utandığından başını aşağı saldı. Pərt olmuşdu. Maestro yorulub əldən düşmüşdü. Mən yaxınlaşıb: Xanım, necə kömək edə bilərəm? O başını yerə dikib: Sağ olun, heç nə lazım deyil, dedi. Mən israr etdim. Yox, belə olmaz, nəsə etmək lazımdır. Qəfildən özündən çıxdı, qışqırdı üstümə. Dedim axı, heç nə lazım deyil. Çıxın gedin. Onun davranışı məni də özümdən çıxardı. Dilimin ucuna yığılan sözləri çətinliklə udub ordan uzaqlaşdım.

Universitetin həyətini tərk etdim. Ürəyim dözmədi, geri qayıdıb onun başının üstünü kəsdirdim: "Əsəbiləşməyin, sizə bir söz deyəcəm". O, qaşlarını düyünləyib aşağıdan-yuxarı məni süzdü. Gözləri dolmuşdu. Dalğalar astaca şahə qalxdı, öz yatağını tərk etdi. Göz yaşları yanağından süzülüb puçurlandı. Gizlətmək istəsə də, qəhər onu boğurdu. Dodağı qaçdı. Bircə kəlmə söz süzülüb çıxdı ağzından. "Nədir?" Baxın, fikirləşdim ki, siz burda oturub gözləməyəsiz. Mən ayaqqabılarımı verim sizə... O sözümü ağzımda qoydu. Yooox, olmaz, siz nə danışırsız. Qızın üzünü utancaqlıq, xəcalət təri bürüdü. Qızardı. Mən isə bəyaz idman ayaqqabılarımı çıxardım. Cütləyib qoydum onun qarşısına. O dinmədi. Başını yerə dikib bir müddət elə qaldı. Mən gülə-gülə: "Bax, əsəbiləşməyin, elə mənim bu ayaqqabılarım qadın ayaqqabısına oxşayır". Başını qaldırıb bir müddət üzümə baxdı və pıqqıldadı. Qalxıb ayaqqabıları ayağına keçirdi. "Özünüz istədiz, di gəlin gedək". Ayaqqabılarımı sürüyə-sürüyə adımlayırdı. Mən isə ayaqyalın və əmin addımlarla irəliləyirdim. Etdiyim centlmenlik ayaqyalın olmağımı unutdurmuşdu. Ramil, kiməsə yaxşılıq etməyin verdiyi pozitiv ovqatın yerini heç bir duyğu tuta bilməz. Hələ o gözəl bir xanımdırsa. Bəyəndiyin, arzuladığın, gözəlliyinin təsirindən sərxoş olduğun şıltaq və ərköyün bir qızdırsa, bu duyğu adamın bütün varlığına yayılır. Özündə qəribə bir güc və enerji hiss edirsən. Sanki dünyanı xilas etmisən. Elə bir qadının ürəyini fəth etmək dünyanı xilasdan da ötə hissdir. Çox nadir duyğudur.

Onun zərif, incə ayaqları 42 ölçülü ayaqqabılarımın içində üzürdü. Universitetin həyətindən çıxanda o, əsəbi halda zibil qutusuna yaxınlaşdı. Bayaqdan bəri əlində bərk-bərk tutduğu vetnamkanı zibil qutusuna atdı. Mən 140 nömrəli avtobusun yanına çatanda sağollaşmaq istədim. O, fikrimi oxudu. Hara gedirsiz? - dedi. Evə, - dedim. Gözlüyək 157 gəlsin, mən Alatavada oluram, orda düşərik ayaqqabınızı verərəm. Mən razılaşdım. Həm də ona görə ki, onunla yol gedəcəkdim. 157 nömrəli avtobus gəldi. Mindik. Bu mikroavtobusda gözlər zillənmişdi bizə, daha çox mənim yalın ayaqlarıma. Ramil, inanırsan o an özümü elə rahat, arxayın hiss edirdim ki, əcaib baxışlara məhəl belə qoymurdum. Bir az keçəndən sonra o, adımı soruşdu. Sizdən sənə keçdik. Doğmalaşdıq. O öz saflığı ilə adamı ovsunlayırdı. Rahatlıq, dinclik, anlaşılmaz xoşbəxtlik verirdi. Xeyli söhbət etdik. Alatavaya çatanda düşdük. Dar küçələrlə gedib balaca kürsülü bir evə çatdıq. Evə dəvət etdi, getmədim. Bir azdan geri qayıtdı. Ayaqqabıları yerə qoyub, şəstlə cütlədi. Geyin, bu centlmenliyini heç vaxt unutmayacam, dedi. Əlində iki armud vardı. Armudları mənə sarı uzadıb sənə armud gətirdim, - dedi. Mən: yox, sağ ol, deyirdim ki, o səs tonunu qaldırdı. "Aaa, adam armudu da almaz bəyəm?". Tələsik armudları ovuclarımın arasına basdı. Daha sonralar öyrənəcəkdim ki, armud onun ən sevdiyi meyvədir. Və armudu cecəkli yeməkdən isə xüsusi həzz alır.

Dostluğumuz belə başladı. Elə həmin həftə məlum oldu ki, xarici dil fənnindən eyni qrupdayıq. Level (səviyyə) imtahanlarından bir-birimizə kömək edərək keçdik. İmtahanlarda həmişə arxamda oturardı. Kürəyimi döyəcləməkdən yağır eləmişdi. Yaman ağır əli vardı. Deyəcəksən ki, bu əhvalat hardan düşdü yada? Əgər indi nəsə yaza bilirəmsə, özümü ifadə edirəmsə, ona borcluyam. Ona olan olduqca saf, dürüst duyğular  məni yazmağa yönəltdi. Universitet illərində ilk yazı təcrübəm ona yazdığım smslər oldu. Mən ən arxada tək oturardım, o isə öndən ikinci sırada. Göz-qaş edə-edə zarafatlar, lətifələr və hətta şeirlər uydururduq. Dərsin ortasında birdən mənə zəng edirdi. Tez-tələsik telefona baxırdım ki, kim zəng edir. Ardınca telefonuma sms gəlirdi. "Həyəcanlanma, sənə məndən başqa kim zəng edəcək ki?" Elə məhz bu yazışmalardan sonra "Aybəniz" adlı hekayəni, "Günah Ay işığındadır" təcrübə-romanı yazdım. Və gündəlik, məqalə və esselər də arxasınca gəldi. Yazı prosesi enerjinin parçalanmasına, ovqat rəngarəngliyinə və təsəlliyə çevrildi. Artıq həyatımın ayrılmaz hissəsidir yazmaq.

Ramil, görürsənmi yazmaq kəlməsi məni haralara çəkib apardı. Tələbəlik illəri, 157 nömrəli avtobus, Alatava məhəlləsi və dənizi gözlü qızın yanına. İndi nə 157 nömrəli avtobus qalıb, nə dənizi gözlü sarışın qız, nə də ki tələbəlik. Makroavtobuslar mikroavtobusları uddu. Zaman bizi tələbə olmaqdan alıb gətirdi müəllimliyə. Lap yenə tələbə olsam belə, o yaş və başın oyatdığı fikir, hiss və duyğular geri gələrmi? Elə indicə Oqtay Ağayevin həzin səsini duyuram, eşidirəm.

 

Ötən günə gün çatarmı

Calasan da günü-günə...

Yadındamı ötən günlər

Qəm çoxalır, ömür azalır.

Üzümüzdə, alnımızda,

O illərdən izlər qalır.

 

Yenə də yazmağın cazibə və ehtirasına qapıldım. 15 günlük Avropa səfərindən geri qayıtmışam. Gəzdiyim, kəndlər, qəsəbələr və şəhərlər barədə yazmaq da qalsın sonraya. Sənə Tanrıdan şəfa diləyirəm.

 

Ülvi Babasoy,

 

18 iyun 2016, Bakı

 

Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.28.