Azad Müzəffərli

 

Hekayələr

 

Xoşbəxtlik   qaranquşu

 

- Yaxın günlərdə sizə elçilərimi göndərmək istəyirəm, deyirsən?

- Yenə tələsirsən, bir az da mənə möhlət ver, hələ tam götür-qoy eləməmişəm...

- Bu dəfə bəhanən nədir?

- İki ilə yaxındır bir-birimizi tanısaq da, sadəcə, birdəfəlik əmin olmaq istəyirəm, yəqin ki, uzun çəkməz, tezliklə konkret cavabımı deyərəm...

- Məni başa düş, sən xoşbəxtlik qaranquşusan, heç cür səni itirmək istəmirəm, mənim tələskənliyim yalnız  bundan qaynaqlanır...

Bu məqamda qızın mobil telefonuna mesaj gəldi.

- Bağışla, mən tərpəndim, anam məni səsləyir, - deyə qız yola düzəldi.

Aradan heç beşcə dəqiqə ötməmiş bu dəfə onun mobilinə mesaj gəldi: " Elçilərini göndərməmişdən bir-iki gün qabaq xəbər elə ki, biz də lazımınca hazırlıq görək"

 

Bir cüt göz yaşı

 

Nədənsə, gözlərindən ancaq bircə cüt  yaş gələrdi. Atası, anası, əzizləri, tanış-bilişləri, hətta, böyük övladı dünyasını dəyişəndə də belə olmuşdu. Yaxınları rəhmətə gedəndə hamının bir gözü istər-istəməz onda olardı. Doğrudan da möcüzəydi. İllər boyunca kimsə onun  gözlərindən bir gilə də olsun artıq yaş axdığının şahidi olmamışdı.

Qonşularında yasdı. Övladları şəhid olmuşdu. O da dəfn mərasimindəydi. İzdihamdı. Şəhidi dədə-baba qaydasınca torpağa tapşırırdılar. Mərasim iştirakçılarının əksəriyyəti çaşqınlıq içindəydilər. Onun gözlərindən sel gedirdi, sanki bulağın gözünə duz tökmüşdün.

 

Sən dəlixanalıqsan

 

Məhkəməydi. Hakimlə zərərçəkənin atası dartma, yaxam cırıldıdaydı.

- Yoldaş hakim, təqsir mənim övladımda olub. Nataraz avtobusun dalından o, qəflətən yolun ortasına çıxıb. Videogörüntüdə də bunu dəfələrlə izləmişəm.

- olsun ki, sürücü belə vəziyyəti də nəzərə almalıydı.

- Körpəliyindən dəfələrlə tapşırmağıma baxmayaraq, bir addımlıqdakı yeraltı keçidi qoyub, mənim uşağım özünü onun maşının altına atıb. Tələsməyi də ona haqq qazandırmır. Şükür, hələ sürücü avtomobili aşağı sürətlə idarə etdiyindən zədəsi nisbətən yüngüldü.

- Başa düşürsən, fakt odur ki, maşınla qəza törədilərək insan vurulub, bu, cinayət əməlidir, cinayət.

- Yoldaş hakim, hadisə qəsdən törədilərdisə və ya yol hərəkəti qaydası kobudcasına pozulardısa, bu, cinayət əməli sayıla bilərdi. Burda isə hər şey kor-kor, gör-gördü. Onda qətiyyən təqsir yoxdu, hələ sağ olsun ki, mənəvi narahatlığa görə bizi məhkəməyə vermir.

- Lap elədin, axı, deyəsən sən Avropa yuxuları görürsən?  A kişi, bizdə başqa cürdü, yol qəzası baş verdisə, deməli, sürücü də cavab verməlidir. Hələ üstəlik zərərçəkənin bütün müalicə xərclərini də üzərinə götürməlidir, başa düşürsən, əməllicə-başlı tərləməlidir ki, bir də belə qələtə yol verməsin. Bayaqdan mən bunun xeyrinə çalışıram, bununsa tutduğu mövqeyə bir bax...

- mən, övladım qətiyyən şikayətçi deyilik, vəssalam.

- Anlamadım, bu tərslikdi, sən köhnə bazara təzə nırx qoymaq istəyirsən.

- Yoldaş hakim, haqqı, ədaləti həmişə uca tutmaq lazımdır, insan gərək ilk növbədə Tanrı ilə özü arasında halal olmağı bacarsın. Mən övladlarımı da belə tərbiyə eləmişəm. Bir daha təkrar edirəm, biz heç cür şikayətçi deyilik.

Qəzəbindən şahə qalxan hakim məhkəmənin təxirə salındığını elan elədi.

- Elə məhkəmənin əvvəlindən səndə xaric notlar görürdüm, məncə, səndə deyəsən, bir az o söz. Dəlixanadan ruhi vəziyyətinlə bağlı arayış gətirmədən məhkəmədə görünmə. Oğlun üçün arayış almağı unutma, zənnimcə, o da sənin ruhi xəstəliyinə yoluxub.

 

Ədəbiyyat qəzeti.- 2018.- 4 avqust.- S.29.