Moris Meterlink
"Tentajilin
ölümü"
Marionet teatrı üçün
İştirak edirlər:
Tentajil
İqren
və Bellanjer - Tentajilin bacıları
Aqloval
Kraliçanın
üç qulluqçusu
Birinci pərdə
Qəsrdən yuxarıda, dağ başında.
İqren Tentajilin əlindən tutub gətirir.
İqren.
Tentajil, sənin burdakı birinci gecən həyəcanlı
olacaq. Dəniz ləpələnir,
ağaclar qaranlıqda ağlayır. Artıq
gecdir, ay çıxıb. Nəhayət tək
qaldıq... Tək olsaq da, ehtiyatlı
olmalıyıq. Burda xoşbəxtliyin də
yaxınlaşmağını güdürlər. Bir dəfə
tək olanda öz-özümə dedim ki,
xoşbəxt oluram, - heç tanrı da eşitmədi
dediyimi... Bəs sonra... Tezliklə qoca atamız öldü,
iki qardaşımızsa yoxa çıxdı, heç kim də bilmədi hara... Biz yazıq
bacımızla tək qaldıq, Tentajil, daha nələr ola biləcəyini fikirləşməyə də
qorxuram... Yaxın gəl... diz çök... İndi qucaqla məni,
balaca əllərini boynuma dola... Bəlkə onları
aça bilmədilər... Yadındadır, lap çoxdan, gecələr
səni pəncərəsiz koridorla aparırdım, sənsə
divar lampalarının kölgəsindən qorxurdun... Bu səhər
səni görəndə ürəyim əsdi... Uzaqda
olduğunu, qoruma altında olduğunu fikirləşirdim... Adaya nə üçün qayıtdın?
Tentajil.
Bilmirəm, bacı.
İqren.
Onlar... səninlə danışdılar?
Tentajil.
Dedilər ki, getmək vaxtıdır.
İqren.
Bəs səbəbini demədilər?
Tentajil.
Kraliça belə əmr edib.
İqren.
Nə üçün belə əmr edib?
Bilirəm ki, çox şeydən danışıblar...
Tentajil.
Bacı, bircə kəlmə də eşitmədim.
İqren.
Onlar öz aralarında
danışırdılar, heç nə eşitmədin?
Tentajil.
Onlar pıçıltıyla
danışırdılar, bacı.
İqren.
Pıçıltıyla?
Tentajil.
Pıçıltıyla, bacı. Ya da mənə baxırdılar.
İqren.
Amma kraliçadan danışırdılar?
Tentajil.
Danışırdılar, İqren. Deyirdilər ki, onu görmək olmaz.
İqren.
Bəs başqaları? Gəmidə
səninlə bir yerdə olanlar nə
danışırdılar?
Tentajil.
Onların başı külək və yelkənə
qarışmışdı, İqren.
İqren.
Təəccüblənmə, onlar belədir...
Tentajil.
Amma onlar məni tək qoydular, bacı.
İqren.
Qulaq as, Tentajil, bildiklərimi sənə
danışacağam...
Tentajil.
Bildiklərinin hamısını?
İqren.
Bildiklərim elə azdır ki... Biz bacımla
doğulandan bu adadayıq və əslində nə baş
verdiyini bilməyərək kor kimi yaşayırıq.
Bunun elə belə də olmalı olduğunu düşünərək
xeyli yaşadım... Quşlar uçurdu,
yarpaqlar əsirdi, güllər solurdu - başqa heç nə
olmurdu. Burda elə sakitlik hökm sürürdü ki,
ağacdan alma yerə düşəndə
hamı pəncərədən boylanırdı görsün
ki, nə baş verib. Və heç kim
heç nədən şübhələnmirdi... Amma bir gecə
adada qəribə hadisələrin olduğunu anladım...
Qaçmaq istədim - alınmadı... Nə
demək istədiyimi anlayırsan?
Tentajil.
Hə, bacı, hə, səni anlayıram...
İqren.
Yaxşı, bilmədiyimiz şey haqqında daha
danışmayaq... O ölü ağaclara bax. Onların
dalına bax, dərədəki qəsri görürsən?
Tentajil.
O uzaqdakı qaraltını deyirsən, İqren?
İqren.
Hə, qara. O qəsr buranın gecələrindən
daha qaradır... Amma o bizim evimizdir... Onu nə
üçün dağlarda tikməyiblər? Gündüzləri dağlar göy rəngdə
olur, orda hava almaq da mümkündür. Amma qəsr dərədə
batıb, divarı qaranlıqda əriyir elə bil... Uzaqdan
bircə qülləsi görünür... O qüllə elə
hündürdür ki, evimiz həmişə onun
kölgəsində qalır...
Tentajil.
Qaranlıqda nəsə işarır, İqren... Bax, bax, o böyük pəncərələr
qırmızıya boyanıb?
İqren.
Ora həmin qüllədir, Tentajil, orda,
işıq yanan yerdə kraliçanın taxtı qoyulub.
Tentajil.
Mən onu görəcəyəm,
kraliçanı görəcəyəm?
İqren.
Onu heç kim görə bilməz.
Tentajil.
Nə üçün onu heç kim
görə bilmir?
İqren.
Bir az da yaxınlaş, qısıl mənə,
Tentajil, bir az da... Bizi heç kim eşitməməlidir,
hətta quşlarla otlar da...
Tentajil.
Burda ot bitmir, bacı. Sakitlikdir.
Kraliça nə edir?
İqren.
Onu heç kim bilmir. O, çoxdandır
ki, qülləsinə qapanıb, heç yerə
çıxmır... çox qocadır, anamızın
anası yaşındadır... İdarə etməkdən
xoşu gəlir... Təklikdən də... qısqancdır,
xaindir, deyilənlərə görə ağlı da yerində
deyil... Deyirlər, qorxur ki, kimsə yerini tutar... Buna görə
də sənin dalınca adam göndərib...
Bilmirəm necə, amma onun əmrləri yerinə
yetirilir. Qüllənin qapıları gecə-gündüz
bağlıdır... Onu bir dəfə də görməmişəm,
amma deyəsən kimlərsə onu cavan vaxtı görüblər...
Tentajil.
O, çox eybəcərdir, İqren?
İqren.
Deyirlər gözəl deyil və getdikcə şişir...
Amma onu görənlər daha artığını deməyə
çəkinirlər... Heç onu görən
olub ki? Təkcə izaholunmaz varlıqlar bu adanın
sirrinə vaqifdir... Sən heç nədən
qorxma, balaca Tentajilim, bacıların səni qoruyacaq.
Ancaq həmişə ya mənim, ya bacımız Bellanjerin, ya
da qoca hakim Aqlovalın yanında ol...
Tentajil.
Ancaq sən, Bellanjer və Aqloval...
İqren.
Hə, Aqloval. O bizi sevir...
Tentajil.
Aqloval çox qocadır, bacı!
İqren.
O, qocadır, amma çox müdrikdir... O bizim yeganə
dostumuzdur və çox şeyi bilir... Amma kraliçanın səni
qaytarmağı qəribədir... Mənim yazıq ürəyim...
Sənin uzaqda, dənizlər arxasında olduğunu bilmək
elə yaxşı və kədərli idi ki... Amma indi... Sübh açılanda günəşin dağlar
arxasından necə çıxdığına baxmaq
üçün bayıra çıxdım və səni
gördüm. Çox sevindi... Səni o saat
tanıdım...
Tentajil.
Yox, birinci mən güldüm.
İqren.
Amma mən gülə bilmədim... Tezliklə anlayacaqsan... Vaxtdır,
Tentajil, külək əsməyə başlayır... Məni
qucaqla, bərk qucaqla, getməmişdən qabaq qucaqlaşaq...
Necə sevildiyini bilmirsən... Balaca əlini mənə ver.
Əlindən tutacağam və biz xəstə evimizə gedəcəyik...
Gedirlər.
İkinci pərdə
Qəsrdə otaq.
Aqloval və İqren. Bellanjer gəlir.
Bellanjer.
Tentajil hardadır?
İqren.
Burdadır. Yavaş
danış. O qonşu otaqda yatır. O elə
yorğundur ki. Uzun yol bütün
gücünü alıb, qəsrin havası da balaca canına
hopub. Səbəbsiz yerə
ağlayırdı. Onu qucağıma
götürüb yatızdırdım. Yaxın gəl,
bax... O bizim çarpayımızda yatır... Əlini
alnına sıxıb yatır, elə bil balaca kraldır...
Bellanjer.
(birdən ağlayır) İqren, yazıq
bacım!..
İqren.
Sənə nə oldu?
Bellanjer.
Mən, mən... Heç hər şeyi anladığıma əmin
deyiləm... Mən... eşitməli
olmadığım bir şeyi eşitdim...
İqren.
Bir az aydın danış.
Bellanjer.
Mən qülləyə çıxan pilləkanın
yanından keçirdim...
İqren.
Qülləyə?
Bellanjer.
Qapını yaxşı
bağlamamışdılar. Ehtiyatla açıb
içəri girdim...
İqren.
İçəri girdin?..
Bellanjer.
Əvvəllər orda olmamışdım... Lampalarla
işıqlanan uzun koridorları, nəhayətsiz
qalereyaları gördüm... Bilirsən ki, ora girmək
olmaz... Qorxurdum, qayıtmaq istədim, amma səs eşitdim...
İqren.
Qüllənin birinci mərtəbəsində
kraliçanın qulluqçuları yaşayır. Yəqin
onların səsi idi...
Bellanjer.
Bilmirəm kim idi... Səs uzaqdan gəlirdi,
güclə eşidlirdi... Bacardığım qədər
yaxına getdim... Və bu səhər gətirilən
uşaqdan, qızıl tacdan danışdıqlarını
eşitdim... Onlar gülürdülər, İqren!
İqren.
Gülürdülər?
Bellanjer.
Hə, deyəsən gülürdülər - əgər o səs
ağlamaq səsi deyildisə... Anlamaq olmurdu... Nəfəsimi
kəsib qulaq asdım... Çox adam
danışırdı, hamısı da yavaşdan... Deyirdilər
ki, uşağı kraliça gətirdib... Onlar
bu gecə gələ bilərlər.
İqren.
Gecə?
Bellanjer.
Hə, İqren, məncə gecə...
İqren.
Onlar ad çəkdilər?
Bellanjer.
Onlar uşaqdan danışırdılar, ancaq uşaqdan...
İqren.
Burda başqa uşaq yoxdur...
Bellanjer.
Biri bir az bərkdən dedi ki, deyəsən
hələ vaxtı çatmayıb.
İqren.
Bunun nə olduğunu bilirəm, onlar birinci dəfə deyil
ki, qüllədən çıxırlar... Nə
üçün çıxdıqlarını yaxşı
bilirəm... Amma necə bilək ki, bu gecə
olacaq? Baxaq. Biz üç nəfərik,
vaxtımız da hələ var...
Bellanjer.
Nə etmək istəyirsən?
İqren.
Hələ nə edəcəyimi bilmirəm,
amma o təəccüblənəcək. Bilirsən
nə olacaq?
Bellanjer.
Nə?
İqren.
Qoy hələ qardaşımı bizdən almağa
çalışsın!
Bellanjer.
Amma biz təkik və gücsüzük,İqren...
İqren.
Düzdür. Təkik... Amma
çıxış yolunu bilirik... Yeganə və həmişə
işə yarayan yolu... Həmişəki kimi ayağına
düşüb yalvaracağıq... (İroniyayla) Və onun
bizə yazığı gələcək...
Kraliçanın həmişə gözyaşlarına
yazığı gəlir... Onun istədiyi hər
şeyi eləyəcəyik. Və ola
bilsin o, gülümsəyəcək... O həmişə
ayağına düşənlərə rəhm edir!.. uzun illərdir ki,
qülləsində oturub ətimizi didir və heç kim ona
"yox" deməyib. Qəbir daşı kimi əzir ona
gücümüz çatmır... Haçansa qəsrdə
güclü kişilər yaşayıb, amma onlar da qorxublar və
kraliça onları da yeyib... Bu gün mənim növbəmdir?.. Baxarıq... Mən istəmirəm!.. Mənim üçün fərqi yoxdur,
onsuz da üstümüzdə hökm edir...Mən... daha onun qülləsinin kölgəsində
yaşamaq istəmirəm... Qorxursunuzsa ikiniz də rədd
olun! Məni tək qoyun... Özüm tək gözləyəcəyəm...
Bellanjer.
Bilmirəm fikrin nədir, amma mən qalıram.
Aqloval.
Mən də, qızım... Çoxdandır ki, ürəyim
rahatlıq nədir bilmir... Yoxlamaq olar... Bir də... Əvvəllər
də yoxlamışdıq...
İqren.
Siz də?..
Aqloval.
Hamı tez və ya gec cəhd edir... Amma
axırıncı məqamda fikirdən daşınır.
Özünüz görəcəksiniz... Mənsə... O bu
saat məni yanına çağırsa, ayaqlarım
öz-özünə məni onun yanına aparacaq, baxmayaraq
ki, ordan sağ çıxıb-çıxmayacağım
sual altındadır. Ona qarşı gəlməyə cəsarətim
çatmır... Qılıncım sözümə
baxmır... Və o burda gücsüzdür... Amma sizə
kömək etmək istəyirəm, çünki siz ümid
edirsiniz... Qapını bağla, qızım.
Tentajili oyadın, əlindən möhkəm-möhkəm
tutun... Başqa müdafiəmiz yoxdur...
Üçüncü pərdə
Həmin otaq.
İqren və Aqloval.
İqren.
Qapıları yoxladım. Üçünü
də. Böyük qapını qorumaq
lazımdır. O birilər heç vaxt
açılmayıb, ağırlaşıb, açarları
da çoxdan itib, petlələri pas atıb... Kömək
edin qapını bağlayım, şəhər
qapıları kimi ağırdır... Çox möhkəmdir,
onu ildırım da aça bilməz... Hər
şeyə hazırsınız?
Aqloval.
(Kandardakı pilləkana oturur) Burda
qılıncımla hazır oturacağam və bütün
gecəni yatmayacağam. Birinci dəfə deyil ki...
Xatırlayıram, amma anlamağa çətinlik çəkirəm...
Haçansa bu pilləkanda oturmuşdum, amma nə ayağa dura
bilirdim, nə də qılıncımı qaldıra
bilirdim... Qılınc indi məndədir, baxmayaraqki, daha
qolumda güc qalmayıb, bu gecə cəhd edəcəyəm...
Cəhdimiz əbəs olsa da, vaxtdır...
Bellanjer Tentajillə bir yerdə qonşu otaqdan
çıxır.
Bellanjer.
O yatmamışdı...
İqren.
Rəngi qaçıb... Ona nə olub?..
Bellanjer.
Bilmirəm. sakitcə
ağlayırdı...
İqren.
Tentajil.
Bellanjer.
O sənə baxmır.
İqren.
O məni tanımayıb... Tentajil... Mənəm, sənin
bacın... Nəyə baxırsan? Mənə
bax, hə... gəl oynayaq...
Tentajil.
Yox, yox...
İqren.
İstəmirsən?
Tentajil.
Mən gəzə bilmirəm, İqren...
İqren.
Gəzə bilmirsən?.. Nə
danışırsan? Haransa
ağrıyır?
Tentajil.
Hə.
İqren.
Haran ağrlylr, Tentajil? De, kömək
edim...
Tentajil.
Deyə bilmərəm, İqren. Hər
yerim ağrıyır...
İqren.
Gəl buran, Tentajil... Məniməllərim incədir, Tentajil,
onlar səni sağaldacaq... Bellanjer, onu mənə ver...
Qucağımda otur... hər şey keçəcək...
Görürsən, hər şey yaxşıdır,
bacıarın səninlədir... Ağrın gedəcək və
qayıtmağa cəsarət etməyəcək...
Tentajil.
O ordadır, İqren... Nə üçün
qaranlıqdır, İqren?
İqren.
Lampa yanır, Tentajil...
Tentajil.
O balacadır, başqası yoxdur?
İqren.
Başqası lazım deyil. Bizə
lazım olan hər şeyi görürük...
Tentajil.
A!
İqren.
Sənin dərin gözlərin var!..
Tentajil.
Sənin də, İqren!
İqren.
Səhər fikir verməmişdim...
Tentajil.
Aqloval nə üçün kandarda oturub?
İqren.
O yorulub... O səni qucaqlayıb yatmağa getmək istəyirdi...
O sənin oyanmağını gözləyirdi...
Tentajil.
Bəs onun əlindəki nədir?
İqren.
Nə? mən heç
nə görmürəm.
Tentajil.
Yox axı... bax, orda nəsə
parıldayır.
Aqloval. Oğlum, köhnə qələncəma baxıram.
Onu güclə tanıyıram... Neçə il
mənə xidmət edib, amma daha ona etibar etmirəm. Qorxuram
tezliklə tiyəsi sınacaq... Bax, artıq
çatlayıb... Özü də kütləşib...
Öz-özümdən soruşdum ki... yadımdan
çıxdı... Bu gün ürəyim
ağrıyır... Nə edəsən?..
Bəzi gecələr həyat bütün mənasızlığı
ilə boğazına dirənir... Bircə şey
arzulayırsan - gözlərini yummaq... Gecdir... Gecdir,
yorulmuşam...
Tentajil.
O yaralanıb, İqren.
İqren.
Hanı, Tentajil?
Tentajil.
Əlləri və alnı, bax.
Aqloval.
Bunlar köhnə yaralardır, oğlum, çoxdandır ki,
daha ağrımır... Bunları daha əvvəl
görməmişdin? Yəqin indi fikir
verirsən.
Tentajil.
O kədərlidir, İqren...
İqren.
Yox, o yorulub...
Tentajil.
Sən də, İqren, sən də kədərlisən...
İqren.
Yox, Tentajil. Bax, artıq gülümsəyirəm...
Tentajil.
Bellanjer də kədərlidir...
İqren.
Yox, Tentajil, o da gülümsəyir...
Tentajil.
Belə gülümsəmirlər, bilirəm...
İqren.
Lazım deyil, belə düşünmə, məni qucaqla...
Tentajili öpür.
Tentajil.
İqren, nə üçün sən məni
öpəndə məni ağrıdır?
İqren.
Səni ağrıdır?
Tentajil.
Hə... Bilmirəm nə üçün... ürəyinin
necə döyündüyünü eşidirəm,
İqren...
İqren.
Sən ürəyimin döyüntüsünü eşidirsən?..
Tentajil.
Hə! Hə! Elə döyünür ki... elə bil...
İqren.
Nə?
Tentajil.
Bilmirəm, İqren.
İqren.
Tapmacalı danışma... Nahaq yerə özünü
üzmə... Gözyaşları!.. Sənin
gözlərin
yaşarıb... Nədən qorxursan?..
Mən də sənin ürək döyüntülərini
eşidirəm... Həmişə səni qucaqlayanda ürək
döyüntülərini eşidirəm... Ürəklər
dil ilə demək istəmədiklərimizi deyir...
Tentajil.
Mən daha səninkini eşitmirəm.
İqren.
Çünki... Tentajil!.. Sənə nə
olub?.. Ürəyin elə
döyünür ki, elə bil partlayacaq!..
Tentajil.
İqren! Bacı, İqren!
İqren.
tentajil?
Tentajil.
Eşidirəm!.. Onlar... Onlar gəlirlər!..
İqren.
Kim, Tentajil? Sənə nə olub?..
Tentajil.
Qapının dalında! Qapının dalında dayandılar!
Tentajil İqrenin qucağında huşunu itirir.
İqren.
Ona nə oldu?.. O... huşunu itirdi...
Bellanjer.
Ehtiyatlı ol, bacı, onu yerə salarsan...
Aqloval.
(ayağa durur) İndi mən də
eşidirəm... Qalereyadadırlar, gəlirlər.
İqren.
Oh!
Sükut.
Hamı qulaq asır.
Aqloval.
Eşidirəm... Onlar çoxdur...
İqren.
Çox? Nə qədər?
Aqloval.
Bilmirəm... Həm eşidirəm, həm də yox... Onlar gəlmirlər...
yaxınlaşırlar... Onlar... qapıya toxundular...
İqren.
(Tentajili daha da bərk qucaqlayır) Tentajil! Tentajil!
Bellanjer.
(Onları qucaqlayır) Mən burdayam! Sizinləyəm!.. Tentajil!..
Aqloval. Onlar qapını itələdilər... sakit... qulaq
asın. Qapını itələyib
pıçıldaşırlar.
Kiliddə fırlanan açarın səsi eşidilir.
İqren.
Onlarda açar var!..
Aqloval.
Hə, hə... Mən axı bilirdim... Hazırlaşın... (Ayağa durub qılıncı götürür.
Bacılara) Bura gəlin! Mənə kömək edin!..
Sakitlik.
Qapı aralanır. Aqloval
qılıncı qapı aralığına zərbələr
endirir. Qılınc qapıyla çərçivənin
arasında sıxılıb sınır, pilləkanlara
düşən sınıq tiyənin səsi gəlir. İqren ayağa durur, Tentajil hələ də onun
qucağındadır. O hələ ayılmayıb. Aqloval, İqren və Bellanjer güc verərək
qapını bağlamağa çalışırlar, amma
alınmır. Qapı yavaş-yavaş
açılmağa davam edir. Amma qapı dalında
heç kim görünmür. Otağa işıq dolur. Bu an
Tentajil qışqırıb özünə gəlir. Bacılarını qucaqlayır. Bu vaxt qapı bağlanır, amma elə qəfil
bağlanır ki, hər üçün bir müddət
qapını sıxmağa davam edir.
İqren.
Tentajil!
Hamı təəccüblə bir-birinə baxır.
Aqloval.
(Qulağını qapıya söykədir) Heç nə
eşitmirəm...
İqren.
(Sevincək halda) Tentajil!.. Tentajil!.. Onun gözlərini görürsünüz?.. Onlar göy rəngdədir!..
Danış bizimlə!.. Bizi qucaqla!.. Qucaqla bizi, xahiş edirəm!..
Bir də!.. Bir də!..
Dördü də ağlaya-ağlaya qucaqlaşır.
Dördüncü pərdə
Həmin otağın qabağındakı koridor.
Kraliçanın üç qulluqçusu gəlir. Başlarına
döşəkağı salıblar.
Birinci.
(Qapı dalına qulaq asır) Yatıblar.
İkinci. Bəsdir gözlədik.
Üçüncü. Hər şey sakitliklə
olsa, kraliçanın xoşuna gələr.
Birinci.
Onsuz da yatacaqdılar...
İkinci. Tez açın.
Üçüncü. Cəld olun...
Birinci. Burda gözləyin. Özüm
öhdəsindən gələrəm.
İkinci. Çətin olmayacaq, o çox
balacadır.
Üçüncü. Böyük bacıdan
ehtiyatlı ol.
İkinci. Bacılarının xəbəri olsa,
kraliçanın xoşuna gəlməyəcək.
Birinci. Narahat olma. Heç kim
heç nə bilməyəcək.
İkinci. Vaxtdır, get.
Birinci qulluqçu ehtiyatla qapını açıb
içəri girir.
Üçüncü. Uf...
Sakitlik.
Birinci qulluqçu qayıdır.
İkinci. Nə oldu?
Birinci. Uşaq bacılarının arasında yatıb.
Bacıları onu qucaqlayıb. Təkbaşına
bacarmayacağam...
İkinci. Mən sənə kömək eləyərəm.
Üçüncü. İkiniz də gedin.
Mən burda dayanıb güdərəm...
Birinci. Ehtiyatlı olmaq lazımdır. Bacılar nədənsə
şübhələniblər...
Qulluqçular içəri girir.
Üçüncü. Onlar həmişə bilirlər,
amma anlamırlar...
Sakitlik.
Qulluqçular bayıra çıxırlar.
Üçüncü. Nə oldu?
İkinci. Sən də gəl... Onları ayırmaq
olmur.
Birinci.
Əllərini bir az aralayan kimi yenə onu
qucaqlayırlar.
İkinci. Uşaqsa bacılarına
qısılıb.
Birinci.
O başını böyük bacısının sinəsinə
sıxıb.
İkinci. Bacısı nəfəs aldıqca onun başı
qalxıb-enir...
Birinci. Onun əllərini açmaq olmur.
İkinci. O bacılarının saçından
yapışıb.
Birinci.
O böyük bacısının qızıl
boyunbağısını ağzında sıxıb.
İkinci. Saçları kəsmək
lazımdır.
Birinci. Hər ikisinin saçlarını.
İkinci. Sizdə qayçı var?
Üçüncü. Hə, var...
Birinci.
Tələsin, onlar tərpəndilər...
İkinci. Ürəkləri də eyni ahənglə
döyünür...
Birinci.
Mən hətta böyük bacının göz gözlərini
də gördüm...
İkinci. O bizə baxdı, amma görmədi...
Birinci.
Birinə toxunsan üçü də oyanacaq...
İkinci. Oyanmaq istəyirlər, amma gücləri yoxdur...
Birinci.
Böyük bacı qışqırmaq istəyir, amma
bacarmayacaq...
İkinci. Tələsin, elə bil kimsə onları xəbərdar
etdi...
Üçüncü. Qoca ordadır?
Birinci.
Hə, o küncdə yatıb...
İkinci. ...qılıncın dəstəyini
qucaqlayıb...
Birinci. ...heç nə bilmir və yuxu görmür...
İkinci. Tələsin, getmək vaxtıdır...
Birinci.
Əllərini açmaq çətin olacaq...
İkinci. Düzdür, elə bil batdıqları
üçün bir-birindən yapışıblar...
Üçüncü. Vaxtdır, gedək...
İçəri girirlər. Sakitlikdə güclə
də olsa, yuxulu və həyəcanlı iniltilər
eşidilir. Tezliklə qulluqçular
otaqdan çıxırlar. Biri
qucağında yatmış Tentajili aparır. Tentajilin düyünlənmiş əllərində
bacılarının kəsilmiş saçları var.
Qulluqçular sakitcə qaçırlar. Koridorun
axırında Tentajil oyanır və ölümqabağı
sıxıntı içində qışqırır.
Tentajil.
(koridorun dərinliyindən) A-a-a!..
Yenə sakitlik çökür. Sonra otaqdan
bacıların oyanıb ayağa durmaqları eşidilir.
İqren.
(otaqdan) Tentajil! Hardasan?..
Bellanjer.
O yoxdur...
İqren.
Tentajil!.. İşıq!..
Lampanı yandırın!..
Bellanjer.
Hə, hə...
Qapı aralığından əlində lampayla otaqda gəzən
İqren görünür.
İqren.
Qapı açıqdır!
Uzaqdan Tentajilin səsi gəlir, demək olar ki,
eşidilmir.
Tentajil.
İqren!..
İqren.
Bu odur!.. Çağırır!.. Tentajil! Tentajil!..
Koridora qaçır. Bellanjer də onun
dalınca gəlir, amma kandarda huşunu itirib yerə
yıxılır.
Beşinci pərdə
Böyük dəmir qapının qabağı.
İqren lampa əlində gəlir, saçları
dağınıq, halı pərişandır.
İqren.
Onlar gəlmədilər... Bellanjer!..
Bellanjer!.. Aqloval!..
Hardasınız?.. Deyirdilər ki, Tentajili
sevirlər, amma məni tək qoydular... Tentajil! Tentajil! Bu necə
ola bilər?.. Mən hündür
divarların arasındakı sonsuz pilləkanları
qalxdım, qalxdım, ürəyim dayanacaq, divarlar ətrafımda
üzür... (Divara söykənir) İndi
yıxılacağam, həyatım dodaqlarımdan qopub
uçacaq, bunu hiss edirəm... Nə etdiyimi bilmirəm,
heç nə görmürəm, heç nə eşitmirəm...
Sükut!.. Mən pillələrdən kəsik
saç tellərini yığdım, onlar mənə yolu
göstərdilər... Mənim balaca, yazıq qardaşım!.. Nə danışıram?..
Yadıma gəlir ki... Yox, mən daha heç nə bilmirəm...
Heç nə vacib deyil və mümkün deyil... İndi
ancaq fikirlərim mənimlədir... Beləcə oyanırsan və
birdən... Sakitlikdə yaxşı-yaxşı fikirləşmək
lazımdır... Belə də demək olar, amma
ürək həmişə başqa yolu seçir. Və onda nə etdiyimiz məlum deyil. Bura bu
yazıq lampayla gəlmişəm, o pilləkanlarda sönmədi... Sakitlikdə,
nədən düşünmək lazımdır?.. Anlaşılmazlıq o qədər
çoxdur ki... Amma kimsə bilməlidir axı.
Elədirsə nə üçün gizlədir?.. (Ətrafa baxır) Heç
vaxt burda olmamışam. Və yuxarı çıxmaq
olmaz, qadağandır... Necə soyuqdur! Və elə
qaranlıqdır ki, nəfəs almağa da qorxursan... Deyirlər qaranlıq zəhərləyir. Necə
də qorxulu qapıdır!..
(Yaxınlaşıb əlini qapıya sürtür) Soyuqdur!.. Dəmirdən düzəldilib... Bəs qəsr
hanı?.. Necə
açılır? Cəftəsi yoxdur, deyəsən
hasara hörülüb... Yox, daha yuxarı çıxmaq
olmur. Pilləkan yoxdur... (Bərkdən qışqırır)
A! Tentajil!.. Tentajil!..
İndicə qapı səsi eşitdim... Bu
qapı. Yadıma düşdü!..
Yadıma düşdü!.. Buraxın!.. (qapını
döyür, təpikləyir) Vəhşi! Vəhşi! Siz vəhşisiniz!.. Orda olduğunuzu bilirəm! Qulaq asın! Hə!
Sizə tüpürürəm!
Qapının o tərəfindən asta səs gəlir. Sonra lap yavaaşdan Tentajilin
səsi eşidilir.
Tentajil.
İqren! İqren!
İqren.
Tentajil!.. Sənsən?
Sənsən, Tentajil?..
Tentajil.
Qapını aç, İqren, tez aç!
İqren.
Hə, hə, amma necə... Tentajil?.. Balaca
qardaşım... eşidirsən?.. Orda nə
olub?.. Sənə nə olub, Tentajil?.. Səni incidirlər?..
Qapının dalındasan?..
Tentajil.
İqren, İqren, qapını açmasan mən öləcəyəm...
İqren.
Gözlə, Tentajil! Çalışıram...
Tentajil.
İqren, eşitmirsən, İqren... Vaxt yoxdur... O məni
saxlaya bilmədi, İqren, mən onu vurdum, itələdim və
qaçdım... Tez elə, o yaxınlaşır, tez elə...
İqren.
Çalışıram, Tentajil... O hardadır?
Tentajil.
Heç nə görmürəm, heç nə eşitmirəm...
Qorxuram. İqren, mən qorxuram... tez ol, tez
aç qapını, tanrı xətrinə, İqren!..
İqren.
(qapını əlləşdirir)
Tapacağam... mütləq tapacağam... Bir az
gözlə... bir dəqiqə...
Tentajil.
Daha bacarmıram, İqren, onun nəfəsini
kürəyimdə hiss edirəm.
İqren.
Gözlə, Tentajil, mənim balaca Tentajilim, qorxma, qorxmaq
lazım deyil... Heç nə görmürəm.
Tentajil.
İqren, sənin tərəfində
işıq var. Sənin yanında işıq var, görürəm.
Amma burda yoxdur...
İqren.
Sən məni görürsən, Tentajil?..
Hardan görürsən?
Tentajil.
İqren, budur o... amma çox balacadır...
İqren.
Hansı tərəfdə? Burda?
De... yoxsa burda?..
Tentajil.
Burda... Burda... Bura vururam. Eşitmirsən?..
İqren.
Burda?
Tentajil.
Bir az yuxarı. Amma çox
balacadır. İynə ucu boyda...
İqren.
Qorxma, mən burdayam...
Tentajil.
Eşidirəm, İqren! İtələ! İtələ!
Qapını aç!.. Ogəlir!.. Heç olmasa bir az
aç, mən balacayam. Yerləşərəm...
İqren.
Bacarmıram, Tentajil... İtələdim, dartdım, vurdum! Vurdum!
(yenə qapını vurmağa
başlayır) Barmaqlarım keyidi.
Ağlama!.. Lənətə gəlmiş
dəmir...
Tentajil.
(ağlayır) Nəsə et!
Aç, İqren!.. Az
da olsa arala... mən keçərəm... balacayam... çox
balacayam... özün bilirsən axı...
İqren.
Mənim təkcə lampam var, Tentajil!..
Ancaq lampa... (Lampayla qapıya vurur, lampa sınır) O!
Qaranlıq! Tentajil, burdasan?.. İçəridən
kömək eləməyə çalış...
Tentajil.
Yox. Yox, bacarmayacağam... heç nəyim
yoxdur... Daha işığı da görmürəm...
İqren.
Sənə nə oldu, Tentajil? Daha səni eşitmirəm...
Tentajil.
Əziz bacım, İqren... Mən bacarmıram...
İqren.
Nə oldu, Tentajil? Hardasan?..
Tentajil.
O burdadır. Qorxuram... İqren!.. İqren!.. Bilirəm, o burdaadır!..
İqren.
Kim? Kim, Tentajil?
Tentajil.
Bilmirəm... görmürəm... Daha bacarmıram...
Boğazımdan yapışıb!.. Məni
boğur... O! İqren! Bura gəl! Bura!..
İqren.
Hə, Tentajil...
Tentajil.
Burda çox qaranlıqdır...
İqren.
Özünü müdafiə elə! Vuruş! Parçala
onu! Qorxma!.. Mən indi!..
Burdayam, Tentajil... Cavab ver!.. Kömək
edin!.. Hardasan?.. Sənə
kömək edəcəyəm... məni qucaqla... Məni
qapının dalından qucaqla...
Tentajil.
(güclə eşidilir) Burdayam... burdayam,
İqren...
İqren.
Belə, bax belə. Mən səni
öpürəm, eşidirsən? Bir də! Bir də!
Tentajil.
(səsi getdikcə uzaqlaşır) Mən də səni... Burda,
İqren!.. İqren!..
O...
Qapının dalından onun yerə
yıxıldığı eşidilir.
İqren.
Tentajil!.. Tentajil!.. Sənə
nə oldu?.. Onu mənə verin, verin!.. Tanrı xətrinə!..
onu mənə verin! Daha onu eşitmirəm...
Nə edirsiniz?.. Onu incitməyin...
yox? O axı uşaqdır, uşaqdır... Baxın, mən
qürurlu deyiləm... Bax, diz çökdüm... Verin...
Yalvarıram... Verin onu mənə! Nə istəsən
hamısını edəcəyəm! Mən hər şeyi
itirmişəm... Məni başqa cür cəzalandır!.. Məni başqa cür də incitçmək
olar, axı o hələ uşaqdır, balaca uşaqdır!.. Dediklərimin hamısı yalan idi! Sən
axı xeyirxahsan, sən axı bağışlayacaqsan!.. O elə balacadır ki... elə gözəldir
ki!.. Bax, axı bu mümkün deyil... O sənin
boynunu balaca əlləriylə qucaqlayır, dodaqlarını
səninkilərə yaxınlaşdırır... Tanrı da
yumşalardı... Siz qapını
açacaqsınız? Açacaqsınız?.. Başqa heç nə istəmirəm, bircə
anlıq... Heç nə yadımda deyil, başa
düşürssən?.. Daha vaxt yoxdur...
Onu buraxsan nə olar ki... Çətin deyil... Bu çətin
deyil... (Uzun sükut) Vəhşi! Vəhşi!
İqren yerə oturub qapıya söykənir və
qaranlıqda hönkürür.
Tərcümə edəni: Həmid
Piriyev
Ədəbiyyat qəzeti.- 2018.- 4
avqust.- S.30-31.