Qabriel Qarsia MARKES
Belə günlərdən
biri
Hekayə
ƏDƏBİYYAT ÜZRƏ
1982-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Qabriel Qarsia
MARKES
Kolumbiya yazıçısı, jurnalist, naşir və siyasi xadim. 6 mart 1927-ci ildə
Kolumbiyadakı Arakataka
şəhərciyində anadan
olub. "Magik ədəbi cərəyan"ın ən
görkəmli nümayəndəsidir.
Atası
əczaçılıq edib.
Babası ilə nənəsinin himayəsində
böyüyüb və
bu insanların danışdığı əhvalatlar,
söylədikləri hadisələr
gələcək yazıçının
əsərlərinin başlıca
mövzusuna çevrilib.
1946-cı ildə valideynlərinin təkidi ilə Boqota Milli Universitetinin hüquq fakültəsinə
daxil olub və elə o vaxt gələcək həyat yoldaşı Mersedes Barça Pardo ilə qarşılaşıb. 1950-ci
ildə təhsilini yarıda saxlayan Qarsia Markes həyatını
ədəbiyyata və
jurnalistikaya bağlamaq
qərarına gəlib.
Onun yaradıcılığına
Heminqueyin, Folknerin, Ceyms Coysun, Virciniya
Vulfun, Frans Kafkanın böyük təsiri olub. Yaradıcılığa jurnalistika
ilə başlasa da, tezliklə kiçikhəcmli hekayələr
və ssenarilər yazmağa başlayıb. 1961-ci ildə "Polkovnikə heç kəs yazmır" povesti işıq üzü görüb.
Markesə dünya şöhrəti
qazandıran əsəri
1967-ci ildə qələmə
aldığı "Yüz
il tənhalıqda"
romanıdır. Sağlığında
çox böyük şöhrət qazanmış
kolumbiyalı yazıçının
əsərləri dünyanın
demək olar ki, əksər dillərinə tərcümə
edilərək, milyonlarla
tirajda kitab şəklində satılıb.
Yazıçı 1982-ci ildə
ədəbiyyat üzrə
növbəti "Nobel mükafatı"na layiq görülüb. Mükafat Markesə
"hekayə və romanlarında təsvir etdiyi fantaziya ilə reallığı birləşdirərək bütöv
bir qitənin həyatını və münaqişələrini ustalıqla
təsvir edə bilmək bacarığına
görə" verilib.
Dünya
şöhrətli yazıçı
2014-cü ildə Mexikoda
vəfat edib.
Bazar ertəsi
oldu, isti, yağışsız. Hər gün ertədən oyanan diplomsuz diş həkimi Aurelio Eskovar səhər saat 6-da kabinetə girib işə başladı. Şüşəli dolabı açıb
gipsdən hazırlanmış
süni əngi götürdü, onu sərgidəki kimi ən balacasından ən böyüyünə
qədər sıra ilə düzülmüş
alətlər olan masaya qoydu. Əynində lap yuxarıdan qızılı
rəngli yeganə düymə ilə bağlanmış yaxalıqsız
köynək, bir də elastik şalvarbəndin saxladığı
şalvar vardı.
Uzun və arıq adam
idi, kar adamlar kimi özünəqapalı
görkəmi diqqət
çəkirdi.
Alətləri düzüb qurtarandan sonra bormaşını fırlanan kresloya doğru çəkib, əngi cilalamağa başladı. Qətiyyətlə işləyirdi, hətta
istifadə etməyəndə
belə bormaşının
pedalını basmaqdan
yorulmurdu; amma simasındakı səmimiyyət
dəyişmirdi, sanki
üzərində işlədiyi
əng onu maraqlandırmırdı.
Saat 8-də fasilə
etdi, pəncərədən
səmaya baxdı və gözləri qonşu binanın damına qonub lələklərini günə
verən bir cüt keçəl kərkəsə sataşdı. Sonra ürəyində
"yəqin, yenə
naharqabağı yağış
yağacaq" fikirləşə-fikirləşə
işinə davam etdi. 11 yaşlı
oğlunun qırıq-qırıq
səsi onu fikirdən ayırdı.
- Ata!
- Nə var?
- Alkad (şəhər başçısı) soruşur,
onun dişini çəkəcəksən, ya
yox?
- De ki, mən yoxam.
Bu dəfə isə
qızıl qapağı
yonurdu. Əlini irəli uzatmışdı,
qapağı barmaqlarının
ucunda tutub, gözlərini qıyaraq baxırdı. Darısqal
qəbul otağından
yenə oğlunun səsi cingildədi:
- O, deyir ki, burdasan,
çünki sənin
səsini eşidib.
Doktor dişə
baxmağa davam etdi. Bir də işini bitirib onu hazır sifarişlər olan masaya qoyandan sonra dilləndi:
- Eşidib, lap yaxşı.
Yenidən bormaşını işlətdi. Hazır
işlər saxlanılan
karton qutudan üzərində bir neçə qızıl diş olan dəsti
çıxarıb cilalamağa
başladı.
- Ata!
- Nə var?
Doktorun sifətinin
ifadəsi dəyişmədi.
- Alkad deyir ki,
dişini çıxartmasan,
səni güllələyəcək.
Doktor tələsmədən
ayağını pedaldan
ayırdı, bormaşını
kreslodan kənara itələdi və masanın siyirtməsini çəkib açdı. Yeşikdə tapança vardı.
- Yaxşı, - dedi, - get ona de, qoy gəlsin.
Kreslonun üzünü qapıya tərəf çevirdi, əlini açıq siyirtmə üstə qoydu.
Bir qədər
sonra alkad kandarda peyda oldu. Sol yanağı qırxılıb şumal
edilsə də, ağrıdan şişmiş
sağ yanağında
5 gündən qalma
cod tüklər görünürdü.
Doktor onun ağrıdan parlayan gözlərində
yuxusuz gecələrin
əzabını gördü.
Barmaqlarının ucu
ilə siyirtməni itələyib, yumşaq səslə:
- Əyləşin, - təklif etdi.
- Günortanız xeyir, - alkad dedi.
- Hər vaxtınız xeyir, - doktor cavab verdi.
Alətlərin qızmağını gözlədikləri
müddətdə alkad
başını kresloya
dirədi, özünü
bir qədər yüngül hiss etməyə
başladı. Efirin soyuq buxarını
ciyərlərinə çəkib
dərindən nəfəs
alaraq, ətrafa boylandı. Kabinetin yoxsul görkəmi vardı: köhnə ağac kreslo, pedallı bormaşın və içi saxsı dərman qabları ilə dolu şüşəli dolab. Pəncərələrə insan boyu pərdələr çəkilmişdi.
Doktor ona yaxınlaşdı, alkad ağzını açıb pəncələrini
var gücü ilə döşəməyə
dirədi.
Aurelio Eskovar onun
üzünü işığa
tutdu. Xəstə dişi müayinə
edib, barmaqlarını
ehtiyatla şişmiş
çənəyə toxundurdu.
- Anesteziyasız çəkməli
olacağam, - dedi.
- Niyə?
- Çünki damağınız
irinləyib.
Alkad baxışlarını
onun gözlərinə
zillədi.
- Yaxşı, - deyib, gülümsəməyə çalışdı.
Doktor heç
nə demədi. İçərisində
qaynadılmış alətlər
olan qazançanı tələsmədən iş
masası üstə qoydu və elə
tələsmədən də
alətləri soyuq pinsetlə sudan
çıxartdı. Başmağının ucu ilə tüpürcəkqabını
kənara itələyib
əllərini yumaq üçün əlüzyuyana
doğru getdi. Bir dəfə də olsa alkada
baxmadı, alkad isə gözlərini bir an belə
ondan çəkmirdi.
Ağrıyan aşağıdakı ağıl
dişi idi. Doktor özünü
toparlayıb qaynar maşanı dişə yaxınlaşdırdı. Ayaqlarının titrədiyini
və kürəyində
dəhşətli bir
ağrı hiss edən
alkad bərk-bərk kreslonun kənarından yapışdı, amma səsini çıxarmadı.
Doktor yavaş-yavaş dişi yerindən tərpətdi.
Qəzəbdən uzaq,
acı bir kədərlə:
- Hə, indi öldürülmüş
iyirmi leytenanta görə cavab verərsiz, - dedi.
Alkad çənəsində
qırılan sümük
xırçıltısını eşitdi, gözləri doldu. Nəfəs vermək istədi,
amma dişin ağzında olmadığını
hiss etməyənə qədər
nəfəs alıb-verə
bilmədi. Yaşdan tor tutmuş
gözləri ilə ona baxdı. Ağrı güclü idi, indi geridə saxladığı 5 gündə
yaşadığı ağrılar
ona son dərəcə
yüngül göründü.
Tüpürcəkqabına tərəf əyildi,
tər içində
idi, ağır-ağır
nəfəs alaraq, frençinin düyməsini
açıb dəsmal
axtarmaq ümidi ilə ciblərini eşələdi. Bunu görən
doktor ona bir parça təmiz əski uzatdı.
- Silin gözlərinizi, - dedi.
Və alkad gözlərini sildi. Barmaqları əsirdi.
Doktor əllərini çanağa
tutub yuyanda o pəncərədən görünən
ucsuz-bucaqsız açıq
səmaya, pəncərənin
yanındakı üstü
ölü həşəratlarla
dolu toz basmış hörümçək
toruna və hörümçək sürfələrinə
baxdı.
Doktor əllərini
silib ona yaxınlaşdı.
- Yataq rejimi, - xəbərdarlıq etdi,
- hə, bir də tez-tez duzlu su ilə
ağzınızı yaxalayın.
Alkad yerindən
qalxdı, qaşqabağını
sallayıb əlini alnına toxundurub sağollaşdı. Qapıya doğru gedərək hələ də titrəyən ayaqlarını
tarazlamağa çalışdı,
gedə-gedə frençinin
açıq yaxasını
düymələyərək dedi:
- Hesabı göndərərsiz.
- Sizə, yoxsa idarəyə?
Alkad çevrilmədi. Qapını
arxasınca örtəndən
sonra metal tordan baxaraq:
- Fərqi yoxdur, ikisi də bir
zibildir! - dedi.
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.31.