Kornet Kristof Rilkenin məhəbbəti
və ölümü haqda nəğmə
Poema
...Macarıstanda
ölən Kristofun var-dövləti və Linda malikanəsi
1663-cü ilin 24 noyabrında onun qardaşı, Lanqenau (Qrenitsa
və Siqra) malikanəsinin sahibi Otto fon Rilkeyə verildi, bir
şərtlə ki, (Avstriya İmperator ordusunda, baron fon Pirovanın
eskadron alayında kornet rütbəsində xidmət edən) Kristof
sağ qayıdacağı təqdirdə, mülkünü ona
qaytarsın...
Yəhərdə,
yəhərdə, yəhərdə, gecə və gündüz
yəhərdə, gecə və gündüz
Yəhərdə, yəhərdə, yəhərdə.
Və elə
yorulub ki,
ürək, həsrət də elə böyükdür ki. Dağlar da yoxdur, artıq,
ağac da yoxdur demək olar ki. Qorxudan heç nə
başını qaldıra bilmir. Yad
daxmalar yaslanıb qurumuş quyulara. Bircə
qüllə də görünmür heç yerdə. Heç nə. Gözlərin
yorulur boşluğa baxmaqdan. Ancaq gecələr
birdən sənə elə gəlir ki, yolu tanıyırsan.
Bəlkə də gecə geri
qayıdırıq, gündüz yad günəş
altında çətinliklə gəldiyimiz yolu. Ola bilər. Burda günəş
ağırdır, bizdə yay ortasında olduğu kimi. Amma biz elə yayda yola çıxmışıq.
Yaşıl otların içində
uzun-uzadı parıldamışdı qadın paltarları.
Və biz uzun müddətdir yol gedirik. Deməli, payızdır artıq. Əlbəttə, orda artıq payızdır, qəmli
qadınların bizi xatırladığı yerdə.
Fon Lanqenau yəhərdə titrəyir. Deyir: "Markiz..."
Yanlarındakı arıq, balaca fransız üç
gün danışıb gülmüşdü. İndisə
bilmir heç nə. Yuxusu gələn uşaq kimidir o.
Fransızın yaxalığındakı ağ
qırçın toz içindədir, amma o bunu
görmür. O əyilir, əyilir yəhərin üstünə.
Amma fon Lanqenau gülümsəyir ona:
"Gözəl gözləriniz var, markiz. Deyəsən
ananıza oxşamısınız..."
Və yenə canlanır balaca fransız, təzələnmiş
kimidir.
Kimsə anasından danışır. Əlbəttə
ki, almandır. Hündürdən
danışır, yavaş-yavaş düzür sözlərini.
Gülləri seçib dəstə düzəldən,
hələ ortaya nə çıxacağını bilmədən
gülləri düzən qız kimi düzür sözlərini.
Danışdıqları qəmlidirmi? Şəndirmi? Hamı
qulaqlarını şəkləyib dinləyir. Udqunmağa da qorxurlar. Burdakılar
dinləməyi bacaran cənablardır hamısı. Almanca bilməyənlər də bəzi sözləri
başa düşür, birdən mənasına varır.
"Axşam...", "...Mən hələ
balacaydım..."
Çünki yaxınlaşıb hamısı bir-birinə. Burqundiyadan, Fransadan,
Hollandiyadan gələn cənablar, Karintiya vadilərindən,
Boqemiya qalalarından, Leopoldun ordusundan göndərilənlər.
Çünki bu hisslər hamısına
tanışdır, hamısı yaşayıb bu
danışılanları, eynən danışılan kimi.
Dünyada tək bircə ana varmış kimi.
Atlar girir gecəyə. Gizli gecənin
içinə. Yenə hamı susur, amma
parlaq söz onlardadır. Və markiz
çıxartır dəbilqəsini. Tünd
saçları yumşaqdır, başını əyəndə
tökülür alnına qadın saçları kimi. Və Lanqenau da görür uzaqda düz, tünd nəyində
ucaldığını. Və
parıldadığını. Tək-tənha
sütun. Və bir müddətdən sonra başa
düşür bunun madonna olduğunu.
Ocaq. Hamı ətrafında oturub gözləyir. Gözləyirlər kiminsə nəğmə
oxumağını. Amma hamısı elə
yorğundur ki. Ağırdır
ocağın qırmızı alovu. O tozlu çəkmələrə
düşür, ayaqlarda oynayır, dizlərin üstündə
unudulmuş ovuclara boylanır. Qanadsızdır
o. Buna görə də üzlər zülmətdədir.
Amma balaca fransızın gözləri
parıldadı bir anlıq. O balaca
qızılgülü öpüb təzədən gizlətdi.
İndi qoy sinəsində solsun. Fon Lanqenau hər şeyi gördü, çünki
yuxusu gəlmirdi.
O
düşünür: "Mənim qızılgülüm
yoxdur, yoxdur qızılgülüm mənim." Və onda fon Lanqenau nəğmə oxumağa
başlayır. Bu qədim, qəmli
mahnıdır. Onu qızlarımız
payızda, tarlada oxuyurlar.
Balaca
fransız soruşur:
"Siz hələ çox cavansınız, elə
deyil?"
Kədərli
halda cavab verir Lanqenau:
"On səkkiz
yaşım var..."
Və hər ikisi susur.
Sonra
fransız soruşur:
"Sizin
də nişanlınız var, yunker?"
"Bəs sizin?" Sualla cavab verir Lanqenau.
"Sarışındır, sizin kimi."
Yenə
susurlar və alman qışqırır:
"Bəs onda bu lənətəgəlmiş torpaqda at
sürüb kafirlərin üstünə getmək nəyə
lazım?"
Və
markiz gülümsəyir:
"Geri qayıtmaq üçün."
Lanqenau qəmlidir. Xatırlayır bir yerdə
oynadığı sarışın qızı. Şıltaq oyunlar. Kaş indi evə gedə
biləydi, evə, lap elə bircə dəqiqəlik, kaş
qıza deyə biləydi ki: "Bağışla məni,
Maqdalena, bağışla ki, həmişə belə
olmuşam."
"Nə üçün - olmuşam?" - deyə
fikirləşir.
Elə uzaqdırlar ki, bir-birindən.
Budur, dan
söküləndə - bir atlı
görünür, sonra daha biri, sonra dördüncü, sonra
beşinci. Zirehli, zəhmli atlılar. Sonra minlərlə - böyük ordu.
Ayrılmaq vaxtıdır.
"Uğurlu yollar, markiz. Tez qayıtmağı
arzu edirəm sizə."
"Məryəm ana sizi qorusun, yunker."
Amma onlar ayrıla bilməz, onlar qardaşdır, dostdur. Bir-birləri
haqda o qədər şey bilirlər ki, hələ bir-birinə
deməli o qədər sözləri var ki. Yavaşıyırlar. Və ətrafda
at nallarının səsi, tələskənlik. Və markiz həddindən artıq böyük əlcəyini
çıxartır sağ əlindən. Həmin
qızılgülü əlcəyin içindən
götürür, bir ləçəyini qopardır.
"Bu sizi qoruyar. Salamat qalın."
Fon Lanqenau çaşıb qalır. Uzun-uzadı
baxır fransızın dalınca. Sonra yad
ləçəyi soxur mundirinin altına. Və
ürəyinin döyüntüsüylə titrəməyə
başlayır ləçək. Boru
çalınır. Yunker atını məhmizləyir.
Müharibə gözləyir. O
gülümsəyir kədərlə: indi onu yad qadın
qoruyur.
Qarmaqarışıqlıqla keçən gün. Söyüşlər,
gülüşlər - torpaq titrəyir. Oğlan
uşaqları qaçışır. Dava
edirlər, qışqırırlar. Qırmızı
şlyapalar oynayır axan saçlarında fahişə
qızların. Fahişələr göz
vurur. Tünd qara rəngli əsgərlər
keçir, yaxınlaşan gecə kimi tünd qara. Qızları tutub paltarlarını cırırlar.
Onları barabanların üstünə
yıxırlar. Çırpınan
qızların əlləri döyəcləyir barabanları,
barabanlar tənbəl-tənbəl səslənir, yuxu ortasındaymış
kimi. Gecə isə ocaqlar qalanır, qəribə
alov püskürür ocaqlardan. Elə bil
şərab işıldayır dəbilqələrdə.
Şərab? Yoxsa qan?
Kim seçə bilər ki?..
Bu da Şpork. Ağ atının
yanında dayanıb qraf. Uzun
saçları dəmir kimi parıldayır.
Fon Lanqenau heç nə soruşmur. O generalı tanıyır,
atından sıçrayıb toz dumanı içində təzim
edir generala. Cibindən qrafa çatacaq
kağızı çıxarıb uzadır. Qraf əmr
edir:
"Özünüz oxuyun."
Dodaqları heç tərpənmədi də. Lazım da
deyil. O dodaqlar ancaq söyməyə yarayır. Qalan şeyləri sağ əli deyəcək.
Bəsdir, nöqtə - bu da onun əlaməti.
Yunker çoxdan oxuyub qurtarıb. Harda dayandığını da unudub. Şpork kəsib hər şeyin qabağını.
Hətta göy üzü də itib. Və
onda Şpork, böyük general deyir:
"Kornet."
Nə
böyük lütf!
Eskadron alayı Rabın o biri sahilindədir. Fon Lanqenau
çapır, təkdir. Düzənlik.
Gecə.
Sonra Ay doğur. Ay kornetin əllərini işıqlandırır.
Korneti yuxu aparır.
Birdən hardansa eşidilir qışqırıq.
Elə bu
anda
dağılır yuxusu.
Yox.
Bayquş deyil bu. Qabaqda
Ağarır
tənha ağac: Xilas et!
Və o görür ki, orda nəsə tərpənir. Tərpənir bədən,
gənc qadın bədəni...
Çılpaq,
qan içində,
Yalvarır
ki, ipləri qırın!
Və o
qara otların üstünə tullanır,
Və ipləri qırır.
Və
görür onun baxışlarını
Və işıldayan dişlərini.
Yoxsa o gülür?
Tullanır yəhərə. Çapır.
Ürəyi qorxu dolu.
Amma ata bilmir ovcundakı qanlı ipi.
Fon Lanqenau fikrə gedir. Məktub yazır.
Yavaş-yavaş kağıza yazır iri, aydın hərfləri:
"Əziz
anam,
Fəxr edin, mən bayraqdaram.
Nigaran qalmayın, mən bayraqdaram.
Məni sevin, mən bayraqdaram."
Sonra gizlədir məktubu mundirinin altında, ürəyinin
üstündə, qızılgül ləçəyinin
yanında. Fikirləşir ki, tezliklə məktubdan da gələcək
qızılgül ətri. Və fikirləşir ki, bəlkə
kimsə tapdı onu... Və yenə fikirləşir ki,
düşmən o qədər yaxındır ki...
Atlar ölmüş kəndlinin üstündən
keçir. Gözləri açıqdır kəndlinin və nəsə
əks edir o gözlərdə. Yox,
göyüzü deyil bu. Sonra itlər hürür. Deməli, kənd var yaxınlıqda. Komaların üstündən hündür daş qəsr
görünür. Geniş körpü
açıqdır onlara. Qapı
ucalır. Buynuzlar çalınır
salamlama mənasında. Qışqırıqlar, səs-küy,
it hürüşləri! Atlar kişnəyir,
nallar yeri döyəcləyir.
Dincəlmək!
Kef çəkmək. Heç
nə haqda fikirləşməmək. Axarına
buraxmaq hadisələri. Hər şey
yaxşılığa doğru. İpək
döşəkağılarda uzanmaq. Sən
indi əsgər deyilsən. Sərbəst-azad
yaxanı açmaq. Kürsüdə
yayxanmaq. Çiməndən sonra bədənin
dincəlməyi üçün. Təzədən
qadının nə olduğunu öyrənmək. Necə güldüklərinə, əllərinə
baxmaq. Sarışın oğlanlar meyvə
dolu siniləri gətirənə qədər.
Nahar kimi başlamışdı. Və gözlənilmədən
ziyafətə çevrildi. Məşəllər
yandı, səslər dalğalandı, nəğmə səsləri
büllur badələrdə əks-səda verdi,
gözlər parıldadı. Və hamı
başladı oynamağa. Zalda ləpələr
dalğalanırdı elə bil.
Tünd şərabdan və minlərcə güldən
axıb tökülür saatlar gecənin yuxusuna.
Və bir nəfər dayanıb ancaq, tərpənməyə
qorxur, oyanmaqdan qorxur. Axı ancaq yuxularda olur bu cür
qadınlar, anları gümüş sözləriylə qiymətləndirən,
əllərini qaldıranda qızılgül dərdiyini
sandığın, hətta qızılgül olmayan yerlərdə
də. Və onda arzulayırsan ömür
boyu burda qalmağı, bu qadınların əhatəsində
olmağı, bu qadınların başını
taclandırmağını.
Və bəyaz ipək geyinmiş oğlan başa
düşür ki, daha oyana bilməz, çünki o
yatmır, o həqiqətlə üz-üzədir. Və qorxmuş halda yuxuya
sığınır: o parkda dayanıb indi, tək-tənha
dayanıb qaranlıq parkın ortasında. Ziyafət
uzaqdadır. Məşəllər
aldadıcıdır, gecəsə lap yaxında, gecə sərin
və yaxındır.
Və o
soruşur yanındakı qadından:
"Sən kimsən? Gecəsən?"
Və qadın gülümsəyir.
Osa əynindəki
bəyaz ipəkdən utanır.
Uzaqda, zirehli geyimdə olmaq istəyir birdən.
Başdan-ayağacan zirehli geyimdə.
"Yadından çıxıb? Sən axı bu gün mənim
nökərimsən! Məni atıb gedirsən?
Bu bəyaz ipək içində mənimsən..."
"..."
"Bəlkə mundirin üçün
darıxmısan?"
"..."
"Soyuqdur? Bəlkə eviniz üçün
darıxırsan?"
Gülümsəyir qrafinya.
Yox. Sadəcə, uşaqlıq sürüşüb
düşdü çiyinlərindən,
uşaqlığın tünd paltarı. Axı kim çıxartdı onu?
"Sən?"
O, öz
səsini tanımır.
"Sən!"
Və onun əynində artıq heç nə yoxdu. O, müqəddəs kimi
dayanıb. Qamətli, çılpaq, nurlu.
Yavaş-yavaş sönür qəsrin işıqları. Hamı yatmaq
istəyir, hamı yorulub, bəzisi vurulub, bəzisi sərxoş.
Bu qədər uzun, əbəs gecə
yürüşlərindən sonra çarpayıda yatmaq.
Hündür, palıd çarpayılarda.
Burda dualar da başqa cürdür, səfər
vaxtı uzandığın səngərlərdəki kimi
deyil, uzananda məzara uzandığını
sandığın səngərlərdəki kimi.
-
Tanrım, yaxşısını sən bilirsən!
Çarpayılarda dualar qısadır.
Həm də daha səmimi.
Qəsrdə işıqları söndürüblər,
qaranlıqdır.
Amma onlar təbəssümləriylə
işıqlandırır bir-birinin sifətini. Kor adam
qapını axtaran kimi axtarırlar bir-birini. Uşaqlar
damdabaca qorxusuyla bir-birinə qısıldığı kimi
qısılırlar bir-birinə. Amma onlar
heç nədən qorxmur. Onlara hansı
təhlükə üz verə bilər ki? Nə dünən
var, nə sabah. Vaxt
dağılıb. Və onlar cücərib
vaxtın xarabalığında.
O
soruşmaz: "Ərin kimdir?"
Qadın
soruşmaz: "Adın nədir?"
Axı onlar yeni nəsil yaratmaq üçün
görüşüblər. Onlar bir-birinə minlərlə
ad qoyacaqlar, sonra sakitcə alacaqlar adları bir-birindən,
sırğa çıxardırmış kimi sakitcə və
rahat.
Dəhlizdəki
stulun üstünə atılıb fon
Lanqenaunun zirehi, mundiri, plaşı. Əlcəkləri
yerə düşüb. Bayraq da pəncərəyə
söykənib, dik dayanıb. Pəncərənin
dalındakı fırtına gecəni parçalayır
ağ-qara hissələrə. Göy
üzünə uzanan ildırımın işığı
düşür içəri, bayrağın kölgəsi
sürünür döşəmədə.
Bayraq yatır.
Bu nədir? Pəncərə açılıb?
Fırtına içəri girib? Qapılar nə üçün belə
çırpılır? Evdə kim gəzir?
Qoy gəzsin. Fərqi yoxdur.
Heç kim bu otağa gəlib
çıxa bilməz. Yüz qapı
arxasında böyük yuxu var, iki nəfər o yuxunu
bölüşür, yuxu birləşdirir onları, ana kimi,
ölüm kimi.
Səhər açıldı artıq? Günəş
çıxdı? Nə böyük günəşdir!
Quşlar da gəlib? Hər
yerdə cəh-cəhləri eşidilir.
Hər tərəf işıqlıdır, amma
gündüz deyil hələ.
Səs-küy və qarmaqarışıqlıq, amma
quşlar deyil.
Pəncərələr qışqırır. Qırmızı
qışqırıq püskürürlər bayıra,
düşmənin üstünə, uzaqda
"Yanğın!" qışqıran düşmənlərin.
Və üzlərində yuxunun əlamətləri,
yarıçılpaq bədənlə qaçırlar
zaldan-zala, otaqda-otağa, pilləkanları axtarırlar
düşsünlər aşağı, həyətə.
Həyətdə
qışqırır borular:
"Toplanın! Toplanın!"
Və guruldayır barabanlar.
Bircə bayraqları yoxdur onların.
Qışqırırlar:
"Kornet!"
Atların kişnərtisi, dualar,
qışqırıqlar.
Artıq
hirslənib səs sahibi: "Kornet!"
Dəmir cingiltisi, əmr, göstəriş.
"Kornet!"
Bir daha:
"Kornet!"
Və çıxır bayıra atlar.
..............................
Bircə bayraqları yoxdur onların.
O,
qaçır, o, yanğına can verməz, qapılar, divarlar
sözləşib ona qarşı, bu da pilləkan. Qəsrdən qaçmaq lazımdır. Qucağındadır bayraq, huşsuz qadın kimi
aparır onu. Bu da mənim atım. Tələs. Bu qışqırıq, bu
qışqırıq, tələs, tələs, yadlardan,
özümüzkülərdən qaç, tələs.
Və ancaq onda bayraq özünə gəlib
qabağında əsir onun. Və indi görər
hamı onu uzaqdan, yarıçılpaq, dəbilqəsiz
oğlanı və hamı tanıyar bayrağı...
Amma birdən
parıldamağa başlayır bayraq, alovlanır,
böyüyür...
..............................
Bayraq yanır düşmənlərin əhatəsində
və onun dalınca düşüb düşmənlər.
Fon Lanqenau düşmənlərin əhatəsindədir,
amma tək-tənha. O, tək-tənha çırpınır qorxu dairəsində,
yanan bayrağıyla bir yerdə.
Yavaş-yavaş, düşüncəli halda boylanır
ətrafa. Hər şey o qədər qəribə, rəngarəngdir
ki. "Bağça" - deyə fikirləşir
və gülümsəyir. Nəzərləri
üstündə hiss edib baxır, üzləri görür və
tanıyır düşmən itləri, atı üstlərinə
çapır.
Dairə daralır, daralır - bura həmin
bağdır, on altı dənə nizə ona tuşlanıb
- yenə həmin ziyafət.
Mundir qəsrdə yandı, içində məktubla yad
qadının gül ləçəyi də.
Yazda (bu
yaz soyuq, kədərli gəlmişdi) baron fon
Pirovanın çaparı Lanqenauya yaxınlaşırdı.
Orda o yaşlı qadının necə
ağladığını görəcəkdi.
1899
Birinci çapı: 1906
- Rayner Mariya Rilke
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.29.