ADONİS
Gözlərində bir inci var...
Günlərinin sonunda,
küləklərdən
qığılcım toplayır.
...Və yağış adalarından
əllərində bir dağ yaradır.
Tanıyıram o kişini;
gözlərində dənizlərin
ilhamı gizlin,
məni tarix adlandırdı...
...Və bir şeir
ki,
yuyur bir yeri.
Tanıyıram:
məni sel adlandırdı.
***
Gündüzdən danışsaydı əgər
gecənin müjdəsini
verərdi.
Yaxşı,
tənhalığımdan çıxıram
çölə.
Amma hara gedim?!
Hər bir sualla bölünürəm
iki yerə-
sualım və özüm.
Sualım
cavabsızlıqda
və özüm bir başqa sualın arxasınca...
Necə
edim bu göy
üzüylə ki,
çiyinlərimdə solur.
Həyat,
ölümün iksiridir,
onun üçün
qocalmır heç zaman.
Dəniz
yuxudadır həmişə
Onun üçün
ayaqüstə görməzsən.
Dəniz
meşə olsa əgər,
Sözlər də göyərçindir.
Qayalar suların
nəğməsinə etinasızdır.
Bir göy cismi çökür,
bir yarpaq da elə...
Amma o orda, bu isə
burda!
Bir tənbəl səhər yeli,
halsızdır ayaq üstə durmağa.
Bu güldən vaz
keçəmmir.
Ən işıqlı parıltılar,
ürəkdən gəlir,
qara buludlardan elə...
Ölmüş dodaqlardan sonra
çox çətin
ki,
biz həqiqəti başqa birisindən qəbul edək.
***
Göz yaşlı pəncərələr
köçür...
Qolu düşük dağlar,
Hava... qəmgin küknar,
Köhnə əncir ağacı,
izləyir onu hər dəm
Kirpiyi ayaqlarına
yapışır ağlamaqdan.
Bir iynədir süküt,
tikir quşların kəfənini.
Elə sandım ki,
Bir qızcığazın zümzüməsini
eşidirəm,
yataq üstə qoyub əllərini.
Sallanıb kirpiyi,
sanır, bir kəpənəkdi
ya da göy üzü, rəngini görməmiş
bir gəlincik kimi...
Xəyalımda,
gecə-qonaqlığındayam...
Məni nəvəsi bilən bir qadının yanında.
Hər gecə nağıllarına
əsir edir bizi
Qaranlıqdan parlaq bir paltarda,
dəniz pərisi...
Bir qığılcım ya da kabus kimi
bizi sevə-sevə qonaq edir obasına...
Küləyə bənzər paltarını,
bizə geyindirir.
Təpə başında sürünün
gözətçisini
Qurdlar öldürür ya da,
o onları...
Bir göz qırpımı içində,
oğurlayırlar məşuqəsini.
Xəyalımda,
Səfərə getmiş zamanın saçlarını tuturam.
Hörüb pəncərəyə çevrirəm.
O qızcığazı, nənəsini,
Və bütün keçmişi
geri qaytarıram.
***
Bir qadındı Nyu-York,
Bir qadının
heykəli.
əlində bir kağız qaldırmış
ki,
biz ona "Tarix" deyirik.
O azadlıqdan oxuyur
Və o
birisi əliylə
"Planet"
adlı bir uşağın
boğazını sıxır...
***
Yuxuya gedib əllərim...
Yuxuya gedib
əllərimin damarları.
ümidsizlik
əsnəyir ürəyimdə,
gözlərimdə...
...yol gedirəm
çatmıram bir yerə.
yol gedirəm,
yanıram...
***
Səhər çatdı yoldan,
və çatmadım
mən.
İtirmişəm yolu qaranlıq kölgədə.
Aydınlığın kölgəsizliyində
Sanki taqətim tükənib -
əlimdə bir bardaq,
sərxoşam!
Qulağımı divara söykəyirəm
bir çatlaqdan
Bəlkə bir səs eşitdim
***
Elə bir yolda addımlayıram
ki,
Tanrını pərdələrdən asıblar
Bəlkə onu dəyişə bildim.
***
Əsəblərim quruyur
saman kimi,
Odunçunun baltası kimi
Mənim
dərimin altındakı,
hansı qəribdi?
***
Əyilmərəm,
Vətəni bağrıma basmaqdan özgə.
Məni
süd verən bir ananın sinəsiyəm ki,
məhəbbət saçır...
Mən bir möminin alnıyam!
***
Ölümlə yaşamı eyni
görən şəxs,
gecəni yazır,
güdüz isə fəryadına çatır.
Və həyatın yarpaqları
silgi kimi
silir onları...
***
Nur daşına
ömrümü hək edirəm.
Bir buğda toxum kimi
bağışlayan!
Hərflərimi duman alıb
Sözlərim qaranlıqdadı.
Bir toxum kimiyəm,
bir işıq kimiyəm
Yaranıram...
Və bir tikə həyatam,
bir tikə çörəklə yaranıram.
***
Ölsəm əgər
Kim biləcək bu ölmüş səs
mənim səsim
idi.
Ölsəm əgər
Kim biləcək, buralarda olduğum
həmişə dərinlik
idi,
həmişə uzaqlıq
idi.
Ölsəm əgər
Kim biləcək sevirdim səni,
küləyi qucağıma
alam...
Ölsəm əgər
Kim biləcək maqnitə bənzər bir şey
yerləşibdir dilim üstə...
Mən ölsəm əgər
Kim biləcək günəşin
rəngiydi gözlərim
qarın ağlığı
idi, addımlarım...
***
Üzgünəm
buna görə ki,
şeirlərimlə,
sehrli sözlərimlə
birgə
bir qadını qoruya bilmirəm...
Qara geyimliyəm
Dünyanın əzasında daha
heç şey bəlli deyil.
Nə bir nəğməsi gözəldir,
nə bir hekayəsi.
Üzgünəm
Dünyada olan bu gərçəkliyə
görə.
***
Güzgü nədir? -
İkinci
üz,
üçüncü göz.
Qürub nədir? -
Bir qandır
ki günəşdən
axır.
Ümid nədir? -
Ölümün vəsfi.
Həyat
dilində
Yataq nədir? -
Gecənin içindəki gecə...
Göy üzü
nədir? -
Bir nərdivan ki,
yuxarı qalxarkən
qırılır.
Gərçək nədir? -
Çöküntü- çayın dili.
Yoxsulluq nədir? -
Yer üzündəki
addımlayan məzar
Dostluq nədir? -
Bir başqa günəş
Çilpaqlıq nədir? -
Bədənin başlanğıcı.
Şeir nədir? -
Limansız gəmi.
Yastıq nədir? -
Gecənin birinci pilləsi.
Tarix nədir? -
Təbil çalan bir kor.
Depressiya nədir? -
Bədənin qaranlığı.
Dil nədir? -
Yola bənzər bir qatar
Səfərdir,
çatmaqdır...
Bağça nədir? -
Bir qadın ki, şeir yazır;
yuxuda yazır,
sükutda oxuyur.
Öpüş nədir? -
Tapılmayan meyvə.
Yaradılış nədir? -
Hadisənin əlindəki üzük.
Məzmun nədir? -
Anlamsızlığın başlanğıcı,
anlamsızlığın sonu...
Tərcümə edəni:
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.27.