Əjdər Ol: Közərən
ocaqların nəğməsi
"Pərdə
qalxır və biz nə vaxtsa lap çoxdan
başlamış tamaşaya baxırıq"
E.İonesko
Həyat tamaşadır, hər gün
gördüyümüz birpərdəli və yaxud çoxpərdəli
tamaşa. Özümüz iştirakçısı
olduğumuzdan adiləşib gözümüzdə.
Üzümüzü yana tutub keçirik.
Ona görə ki, bizim üçün "olum" var,
"ölüm" (!) yoxdur. Varsa da bizlik deyil,
"başqaları" üçündür. Allaha təvəkkül deyib yaşayırıqsa, məchul
bir sonluq haqda düşünməyə nə hacət?
Yaradan öz qüdrətli qələmilə bizim
bütün ömrümüzü cilalanmış şəkildə
yazıb! Bizə sadəcə o Gücün -
dünyanın (təbiətin) bu qüsursuz nizamı
qarşısında heyrət və səcdə etmək
qalır.
Bu sətirləri yaza-yaza qonşudan ğələn əndrəbadi
səsləri dinləyirəm. Qonşum (...kişi)
həyətdə gəzə-gəzə əsnəyir. Heç fərqinə varmır gecə
yarıdı, yalquzaq kimi səs çıxarır. Axır zamanlar hər şeydə mistika axtarıram.
İndi də belə, əsnək-əsnək gətirər
axı! Lənət şeytana deyirəm, məni
masa arxasına çəkib gətirən Əjdər Olun mənə
bağışladığı kitabda ("Tütün
limanı", Bakı. Qanun nəşriyyatı)
gedən portret hekayələridir. Bu hekayələrlə
çoxdan tanış olsam da fürsətdən
istifadə edib yenidən oxudum və aldığım təəssüratı
başqalarıyla (bəlkə də özü ilə)
bölüşmək istəyinə düşdüm.
Onun nəsr
əsərlərini, janr müxtəlifliyindən asılı
olmayaraq, oxuyub başa vurduqdan sonra bir müddət mütaliəyə
ara vermək və yenidən
oxuduqlarını gözdən keçirmək
lazımdır. Rəssamın ciddi rezonans
doğurmuş tablosuna, bir qədər kənara çəkilib
baxıldığıtək. İşıq
və kölgə arasındakı əbədi mücadilənin
sonucları kənardan daha yaxşı görünür, qiymətləndirilir.
Məncə baxmaqdan (və necə görməkdən)
çox şey asılıdır,-arxetipik yuxu kimi...
Əjdər Olun portret hekayələrində
özümüzü görər, gələcəyimizi təsəvvür
edə bilərik. Hekayə qəhrəmanları sanki bizimlə təmasa
girir, bizi silkələyirlər, - bir anlıq dönüb
arxaya baxaq deyə. Nevrozlu cəmiyyətin ikiləşmə
əlamətləri aydın görünür. Bizim gözləntilərimiz, başımıza gələcəklər
yaşadıqlarımızdır, gözlərimizin
qarşısında şəkilləndikcə-şəkillənir.
Yəqin biz qilaflı adamlarıq, qurtulmağa
(qlafın əsarətindən) heç çaba da göstərmirik.
Hekayə qəhrəmanları əbədi bir
ağrının (itirilmiş cənnətin)
daşıyıcılarıdır. Burada onu da
vurğulayım ki, bu ağrını yaşayan (və bizdən
keçirən) elə müəllifin özüdür.
Ağrılı nəfəs kitabdan
üzümüzə vurur. Bu həm də bəşəri
ağrıdır - insan faciəsinə deyilən ağı
kimi!
Əjdər Ol öz taleyi ilə barışanların
hekayətini yazır. Yaxınları tərəfindən bir gün öləcəyi
qəbul edilən
xəstənin, hər gün, hər saat ağırlaşan
halıyla, biganə gözlərə baxa-baxa
yaşadığı tək.
Gecənin qaranlığında pəncərədən
düşən işıqda çiyin-çiyinə verən
ağaclara baxıram. Ağaclar da insanlar kimi susur.
Çoxluq toplum arasında başqalarının
qayğılarına (ağrılarına) olan fatal münasibət bizdə rituallaşıb...
"... Başdaşının arxasında qalaktika cizgiləri
vardı. Bu onun fantast yazıçı
olduğuna işarə idi" ("Yazıçı Namiq
Abdullayevin axırı"). Orta məktəb
illərində Namiq Abdullayevin əlimə keçən
bütün kitablarını oxumuşdum. Yeri
gəlmişkən, fantast yazıçı ilə iki dəfə
görüşmək qismətimdə varmış.
"Namiq
müəllim artıq yorulmuşdu, əli qələmdən
soyumuşdu... Azərbaycan televiziyasının
uşaq proqramı üçün ayda bir dəfə
yazdığı balaca ssenarini ondan qopardınca bizimki bizə
dəyirdi".
Milli dəyərlərimizin textonik hadisələri
sükutla qarşılanır. Su öz qabının
şəklini aldığı kmi biz də
düşdüyümüz vəziyyətə, gündəlik
yaşam şərtlərinə görə həyatımızı
qururuq, daha doğrusu uyğunlaşırıq. Guya bu belə də olmalıymış. Laməkanlıq (ironik səslənsə də)
canımızdakı tənbəllikdənmi qaynaqlanır,
biganəlikdənmi?! Ömrün çat verdiyi yerdən
baxanda insan nə vaxt, harada
sıxışdırıldığını
xartırlayırmı görən? Xatırlasa
da qədərə üsyan etmək olarmı?!
"Doqquz yaşlı Namiqin atası 1937-ci ildə
tutulandan sonra ondan bircə məktub gəlir. Həmin məktubda ata
başqa uşaqlarının deyil, yalnız Namiqin
adını çəkib arvadına tapşırırdı
ki, bu balamdan
muğayat ol, onun gələcəyindən nigaranam".
Görən, möcüzəyə (bəxtə) bel
bağlamaq olarmı? Inanmaq olarmı, kimsə səni bir
gün qırxarşınlıq quyunun dibindən,
işıqlı dünyaya çəkib çıxaracaq?
"Namiq Abdullayevin də tozanaq qaldıran vaxtları
olub... siyəzənli müəllimin birdən-birə bəxt
üzünə gülür. O zaman "Uşaqgəncnəşr"in
baş redaktoru işləyən... qocaman jurnalist Hacı
Hacıyev mətbuatda fantastik hekayələri ilə
görünən, həmin nəşriyyatda təzəcə
ilk kitabını buraxdırmış gənc
yazıçını Bakıya işləməyə dəvət
edir. Fantastın həyatında ciddi bir dəyişiklik
baş verir... Tezliklə baş redaktoru işdən
çıxarırlar. Təbii ki,
vurulmuş adamın adamı sayılan Namiq Abdullayevin də
mitili işdən bayıra atılır".
Qədərin, qismətin əlində əsir-yesir olan
insan olacaqların qarşısında başını əyir. Demək onunki
bura qədərmiş. Taleyin sərt oyunlarına dözməkdən
başqa çarəmi qalıb?!
"İndi
kimi inandırasan ki, ömrünün axır illərində
ortada qalan, düşkünləşən bu adam sovet
hökumətinin kəshakəs vaxtında Televiziyada Tədris
proqramları redaksiyasının baş redaktoru kimi
sayılıb-seçilən bir vəzifədə
çalışıb".
Bax budur
öz taleyi ilə barışan adamın
ömürlüyü... Belədə adamın
içinə xof dolur, unudulmaq xofu. "Rəhmətlik
həmişə mənə deyərdi ki, tez-tez gəl mənə
baş çək birdən düşüb ölərəm,
xəbər tutanım olmaz." Unudulmaq
yaman şeydi, adamı gecə-gündüz qurd kimi yeyir.
Günahı kimdə, harada axtarasan ki, alın
yazısından qaçmaqmı olar? Keçmişini
itirən, gələcəyi də olmayan insanın baş
götürüb gedəcəyi, (qaçacağı
) yer haradır görən?!
"- Şələ-küləmi
yığışdırmışam, buradan gedirəm.
Onun verəcəyi
cavabı qabaqcadan bilsəm də dilim dinc durmadı,
soruşdum:
- Hara?
O,
çiyinlərini çəkdi:
-
Heç özüm də bilmirəm. Haram var,
hara gedəm?! "
Bu yerdə
müəllifin səsi elə yaxından gəlir
ki..."-Namiq müəllim xoşu gəldiyi, ürək
qızdırdığı adamın yanında lap əsir
qalmağa da razı idi" ("Yazıçı Namiq
Abdullayevin axırı").
Əjdər Ol mükəmməl portret ustasıdır. Onun qələmində
xarakter cizgiləri elə incəliklə üzə
çıxır ki, obrazların (prototipləri nə qədər
yaxından tanısaq da) möhtəşəmliyinə,
canlılığına heyran qalmamaq olmur:
"Yazıçılar arasında ən
söyüşcül, ağzının qaytanı olmayan Aqil
Abbas coşur: - Sən elə hekayədə də adamın
anasını ...
Bəlkə
də ömrü boyu dilinə söyüş gətirməyən
Rafiq bəyin bu anda Mahatma Qandinin sifətinə oxşayan,
çöhrəsini və hədəqədən
çıxmış gözlərini görən Aqil
Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və
o, biədəb soz əvəzinə başqa kəlmə
işlətməyə məcbur olur:... -
ağladırsan!" ("Rafiq Tağı ki, Rafiq
Tağı")
Portret hekayələr birnəfəsə, ruhani bir
auranın həzzi içində oxunur. Və nə qədər
birnəfəsə oxunsa da müəllifin, - bu vətən sevdalısının işıqlı üzü
"radardan", - diqqətcil oxucunun nəzərindən
yayınmır. "Sevdalı" sözünün altını xüsusilə
cızıram. Çünki bizə təqdim
olunan ədəbi qəhrəmanlar (müəllifin yaxın
dostları) oğul, qardaş sevgisiylə süslənib.
Onların hər atdığı addımda müəllifin zərif
və olduqca incə təbəssümünü sevməmək
mümkün deyil: "- Qabaqlar yazdıqlarına görə
hərdən Rafiq bəyə acığım tutardı. Indisə,
onun yazılı saçmalarını görəndə
başımı bulayıb, qımışa-qımışa
onun heç vaxt düzəlməyəcəyini
gözümün altına alıb, öz-özümə
deyirəm: Rafiq Tağı ki, Tafiq Tağı.."
Əsrlər öncə, uzaq illərin axarında qədim
əcdadlarımız ocaq başında
ağrılarını-əzablarını ağılarla
çatdırıblar bizlərə. O ağılar ki,
bayatılaşıb, nəğmələşib, şaman
duası tək dildən-dilə, ağızdan-ağıza
keçərək sərhədlər adlayıb. Lütfən
özünüz deyin, aşağıda oxuduğumuz sətirlər,
- Əjdər Olun pıçıltıyla bizə söylədikləri
totem obrazın səsi deyilmi?! - "Rafiq Tağını kim
öldürmək, və öldürtmək istəyib?... Bəlkə onun şəxsi düşməni
varmış?.. Amma tam əminəm
ki, onu Fizulinin, Mirzə Cəlilin, Mirzə Ələkbər
Sabirin ruhunu incitdiyi üçün deşik-deşik eləmədilər.
Bizdə Fizuliyə, Mirzə Cəlilə, Sabirə görə
adam bıçaqlamazlar." ("Rafiq
Tağı ki, Tafiq Tağı..")
Əjdər Olun nəsri güzgü effekti
(metaforası) yaradır. Bu "ayinədə" hər şey
olduğu kimi "düzü düz, əyrinui əyri"
göstərir. Onun qələmi proporsional
müstəvidədir, ədalət tərəzisində
tarazlığın qorunmasına xidmət edir. Özünün də yazdığı kimi,
"Allaha şükür, yaşadığım mühitdən
mən çox boğazdanyuxarı danışmağı da
öyrənmişəm, boğazdanaşağı
danışmağı da. Amma çox
yaxşı bilirəm ki, Əlisəmidə belə şeylər
keçmir. Ona görə də qələmin
başını buraxmışam." ("Kür
Əlisəmid").
Müəllifin "bədii-psixoloji emosiyalar
palitrasında" (Elçin) "qələmin
başı" buraxılsa da oxucunu təxəyyül
dumanlığına, -yalana sürükləmir. Hekayə qəhrəmanları
səmimiyyəti ilə seçilir, kimdirsə, nəçidirsə,- özləridi: "- Başqası
olsaydı bu əhvalatın axırını öz xeyrinə
dəyişərdi ay nə bilim, divə kəllə
atdım, yaxud ona birini ilişdirdim və s . Əlisəmid
kəllə atan olsa da etmədiyini "etdim" deməz,
başına gələnlərin hamısını olduğu
kimi boynuna alandır. Bax onun ürəyinə
yatan cəhətlərindən biri budur". Və yaxud:
"Əlisəmid əliaçıqdır, həm də eləsindən
ki, onu xəzinə üstünə qoysan, bir həftədən
sonra gəlib görərsən ki, nəinki xəzinənin
içindəkilər tanış-bilişə paylanıb, hətta
xəzinənin yerləşdiyi bina da dostlarından birinin
ayağına keçirilib" ("Kür Əlisəmid").
Bilmirəm ürəyimdən keçənlərin
hamısını yaza bildimmi? Əlbəttə, bu kiçik
yazı Əjdər Ol yaradıcılığının
"nəzəri-estetik miqyasını" (Elçin) ehtiva
etmir, olsa-olsa, oxuduqlarımın məndə
oyatdığı (yaratdığı) intibalara assosiativ bir
yanaşmadır.
Sayın dostumuz bizimlə məhrəm söhbət edir,
yazdıqlarını qrimsiz-boyasız, qələminə
güvənib yazır. Allahın rizasıyla qələmdən
söz tumurcuqlayır. Bədirlənmiş
Aya salavat çeviririksə, sözə də salavat
düşür. Çünki hərf-hərf Allahın
nuruna boyanıb! Yoxsa hardan Əjdər Ol nəsrində
bu cazibə, bu sehr?! O sehrə, o ofsuna düşüb
portret hekayələri (və bütün nəsr əsərlərini)
bir daha oxudum.
P.S. Özünün sözüdür,
Musa Yaqubu oxudum xoşbəxt oldum deyir. Mən də
portret hekayələri oxuyub eyni hissləri yaşadım.
İnsanı xoşbəxt etməyə nə var ki...
Fəxrəddin Əsəd
Ədəbiyyat qəzeti.- 2018.- 11
avqust.- S.25.