Burdan bir atlı keçdi...

 

Qırmancı şimşək kimi

Parladı, çaxdı keçdi -

Burdan bir atlı keçdi...

Zamanla yarışırdı,

Zaman-məkan demədi -

Yel kim ötdü-keçdi...

 

Birinə çiçək atdı,

Çiçək selinə düşdü,

Murada yetdi-keçdi.

Arzuları çin oldu.

Neçə-neçə ürəkdə

Sevgi oyatdı keçdi,

Atın oynatdı keçdi...

 

Neçə zülmət yuvaya

İşıqlı qapı açdı.

Acı günlər gördü,

Şərbət, badə içdi!

Çox aylar ötdü-keçdi,

Çox illər ötdü-keçdi.

Bir gün gəldi hamıtək

O atlı da yox oldu,

Gözlərdən itdi-keçdi...

Kim qaldı ki, o qala?

Gün kimi şəfəq saçdı,

Ay kimi batdı-keçdi...

 

Əmanət

 

Köçəri quşlarıq, köçərik bir gün.

Dünyada qalanım elə əmanət.

Gülün rayihəsi, çiçəyin ətri

Çiçəyə əmanət, gülə əmanət.

Deyilən sözlərim duyan qəlblərə,

Deyə bilmədiyim dilə əmanət.

Dənizin qəzəbi, qaya dözümü

Qayaya, dənizə, gölə əmanət.

Öləziyən ocaq bir gün alışar

Alışdıran o köz külə əmanət.

qədər iz qalıb, sahibi harda?

O izlər, ləpirlər yola əmanət.

Ruhu da uçuran bir nəsim, yel var.

Didərgin qalmasın, yelə əmanət.

Canda hələ nəfəs, bədəndə ruh var.

Şükür, alınmayıb hələ əmanət!..

 

Qəm-qüssəni sil-bəsim

 

Daha o yaş deyil ki,

        zirvələrə yol gəzim.

Könlümü oxşayanlar,

        göz önündə qal-bəsim.

Dolanbac yollar ilə

        gəzməyə taqət hanı?

Düz yolum, düz cığırım,

        sən mənimlə ol-bəsim!

Güllük, gülüstanlığın

        seyri xəyal mənimçün...

Mənə tərəf uzanan

        bircə dənə gül bəsim!

Daha anlamışam ki,

        hər gün ömrə töhfədir.

Tanrının lütf etdiyi

        hər ay-bəsim, il-bəsim!

Qıçın taqəti yoxsa

Uzaqlara getməyə,

        hələ güclü, qüvvətli

        bu əl-bəsim, qol-bəsim!

Daha sevinc verməsən

        gileyim yox, dözərəm.

Ruhumadək sızladan

        qəm-qüssəni sil-bəsim!

 

Lövhə

 

Bir qatar qızılqaz

                        güneyə uçur,

Səma dediyimiz

                        mavi diyarda.

Bir not yazısına

                        bənzəyir quşlar

Vida nəğməsini

                        deyir qatarda.

Mənzilə yetişməz

                        hamısı yəqin,

Çoxu geri dönməz

                        bəlkə baharda

Mən sizin kimi

                        nisgil çəkirəm.

Mən harda durmuşam,

                        siz isə harda?!

Dönüş zamanında,

                        qismət olarsa,

Sizi gözləyəcəm

                        eləcə burda...

 

Qorun

 

Hər yol uğur yolu olmaz,

Ara, axtar yoldan qorun.

Sağ göstərib sol vururlar,                                                                                             

Sağdan qorun, soldan qorun.

Güllər şahı qızılgüldür -

Tikanlıdır, güldən qorun.

Sönmüş sanma hər ocağı,

Köz gizləyər, küldən qorun.

Göl var dənizdən dərin,

Dayaz bilmə, göldən qorun.

Hər əl xeyrə uzanmır ki!

Şər niyyətli əldən qorun...

Neştər kimi dəlib keçən

Acı, zəhər dildən qorun.

El mərdləri seçib, sevər.

Namərd olsan, eldən qorun!..

 

İçimdədir

 

Fərq etməz bahardır, fərq etməz qışdır,

Yağan bəyaz qardır, yoxsa yağışdır.

Elə bil ürəyim soyuq bir daşdır...

Qanımı donduran buz içimdədir.

 

Olur ki, özümdən gizlənirəm mən,

Sükutla qəlbimə səslənirəm mən.

Hara sığınsam da izlənirəm mən...

Özümü izləyən göz içimdədir.

 

Bəzən qəlbin yanan çağı da olur,

Günlərin qarası, ağı da olur.

Dost bildiyim nankor, yağı da olur...

Ruhumu yandıran köz içimdədir.

 

Hər insan bir sirli aləmdir, aləm!

Həm sevinc yaşayır ürək, həm qəm.

Çox da fəsillərə uyan deyiləm,

Payız içimdədir, yaz içimdədir!

 

İllərlə söz qoşur, söz yazıram mən,

Min cövrə, cəfaya hey dözürəm mən.

Məna ovçusuyam, iz gəzirəm mən,

Hələ deyəcəyim söz içimdədir...

 

Fərhad ƏZİZBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.21.