"Köhlən atları köhnə
kişilər minib o dünyaya getdilər"
"Köhnə kişilər"
silsiləsindən
Ənvər Məmmədxanlı
mənim çox sevdiyim yazıçılardan biridir
(sağlığında da, indi də), onun yaradıcılığı
haqqında bir neçə məqalə də yazmışam,
ancaq bu yazıların heç biri məni razı salmayıb. Ona görə də fikirləşdim ki, tamam fərqli
bir yazı yazım.
O, mənim
ilk gənclik illərimin sevimli yazıçısı idi. Lirik üslubda yazdığı hekayələri məni
sehrləmişdi. Xüsusilə,
"Karvan dayandı", "Ay işığında",
"Qızıl qönçələr" hekayələri
mənim üçün sanki romantik dünyadan gəlmiş əziz
qonaqlar idi. Bu hekayələrin dili o qədər lirik və
təbii idi ki, fikirləşirdim: yazıçı ancaq bu
tövr yazmalıdır. "Aşıq Valeh o
qədər qocalmışdı ki, neçə-neçə
yüz illər karvanını yola salmış,
budaqlarının bir çoxu qurumuş, bəziləri
qaralıb kösəyə dönmüş və
başına tarixdən əvvəlki ildırımlar
düşmüş qocaman bir çinara oxşarı
vardı" ("Ay işığında").
"Axşamlar günbatan çağı o meşədən
mahnı oxuyan bir səs ucalırdı və o meşə ki,
çox qalınlıq idi, gündüzün
işığı orda tez azalırdı, ağacların dibi
qaranlığa batırdı və axşam günəşinin
şüaları ilişirdi ağacların başında
qalırdı-bu vaxt elə bil meşə özü dil
açırdı və oxumağa başlayırdı"
("Karvan dayandı").
Belə bir yüksək dil mədəniyyətinə
malik olan yazıçı eyni zamanda, öz hekayələrində
yaddaqalan obrazlar da yaradırdı.
Çox
sonralar bu böyük yazıçı ilə tanış
oldum, bir neçə dəfə canlı söhbətlərinin
şahidi oldum. Onun bədii dünyasını
ötəri də olsa, seyr elədim və Ənvər Məmmədxanlı
mənə yaşadığımız dünyanın yox,
yaşamaq istədiyimiz, amma yaşaya bilmədiyimiz
dünyanın adamı təsiri bağışladı.
Fikirləşirdim ki, o,
otuzuncu-altmışıncı illərin bir çox məlum
insan stereotiplərinə qətiyyən oxşamır.
Bir Şərq adamı kimi möhtəşəmliyini qoruyub
saxlayasan, həm də zövqü, estetik düşüncə
tərzi etibarilə bir qərblidən seçilməyəsən,
- bu necə olur. Biz - yetmişinci-səksəninci illərin gənc
yazarları Ənvər Məmmədxanlıya tutiya-insan kimi
baxırdıq. Ona yaxınlaşmağa cürət
eləmirdik. Ancaq yaxınlaşdıqca, onunla lap
yarım saatlıq ünsiyyət yaratdıqca, hiss edirdik ki, bu
insanda Şərq müdrikliyi ilə Qərb aləmi - modern
dünya cizgiləri vəhdət təşkil edir. Bizə çox sakit, təmkinli insan təsiri
bağışlayan Ənvər Məmmədxanlının
ssenarisi ilə canlanan "Babək" filminə baxdıqda
onun necə bir azadlıq aşiqi olduğunu dərk edirdik.
"Kəllə və qızılgül"
feerik komediyasını oxuduqda isə heyrətimizi gizlədə
bilmirdik - Ənvər Məmmədxanlı XX əsrin
böyük elmi möcüzələrinin insan
duyğularında necə əks-səda
yaratdığından söz açırdı.
Ənvər
Məmmədxanlının bir
insan-yazıçı-ziyalı kimi, elə bilirəm, iki
dövrü olub: Birinci dövrü onu bir yazıçı
kimi tanıdıb. O, nəsr və dram əsərlərini
yazıb, müharibə illərində publisistik məqalələr
qələmə alıb, ta yetmişinci illərə qədər
məhsuldar olmasa da, qeyri-məhsuldar yazıçı da
olmayıb. Sadəcə olaraq, öz qələminə,
ilhamına xəyanət eləməyib, bir çox həmkarları
ilə müqayisədə az yazıb. Başqaları cildlərlə romanlar, povestlər
yazıb nəşr etdiriblər, o isə çox oxuyub, mütaliə
edib, bir əsəri yazmaq üçün illərlə
düşünüb. Mirzə Fətəli
Axundzadə haqqında romana başlayıb, amma nədənsə
yarımçıq qoyub. Bu susmağı,
yəni görünməmək, haqqı verilməsə belə,
üzə durmamaq duyğusu onun xasiyyətinin ayrılmaz bir
hissəsiydi. İnqilabi mövzuda yazdığı
"Şərqin səhəri" pyesi SSRİ Dövlət
mükafatına təqdim olundu, o pyesin rejissoru, bir neçə
aktyoru, rəssamı həmin mükafata layiq
görüldülər, bircə əsərin müəllifindən
- Ənvər Məmmədxanlıdan başqa...
Ancaq mən bir dəfə bu yazıçının cəsarətli
bir çıxışının şahidi oldum və o zaman
fikirləşdim ki, onun yazı yazmamağı heç də
ədəbi susqunluğuna dəlalət eləmir.
Yaxşı yadımdadır, 1980-ci ildə
Yazıçılar İttifaqının "Natəvan"
klubunda yazıçı Mövlud Süleymanlının
"Dəyirman" povesti müzakirə olunurdu. Əsər
"Azərbaycan" jurnalında çap olunan kimi
böyük əks-səda doğurmuşdu. Müzakirədən
əvvəl qəzetlərin birində "Qorxulu dəyirman"
adlı bir məqalə çap olunmuşdu və həm bu məqalədə,
həm də ayrı-ayrı söhbətlərdə tez-tez
soruşulurdu ki, bu necə dəyirmandır, bu necə Azərbaycan
kəndidir, hanı yazıçının mövqeyi?
Müzakirədə iki tərəf üz-üzə
dayanmışdı.. "Dəyirman" əsərini
bəyənən, onu nəsrimizdə maraqlı bir hadisə
hesab edənlər, bir də əsəri bəyənməyənlər,
kəskin tənqid atəşinə tutanlar...Birincilər -
İlyas Əfəndiyev, İsmayıl
Şıxlı,Yaşar Qarayev, Kamil Vəliyev, Gülrux
Əlibəyova, Aydın Məmmədov...İkincilər -
Əli Vəliyev, Əziz Mirəhmədov, Ələviyyə
Babayeva, Əlisəfa Məmmədov, Məzahir Abbasov. Ənvər Məmmədxanlı da
çıxış etdi və üstündən illər
keçməsinə baxmayaraq, onun çıxışını
unutmamışam (həmin müzakirədə
stenoqrafçı gəlmədiyinə görə onu mən əvəz
eləmişəm).
"Mənim fikrimcə, Mövlud Süleymanlını
bu əsərinə görə alqışlamaq
lazımdır. O, istedadlı nasirdir. Əla yazı
manerası, dili, üslubu var. Əsərdə təsvir olunan
hadisələr də inandırıcıdır. Bu və ya buna bənzər hadisələrə həyatımızda
həmişə təsadüf oluna bilər. Doğrudur, müəllif qroteskdən istifadə
etmişdir, yəni mənfiliyi, eybəcərliyi açıq
şəkildə qabartmışdır, amma bu məsələnin
sənətkarlıq tərəfidir. Mən
də bununla razıyam ki, müəllif gərək
söyüşlərdən, bəzi vulqar ifadələrdən
çəkinəydi.
Burada çıxış edənlərin bir çoxu
yazıçı kimi deyil, müstəntiq kimi
danışdılar. Nə tez unuduldu o məşum illər?
Bəsdir daha, yığışdırın bu
oyunları, o məşum illərin oyunlarını
oynamayın, siz o illəri qaytara bilməyəcəksiniz.
Mən sizdən heç vaxt qorxmamışam".
Yalnız sonralar, 1992-ci ilin dekabr
günlərinin birində Ə.Məmmədxanlının 80
illiyi ilə bağlı onun bacısı Həbibə
xanımla müsahibə aparanda "o məşum illərin
oyunları" ifadəsi yadıma düşdü, bir də
"mən sizdən heç vaxt qorxmamışam"
sözləri. Mən mümkün olduğu qədər
Ənvər Məmmədxanlının həyatının
gizlinlərini öyrənməyə
çalışırdım.
Məlum
oldu ki, onların atası Qafar kişi
Müsavat Partiyasının üzvü olub, buna görə
dörd il həbsdə yatıb. "1937-ci ildə
onu təzədən tutacaqdılar, amma bunu bilib aradan
çıxdı, üz tutdu Gürcüstana və orada da vəfat
etdi. Ənvər soraqlaşa-soraqlaşa gedib onun məzarını
tapdı, atamın meyitini çıxartdı, Mirzə Fətəli
Axundov dəfn olunan yerə gətirdi, son borcunu yerinə
yetirdi..."
Çox qürurlu və romantik olan Ənvər Məmmədxanlının
qəribə və özünəməxsus dünyası
vardı. Həbibə
xanım deyirdi ki, biz uşaqlıq illərində hər il yayda dincəlmək üçün
İsmayıllının Quşencə kəndinə gedərdik.
O kəndin təbiəti də gözəl idi, adamları da. Ənvər saatlarla o kəndin meşələrinə
çəkilir, xəyallara dalardı.
Elə
uşaqlıqdan risk etməyi çox sevərdi. Heç nədən qorxusu yox idi. Quşencədə
kirayə qaldığımız ev bir dərənin
kənarında idi. Bir gün səs-küy
qalxdı, dedilər kəndə canavar girib. Ənvər götürüldü, "ay Ənvər,
hara gedirsən" - dedik. Yarım saat
keçdi, ürəyimizi yemişdik, gördük ki, Ənvər
əlində balaca bir küçük evə sarı gəlir,
istəməyib ki, o balaca küçük kimsəsiz
qalsın.
Ən yaxın dostlarından biri də Əvəz
Sadıq idi.
O deyirdi ki, Ənvər Təbrizdə olanda gördük ki,
bir cüzamlı kişini danışdırır. Çox işarə etdik, adətən, belə xəstələr
xəbis olur, adamın üzünə tüpürür, xəstələndirirlər.
Amma Ənvər söhbətini
qurtarmamış o kişidən əl çəkmədi.
Cəfər Xəndan deyirdi ki, Stalinqradda,
döyüş xəttinin lap yaxınlığındaydıq. Birdən həyəcan
siqnalı eşidildi. Hamı təbii ki,
qaçıb gizləndi, bircə Ənvərdən başqa.
O, həyətdə heç nə olmamış kimi gəzir,
o baş-bu başa gedirdi.
Həbibə xanım deyirdi ki, Ənvərin bir xasiyyəti
də haqsızlığa dözməməyidi. Dağıstanın
tanınmış şairi Rəsul Həmzətov o zamanlar
Bakıya gələndə tez-tez Rəsul Rzagilə gəlirdi,
amma bəzən özünü çox nəlayiq
aparırdı. Bir gün yenə içib
Azərbaycan qadınlarını təhqir edən bir söz
işlətdi. Onda Ənvər Rəsul Həmzətovun
üstünə yeridi, ona bir sillə çəkdi, Anar orada
olmasaydı, lap döyəcəkdi onu (Rəsul Rza ilə
Ənvər Məmmədxanlı həm xalaoğlu, həm də
əmioğlu idilər).
Həbibə
xanım bir də onu deyirdi ki, Ənvər Məmmədxanlı
bizimlə özü arasında əbədi bir mehr
körpüsü salmışdı, bizim
uşaqlarımızı, nəvələrimizi o qədər
sevirdi ki, saatlarla o uşaqlarla əylənərdi: "Bircə
köynəyini, dəsmalını yumağımıza imkan
verməzdi, bunu özü edərdi.
Ömrünün son illərində mədəsi
incidirdi onu. Tək yaşamaq, nə gəldi bişirib yemək,
kimsəni əziyyətə salmamaq xətrinə
öz-özünə qulluq eləmək, xəstəliyin səbəbləri
bunlar idi. 90-cı ilin qışı idi,
onun xəstələnməsini eşitdik, xəstəxanaya
apardıq, cəmi dörd gün yatdı.
Axırıncı gecə dedi ki, sən get, sabah
yemək yox, mənə qəzet gətir oxuyum. Səhərisi
isə o, dünyada yox idi".
Ənvər Məmmədxanlı da İlyas Əfəndiyev
kimi Kommunist Partiyasının üzvü deyildi. Amma bir yazıçı
kimi dövrün ictimai-siyasi hadisələrindən kənarda
qalmırdı, Böyük Vətən müharibəsi illərində
Cənub-Qərb cəbhəsində, Stalinqradda, Şimali
Qafqazda olmuşdu, qəzetlərdə yazılarla
çıxış etmişdi, İranda-Təbrizdə
olmuşdu, bu haqda onun dostu - Qılman İlkin hərarətlə
söz açır.
Ənvər Məmmədxanlının "Buz heykəl"
hekayəsi də müharibə illərində
yazılmışdı, orta məktəb dərsliklərinə
də salınmışdı.
Böyük Vətən müharibəsinin sərt
qış günlərinin biri. Qucağında
körpə bir ana yol gedir. Hara, nə
üçün? Bircə o məlumdur ki,
gənc ana həmin körpəni nəyin bahasına
olursa-olsun qorumalıdır. Şaxta və
külək isə bu amansız rus qışında öz
hökmünü verir. Bəs ana nə
edir?
Ana buz heykələ dönür, amma körpəsini xilas
edir. "Buz heykəl" hekayəsi sənətkarlıqla
qələmə alınmışdı və
çox-çox sonralar da o hekayənin bədii-emosional təsiri
unudulmadı. Çox sonralar, Ə.Məmmədxanlının
anadan olmasının 70 illiyi münasibətilə çap
etdirdiyim bir yazıya da həmin hekayənin təhliliylə
başlamışdım. Ənvər
müəllim soraqlaşıb məni tapdı,
yazımdakı bəzi fikirləri bəyəndiyini bildirdi.
Amma gileyi bu oldu ki, niyə onun "Buz heykəl"
kimi zəif bir əsərini tərifləmişəm. Doğrusu, bu sözdən sonra heyrətim daha da
artdı, heç nə deyə bilmədim. Görünür,
yazıçı üçün elə bir an
gəlib yetişir ki, o, dönüb arxaya baxır, hansı əsərinin
səmimi yazıldığına, əbədi
yaşayacağına özünü inandırır.
Həmişə
sənətə yüksək meyarla yanaşan,
sözünü kəsərdən salmayan Ə.Məmmədxanlı
müharibə illərində də az
yazdı. Amma müharibə dövrünün
psixologiyası bu əsərlərdə bariz nəzərə
çarpırdı. "Analar və yollar", "Qərb
cəbhəsindən məktub", "Silahlı
dağlar", "Ulduz", "Bəxtiyar". "Yeddinci
yol" və s. əsərlərdə Ə.Məmmədxanlı
müharibəni təkcə döyüş, vuruş, əsir
almaq, hücuma keçmək, "dil" ələ
keçirmək, bayraq sancmaq kimi təsvir etmirdi, daha çox
bu çətin və ağır günlərdə
yaşayan insanın daxili dünyasını ön plana
çəkirdi. Onun publisistik qeydlərində də
lirika aparıcı xətti təşkil edirdi.
Yeri gəlmişkən qeyd edək ki, Ənvər Məmmədxanlı
XX əsr Azərbaycan nəsrində lirik-romantik üslubun
yaradıcılarındandır. Bu üslubu səciyyələndirən
birinci əlamət real həyat hadisələrinə
lirik-poetik yönümdən yanaşılmasıdır.
Ənvər Məmmədxanlı ədəbiyyata nasir
kimi gəlmiş, "Burulğan" adlı ilk əsərini
1934-cü ildə çap etdirmişdir. Bu povest
göstərdi ki, nəsrə öz üslubu və nəfəsi
olan istedadlı bir sənətkar gəlib. Səksən beş il əvvəl qələmə
alınmış "Burulğan" povesti 30-cu illər
üçün xarakterik olan fəhlə həyatı
mövzusunda yazılmışdı. Lakin
yazıçı istehsalat səhnələrindən sərf-nəzər
edib diqqəti daha artıq obrazların daxili aləminə,
psixologiyasına yönəldir.
Ənvər Məmmədxanlı nəsrinə xas olan
orijinal xüsusiyyətlər onun dramaturgiyasında da aydın
nəzərə çarpır. Gərgin, koloritli səhnələr,
parlaq və realist xarakterlər, obrazların daxili aləminin təsirli
lövhələrlə təqdimi onun dram əsərlərinin
başlıca xüsusiyyətləridir. 1947-ci
ildə yazılmış "Şərqin səhəri"
dramı tarixi mövzudadır, əsərdə 1919-1920-ci illər
Azərbaycanın müxtəlif sinif və təbəqələrinin
baş verən ictimai-siyasi hadisələrə münasibəti
ilə qarşılaşırıq. Pyesdə
ən qüvvətli xarakter Bakı milyonçusu
Ağalarovdur. Onun Bakı ilə, sahibi
olduğu, indisə, əlindən çıxdığı
neft buruqları ilə vidalaşması necə də təbiidir.
Ağalarov öz sinfinin ağıllı,
qabağı görən nümayəndəsidir,
qırmızı inqilab tufanının
yaxınlaşdığını hiss edib, başqalarından
fərqli şəkildə düşünür, yol
axtarır. Elə buna görə də o,
xırda məqsədləri, kiçik
"döyüş" üsullarını rədd edir.
Diqqət yetirsək, görərik ki, Azərbaycanın
o zamankı taleyini, sonrakı aqibətini Ağalarov necə də
həssaslıqla hiss edirmiş. Onun ingilis generalı
Tomsona söylədiklərinə diqqət yetirin: "General həzrətləri, hökumət dəli dərviş
kimi dağa-daşa düşə bilər, amma neft
Bakıdadır, neft mədənlərini Gəncəyə,
Şuşaya, Şəkiyə köçürmək olmaz.
Neft hər gün sağmal inək kimi
sağılmalıdır, ara verilsə,
qara inək süddən düşər. Quyular
zay olub gedər. Amma bütün anbarlar
neft ilə dolub, biz neft içində boğuluruq. Çıxarılan nefti ixrac eləmək
lazımdır və Bakı nefti ki, qara cövhərdir, ən
əla neftdir, dünya bazarlarında müştəriləri
çoxdur".
"Babək" Ə.Məmmədxanlının ilk və
son romanı idi. Romanın I hissəsi tamamlanmayıb.
"Babək" bədii filminin ssenarisi isə
birinci hissənin davamı olaraq romana əlavə edilib.
Əsəri çapa hazırlayan Anarın fikrincə,
"Yazıçının içəri
dünyasında" gördüyü Babək obrazı, onun ətrafı-dostlar
və düşmənlər-əsərlərin
personajları elə dəqiq, dürüst
düşünülüb-duyulub ki, birinci hissədə-roman
səhifələrində canlanan fərdlər öz mahiyyətini,
səciyyələrini, sifətlərini ikinci hissədə -
ssenaridə də hiss edirik". Hiss olunur ki, "Babək"
romanı Babək dövrünün dini-fəlsəfi mahiyyətini
dərinliyilə duyan, tarixi hadisələrin arxasında
sürünməyib bu hadisələrə tamam yeni bir aspektdə
diqqət yetirən bir yazıçı tərəfindən
qələmə alınmışdır. Əsərdə
tarixi məlumatlar yetərincədir, bu məlumatlar "Babək"
dövrünün ictimai-siyasi, dini-fəlsəfi, hətta
coğrafi mənzərəsini bütün genişliyilə
gözlərimiz qarşısında canlandırır. Romanın yazılış tərzi də nəsr
üçün yenidir, Orta əsr Şərq nəsrinin
üslubuna yaxındır.
Anar romana yazdığı müqəddimədə
xatırladır ki, "Azadlıq yanğısı"
Ə.Məmmədxanlının ən çox sevdiyi ifadə
idi və yazıçı hamını sıxan mənəvi
əsarət dövründə bu əsəri məhz
azadlıq eşqinə və azadlıq eşqilə
yaratmışdı.
"Babək
dedi:
- Ey kor
yapalaq, siz heç vaxt dərk etməyəcəksiniz ki,
azadlıq yanğısı nə deməkdir. O dəhşətli
yanğı ki, ürəyi yandırıb külə döndərir.
Azadlıq! İstər o, şirin olsun, istər
acı-yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür,
o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq
fədaisi büsbütün məhv olmur".
"Babək" romanı tarixi nəsrimizlə
bağlı bir sıra sualları da
aydınlaşdırdı. Öncə "Babək"
romanı tarixi şəxsiyyətin məlum obrazına bədii
bir möhtəşəmlik, əzəmilik bəxş etdi.
Salnaməçilərin, təzkirəçilərin,
tarixçilərin şərhindəki Babək bədii
sözün qüdrətilə əbədiləşdi.
İkincisi, Ə.Məmmədxanlı
lüzumsuz məlumatfüruşluğa ehtiyac duymadı, burada
sanki ustad bir memar işi duyulur. Tarixi hadisələr,
faktlar, mənbə və qaynaqlardakı məlumatlar əsərdə
elə səliqə ilə yerləşdirilib ki, heyrətlənməyə
bilmirsən. Üçüncüsü,
bu əsər bir daha sübut etdi ki, əgər
yazıçı sadəcə özünü salnaməçi
hesab etməyib, tarixi hadisələri bu günün elmi-fəlsəfi
meyarları ilə mənalandırırsa, deməli, tarixi
yenidən "oxuya" və oxutdura bilir.
...Ənvər
Məmmədxanlının "Ayrıldılar" hekayəsində
personajlardan biri belə deyir: "Köhlən atları
köhnə kişilər minib o dünyaya getdilər". Mən "köhnə kişi" ifadəsini
bütünlüklə Ənvər Məmmədxanlıya aid
edə bilərəm. Milli ənənələrə
möhkəm bağlılıq, xalqını, millətini,
dilini, musiqisini, onun tarixini varlığında yaşatmaq, həqiqətpərəstliyi
həyat tərzinə çevirmək - budur Azərbaycan
kişiliyi...Lakin "köhnə kişi"
anlayışı müasirlik anlayışı qətiyyən
ziddiyyət təşkil eləmir. "Köhnə
kişilər"in hamısı - Ənvər Məmmədxanlı
da son dərəcə müasir bir insan idi. Kamal Abdullanın səksəninci illərin
sonlarında Ənvər müəllimlə
apardığı müsahibəni oxuyun-görərsiniz ki, bu
böyuk sənətkar - "köhnə kişi" təpədən-dırnağa
müasir ideyalarla silahlanıb.
İndi Ənvər Məmmədxanlı kimi köhnə
kişilər qalmayıb daha. Bu faciəmi, dərdmi,
deyə bilmərəm. Ancaq onu deyə bilərəm
ki, o köhnə kişilərin açdığı yollar
olmasaydı, biz yolsuz qalardıq.
Vaqif Yusifli
Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.16-17.