Bizim məhəlləmizdir, bu tozlu tin dalandır

Sən ömrü hansı səmtə çevirsən.

Gözündəki həqiqət, dilindəki yalandır,

Məni çox istəmirsən, sevirsən.

 

Gözü götürməyən ki, səni həyatda çoxdur,

Gəl it mənim gözümdə, tapılma.

Həqiqi dərd olsa götür çək, eybi yoxdur,

Ayıbdı, xam xəyala qapılma.

 

Səni zaman, şərait dəyişsə çox dəyişmə,

Heç olmasa gələndə tanış gəl.

Mənəm alın yazın, mən, dəyişmə, yox, dəyişmə,

Bu qəmli taleyinlə barış gəl.

 

Ovutmaq istəyirsən, qayıt gəl, ötmə dil-dil,

Məni təsəllilərlə ovutma.

Unutmaq istəyirsən, unut məni, özün bil.

Səni unutmaq olmur, unutma!

 

Həyata gəlməmişdən mənimlədir bu sevda,

Könül azı min il var, sənindir.

Gözümdə qalxa bilməz şəklə düşsə dünya,

Gözümdə bir şəkil var, sənindir.

 

Kamal Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.17.