Virtual söhbət:
“İndi və burada”
İstanbul-Bakı
Nəhayət, uzun müddətdən sonra məktubuna ancaq indi cavab yaza bilirəm. Sağ biləyim qırılmışdı. Universitetdə soruşanlara deyirdim ki, yataqxananın pilləkənindən yıxılmışam. Yataqxanada soruşanlara da deyirdim ki, universitetin pilləkənindən yıxılmışam. Biri soruşur, ayaqqabının altı sürüşkən olduğu üçünmü yıxılmısan? Digəri maraqlanır ki, bəlkə dalaşmışam, kimsə məni itələyib? Bütün bu suallara cavab verirəm, bir yandan da yalan danışa bilmədiyimin, bir sözümün digəriylə üst-üstə düşmədiyinin fərqinə varıram. Səni intizarda qoymamaq üçün həqiqəti deyəcəm. Taksimdəki qırmızı nostaljik tramvayları xatırlayırsan? Oradan yıxılmışam. Əslində yıxılmamışam, tramvaydan tullanmışam. Narahat olma, dostum, intihar etmək niyətim yoxuydu. Dostumla İstiqlal caddəsində gəzirdik, birdən o tramvay gəldi. Mən də şairanə bir davranışla hərəkəttə olan tramvayın arxasından mindim. Dostum nə qədər qaçdısa, mənim qədər cəld tərpənə bilmədi. Sonra tramvay uzaqlaşdıqca dostumu insan seli arasında itirdim. Düşmək istədim, amma tramvay dayanmaq bilmirdi. Elə ki, bir az sürətini azaltdı, mən də bunu fürsət bilib tullandım. Amma o an tramvay sürətləndi, beləcə biləyimin üstünə yıxıldım. İmtahanlarım başlamışdı. Bəzi imtahanlarım yaza bilmədiyimə görə şifahi keçirildi, bəzilərində də mən diktə elədim, professorun köməkçisi yazdı.
İyunda Bakıya gəldim. Amma gips hələ də açılmamışdı. Sol əllə yazmağa, çay içməyə, qaşıq tutmağa öyrəşmişdim ki, nənəmin ölüm xəbəri gəldi, yenə sənə yaza bilmədim. On iki gündür ki, dəfnlə bağlı kənddə idim. Dünən Bakıya gəldim. Bakını qadına bənzədirsən. Nədənsə bir çox şəhərlər qadına bənzədilir. Sən də bilirsən ki, bizim dilimizdə olmasa da, bəzi dillərdə hər "əşyanın" cinsi olur və deyəsən, şəhər sözü linqvistik olaraq bəzi dillərdə qadın cinsindədir. Bir də dünyanın ən gözəl şəhərlərini fəth edən sərkərdələr kişi olub, şəhərin qadınla eyniləşməsində bunun da böyük təsiri var. Bəlkə də şəhəri qadın kimi sevməsəydilər, bütün bu fəthlərdən söhbət belə getməzdi. Təbii ki, işğal, iqtisadi maraqların daha ağır basaraq əldə edilən şəhərləri nəzərdə tutmuram. Bir də bu sadəcə geridə qalmış fatehlər üçün belə deyildi, günümüzdəki siyasətçilərə də aiddir. Uzun müddət İstanbul bələdiyyə sədri olmuş prezident Ərdoğan da bir çıxışında bu şəhəri nazlı qadına bənzətmişdi.
Həyat da çox vaxt qadına bənzədilir. Yadımdadı, Qazaxda dostumgildə qonaq olanda dayısı gəldi. Bir az sərxoş idi, amma çox maraqlı məsələlərdən danışırdı. Onun sözünü xatırladım. Deyirdi ki, bir gün həyat xanım səni çağırıb qabağında diz çökdürür. Bir başqa dostum Emin də dünyanı əxlaqsız qadına bənzədirdi. Onun əxlaqsız olduğunu bilirsən, amma yenə də ona ehtiyac duyursan... Həyatın, dünyanın, şəhərlərin qadına bənzədilməsi, onlara təslim olmaq, gücünü qəbul etmək... Yenə də bu bənzətmələrin yaranmasında yaradıcı adamlar arasında kişilərin çoxluq təşkil etməsi əsas səbəbdir.
Bakı küçələrinin, səmtlərinin zəngin arxa fonu olduğunu düşünmürəm, amma elə bu da mətnin mövzusu ola bilər. Sənin təbirincə desək, vitrinlər şəhərinin paradokslarından, qərarsızlığından yazmaq, parklarının birində ceviz ağacı ola bilmək, yarpaqlarını gözə çevirib yüz min gözlə bu şəhəri seyr etmək, yarpaqlarını ələ çevirib yüz min əllə toxuna bilmək bu şəhərə, yaza-yaza duymaq, anlamaq bu şəhəri. Axı yazıçılıq həm də özünü başqalarının yerinə qoya bilmək, onların gözüylə dünyaya baxa bilməkdi.
"Git
bu mevsimde, gurup vakti, Cihangirden bak!". Öz adıma deyirəm ki, şəhərimizi
tanımırıq. Bu şəhərə
hansı fəsildə, hansı saatda, hansı səmtdən
baxmalı olduğumuzu Yəhya Kamal kimi bilmirik. Biz gözümüzü dörd açaraq baxıb
görə bilmirik, amma Orxan Vəli şəhərini gözləri
yumulu dinləyir, insanlarını, küçələrini
tanımaq, rənglərini ayırd etmək üçün
ona ikicə qulaq kifayət edir. Ədəbiyyatımızda
Bakı haqqında yazılan ən yaxşı şeir deməyim,
amma ən yaxşı misraları, məncə, Almas İldırım yazıb. Bir çox
şeirində Bakını xatırlayan şair bu şəhərin
ruhunu bir misrada belə verməyi bacarıb: "Nazlı
Bakım, o neft qoxan gülümdən". Burada
eyniadlı iki şeiri xatırladım - Almas
İldırımın və Sergey Yeseninin "Əlvida,
Bakı" şeiri. Hər iki şeirdə Bakıya
bir daha dönməməyin üzüntüsü var. Yesenin
şeirində diqqətimi çəkən bir misra var:
"İ volnı Kaspiə, i balaxanskiy may" - "Xəzər
dalğaları və Balaxanı mayı". Bu
misra qədər qəribə olan Firdovsinin, Hafiz Şirazinin vətəninə
getmək istəyən Yeseninin aldadılaraq Bakıya gətirilib
və buranı ona İran kimi təqdim ediblər.
Yeseninin burada yazdığı silsilə şeirlərinin
başlığı da qəribədi: "İran nəğmələri".
Bu barədə İsaxan İsaxanlının
kitabını oxumuşdum. Şairanə
bir adı olan bu kitabın ("Şeir gülüstanın təkrarolunmaz
çiçəyi") içəriyini bəyənmişdim.
Bu şeirlər 70-80 il öncəki
Bakıya dairdi. Çağdaş ədəbiyyatda
Bakının ruhunu duyan şairimiz Qismətdi. Onun "Meqapolis hüznləri" kitabında şəhərə
və sakinlərinə maraqlı baxış bucaqları var.
"Bakıya elegiya" şeirini də bu baxımdan önəmli
hesab edirəm. Düşündükcə, az da olsa örnəklər tapmaq
mümkündür. Amma nəticə olaraq demək olar ki,
bizim ədəbiyyatda sistemli olaraq mətnlərini bir şəhərin
üzərində qurmaq, onu sadəcə arxa fon
kimi deyil bir obraz kimi istifadə etmək, onun dəyişimi ilə
insanın dəyişimini göstərmək barədə
düşünülməyib...
Bu məktub üçün bu qədər. Eşq hekayəni
gözdən qaçırdığımı sanma. Məktublarını cavabsız qoymaq istəmədiyim
üçün bir məktub geridən gəlirəm. Bəlkə də ilk dəfə bu şəhərdə
aşiq olduğumuz üçün sevirik Bakını.
Bəlkə də dünyanı və
insanlığı bu şəhərdə
tanıdığımız üçün. Şəhərlər həmişə bizdən
asılı olmadan "və" bağlayıcısı ilə
xatirələrə bağlanır. Bəlkə də
bunun üçün o kitabın da adı "Xatirələr
və şəhər"dir. Eşq!
Ramil Əhməd
16.07.2016
Ramil, nənənin vəfatından dolayı kədərləndim. Qarışıq
hisslər yaşadım. Daha sonra məni dəli
bir gülmək tutdu. Çünki xatirələr
canlandı gözümün qarşısında. Öz nənəm və uşaqlığım.
Ancaq keçib-getmədi. Sənin
məktubun uşaqlığım, nənəm və
Bakının tramvay erası arasında körpü qurdu.
Bakıda trolleybus və tramvayların işlədiyi
vaxtları xatırlayırsan?! 2000-2001-ci
illərə qədər davam etdi. Yeni
eranın əvvəlində söküb atdılar bir kənara
tramvay və trolleybusları. Nənəmlə
"28 may"dan Xətai prospektinə doğru
şütüyən 10 nömrəli trolleybusa minərdik.
Bəzən də alternativ yol və nəqliyyatla,
yəni tramvayla gələrdik eyni yolu. "28
may"dakı Çay fabriki tərəfdən Təbriz
küçəsi ilə (Çapayev) 6 nömrəli tramvay
işləyirdi. Həmişə
trolleybusdan düşəndən sonra höcətliyim tuturdu.
Otururdum səkinin üstündə, yerimdən
tərpənmirdim. O dəqiqə nənəm qoynunu
eşələyib ordan 500 manat (bir Nizami)
çıxarırdı. Həmin andaca
dirçəlib ayağa qalxırdım. Xətai
prospektinin sonunda Təhsil Nazirliyinin binasına
çatmamış balaca bir dükan varıydı (İndi
nostalgiyaya qarışmış dükanın yerində otellər,
göydələnlər və iri ticarət obyektləri
dövran sürür). Yüyürürdüm
ora. Özümə nəsə alırdım.
Bir neçə saniyə çəkən
alış-verişim mövsümi xarakter
daşıyırdı. Bulku, limonad, kola,
cansu (bircə bunu alanda nənəm cin atına minərdi.
Booy, ay bala, bu nədir almısan? Ondansa
qarnına bir şey alardın), dondurma, minti saqqızı və
başqaları… Tramvay və trolleybusa nənəmdən
başqa heç kimlə minmək istəmirdim. Axı ondan başqa heç kəsi özümə
tabe edə bilmirdim. Nənəmin vəfatından
sonra tramvayın əvvəlki ləzzəti yox idi. Artıq on yaşlarıma çatanda tramvaya minməyin
və düşməyin çəmini tapmışdım.
Dostlarımla Təbriz küçəsi ilə
Montin arasında var-gəl edirdik. İki
yüz əlli manatlıq gediş haqqını isə
vermirdik. Arxa qapıdan düşmək
daha sərfəli idi. Tramvayın
arxasına düşüb gör haralara gedib
çıxdım. Qoy, sənin tramvay əhvalatına
əlavə olsun. Retrospektiv çalarda.
Avropaya səfərim maraqlı keçdi. Budapeştdə
avtomobil kirayələdim. Bilirsən,
avtomobillə səyahətdə xüsusi bir ahəng və
gözəllik var. İstədiyin formatda hərəkət
edirsən. Budapeşti Avropanın muzey
şəhəri adlandırmaq olar. Dunay
çayı şəhəri iki hissəyə bölür.
Buda və Peşt. Buda modern
memarlıq və şəhər infrastrukturunun innovativ
çalarları ilə zəngindir. Ancaq elə ki,
adlayırsan Peştə Avstirya-Macarıstan
imperiyasının qədimi izləri ilə tanış
olursan. Hər bir dalan, küçə və
bina tarix qoxuyur. Heç bir süni
müdaxilə və fasad dəyişiminə məruz
qalmayıb. Şəhərin ətrafına
ağaclardan yamyaşıl çətirlər
açılıb. Təbiət, tarix və
innovasiyanın qovşağından yaranan bir şəhərdə
yaşamaq xoşbəxtlikdir. Hə,
Budapeşt əhli çox şanslıdır. Orda 4 gün qaldım. Hər
gün yağan qısamüddətli yağışlar
yayın istisinə sərinlik gətirir. Əhali
həftəsonlarını Dunay çayının mərkəzində
yerləşən adada keçirir. Ada
Macar kralı IV Belanın qızı Marqaretin adını
daşıyır. Adada istirahət
üçün hər bir şərait var. Heç bir
künc-bucaq heç kəsin monopoliyasında deyil. Uca ağacların qoynunda təmizliyə riayət
etmək şərtilə, istədiyin şəkildə dincələ
bilərsən. Adada hər növ eqzotik
heyvan və quş növləri yaşayır. Ramil, istər Budapeştdə, istərsə də
digər şəhərlərdə insanları diqqətlə
müşahidə etdim. Onlarda aqressiv və
depressiv hallara rast gəlmədim. Ofisiant
işləyən gənclər, təmizlik xidmətçisi
yaşlı adamlardan muzey və universitetlərdə
çalışan ziyalılara kimi hər kəs rahatdır.
Emosiya və komfortun nəbzini tutmağı
bacarırlar. Elə yaşamaq da bu deyilmi?!
Əlbəttə ki, bunun obyektiv və subyektiv səbəbləri
də öz yerində.
Avtomobil Budapeştdən Vyanaya doğru sürətlə
şütüyərkən, nədənsə, Martin Mononun
"Qırmızı çaydan qayıdarkən" hekayəsini
xatırladım. Hekayənin süjeti Amerikanın cənubunda
həkimlik edən Con Farrelin başına gələn yol əhvalatı
üzərində qurulub. O aylı bir gecədə
Amerikanın ən kasıb bölgəsi Qırmızı
çaydan qayıdanda yolda avtomobili xarab olan bir qıza rast gəlir.
Qız Amerikada xərçəng xəstəliyini
müalicə edən, professor Morqanın bircə
övladıdır. Avtomobilinin mühərriki
xarab olan qız Con Farrrellə getməli olur. Onlar qısa yol macərasında bir-birinə
isinişir. Con Farreldə qıza qarşı ən məhrəm
duyğular baş qaldırır. O, qızı öz
saflığı ilə hamını heyrətləndirən,
şəkərə qoyulmuş limona bənzədir. Ancaq qəfildən qızın siqaret çəkmək
arzusu hər şeyi alt-üst edir. Con heç
özü də bilmədən, qeyri-ixtiyari
alışqanını uzadır qızın siqaretinə. Centlmenlik işləri korlayır. Qız astaca siqareti qoyur çantasına. Maşını saxladır. Geri
qayıdıb üzrxahlıq edir. Çərşənbə
günü üçün sövdələşmələrinin
baş tutmayacağını bildirir. Con Farrrel köhnə
şevroleti ilə sürət yığıb ordan
uzaqlaşır. Heç evinə də getmir.
Sürətin verdiyi məstedici duyğu ilə
naməlumluğa doğru şütüyür. Conun ağzından çıxan son sözlər isə
hekayənin duyğu estetikasını işə salır.
"Mənim dərim çox qara deyil. Dodaqlarım da çox iri deyil. Amma
bunun əhəmiyyəti yoxdur. Mən zənciyəm".
Vyanaya çatana qədər bir neçə dəfə
yolda dayanıram. Kənd və qəsəbələr
bizimkilərdən o qədər də fərqlənmir. İncə fərq ondadır ki, fərd olaraq hər
kəs öz həyət-bacasına səliqə-sahman verir.
Yaşıllıq hər yeri bürüyür.
Təmizlik yüksək səviyyədədir.
Vyanaya daxil olanda ilk işim dondurma yemək olur.
Vyana dondurması sənət işidir. Əvəzedilməz ləzzətdir. Ordan da Habsburqlar sarayına daxil oluram. Sonra katedral və kilsələri bircə-bircə gəzirəm.
Möhtəşəm memarlıq abidələri
var. Vyana Operası Avropanın incəsənət mərkəzidir.
Böyük musiqi tarixi yatır orda. Vyana Universiteti məni ovsunladı. Ənənə və müasirliyin birləşdiyi
təhsil mərkəzi. Dəhlizi, tələbələrin
gözlərindəki öyrənmə və yaşamaq
ehtirası və digər vacib xüsusiyyətləri ilə
universitetdir. Həmin vaxt vyanalılarla
ünsiyyətdə oldum. Avstriyalıların
özlərini Avropanın ən intellektual və elit xalqı
hesab etməklərinə haqq vermək olar. Musiqi sənəti
bir yana, ədəbiyyata Kafka, Muzil, Brox və
Sveyq kimi şəxsləri verən bir xalqı
alqışlamaq olar. İstər ünsiyyət,
istərsə də mədəni-intellektual səviyyələri
çox yüksəkdir. Onu da deyim ki, Azərbaycan
haqqında fikirləri olduqca yaxşıdır. Əla ölkə adlandırırlar Azərbaycanımızı.
Vyanadan Almaniyaya qədər bir çox şəhər
və ölkələri gəzdim. Avropa yaşamaq
üçün gözəl yerdir. Mədəniyyət
və ədəbiyyat şəhərləri adamda yazmaq və
mütaliə ehtirası yaradır. Ancaq
Mirzə Fətəlinin Hatəmxan ağası demişkən,
aramızda fərqlər var. Bir çox məsələdə
çox inkişaf edə bilərlər. Ancaq
bizim millətdə olan səmimi, gülərüz ünsiyyət
mədəniyyətini orda görmədim. Bəlkə
də fərdi yaşam duyğusundan qaynaqlanır. Özümüzü bütün millətlərdən
üstün görmək üçün demirəm. Sadəcə bu millətin ürəkgenişliyi və
qonaqpərvərliyinə başqa ölkələrdə rast
gəlmək mümkün deyil. Hətta sənin
yaşadığın qardaş ölkədə belə.
Şəhərlər barədə çox yaza
bilərdim. Hamısını yazsam, məktubun
sərhədlərini aşam gərək. İndi yenə də qarışıq duyğular
bürüyüb canımı. Təbəssüm
dolu tramvay əhvalatı ilə yenə 90-cı illərin
Bakısına gedirəm. Uşaqlıq necə
çıxdı əlimdən. Nənəmi
və babamı necə itirdik? İyirmi
yeddi yaşım tamam olub artıq. Halbuki,
on yaşımda doxsanıncı illərin sonunda
yaşayırdım. Müharibənin
ağır şəraitindən çıxmış bir
ölkədə uşaq idik. Ancaq müharibə
bizdə yox idi. Uşaqlıq oyunları ilə
həyatın oyunları arasındakı sərhədlər
itmişdi. İndi "Qarabağ müharibəsinin ədəbiyyatda
inikası", "Keçid dövrünün problemləri"
və "Mənəvi-ictimai yeniləşmənin çətinlikləri"
mövzusunda mühazirələr deyirəm. O ağrıları
uşaqlığımın da yerinə yaşayıram təzədən.
Əziz dost, sağlıqla qal. Bu məmləkət
gözəl, insanları ondan da gözəl, əziz. Heç yer və heç bir cəmiyyətlə
müqayisəedilməyəcək qədər.
Ülvi BABASOY
21 iyul 2016,
Bakı
Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.14-15.