Bir cüt mavilik
Açıq qalıb qapımın
qolları,
Götür əllərini məktub yaz.
Özünü gizlətmə gözlərinin
arxasında.
Gözlərin gözəllik himnidir.
İçimdəki əsgərlər
səs-səsə verib
Gözlərini oxuyurlar...
- Ey şanlı vətən...
Səndən bir hektar yox,
bir qarış baxış istəyirəm
ev qurmağa.
Gizlənmə o bir cüt mavilərdə.
Gizlənpaç oyunu deyil, bir addım çıx çölə!
Soyun gözlərini, sənə
görmək istəyirəm,
Soyun ...!
Sol tərəfimi sənə
bağışladım, məni
bağışla!
Kişilər əllərindən ölürlər,
qadınlar qucağından.
Götür məktub göndər
qucağını...
Bitir bu adamı!
Qulaqlarım elə darıxır
ki...
Götür gözlərini zəng
elə gecəyarı!
Bir az da, məni "oğru" səslə,
Uşaqlar üçün çərpələng
oğurlayıram gözlərindən.
Sərhədindəyəm indi.
Kirpiklərin tikanlı məftildir,
Səndən o taya keçə bilmirəm.
Əlimi
tutub alnıma,
Baxıram səndəki uzaqlara.
Uzaqlar soyuq olur...
Ayrılıqdan da soyuq.
Gözlərin mavi güzgüdür,
Səndən baxıram özümə.
pəncərəni açıram
dənizlərə
Dənizlərini yumma,
balıqlar ölməsin
gözlərində!
Dinlə...!
Qağayılar çığırışır
bir cüt maviliyində
Ağlama
ki boğulmasın gəmilər!
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2018.- 11
avqust.- S.10.