Ayrılıqların sürreal
mənzərəsi...
Ümid Nəccari təhtəlşüurun
ən gizli, ən sirli hücrəsinə
sığınmış ayrılığın
sürreal mənzərəsini
yaradır. "Bir
cüt mavilik" metaforaların sehrli dənizində üzür,
metafora axını şüur axınına qarışıb. Poetik təxəyyül
və dil sürreal örtüyə
bürünüb. Nəinki şeir,
hətta şeirin misraları, ayrı-ayrı
sözlər çoxqatlı
və çoxplanlıdır,
ruhi avtomatizm ilk misradan işə düşüb. İntim
süjet xəttinin cazibəsi fraqmental və rəngarəng dalğaları - sözləri
və misraları çalxalandırsa da onları ətrafa dağılmağa qoymur, şüur axınının
doğurduğu fikirlər
misradan-misraya misra-misra
hörülür:
Açıq qalıb qapımın
qolları,
Götür əllərini məktub yaz.
Özünü gizlətmə gözlərinin
arxasında.
Nəccari "Bir cüt mavilik"də
gözün (bütövlkdə
isə Azərbaycan şeir dilinin) semantik məkanını genişləndirir.
Amma...
Cemal Süreya
kimi gözdən gözistan yaratmır.
Rene Magritin "Saxta
Ayna"sının önündə
güzgülənmir.
Gerçəklərə Salvador Daliyə məxsus "Vaxtın gözü" ilə baxmır.
Onun yaratdığı
göz Nabokovun "Tanrılar"ındakı gözdən
də fərqlənir.
Ümid Nəccari gözün optik çevrəsində
bir millətin tarixi taleyini danışır. Gözü oxuyur. Gözü soyundurur.
"Götür gözlərini zəng elə" - deyir. Və nə edirsə bunu məntiqsizliyin məntiqini yaradaraq edir. Hətta "uşaqlar üçün
çərpələng oğurlayıram
gözlərindən" - deyəcək qədər
uşaqca və özgür davranır.
Sürrealist olaraq haqlıdır.
Axı
"sürrealizmə dalan
zehin çocuqluğunun
ən gözəl tərəflərini coşquyla
yenidən yaşayır"
(A.Breton).
Nəccari çoxqatlı və çoxplanlı "Bir cüt mavilik"də ayrılıqların, həsrətin
fərqli motivlərini
deməzdim ki, çarpazlaşdırıb, yox,
onları bir-birinin içində gizləyib,
həm "kişilər
əllərindən ölürlər,
qadınlar qucaqlarından..."
deyə sirli sevgi və həm
də "sərhədindəyəm
indi. Kirpiklərin
tikanlı məftildir,
Səndən o taya keçə bilmirəm"
kimi sehrli vətən tablosu yaradıb, Ezop düşüncəsini sürreal
şeirin texnikası ilə ifadə etməyi bacarıb:
Gözlərin gözəllik himnidir.
İçimdəki əsgərlər
səs-səsə verib
Gözlərini oxuyurlar...
-Ey şanlı vətən...
Səndən bir hektar yox, bir qarış
baxış istəyirəm
ev qurmağa.
Gizlənmə o bir cüt mavilərdə.
Nəccari Divan şeirinin sərbəstlə
daxili dialoqunu uğurla və ikincinin xeyrinə davam etdirib. Amma intimizmin
də məhrəmanəliyini,
yumşaqlığını, həzinliyini (və sükutunu) süjet xəttindən perikdirməyib.
Ən gizli, ən sirli, ən uzaq hücrəyə sığınmış ayrılıqların
sürreal mənzərəsinin
sayrışdığı "Bir cüt mavilik"
yazarı Ümid Nəccari təbrizlidir və Bakıda təhsil alır.
Azər TURAN
Ədəbiyyat qəzeti.-2018.- 11 avqust.-
S.10.