Vladimir Sokolov
Çətin ki qəlbimdə
duyğu oyana,
Gücü də qalmayıb güləm üzünə.
Bir acı sözündən küsmək bir yana -
Sevinə bilmirəm heç xoş sözünə.
Yolunda şam kimi yandı
ürəyim,
Duymadım sevgiyə dözümü
səndə.
Axı, nəyim
qaldı, - sənə
verməyim?
Mən daha görmürəm özümü
səndə.
Dizimdə taqət yox, qəlbimdə həvəs,
Qaralan qanımtək
qaralır qürub.
Qaranlıq içindən boylanan
üvəz
Halıma yanaraq boynunu burub.
***
Məktəb nədir? Di, sən Allah, bəsdir, bəs.
Çeynəməkdən doymadınmı bu sözü.
Yox! Vicdanla öyrəndiyim dərsdir, dərs -
Bu həyatın boz
sifəti, xoş üzü.
Dava idi... Min cür əzab-əziyyət...
Hamı gələn dərdi-qəmi
udurdu.
Gündən-günə pisləşsə də vəziyyət
Amma ümid
qolumuzdan tuturdu.
Düşünməzdim - şaxtadımı,
qardımı,
Heç
görmədim kimsə
kitab yandıra...
Top deyirsən, heç topumuz vardımı
Ki, hələ bir pəncərəni sındıra!
Düz deyirsən. Söykənmişdim
gilasa...
May günüydü. Əlimizdə - attestat.
Yox! Həyatdan dərs almışam, xülasə;
Yalan sözdür,
vallah, yoldur məktəb-zad.
***
Qaçıb hər cür söz-sovdan,
Parnasldardan uzaqda,
Fet ilə Nekrasovdan
Dərs
alıram söz
haqda.
Hər misrada, hər bənddə
Azmamaqçün yolumdan,
Bizim bu sakit kənddə-
Onlar tutur qolumdan.
Bax bu iki nəhəngi
Oxuyaraq həmişə-
Şeirimdəki ahəngi
Onlardan öyrənmişəm.
Aylı
gecə, qarlı bağ...
Ürəyimə cuş gəlir.
Belə
yazıb-yaratmaq
Mənə yaman xoş gəlir.
Yox! Elə xoşbəxtlik budur, deyəsən:
Qalxasan yuxudan yağış səsinə.
Dostun qapısını gedib döyəsən, -
Açasan qapını dostun üzünə.
Adını-zadını gərək biləsən?
Baxasan yol ötən bir şux gözələ.
Harasa, harasa gedib-gələsən;
Çətinə düşəsən, işin
düzələ.
Dözəsən istiyə-soyuğa, hətta;
Küləkli gündə də
yola çıxasan...
Xoşbəxtlik budur ki, gərək, həyatda-
Hər şeyə
sən yaxşı gözlə baxasan.
Oka
Qalıb
damağımda o günün
dadı;
Baxdıq
heyran-heyran o sakit çaya...
Onda yaxınlıqda qayıq olmadı -
Ki, üzüb
keçəydik o biri
taya.
Birdən
gözümüzü çəkəndə
çaydan
Gördük qarşımızda balaca
kəndi;
"Gəl-gəl," söyləyirdi
bizə o taydan-
Yesenin şeirinin ən
gözəl bəndi.
Beləcə, üç şair,
susduq yanaşı...
Elə
o arada fit verdi
maşın;
Bizi gözləməkdən bezdi
adamlar,
Deyinib, ağzını
büzdü adamlar.
Yesenin bir zaman çapıb
atını,
"Olmaz bu yerlərə
heç yer tay" - dedi.
Di gəl ki, çəkmədi
bir yol adını;
Okaya düzlərdən axan çay dedi.
Orda bir qoca da
dindirdi bizi, -
Rəngi gah ağardı, gah da bozardı.
Hələ də yadımdan
çıxmayıb sözü:
- Bizim Seryoja da
yaxşı yazardı...
Tərcümə edəni:
Qoca Xalid
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.7.