Hekayə diskurs kimi:

İlqar FƏHMİ - “Qardaş qanı”

 

"Müsəlmanlar bir bədənin üzvləridirlər.

Əgər bədən üzvlərindən biri ağrısa,

bütün bədən əziyyət çəkəcək".

Hz. Məhəmməd

 

İlqar Fəhmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yetirdiyi dəyərli imza sahiblərindən biridir. Ondan şair, nasir, esseist, dramaturq kimi çöxyönlü fəaliyyət sferasında söz açmaq mümkündür və bunların hər birindən danışmağa meydan verən mətnlər var qarşımızda.

İlqar Fəhminin bütün yaradıcılığı üçün çoxmərtəbəlilik, çoxplanlılıq hakimdir. Bu, onun poeziyasında daha qabarıq hiss olunur. Bir tərəfdən ənənəvi təcrübəni və modern yenilikləri mənimsəmə, digər tərəfdən divan ədəbiyyatının donuq, ehkamlaşmış düşüncəsi üzərində linqvistik və estetik islahat əzmi, ona paradoksal optimizmlə çıxış etmək, yalnız forma deyil, həm də məzmun qatında dəyişikliyə uğratmaq çabası. Yeni şeirin dünya ilə dialoqu belə başlayır. Deyilişin tonu, münasibətin tipi dəyişir, şeirə geniş diapazon və nəfəs daxil olur. İlqar Fəhminin qəzəlləri əruzda sərbəst interpretasiyanın, klassik şeir formaları üzərində oynaq hecanın, ritmik sərbəstin lirik örnəkləri kimi maraqlı və yenidir.

İlqar Fəhminin nasir kimi məziyyətlərindən illər öncə "Aktrisa" və "Akvalanq" povestləri haqqında məqaləmdə bəhs etmişəm. Ondan sonra ard-arda bədii əsərlər yazdı İlqar Fəhmi. Bu əsərlərdə yazıçının obrazını xarakterizə edən əsas çalar mətnlərində tarixiliklə müasirliyin simbioz halda çıxış etməsidir. O, bir tərəfdən, tarixi motivləri dekonstuktiv yanaşmalara məruz qoyur ("Qarğa yuvası" romanı), digər tərəfdən müasir məqamları nəsrin təcəssümünə çevirir. Bu mənada, "Bakı tarixindən kollaj" əsəri İlqar Fəhminin yaradıcılığı üçün müstəsna əhəmiyyət daşıyan əsərdir. Bakı bu əsərdə diri, canlıdır, cümlələr arasından boy verib görünür sanki. Canlandırılan həyatların arxasında isə qəribə bir həsrət, nisgil. O qədər ki, əsərin incə və xəfif yumoru arasından diametral əkslik kimi görünür. "Bakı tarixindən kollaj" bütün intonasiya və kolorit özəlliyi ilə milli nəsrimizin uğurları sırasında yer alır. Düzünü deyim ki, belə gözəl əsər haqqında ayrıca bir məqalə ilə çıxış etmədiyimə görə bir tənqidçi kimi özümü qınayıram da. Yəqin ki, tezliklə içimi nigaranlıqdan xilas edəcəm.

İlqar Fəhmi ədəbi savadı geniş olan esseistdir. Dünya ədəbiyyatında baş verən proseslərə bələdliyi, eləcə də Şərq və milli ədəbi ənənələrinə dərin nüfuzu  onu daim Qərb və Şərq dəyərlərini ortaq müstəvidə görüşdürmək və rasional qənaətlər irəli sürməyə imkan verir. Bəlkə də hər şey elə bu məqamdan başlanır. İlqar Fəhmi milli və Avropa ədəbiyyatının inkişaf qanunauyğunluqlarını, özünüifadə imkanlarını bilir, hansı mətnin bu gücü nə qədər ehtiva etməsini dərk edir. Şərq dünyagörüşündən və təsəvvürlərdən bəhrələnməklə yeni təfəkkür qatına adlayan, həmçinin, modernizm, psixologizm və postmodernizmin elementlərini bu və digər şəkildə özündə əks etdirən, Qərb fəlsəfəsinin təbiət, cəmiyyət və idrak məsələləri ilə bağlı fikirlərinin bədii düşüncədə əksinə geniş yer verən əsərlərlə çıxış edən İlqar Fəhminin yazıçı-esseist kimi özəlliyi də bundadır. Müstəqillik dönəmindən sonra milli ədəbiyyatımızda başlanan nihilist dalğada, avropasentrist görüşlərin təsir altına düşüldüyü mərhələdə İlqar Fəhminin yaradıcılığı milli-ədəbi dəyərlərin saxlandığı qütb, saxlanc yeri kimi nadir ədəbi ünvanlardandır.

Tarixə müraciət İ.Fəhminin mətnlərində çox güclüdür. Yazıçı keçmişi tarix, mif səviyyəsində dirildir, yeni baxışa məruz qoyur, simvolların dili ilə çağdaş zaman işləklərini mətnə gətirir. Yazıçının əksər mətnləri dekonstruksiya üzərində qurulduğundan burada həm epik-realist, lirik-psixoloji, həm də şərti-metaforik üslublara yer ayrılır. Tarixi yaddaşa qayıdış, milli tarixə yeni yanaşma tərzinin formalaşması diqqəti cəlb edir.

Hər bir əsərə həm müəllifin özünün yaradıcılığı prizmasından, həm də ədəbi prosesin ümumi mənzərəsi səviyyəsindən nəzər yetirilməlidir. Bu baxımdan yanaşıldıqda deyə bilərik ki, İlqar Fəhmi yaradıcılığının müasirlik keyfiyyətini qoruyan yazıçıdır, dünənin dərki və mənalandırılması işığında çağın düşüncələrini qabarıq ifadə etməyə nail olur. İlqar Fəhminin tarixi yaddaşa müraciəti davamlı və sistemli səciyyə daşıyır. Poeziyadan nəsrə, nəsrdən dramaturgiyaya, ordan da müxtəlif rakurslu məqalələrə qədər tarixi oriyentir cıza bilir müəllif. Yazıçının ötən il yazdığı "Qardaş qanı" hekayəsində də dərin fəlsəfi-mənəvi düşüncə siqləti, tarixilik keyfiyyəti ilə zənginləşən ümumiləşdirmə, baxışla rastlaşırıq. Bu mənada, "Qardaş qanı" hekayəsini müəllifin tarixi tədqiq tipli yazılarının məntiqi davamı kimi almalıyıq.

"Qardaş qanı" hekayəsini müəllif əsatir-immitasiya kimi təqdim edir. İlqar Fəhmi hekayəsində türk faciəsinin alt qatında dayanan səbəblərdən birini təsvir predmetinə çəkir. Tarux boyu türkün türkə savaş açdığı məqamları mətnə gətirir.

Hekayənin fabulası sadə bir süjet üzərində qurulub: Ulu Xaqanın günbatandan gündoğana uzanmış obalarının içində qəza üz verir, "yağışlar göyə sovruldu, sular yerə çəkildi, küləklər od alova büründü, çöllər istidən qurumağa başladı"... Məlum olur ki, Qara Duman Göy Tanrıya asi olub, "o səbəbdən də, yağışı-qarı udub, göyləri-yerləri suya həsrət qoyub, hələ od-alovu bir az da güclənir, yağışları-qarları udandan sonra, yandıra-yandıra gəlir, hər dəfə qarlı dağlardan baş qaldırıb sap-sarı düzənliklərdə qeybə çəkildiyi bir gün içində türk boylarından birini udur, öz içinə çəkir və bu minvalla getsə, Ulu Xaqanın özü də qurtula bilməyəcək...". Ulu Xaqan məşvərət keçirir, böyük oğlu Qurdbaşlı döyüşməyi, yurdu xilas etməyi təklif edir, Tülkübaşlı şaman Topkan isə Göy Tanrının mərhəmətinə sığınıb qurbanlar kəsməyi, ayinlər keçirməyi, Qara Dumanı yola gətirməyi təklif edir. Beləcə, yollar haçalanır. Qurdbaşı üç qardaşı ilə birgə öz təklifini reallaşdırmağa, şaman Topkan isə xaqanın digər üç oğlu ilə ayinlər keçirməyə yollanırlar. Kim qalib gəlir? Ulu Xaqanın oğlu Qurdbaşı. Amma necə? Bu artıq hekayənin ideya əsasında duran məsələdir.

Tanış motivdir. İç Oğuzla Dış Oğuz arasındakı münasibətlərin pik nöqtəyə çatması, hakimiyyət uğrunda mübarizə, bu yolda hər vasitəyə əl atılması, didişmələr, birlik əzminin çox zəif olması tarix boyu müxtəlif imperiyalar quran sərkərdələrin də başlıca məğlubiyyət səbəbi kimi mənalanır.

Hekayədə türkün mübarizlik ruhu, cəngavərliyi ilə onun zəifliyini yetirən səbəblər uğurla təqdim olunur. Müəllif bu məqamı eyni səhnə daxilində təsvir edir. Qara Dumanla döyüşüb əldən düşən Qurdbaşlı Xaqan oğlu təslim olub geri çəkilmək istəmir, son ana qədər savaşmaq fikrindədir. Amma onun gücü tükənib artıq. Yenidən özünə gəlmək, yenidən savaşa atılmaq üçün gücü qardaşının biləyindən daman qanı içib ayağa qalxmaqda görür: "Böyük oğul qardaşının qolundan damcılayan qanı gördü, yadına düşdü ki, çöllərdə susuz qalanda, dodaqları quruduğundan dilləri damaqlarına yapışanda, həmişə atların diz damarını kəsib qanını içərdilər...

Kiçik qardaşının qolundan damcılanan qanı görən kimi Qurbaşlı böyük qardaş bir an tərəddüddən sonra, sanki xilas yolunu tapdı, qardaşına yaxınlaşıb yerə diz qoydu, dodaqlarını onun qoluna sıxdı...

Birinci qurtumdan dizlərinə taqət gəldi, ikinci qurtumdan gözləri işıqlandı, üçüncü qurtumdan qolları polad kimi bərkiməyə başladı...  İçdikcə böyüdü, gücləndi, əvvəlki zoru qayıtdı, hətta əvvəlkindən də yüz dəfə güclü oldu, böyük oldu, hiss elədi ki, indi artıq Selcan xatunu xilas eləməyə gücü-taqəti var...

Elə bu vaxt sonsuz səmalara Göy Tanrının kinayəylə dolu gurultulu sədası yayıldı...

- Qardaş qanı şirin olur... İç, iç, Türk oğlu, sən qardaş qanı içəndə böyük olursan...

Ulu Xaqanın Qurdbaşlı böyük oğlu ayağa qalxıb dizlərini dikəltdi və dəli bir nərə çəkib, şikarına tərəf tullanan vəhşi qurd kimi bütün gücünü yığıb gözü qızmış-qaralmış Qara Dumana tərəf atıldı...."

Tarix boyu imperiyalar quran, düşmənlərini çökdürən türklər silahı özlərinə də tuşlamaqdan çəkinməyiblər. İlqar Fəhmi bu məqamı türkün güclənməsinin əsas amili kimi mənalandırır mətndə. Hətta sonucda ironik ricətlərə də çıxır. Ümumiyyətlə, hekayədə ironiya, kinayə qabarıqdır və yalnız dialoqlarda deyil, müəllif təhkiyəsində də özünü göstərir. "Bu vaqeənin üstündən min illər keçdi, amma Göy Tanrının bu qarğışı havaya sovrulmadı, sularda ərimədi, alovlarda yanmadı, minillər türk obalarının başı üstə dolaşdı, Attilanın, Çingiz Xanın, Əmir Teymurun, Yavuz Səlimin, Nadir şahın və daha yüzlərlə turk igidinin ruhundan keçdi...

Böyümək istəyən bütün türk ərənləri qardaş qanı içdilər, qollarına güc, dizlərinə təpər gəldi; qardaş qanı içib böyüdülər, əzəmətli oldular, məmləkətlərə hökmranlıq elədilər, az qala dünyaya meydan oxudular, amma ən böyüklərinin də dodağında qardaş qanının ləkələri silinib getmədi, zaman-zaman öz şirinliyi ilə onları sərməst elədi, ağıllarını başlarından aldı...".

Hekayədə türkün şanlı tarixinin istər sosial-siyasi, istərsə də mənəvi-əxlaqi baxımdan sapıntıya uğraması, kataklizminin son həddi göstərilir. Mətndə istər süjet, istərsə də motiv səviyyəsində materiala fərqli estetik funksiya aşılanmışdır. Burada hədəf hansısa tarixi mərhələ, hansısa tarix səhnəsi deyil, onun bəlası, faciəsi istinad nöqtəsi kimi alınıb. Hekayənin strukturoloji altyapısında türkün özünün-özünə qənim kəsilməsi naqisliyinin tənqidi durur. Ona görə müəllif diqqətinin fokusu konkret tarixi dövrün şərhinə, yaxud obrazların səciyyəvi cizgilərinin, xarakterlərinin təsvirinə deyil, məhz toplum və tale məsələsinə, problemin tarixi-idraki açımına yönəlir.

Şaman Topkan Qara Dumana güzəşt etməyi, udduğu torpaqları ona halal edib digərlərini toxunmamaq şərti ilə geri çəkilməsini təklif edir. Qurdbaşlı Xaqan oğlunun cavabı isə qətidir: "...gözü qızmış-qaralmış Qara dumanın udduğu türk obalarını qurban vermək, geri istəməmək bizim ərənliyimizə yaraşmaz... Türkə dırnaq vuranın barmağı kəsilməsə, türkə diş atanın çənəsi sındırılmasa, bizdən Biz olmaz...". Bu artıq türk xarakterindən, xislət və ərənliyindən doğan cavabdır. Amma bu niyyət heç də hamının vahid əməlinə çevrilə bilmir.

İ.Fəhminin əsərlərində struktur və mahiyyət baxımından əlaqə, bağlılığın olması qabarıqdır. Folklor poetikasına sıx müraciət, onun incəliklərinə varılması, müasir zamanla əlaqəli şəkildə təqdimi, müşahidə qabiliyyətinin itiliyi, tarixi yaddaşa müasir yanaşma tərzinin ortaya qoyulması yazıçının yaradıcılığı üçün xarakterik keyfiyyətdir. Strukturoloji mahiyyətində əsatir motivlərinə dayanan "Qardaş qanı" hekayəsində də İ.Fəhmi folklor poetikasından bəhrələnərək türkün savaş tarixlərinə nəzər salır və onun naqisliklərini qabardıb ironiya hədəfinə çevirir. Hekayədə türk boylarının üzləşdiyi fəlakətlər, onun səhvlərindən qaynaqlanan ağrı-acıları qələmə alınmışdır.

Hekayənin təhkiyəsi üçün dramatik ahəng səciyyəvidir. İstər dialoqların gedişində, istərsə də təsvirlərin ifadəsində dramatik boyalar sərtliyini qoruyub saxlayır, tarixin həqiqətləri çağımızın reallıqları ilə birləşir. Müəllif türkün əzmini, cəngavər ruhunu göstərmək üçün uzaq zaman kontekstinə nüfuz edir. Göy Tanrıların zamanına. Türkün bəlasının kökünün nədən qaynaqlandığını, hansı amildən rişələndiyini təsvir edən əsatir hasilə gətirir. Tarixi yaddaşın daşıyıcılarından biri də mif, əsatir və dastanlar olduğundan, xalqın inancları, bədii düşüncəsi burada öz əksini tapdığından yazıçı bu dəfə tarixə arxetiplərin dili ilə müraciət etmişdir.

İlqar Fəhmi "Qardaş qanı" hekayəsində türk tarixinə münasibətdə ictimai-siyasi və fəlsəfi baxışlarını kodlaşdırılmış şəkildə ortaya qoyub. Hekayə türk xaqanlığının başının üstünü almış faciə ilə başlayır. Qara Duman bu mənada əsatirdə rəmzləşdirilən obrazdır. Tarix boyu türk ellərini başının üstünü almış təhlükə Qara Duman kimi simvolizə olunub.

Tənqidi, ironik pafos hekayənin ideyasından nəşət edir, sonda Ala qarğanın kiçik qardaşın şah damarını didib qanını axıtması və böyük qardaşın o qanı içib güclənməsi səhnəsində təşviş, həyəcanla dolu xəbərdarlıq nidasına çevrilir. Müəllif elə buradaca mətnə daxil olur. Türkün sonrakı dövrlərinə səfər edir, türkün qazandığı zəfərlərin kökündə qardaş qanı olduğunu bəyan edir. Amma təbii ki, bu zəfər, güclənmə də müvəqqəti olur. Qardaş qanı üzərində qurulan imperiyalar uzun sürə bilməz. Müəllif məhz bu fikri təlqin edir oxucuya. Bu fikir sosial-mənəvi planda Qurdbaşlı xaqanın taleyi timsalında inikasını tapırsa, milli-tarixi planda düşündürür.

İlqar Fəhminin təsvir etdiyi mənzərənin arxasında geniş fon duyulur, idrakı dərinlərə aparır oxucunu. Müəllif hekayəni rəmzlər, mifik obrazlar və şərti ünsürlərdən istifadə etməklə yazır, amma bu vasitələr mətndə biri digəri ilə üzvi şəkildə bağlandığından ümumi qayənin qabarıq təcəssümünə xidmət edir. Bu məqamda onu da deyim ki, İlqar Fəhminin düşüncə tərzi dünya ədəbiyyatının aparıcı istiqamətləri ilə bağlı olsa da, daha çox mentallığı ilə seçilən subyektiv mahiyyətə malikdir. Yazıçının tarixə bağlılığını da bu qatda aramaq lazımdır. Çünki türklər daha çox keçmişə, sakral məkana, kökə bağlıdır, retrospektiv düşüncə içrə gəzişmələrə meyilli toplumdur.

Hekayədə çoxlu arxetiplər iştirak edir:  Göy Tanrı, Qara Duman,  Şaman, Ala qarğa, ovsun, qarğış və s. bu kimi arxetip və folklor elementlərinin dünya bədii fikrində müxtəlif təzahür şəkilləri mövcuddur. İlqar Fəhmi hər biri yaddaşında şifrələnmiş informasiya daşıyan bu arxetipləri özünə uyğun şəkildə mətnə yerləşdirir. Bəzi kodların etiologiyası bizi oxuduğumuz digər mətnlərə yönəldir. Məsələn, nağıl və əsatirlərdə rastlaşdığımız ovsunçuluq, müəyyən rituallar vasitəsilə insana təsir etməyə qadir olan fövqəltəbii qüvvələr bu əsatirdə də yer alır. Hekayədəki şaman Topkan ovsun oxuyan, ayinlər keçirən, sehrbazlıq edən qüvvə hesab olunur, şəri simvollaşdırır, məkrli niyyətlərin reallaşmasına xidmət edir. Əsərdə digər arxetip Ala qarğadır. Məlum olduğu kimi, Habil-Qabil əhvalatında da qarğadan bəhs edilir. Allah Qabilə qardaşının cəsədini necə basdırmağı göstərmək üçün yer eşən bir qarğa göndərir. Bu hekayədə isə ala qarğa Allah tərəfindən göndərilmir, şaman Topkanın ovsunu nəticəsində yaranır: "... üzü gündöğana yol alan Tülkü başlı Topkan şamanın fikri narahat idi, qorxurdu ki, Türk obalarının xilası yolunda onun yox, Xaqan oğlunun təklif elədiyi vasitə daha xeyirli  olsa, onda Ulu Xaqanın yanında tək onun yox, bütün şamanların yeri olmaz.... Ona görə də kənara çəkilən Tülkübaşlı Topkan şaman bir tilsim oxuyub, baş barmağının uzanmış dırnağını kəsib havaya atdı, şaman dırnağı ülgüc kimi iti dimdikli Ala qarğaya çevrildi, qanad açıb göyə qalxdı və arxaya çönüb Qurbaşlı Xaqan oğlunun getdiyi səmtə  - günbatana yol aldı...". Ala qarğa döyüşdə əldən düşüb halsızlaşan, gücünü, taqətini itirən kiçik qardaşın şah damarını didməklə qanını yerə axıdır.

Yaxud Qara Duman obrazı. Oğuz mifologiyasında Qara Duman xaosu rəmzləndirir. Ritual davranışların günümüzə qədər yaşayan formullarından biri də təbiət ünsürlərinin magik sözlə qorxudulmasıdır. Hekayədə bu formul belə öz yaşarılığını saxlayır. Topkan şaman Qara dumanı yola gətirmək üçün ayinlər keçirməyi, qurbanlar kəsməyi təklif edir. O da maraqlıdır ki, Xaqanın qərarı birtərəfli olmur, həm döyüşməyi seçir, həm də ayinlər keçirmək təklifinə qarşı çıxa bilmir. Çünki türk toplumu üçün inanc və etiqad bütün zamanlarda işləkliyini qoruyan amildir: "Üç qardaş Qurdbaşlı  böyük qardaşlarının ardıyca günbatana sarı yol aldı ki, üfüqdə görünən Qara Dumanı haqlasınlar, ox vurub kəmənd atıb yerə endirsinlər, udduğu türk obalarını geri alsınlar, bu gözü qızmış-qaralmışın cəzasını versinlər...

Üç qardaş da Tülkü başlı şamanın ardıyca gündoğana sarı yol aldı ki, gözü qızmış Yağı Günəşin yeni doğuluşuna tədarük görsünlər, qurbanlar hazırlasınlar, ayinlər keçirtsinlər ki, qurd qarnı kimi qaranlıq gecədən sonra qalxan Qara Duman onların bu ayinlərini, qurbanlarını görüb, rəhmə gəlsin, türk obalarını rahat buraxsın...".

Hekayə xətti təhkiyə üstündə inkişaf edir, hadisələr sadə xronotopa malik olub əvvəldən sona doğru irəliləyir. Mahiyyətcə tragik məzmuna köklənən "Qardaş qanı" hekayəsindəki bəzi arxetiplər, işarə və rəmzlər ədəbiyyat tarixmizin müxtəlif dövrlərində yaranmış mətnlərlə gizli və açıq dialoqa girir. Burada Çingiz Aytmatovun "Əsrdən uzun gecə" əsərindən tutmuş (Səni nə hala gətirdilər/ Xatırla kim olduğunu") İsa Hüseynovun "Məhşər", Y.Səmədoğlunun "Qətl günü" romanına, habelə Hüseyn Cavidin "İblis"inə qədər mətnlərarası - intertekstual səciyyəli əlaqə var, ən ümumi ideya planında bu yazıçılar birləşirlər. Hələ  "Qardaş qanı" adının ilkin assosiasiyası yaradılışın sirli başlanğıcına, dünyadakı ilk cinayətin izinə,  Habil-Qabil əhvalatına aparır bizi. Bəlkə də hər şey ondan başlanır. Yalnız türkün türkə deyil, ümumiyyətlə qardaşın qardaşa qənim kəsildiyi bir dünyanın dərd-səri bitib-tükənmir. İlqar Fəhmi bu məlum əhvalatı dekonstuksiyaya uğradaraq türkün taleyi üzərinə transfer etməyə çalışır.

İlqar Fəhmi türk tarixində baş verən hadisələrin dərkinin milli, tarixi və fəlsəfi hüdudlarına varır. Bir əsatirin mənzərəsi fonunda müəllif bədii idrak genişliyi nümayiş edə bilir, tarixi bəlalarımıza vüsətli nəzər salmağa çalışır. Mətn boyu dramatizmin axarı dəyişmir, torpaqlarımızın taleyi, dövrümüzün səciyyəvi kolliziyaları üzərində düşündürür. Əslində, həyatımıza, zamana tarixi baxışı dərinləşdirmədən müəyyən sosial-mənəvi proseslərin mahiyyətinə varmaq çətindir. İlqar Fəhminin tarixə müraciətinin kökündə dayanan başlıca amil də bununla bağlıdır. Təsvir müəyyən tarixi dövrlə çərçivələnir, amma mənalandırmada çağın ruhu, ağrı və qayğıları duyulur.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.6-7.