Sənin xətrinə
Daradım
yolların tikan saçını,
Göynədi əllərim sənin xətrinə.
De çoxmu gözlədim
yolunu sənin?
Yubandı illərim sənin xətrinə.
Sən yoxsan, dərəni, iyləyəni yox,
Hərdən su verəni, belləyəni yox,
Ətrinə bir misra söyləyəni yox,
Saraldı güllərim sənin xətrinə.
Dağım
dağa döndü, bitdi dağımda,
Solumda tapdığım itdi sağımda,
Qocala bilmədim, cavan çağımda,
Ağardı tellərim sənin xətrinə.
Günəşi qaytara
bilmədik geri...
Gəl
gedək günəşin batdığı yerə,
Gündüzlə-gecənin yatdığı yerə.
Torpaqdan
üzülsün ayaqlarımız,
Gedək başımızın çatdığı
yerə.
Tanıya
bilmədik heyif, çox heyif
Gözün əvəzinə qaş atanları.
Bulud qamçılasın izlərimizi,
Döysün arxamızca daş atanları.
...Yeri, canım-gözüm,
dayanma, yeri,
Deyəsən yolların sonuna gəldik.
Günəşi qaytara bilmədik
geri,
Bəlkə arzuları qaytara bildik.
Siz deyin, sizə neynim?
Görə-görə qapandı,
Kor olan gözə neynim.
Yüz ağızda ceynəndi,
Çürüyən sözə neynim.
Közük, alovuq, oduq,
Hələ özgəyik,yadıq,
Bir yerə yığılmadıq,
Dağılan bizə neynim.
Verən,
alan içində,
Zəhər ilan içində
Batıb
yalan içində,
Boğulan düzə neynim.
Nə qədər
mərd olacaq
O qədər dərd olacaq,
Nə qədər
pərt olacaq? -
Qızaran üzə neynim.
Əlim
üzümdə dustaq,
Dilim sözümdə dustaq,
Özüm-özümdə dustaq,
Siz deyin, sizə neynim?
Allaha nə cavab
verəcəksiniz?
Yenə
qış ötəcək, bahar gələcək,
Hələ çox gülləri
dərəcəksiniz,
Hər kəsin yerinə cavab verənlər,
Allaha nə cavab verəcəksiniz?
Yalan dilləriniz
düz görməyəcək
Üzünüz qırışıb üz görməyəcək,
Qulaq kar olacaq, göz
görməyəcək,
Ömür qısa imiş, görəcəksiniz.
Acıya
dönəcək şirin balınız,
Şişib uzanacaq qara xalınız,
Bir-bir töküləcək gur
saçlarınız,
Zamanın saçını hörəcəksiniz.
Daha ulduzum yox, yəni axdı ki?
Mən baxdım,
bir kimsə mənə
baxdı ki?
Torpağın altında ölüm
yoxdu ki,
Torpağın üstündə öləcəksiniz.
O köhnə kişilər
hara getdilər?
Bu necə
istidi yandım, ay Allah,
Başımı soxmağa kol axtarıram.
Əzdim,
tapdaladım bütün
yolları,
İndi
ürəklərə yol
axtarıram...
Qaçıram,
bəlkə də saxlaya bildim,
Oğruya çatanda yoruluram mən.
Bütün yalanları ötüb
keçmişəm,
Doğruya çatanda yoruluram
mən...
Biçarə
cavanlar sevgidən doydu,
İşvəli gözəllər vara getdilər.
Ölüm cavanlaşdı yüzdən-əlliyə,
O köhnə kişilər
hara getdilər?..
Dəyişdi
baharla payızın yeri,
Yarpaqlar baharda töküləçəkdir.
Gedin bundan sonra payızda
sevin,
Güllər xəzan vaxtı
əkiləcəkdir...
Hər gün səhər-axşam
döyülən adam,
Özündən uzaqda yaxının varmı?
Gözünün yaşını sel
eyləmisən,
Barı dənizlərə axının
varmı?
Alasan
Atasına
od vurub,
Xalasını alasan.
Bu dünyanı boşayıb
Balasını alasan!
Dəyişik düşüb yerin,
Yaxının yoxmu sənin?
Dosta dəyən güllənin
Yarasını alasan!
Ya dağdan, ya arandan,
Xəbər varmı Turandan?
Vətənimin İrandan
Yarısını alasan!
Çox
uzandı dimdiyi,
Süd deyilmiş əmdiyi,
Düşmənin güvəndiyi
Qalasını alasan!
Qaldırasan yerindən,
Yandırasan dilindən,
Rüşvətxorun əlindən
Parasını alasan!
Susma adam, danış,
din
Yaşı olmaz igidin.
Ən sonuncu şəhidin
Sırasını alasan!
Mən nə boyda ölüm ki...
Ört bütün qapıları,
Yetər ki, baca qalsın.
Mən nə boyda ölum
ki,
Ölüm balaca qalsın?
Mən nə
boyda gülüm ki,
Eşitməsin ağlayan.
Bəlkə də o, olacaq
Gözümüzü bağlayan.
Mən nə
boyda bölum ki,
Bir tikəni yüz yerə...
Nə qədər əyri getdik,
Yetişmədik düz yerə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda dönüm
ki,
Dünya içimdə qalsın?
Səni sevdiyimi
deyə bilmədim...
Çalışdım
nə isə çəkdi əlimdən,
Gəldim, qapınızı döyə
bilmədim.
Sözlərin hamısı keçdi
dilimdən,
Səni sevdiyimi deyə bilmədim.
Yola sal
leysanla, yağışla məni,
Toxu ürəyinə naxışla
məni,
Bağışla, gerçəyim, bağışla
məni,
Səni sevdiyimi deyə bilmədim.
Bir az dərin imiş düşdüyüm dərə,
Anladım, düşərəm nahaqdan şərə,
Qayıtdım yenə də gəldiyim yerə,
Səni sevdiyimi deyə bilmədim.
Bu tale, bu
ömür, bu da bir ilsə,
Neyləyim, bu qismət qismət deyilsə,
Bəlkə məndən əvvəl
demişdi kimsə,
Səni sevdiyimi deyə bilmədim.
İqbal Nehmet
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.5.