Özbəkistan görüşləri
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Avqustun 6-da Özbəkistan
Yazıçılar İttifaqının dəvətiylə
mən və dramaturq Firuz Mustafa Beynəlxalq konfransda
iştirak etməkçün Daşkəndə yola
düşdük.
İki saat sürən
uçuşdan sonra İslam Kərimov
adına Beynəlxalq Hava Limanında
bizi Özbəkistan Yazıçılar
İttifaqının sədri, Xalq şairi Siracəddin Seyyid,
Prezident aparatı Mədəniyyət şöbəsinin
müdiri, yazıçı, tərcüməçi Məmmədqul Həzrətqulov və
başqaları qarşıladılar.
Konfrans “Klassik və
çağdaş özbək ədəbiyyatının
öyrənilməsinin aktual məsələləri və
özbək ədəbiyyatının dünyada
tanınması” mövzusuna həsr olunmuşdu.
Bəri başdan deyim ki,
çox vacib bir problemə həsr olunmuş beynəlxalq
konfrans son dərəcə yüksək səviyyədə təşkil
edilmişdi.
Açılış toplantısından sonra beş seksiya
üzrə işləyən konfransda Türkiyədən
(İmdat Afşar və başqaları), İrandan (Hüseyn
Düzgün), Misirdən, Hindistandan, Əfqanıstandan,
Yaponiyadan, Cənubi Koreyadan, Rusiyadan (“Roman-qazeta”nın Baş
redaktoru Yuri Kozlov, “Literaturnaya qazeta”nın redaktor müavini
Anastasiya Yermakova), Ukraynadan, Belarusdan, ABŞ-dan, Kanadadan,
Fransadan, Almaniyadan, Hollandiyadan, İsveçdən,
Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan,
Tacikistandan, Latviyadan, Litvadan, Azərbaycandan (Firuz Mustafa) gələn
qonaqlar müxtəlif seksiyalarda məruzələrlə
çıxış etdilər.
Açılış
toplantısını Özbəkistan Yazıçılar
İttifaqının sədri Siracəddin Seyyid
aparırdı. Özbəkistan Prezidenti Şövkət
Mirziyayevin konfransa təbrikini Ali məclis Senatının sədri
N.Yuldaşov oxudu. Sonra YUNESKOnun Özbəkistandakı
nümayəndəsi Dender Badarç, mən, Qazaxıstan Yazıçılar
İttifaqının sədri Uluqbek Yesdueletov, Tacikistan
Yazıçılar İttifaqının sədri Nizom Kosim
çıxış etdik.
Mən Azərbaycanla
qardaş Özbəkistanın əsrlərin dərinliklərinə
gedən mədəni, ədəbi əlaqələrindən,
böyük Nəvaiyə Bakıda heykəl
ucaldılmasından danışdım. Beynəlxalq
siyasi aləmdə Özbəkistanın daima ölkəmizin
haqq işini müdafiə etməsinə görə təşəkkürümü
bildirdim və Yazıçılar Birliyinin Əlişir Nəvaiyə
həsr olunmuş xüsusi buraxılışı haqqında
məlumat verdim. Senatın sədri cənab Yuldaşovdan bu
nüsxəni Özbəkistanın hörmətli Prezidentinə
çatdırmasını xahiş etdim. O, bu işi məmnuniyyətlə
edəcəyini bildirdi.
Açılışdan
sonrra Əlişir Nəvainin abidəsinə əklillər
qoyduq və böyük şairin adını daşıyan
Özbək dili və ədəbiyyatı Dövlət
Universitetində görüşümüz oldu. Özbək
dostlarımız iftixarla deyirdilər ki, əvvəllər
özbək dili və ədəbiyyatı universitetlərdə
bir fakültə çərçivəsində tədris
edilirdisə, indi bu fənlər üzrə ayrıca Dövlət
Universiteti fəaliyyət göstərir.
Sonra Özbəkistan Yazıçılar İttifaqına yollandıq. Bu təşkilat son illərdə xüsusi
tikilmiş iki mərtəbəli yaraşıqlı binada yerləşir.
Ən müasir avadanlıqla və cihazlarla təmin olunmuş
binada Yazıçılar İttifaqından başqa, onun
dörd aylıq jurnalı və
həftəlik qəzetinin redaksiyaları, eləcə də
“İcad” və “İlham” fondları yerləşir. Hamısı da dövlət büdcəsindən
maliyyələşdirilir. Amma fondların əlavə gəlir
mənbələri də var. Yazıçılar
İttifaqı,
yazıçıların sosial təminatı və
adı çəkilən fondların maddi vəziyyəti
haqqında bir qədər sonra danışacam.
Yazıçılar İttifaqında görüşdə mən
Azərbaycan Yazıçılar Birliyinin işi haqqında, təşkilatımıza dövlət qayğısı haqqında danışdım. Mərhum
Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin ədəbiyyata
xüsusi münasibətini xatırlatdım. 1993-cü ildə
H.Əliyev yenidən hakimiyyətə gələndən
sonra həm
Yazıçılar Birliyinin, həm onun ədəbi
orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsi
haqqında, Azərbaycanın ən yüksək İstiqlal ordeninin ilk olaraq
yazıçılara - Bəxtiyar Vahabzadəyə, Xəlil
Rzaya, Məmməd Araza təqdim etməsi haqqında
danışdım.
Hörmətli Prezidentimiz İlham
Əliyevin Tərcümə mərkəzimizin də büdcəyə salınması
barədə qərarı, yazıçılara ev tikməkçün sahə
ayırıması, kitabların
latın qrafikasıyla nəşr olunması haqda sərəncamı,
binamızın əsaslı təmirinə
ayırdığı vəsait, hər il otuz
yazıçıya ayda 300 manat, iyirmi gənc
yazıçıya ayda 200 manat məbləğində təqaüd
verilməsi, 2014-cü ildə təşkilatımızın
80 illiyi və qurultayımızın çoxlu əcnəbi
qonaqların iştirakıyla yüksək səviyyədə
keçirilməsinə göstərdiyi yardım, jurnalistlərçün
tikilmiş evlərdə mətbuat
sahəsində çalışan bir sıra
yazıçıların da mənzillə təmin olunması - ədəbiyyatımıza dövlət
qayğısının bariz örnəkləridir.
Özbəkistan Yazıçılar
İttifaqının sədri Siracəddin Seyyid və mən ədəbi əlaqələrimizin
daha da genişləndirilməsi barədə memorandum
imzaladıq. Memorandumda qarşılıqlı tərcümələrə,
görüşlərə, mətbuat orqanlarımızda ədəbiyyatlarımızdan
nümunələrin dərc olunmasına, ədəbi-bədii
müsabiqələrin keçirilməsinə, kitab mübadiləsinə
aid maddələr
daxildir.
İttifaqdakı tədbirdən sonra böyük Nizaminin abidəsinə
əklil qoyduq və onun adını daşıyan Ali məktəbdə
görüşümüz oldu. Mən çıxışımda
dedim ki, bu gün iki dahinin - Nizaminin və Nəvainin abidələrinə
əklil qoyub onların adlarını daşıyan təhsil ocaqlarında görüşlər keçirdik.
Deməli, çox əsrlər qabaq olduğu
kimi, bu gün də Nizami və Nəvai bizim ədəbi və
əbədi qardaşlığımızın rəmzləridir. Nəvai Nizami “Xəmsə”sindən ruhlanaraq
türk - çağatay - qədim özbək dilində
öz orijinal “Xəmsə”sini yaradıb gəncəli ustadının adını hörmətlə
andığı kimi, Füzuli də
öz “Leyli və Məcnun”unu doğma Azərbaycan
türkcəsində qələmə
alarkən özbək dahisini
ehtiramla xatırlayıb. Bu yaxınlarda bitirdiyim “Üç
Leyli və üç Məcnun” essemdə məhz bu dahilərin yaratdıqları
üç poemadan bəhs olunur. Azərbaycanda Nəvainin
əsərlərindən başqa, son zamanlar “Baburnamə” də
dilimizə çevrilib. Cavid, Cavad Müşfiq təkin
Stalin repressiyalarının qurbanı olmuş Çulpandan bu günün ən
gənc şairlərinə qədər özbək müəlliflərin
əsərlərindən ibarət antologiya Bakıda bu günlərdə çapdan çıxıb.
Özbəkistanda başqa klassik və
müasir yazıçılarımızla bir sırada mənim
də dörd kitabımın çıxması, müxtəlif
qəzet, jurnal və almanaxlarda yazılarımın dərc
olunması, vaxtilə Mukimi adına teatrda “Qaravəlli” pyesim əsasında
özbək bəstəkarı Kələntərovun
yazdığı “Zəncir” musiqili komediyasının
uğurla tamaşaya qoyulması, şübhəsiz, məni
sevindirməyə bilməzdi.
Bu yaxınlarda rəhmətə
getmiş tərcüməçim Usman Kuçkora və başqa çevirməçilərimə ən dərin təşəkkürümü
bildirdim. “Dantenin yubileyi” povestim özbək dilində iki
müxtəlif tərcümədə, “Gürcü
familiyası”
üç müxtəlif tərcümədə nəşr
edilib. Amma bilmirdim ki
“Dantenin yubileyi”ni
çevirən Məmədqul Həzrətqulov, həm də bu povest əsasında
yaranmış televiziya tamaşasının və radio
tamaşanın müəllifidir. Bütün səfər boyu
məni öz maşınında gəzdirən və Səmərqəndə
səfərdə müşayiət edən Məmədqula da çox minnətdaram.
Yeri gəlmişkən, mənə bağışladığı “Göy göl” kitabı Azərbaycana
həsr olunub və biz də hökmən bu əsəri
dilimizə çevirməliyik.
Dostluq əlaqələrimizdən, bu
sahədə görüləcək gələcək işlərimizdən Daşkənd televiziyasına və “Özbəkiston
adabiyotı va sanati”, “Kitob dünyosi”, “Hurriyat” qəzetlərinə verdiyim
geniş müsahibələrdə bəhs etdim.
Nahar fasiləsindən sonra
seksiyaların işi başlandı.
Firuz Mustafa ikinci seksiyada “Müstəqillik
dövründə Azərbaycan-özbək ədəbi əlaqələrinin
mühüm aspektləri” mövzusunda, mən beşinci
seksiyada “Üç Leyli,
üç Məcnun” temasında
çıxışlar etdik. Bizim seksiyada
çıxış edən görkəmli özbək
yazıçısı Erkin
Azimin mənim haqqımda xoş sözlərinə, redaktə
etdiyi “Təfəkkur” dərgisində “Ağ qoç, qara qoç”u
çap edəcəyini deməsinə görə ona da təşəkkür
etdim.
Səhərisi gün,
ayın 8-də iti sürətli qatarla Səmərqəndə
yola düşdük.
Altmışıncı illərin
sonunda, Daşkənddə keçirilən Asiya-Afrika ölkələri
kino festivalında iştirak etdiyim zaman Səmərqəndə
də getmişdim. O festival günlərində məşhur özbək
kinorejissoru Şöhrət Abbasovla tanış
olmuşduq, çox sonralar onunla Türkiyədə də
görüşmüşdük. Şöhrətin bir
neçə ay öncə dünyasını dəyişdiyini
biləndə də, şəxsən tanıdığım
tacik şairi Mömin Kanaotun da bu yaxınlarda rəhmətə
getdiyini eşidəndə də Sergey Yeseninin misraları yadıma düşdü.
Mı teper uxodim ponemnoqu
v tu stranu, qde tiş i blaqodat
Mojet i mne skoro na
doroqu
brennıe pojitki sobirat
(Xoş, sakit dünyaya yollanmaq
üçün
yavaş-yavaş tərk edirik aləmi
Bəlkə lap yaxında yola
çıxmaqçün
mən də
yığışdırım şələ-küləmi
(tərcümə
mənimdir)
Azı əlli il bundan qabaq gördüyüm
Daşkənd, Səmərqəndlə indiki şəhərlər
arasında zəmin asiman fərq var. Daşkənd də, Səmərqənd
də heyrətamiz şəkildə
dəyişib, yeniləşib, daha da gözəlləşib,
abadlaşıblar. Qədim
memarlıq abidələriylə dünyanı heyran qoyan Səmərqənd
bu abidələri göz bəbəyi kimi
qoruyub saxlamaqla tamamilə yeni, müasir şəhər
kimi də cilalanıb. Özbəkistana ilk səfərimdən
Daşkənd xatirimdə daha çox yaşıllıqlar -
parklar, bağlar şəhəri kimi qalmışdı.
İndi bütün bu parkların, bağların bolluğuyla
bərabər, bir-birindən orijinal binalara, geniş
xiyabanlara da heyran olursan. Bir də ki
- Dəmir yol vağzalından
Yazıçılar
İttifaqının binasınacan hər yerdə əkilmiş
və zövqlə yerləşdirilmiş əlvan güllər,
çiçəklər adamın gözünü
oxşayır. Gen kölgəli, qol-budaqlı ağaclar, rəng
verib rəng alan güllüyün rayihələri,
fəvvarələrin fışıltısı, arxların
şırıltısı qırx neçə dərəcə
istini hiss etməyə qoymurlar.
Səmərqənddə əlbəttə
ilk növbədə misilsiz memarlıq abidələrinə
baş çəkdik.
Özbəkistanın ilk
Prezidenti İslam Kərimov Səmərqənddə anadan olub. Daşkənddə məşhur
Reqistan meydanının yaxınlığında heykəli ucalsa da, öz vəsiyyətinə
görə ölkənin paytaxtında deyil, Səmərqənddə,
qədim məscidin yanında dəfn olunub. Bu vəsiyyətin
yerinə yetirilməsi üç mərtəbəli binanın damına
çıxmaq deməkdir və ona görə ziyarətə gələnlər -
elə mənim kimi
yaşlılar - müəyyən çətinliklə qarşılaşırlar. Bakıda Nəvainin heykəlinin
açılışında hörmətli Prezidentimiz
İlham Əliyev bizi də İslam Kərimova təqdim etmişdi.
Onun haqqında bildiklərimə və eşitdiklərimə görə bu
üç mərtəbəni qalxmağı özümə
borc bildim.
Özbək dostlarımız İ.Kərimovun
qürurlu xasiyyətindən danışırdılar. Sovet İttifaqının son
dövrlərində Moskvada hansısa yüksək zirvə
toplantısında Kərimov bir az gecikərək daxil olanda Mitxail Qorbaçov rişğəndə: “vot eşe
odin prezident izvolil poyavitsya (bir
prezident də təşrif buyurdu)” - deyir və
kobudcasına əlavə edir: -
“bunları öz xoşuna qoysan, hərəsi özünü
bir padşah elan edər”.
İslam Kərimov əlindəki
iclasın gündəliyini göstərərək: - “mən
bu gündəlikdə göstərilən məsələlərin
müzakirəsi üçün gəlmişəm, gündəlikdə
Kərimovun
müzakirəsi məsələsi yoxdur” - deyib
iclası tərk edir.
Bu söhbətin nə qədər həqiqətə
uyğun olduğunu bilmirəm, amma İslam Kərimovun
qürurlu, necə deyərlər,
“qabağından yeməyən” şəxsiyyət
olması barədə çox eşitmişəm.
Danışırlar ki, YUNESKOnun Baş katibi Frederik Mayor Səmərqənddə
Uluqbəy rəsədxanasını ziyarət edərkən deyib:
“- Uluqbəyin riyazi kosmik hesablarıyla tanış olan alimlər
təəccüblənir ki, onlar müasir kompüterlərin
göstərdiyi rəqəmlərdən
çox az fərqlənir. Uluqbəyin hesablamalarında cüzi bir yanlışlıq
var”. İ.Kərimov
F.Mayora: “- cüzi yanlışlıq Uluqbəyin verdiyi rəqəmlərdə
yox, müasir kompüterlərin hesablamalarında ola bilər”
- deyir. Sonralar Frederik Mayor Özbəkistan təəssüratlarından yazarkən Kərimovun bu düzəlişini
xatırlayıb, onu əsl vətənpərvər adlandırır.
Uluqbəyin rəsədxanası
da, mədrəsəsi də, ümumən dövlət xadimi
kimi fəaliyyəti də doğrudan möcüzədir. Əmir Teymurun istəkli nəvəsi
Uluqbəy (hətta bir əfsanəyə görə
uşaqlıqda babasının həyatını da xilas edib)
hökmdar kimi də
öz vəzifəsini icra edib, özünün
tikdirdiyi rəsədxanasında da kainatın sirrləriylə
uğraşıb. Rəsədxananı da gördük,
qarşısındakı Uluqbəy muzeyində o dövrün
astonomik cihazlarıyla da tanış olduq.
Nəvədən
böyük babasının son mənzilinə - məzarına
yollandıq.
Gur Əmir, yəni Əmir Teymurun goru-məzarı əzəmətli, yüksək
kümbəzli bir tikilidir. Tam Şərq üslubunda inşa
olunubsa da, nədənsə mənə Parisdə Napoleonun Əlillər
evindəki qəbrini xatırlatdı - eyni əzəmət,
möhtəşəmlik, eyni əbədi hökmranlıq iddiası...
Əmir Teymurun oğulları -
Şahrux və Azərbaycanda pis ad çıxarıb
öldürülmüş, “Maran şah” yəni İlan
şah kimi tanınan
Miran şah, Uluqbəyin
və başqa nəvələrinin məzarları
ən alt qatda, zirzəmidədir. Turistlərin
gördükləri məzar daşları isə onların
üst qatda təkrarıdır. Əmir Teymurun bahalı
daşdan tünd rəngli məzar daşı başqa qəbirlərdən fərqlənir.
Rəvayətə görə, Əmir Teymur: “- nəbadə mənim
məzarımı açasınız” -deyib - “yoxsa fəlakət
baş verər”. Sovet arxeoloqları bu vəsiyyətə məhəl
qoymadan 1941-ci il iyunun 21-də Teymurun məzarını
açıblar. Səhərisi gün müharibə
başlayıb və bu prosesi
çəkən operator cəbhədə
qıçını itirib, Teymur kimi axsaq qalıb. Bu məzarı
açmaq prosesini lentə alan başqa bir
operator - Malik Kayumov doxsan neçə yaşında vəfat
edib.
Böyük tarixi şəxsiyyət Əmir Teymur nə sovet
dövründə təqdim
olunduğu kimi yalnız qəddarlığıyla ad çıxarmış zülmkar, nə də indiki zamanda bəzən ifrat idealizə edilən
hökmdar olub. Bütün sahibi-ixtiyarlara mənsub olan cəhətlər
- təkəbbür, qəddarlıq, küllü aləmə
hakim kəsilmək iddiası
ona da xas idi. Məgər Makedoniyalı İsgəndər,
ya Yuli Sezar
belə deyildilər? Amma bununla bərabər, elmə, şeirə,
sənətə həssas, qayğıkeş münasibəti,
Səmərqəndi və başqa şəhərləri misilsiz memarlıq
abidələriylə əbədiləşdirməsi də
Teymurun tarixdə müsbət
işarəsiylə qalacaq əməllərindəndir. Teymurun
alimlərə, şairlərə, sənətçilərə
verdiyi önəmlə bir sırada indiki təbirlə
desək, dini tolerantlığı da diqqəti çəkir.
Səmərqənddə sivri bir
dağın döşündə Müqəddəs Daniel,
yaxud Xacə Daniyar adlı övliyanın məzarı var. Kimsə buranı
doğrudan da Əmir Teymurun əmriylə övliyanın Bağdaddan
köçürüldüyü
məzarı sayır, kimsə Bağdaddan onun məzarından bura ancaq torpaq gətirildiyini
deyir. Qəribə odur ki, bu məzarla
bağlı əfsanələr bizim günlərdə də
yaranır. Məzarın yanında bitən
ağac quruyurmuş. Guya Rusiya patriarxı
Aleksi bura gəlib su səpəndən sonra ağac yenidən
dirçəlməyə başlayıb. Dağın ətəyində
suyu
Laçının, Şuşanın bulaqları
kimi sərin və şirin bir bulaq da var. Yenə də əfsanəyə
görə, bu bulaqdan su içən ürəyində niyyət tutmalıdır.
İsraildə, Qüdsdə Ağlaşma (Göz
yaşı) divarında niyyətimi yazıb daşların arasına qoyduğum
kimi, Səmərqəndəki bulaqdan su içəndə də
ürəyimdə tutduğum niyyətin - Qarabağımızın, bütün başqa işğal olunmuş torpaqlarımızın tezliklə
azad olunması arzumun tezliklə baş tutmasını
istədim.
Səmərqənd doğrudan da
açıq səma altında unikal memarlıq muzeyidir. Belə
şəhər-muzey kimi onu dünyada bəlkə yalnız Romayla müqayisə etmək
olar. Reqistan meydanı dəqiq ölçülüb
biçilmiş miqyaslarına görə ən məşhur
meydanlarla - Romada Müqəddəs Pyotr, Peterburqda Senat, Parisdə
Etual (Ulduz) meydanlarıyla müqayisə oluna bilər.
Reqistan qumluq deməkdir və bu meydan
üç tərəfdən ecazkar binalarla əhatə olunub,
dördüncü tərəfdənsə giriş və baxış üçün
açıqdır. Bu açıq yerdən baxanda sol tərəfdəki
bina Uluqbəy
mədrəsəsidir. Mədrəsənin dörd tərəfdən
divarlarla əhatə olunmuş daxili sahəsi Avropa şəhərlərində, özəlliklə ispan memarlığında geniş
yayılmış patio - daxili həyətləri
xatırladır, amma təbii ki, Uluqbək mədrəsəsindəki həyət çox dəfə daha genişdir.
Reqistan meydanının
dördüncü, açıq tərəfində, pillələrin
üstündə skamyalar düzülür və vaxtaşırı burda
musiqi festivalları keçirilir. Ağ paltarlı gəlinlər
nişanlılarıyla, ərləriylə bura gəlib Reqistan meydanının fonunda şəkil çəkdirirlər.
Səmərqəndin başqa məşhur
abidələri sırasında Bibi xanım məscidi, Şahizində
(əbədi yaşar şah) nekropolu da dünyaca məşhurdurlar.
Şahizində məzarlığını
memarlıq inciləriylə bəzəyən ustalar
sırasında azərbaycanlılar da olub.
Səmərqənddən
ayrılıb sürət qatarıyla Daşkəndə
yollanır, iki saatdan sonra çatırıq. Axşam
qaldığımız beşulduzlu “Site palas” otelinin açıq
həyətində Özbəkistan höküməti
adından ziyafət verilir. Gur və
həzin səsli kişi və qadın müğənnilər özbək musiqisiylə bərabər,
Rəşid Behbudovun, Edit
Piafın, Frenk Sinatranın repertuarından mahnılar,
Rossininin “Sevilya bərbəri”, Puççininin “Turandot” operalarından ariyalar ifa
edirlər. Özbəkistan dövlətinin ayrılmaz
hissəsi Qaraqalpak respublikasından istedadlı gənc
müğənni bizim Müslüm
Maqomayevin repertuarından elə onun ifa tərzində iki
mahnı oxuyur, sonra bizə yanaşır, tanış oluruq.
Demə, Müslüm Maqomayev adına konkursda iştirak edib,
birinci mükafata
layiq görülüb. Onu təbrik
edirik. Artıq yetərincə məşhur müğənni
olduğu üçün haqqında lətifələr də
söyləyirlər. Hansı bir konsertindəsə
səhnədə oxuduğu zaman zəlzələ baş
verir, salondakı çıl-çıraq tərpənməyə
başlayır. Zəlzələdən xəbəri
olmayan gənc müğənni qürurla: -
“gördünüzmü” - deyir - “səsimin gücündən lüstra da əsməyə
başladı”.
Türkiyəli yazıçı və tərcüməçi,
ədəbiyyatımızın sadiq dostu İmdat Afşarla
görüşüb söhbətləşirik. Çox məmnunuq
ki, neçə il əvvəllərdə
Türkiyəylə Özbəkistan arasında yaşanan gərginlik
aradan qalxıb, siyasi və mədəni əlaqələr
gün-gündən daha da fəallaşır.
Türkiyədə
ümumtürk məsələləriylə bağlı
toplantılarda Özbəkistan nümayəndələrinin
olmamasını görəndə doğrusu, çox
üzülürdüm. Özbəkistansız Türk
dünyası tam deyil və Türkiyə də Özbəkistançün
qardaş məmləkətdir.
İmdad məni Cənubi Koreyadan gəlmiş
türkoloq xanımla tanış edir.
Xanımın adı Ingenq, famili isə bircə hərifdən
ibarətdir - O. Türkoloji təhsilini Seulda başlayıb,
İstanbulda tamamlayıb, bir
çox türk dillərini, o cümlədən, Türkiyə
və Azərbaycan türkcələrini, özbək dilini
bilir. Türk dünyasının bir çox
bölgələrində olub, ən ucqar yerlərinə -
Yakutiya-Saxa və Altaylara da səfərlər edib. Azərbaycana da gəlib. Universitetimizin
müəllimi, yazıçı Vaqif Sultanlı ilə
yaradıcılıq əlaqələri saxlayır.
Xanım O özbək dastanı “Alpamışla” Koreya
eposu “Jumonq” arasında tipoloji analizə həsr etdiyi kitabını mənə
bağışlayır. Alpamışın mənşəcə
“Kitabi Dədə Qorqud”dakı Alp Bamsıya (Beyrəyə)
yaxınlığını nəzərə alsaq, bu,
koreyalı türkoloqun bir növ bizim folklorumuza da müraciətidir.
Madam O Azərbaycan ədəbiyyatına da maraq göstərir. Bizimlə bir təyyarədə Bakıya
uçacağını və iyirmi gün şəhərimizdə
qalacağını deyir.
Bakıya səhər saat 7-də
uçmalıyıq. Hava limanına saat beşdə gəlirik.
Sabahın belə erkən çağında Məmmədqulun,
Yazıçılar İttiffaqının sədri Siracəddin
Seyyidin bizi ötürməyə gəlmələrindən mütəəssir oluruq...
Yazımın əvvəlində vəd
etdiyim məsələ
barəsində - Yazıçılarla bağlı problemlər
haqqında bir neçə kəlmə yazmaq istəyirəm. Biz hər
zaman haqlı olaraq fəxr edirik ki, Azərbaycanda Yazıçılar
Birliyi dağılmadı,
parçalanmadı, jurnallarımız, qəzetimiz bağlanmadı. Axı bir çox
keçmiş
sovet
respublikalarında
yazıçı təşkilatları ya dağılıb itdi, ya da
Moskvada olduğu kimi, neçə yerə
parçalandı, ədəbi nəşrlərin çoxu da
ya çıxmır, ya da miskin vəziyyətdədir. Bütün bunlar həqiqətdir, amma xoş
istisnalar da var. Belə istisnalardan biri də qardaş Özbəkistan
imiş. Özbəkistanda da Yazıçılar İttifaqı fəaliyyətini
dayandırmayıb, parçalanmayıb, ədəbi nəşrlərini
nəinki qoruyub, hətta artırıb. Otuz
üç milyonluq Özbəkistan on üç vilayət və
bir Qaraqalpak respublikasından ibarətdir. Hər vilayətdə
Yazıçılar İttifaqının altı nəfər
ştatı olan bölmələri var və bölmə rəhbərlərinə
yüksək
maaş və idarə avtomobili verilir. Bundan
başqa, hər vilayətin hakimi (icra başçısı)
yazıçılara himayədarlıq şurasına rəhbərlik
edir. Qaraqalpak respublikasında isə öz
Yazıçılar İttifaqlarının imtiyazları daha böyükdür.
Yazıçıların Həmid Əlimcan adına yaradıcılıq evindən
başqa, ölkənin daha iki bölgəsində
yaradıcılıq evləri
tikilir. Daşkənddə yazıçılar
üçün
ayrılmış sahədə hərəsi 120 mənzilli
iki yaşayış binası dövlətin hesabına
tikilir. Mənimçün maraqlı məlumatlardan biri də keçmiş ədəbiyyat fondu
sayağı iki müasir fondun - “İcad” və “İlham”
fondlarının maliyyələşdirilməsi idi. “İcad” fondu yalnız
yazıçılara, “İlham” fondu digər sənət sahələrində çalışanlara xidmət
edir. Hər iki fondun gəlirləri qismən dövlət
büdcəsindən, qismən sponsorların
yardımlarından, qismən də bütün nəşriyyatlarda
(həm dövlət, həm özəl nəşriyyatlarda)
çap olunan yazıçı kitablarından ayrılan müəyyən
faizlərdən yaranır. Nəşriyyatların
bu faizləri ödəməsi qəbul olunmuş qanunla tənzimlənir.
Belə ödənişlərsiz heç bir nəşriyyat
lisenziya ala bilməz. Bu təcrübədən
bizim də istifadə etməyimiz barədə
düşünməyə dəyər.
1991-ci ildə Əlişir Nəvai
parkında müasir özbək yazıçılarından Abulla Qəhharanın, Aybekin və
başqalarının heykəlləri
ucaldılmışdı. Özbəkistan
Yazıçılar İttifaqının, Mədəniyyət
Nazirliyinin, İncəsənət Akademiyasının təkliflərinə
əsasən daha üç məşhur şairin - Həmid
Əlimcanın, onun həyat yoldaşı şairə
Zülfiyyə xanımın, Qafur Qulamın şəhərin
ayrı-ayrı bölgələrində qoyulmuş heykəlləri də bu Ədiblər xiyabanına
köçürülmüşdür. Hazırda
bu xiyabanda Xalq şairləri Erkin Vahidovun və
Yazıçılar İttifaqının sabiq sədri Abdulla
Arifovun da heykəlləri qurulur. Bu xiyabanda mənəviyyat
dərsləri, oxucularla, ilk növbədə gənclərlə
yazıçıların görüşlərinin təşkil
olunması, turistlərin özbək ədəbiyyatının
görkəmli xadimləriylə tanış olması
üçün şərait yaradılır. Bu
məqsədlə Özbəkistan mədəniyyət və
incəsənəti sərgi salonu Yazıçılar
İttifaqının sərəncamına verilir.
Yazıçılar
İttifaqının nüfuzunun daha da yüksəlməsinə yönəlmiş
bütün bu tədbirlər haqqında Prezident Şövkət
Mirziyayevin bir neçə müvafiq
qərarı çıxmışdır. Qərarların
icrası Baş nazir
A.Aripova və Prezidentin
Dövlət müşaviri, özü də tanınmış
yazıçı olan X.Sultanova
tapşırılmışdır.
Bir çox orta məktəblərə
çağdaş
yazıçıların adları verilmişdir və
bu məktəblərdə yanız adlarını
daşıdıqları yazıçıların yox,
ümumiyyətlə, özbək ədəbiyyatının tədrisinə
xüsusi yer ayrılır. Elə iştirak etdiyimiz beynəlxalq konfrans da özbək ədəbiyyatının
dünyada
tanıdılmasına, araşdırılmasına, təbliğ
olunmasına həsr edilmiş mühüm addım idi. Nəvai və Babur
dühalarıyla, Mükimi, Həmzə Həkimzadə,
Çulpan irsiylə zəngin
olan özbək ədəbiyyatı
həqiqətən də dünyada təbliğ olunmağa və
tanınmağa layiqdir.
Dost, qardaş özbək
yazıçılarıyla sıx yaradıcılıq əməkdaşlığımızı daha da inkişaf etdirmək isə Azərbaycan
Yazıçılar Birliyinin öhdəsinə düşən şərəfli və vacib vəzifədir.
11-12 avqust
ANAR
Ədəbiyyat qəzeti.-
2018.- 18 avqust.- S.2-3.