Sevgi sənə ildırım

 

Sevgi sənə ildırım,

zəlzələ.

Sakit axan çay kimi

sevməyi öyrənmədin

sən hələ.

 

Bəsdi daha, köksümə

çəkmə dağ.

Yaxşı əlamət deyil

sərsəri bir hiss ilə

oynamaq.

 

Gözləmə qəlbim sənə

"can" deyə,

Məndə həvəs hardadı

bir belə cansızlığa

dözməyə?!

 

Daş ki deyil insanın

bağrıdır.

Hər dəfə imkan tapıb

qurdalama sevgimi,

ağrıdır...

 

Getməyin ağır cəza,

dərd-əzab,

Qalmağın ondan betər,

dava-dalaş, göz yaşı,

iztirab.

 

Sən ki mənim ruhumun

cəlladı,

Söylə şirindir məgər

gül dodağa sıçrayan

qan dadı?

 

Mən dedim, " qanımı,

İstəsən".

Vəhşi pişik tək daha

Ruhumu cırmaqlama...

Xəstəsən?

 

Bəlkə bu sevgi yox,

bir oyun.

Səhnə qaranlıqdısa,

fərqi nədir, ya geyin,

ya soyun?

 

Sən məni halsız görüb

çəkmə qəm.

Arxayın ol, sevgilim

mən səni öldürməsəm

ölmərəm...

 

Şah Xətaiyə bənzətmələr

 

***

 

Dilbəra, könlümdə dərdin bir dəva nisbətlidir,

Hər cəfa səndən mənə gəlsə, vəfa nisbətlidir.

 

Gər mənə nifrin edə düşmən, mən ondan inciməm

Çün münafiqdən gələn qarğış, dua nisbətlidir.

 

Şah Xətai

 

 

 

***

 

Qibləgahım, ta əbəd sirri-xuda şəklindəsən,

Ərşi-əladən gələn parlaq ziya şəklindəsən

 

Çox suallar var ki, əymişdir müridin qamətin,

Bu suallar içrə tək sənsən, nida şəklindəsən.

 

Cümləmizdən kimsə verməz xoş xəbər sənsiz, məgər

Hər kəlamın əvvəlində mübtəda şəklindəsən?

 

Məzluma ümmid verən rəhmət, əta cildindəsən,

Zalımın boynun vuran tiği-cəza şəklindəsən.

 

Əvvəlin yox, axırın yox, on səkiz min aləmi

Çəkmisən ağuşuna, sonsuz fəza şəklindəsən.

 

Həm könüllər fəth edən bir incə söz sultanısan,

Həm şücaət meydanında əjdaha şəklindəsən.

 

Aşiqə şəmsü-qəmərsən, arifə həqbin-nəzər,

Cahilü-nadan gözündə bəs Xəta şəklindəsən.

 

Dərvişin qalmazmı Fəhmi görməsə mürşidini,

Faş edib sirri, deyər sirri-xuda şəklindəsən      

 

***

 

Qəmindən gözlərim ümman deyilmi?

Vüsalın can içində can deyilmi?

 

Cahanə eşq ilə üryan gələnlər

Gedəndə həm, yenə üryan deyilmi?

Şah Xətai

 

***

 

Əsiri-dami-hicran ağlamazmı?

Qalıb səndən nigaran ağlamazmı?

 

Xəyalından qalan bir ləhzə ayrı

Olub zarü pərişan ağlamazmı?

 

Hüzurunda sıxan göz çeşməsini

Tapıb gizlində imkan, ağlamazmı?

 

Tutan əldə ilahi eşq camın

Sanıb dünyanı zindan ağlamazmı.

 

Gülən aşiqlərin halına zahid

Camalın görsə lapdan, ağlamazmı?

 

Unutsan aşiqi, biçarə hər dəm

Edib fəryadü əfğan, ağlamazmı?

 

Yadından kim çıxa, dad eyləməzmi?

Gözündən kim düşə, qan ağlamazmı?

 

Demə göz yaşı acizlikdi, Fəhmi,

Əgər insansa, insan ağlamazmı?

 

***

 

Külək enerjisini elektrik enerjisinə

çevirən müasir dəyirmanlara xitab

 

 

Dünya bu gün alver yeridir, hər kimə baxsaq

Şövq ilə deyirlər "elə aldıq, belə verdik."

Yeldən bu gün pul çıxarır ağlı olanlar,

Biz şairik ancaq, nəyimiz var, yelə verdik

 

Qoşa beyt

 

Gizli tut pərdeyi-əsraridə çox sirrləri

Demək olmaz hər ürəkdən gələni, mən biləni.

 

Tək xudavəndə açıl, çünki ona söz gərək?

O özü yaxşı bilir sən biləni, mən biləni

 

Tək beytlər

 

Min nahaq "haqdı" desə, haqq olur əslində biri

Gidi dünya belədir, haq nahaqın mində biri.

 

***

 

Qəm çəkmə olandan küsübən inciyən olsun,

Biz heç, olursa, təki Allah deyən olsun.

 

***

 

Dünya ki aşinadı bizə, ney həvasıdır,

Yalnız həvalılardı, onun aşinasıdır.

 

İlqar Fəhmi

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.4.