Toğrul MEHDİ: Mən
yaradıcılığı ata ilə, ata
ideyasının proyeksiyası
olan Tanrı ilə "savaşmaq"
üstündə qurulmuş
yazarlardan deyiləm.
Redaksiyadan: "Nekrofilin
aqibəti" romanı
"Literaturnı Azərbaycan"
dərgisinin 2018-ci ilin
iyul-iyun saylarında və "Qanun" nəşriyyatında çap
olunub.
- Siz
iki professorun, - Niyazi Mehdinin və Dilarə Mehdinin oğlusunuz. Yazar kimi, - elə insan kimi də,
- formalaşanda tam onların
"proyektinin" məhsulu
olmusunuz, yoxsa mentalitetinizlə, psixologiyanızla
onların əsas tutduğu dəyərlər
sistemi arasında nəsə ziddiyyətlər
olub? "Küçənin", məhlənin
də güclü təsiri sizə olubmu?
- Bütünlükdə,
insanı həyatda formalaşdıran əsas
amil hadisələrdən
gəlir. Onlardır insanın xasiyyətinin
kökündə duran.
Ona görə deməliyəm
ki, həyatımda olan ziddiyyətlər mənim inkişafıma təsir göstəriblər.
Bu ziddiyətlərin kökünü isə sırf olaraq valideynlərimə bağlamaq
istəməzdim. Ancaq onu
vurğulamaq istərdim
ki, ata-anamın əsas töhfəsi həyatımda baş vermiş hadisələri necə qavramağımdadır.
Sözsüz, bu qavrayışa
başlıca koordinatları
onlardan aldığım
dəyərlər sistemi
verib. Mən yaradıcılığı ata ilə, ata
ideyasının proyeksiyası
olan Tanrı ilə "savaşmaq"
üstündə qurulmuş
yazarlardan deyiləm.
O ki qaldı mənim roman yazmağıma başqa təsirlərə, hər
hansı konkret kitab və ya
yazıçının təsirini
deməkdə çətinlik
çəkirəm. Yalnız yaşadığım
mühit və bu mühitdən mənə açılan
"fəlsəfə" məni yazmağa vadar edib. Bəlkə də bu fəlsəfənin mənim üçün dolğun şəkildə
açılmasında Kamal
Abdulla, Nizami Cəfərov,
Nəriman Qasımoğlu
kimi alimlərdən oxuduqlarımın
rolu olmuşdur.,,
- Atanız Niyazi
Mehdi dilimizin qədrini bilməyin və dilimizin təmizliyinin fanatı kimi tanınır. Bəs siz nədən
"Nekrofilin aqibəti"
romanını rusca yazmısınız?
- Mənim variantımda, görünür,
Heraklitin, Hegelin, Marksın dialektik tezisi işləyib: ziddiyətlər inkişafa
qətirir. Belə ziddiyətlər mənimlə atam arasında tez-tez baş verib. Məsələn, o məni
həmişə danlayardı
ki, azərbaycanca danışanda rus sözlərini işlətmə!
Dilini "voobşe",
"uje" kimi sözlərlə zibilləmə!
Təmiz
danış!"
Məncə, atamın arzusunu yerinə yetirmişəm,
daha azərbaycanca danışanda rus sözlərindən istifadə
etmirəm. Amma mənim rusca
yazmağımın səbəbi
bəlkə də atamla yeni ziddiyət
yaratmağımdan başqa,
ölkəmizin sərhədlərindən
qıraqda oxunmaq istəyimdən gəlir.
- Nə
baş verdi
ki, 34 yaşında birdən-birə roman yazmaq
fikrinə düşdünüz?
- Adi, sıradan bir adam həyatından
bezdim və gördüm ki, içimdə olan düşüncələr, suallar
xaotik şəkildə
aşıb-daşır. Belə halda
mən onları vərəqdə materiallaşdırıb
sistemləşdirmək qərarına
gəldim. Təəssüf ki bu qərarı
yalnız həyatımımn
34-cü ilində verə
bildim.
Ümumiyyətlə, zamandan yalnız hərəkətin dinamikası
ilə yaxşı istifadə etmək olar. 34 yaşında indi mənim əsas məqsədim olduqca çox və eyni zamanda
maraqlı kitablar yazmaqdır. Yalnız bu
halda hətta itirilən illər də faydalı görünə bilər.
Onu da deyim ki,
ilk yazımı bitirdikdən
sonra bunun kitab formasını alacağına inanmırdım. Əlyazmamı
Anar müəllim oxuyandan sonra elə xoş sözlər dedi ki, çap etmək fikrinə düşdüm.
- Siz
dilçilik üzrə
fəlsəfə doktorusunuz.
Elmi biliyinizin roman yaradıcılığına
hansı təsiri olub?
- Bilirsiniz, hər hansı təsiri konkret bir məqamda duymaq çox çətindir. Bəlkə də təhsilimin,
elmi araşdırmamın
təsiri var, ancaq yaradıcılığın
hansısa fraqmentində
onları "yaxalayıb"
tutmaq mənə çətindir. Bəlkə də
çətindir ona görə ki heç təsirləri də olmayıb. Dünyada hər şey bəyəm mütləq təsirdən başlayır?!
Kitabımı oxuyanlar həmişə soruşurlar ki, orada özünü yazmısan? Mən bu suala
"xeyr" cavabını
verəndə anlayıram
ki, əslində, kitabımda həm özümü, həm də ətrafımdakıları
yazmışam, o mənada
ki, özüm də onlarda konkretləşirəm. Məni hər
personajımda tapıb
görmək olar.
Deyəsən, Dostoyevskidə də
belə olub.
- Bu, sizin birinci və
axırıncı romanınızdır?
- Yox, ikinci romanım da var, - "Əyri güzgünün
iki küncü". Hətta deyərdim ki, o, mənim ruhuma daha yaxındır. Vaxtı ilə bir yuxu
görmüşdüm və
yaradıcılığını sevdiyim dostuma - Miri Yusifə danışmışdım. O da məsləhət görmüşdü ki, romana çevirim.
- İkinci romanı
nə vaxt çapa vermək fikriniz var?
- Yaxın zamanlarda, ancaq hər iki əsərimin
elektron variantını
internet mağazalardan asanca
əldə etmək olar.
- Sizcə,
çağdaş roman necə
olmalıdır?
- Əsl
roman kimi maraqlı və təsirli, həm də iri yox.
- Sizin
yaradıcılığınıza hansı sənət növünün təsirləri
olub?
- Yəqin musiqi desəm, yanılmaram. Fikrim tükənəndə enerjini, əsasən, musiqidən alıram.
Belə hallarda, məsələn,
Alim Qasımovun mugamı düşüncəmə
təpər verir.
- "Nekrofilin aqibəti"ndən görünür
ki, insan psixologiyası sizi çox maraqlandırır.
"Nekrofil" də, yanılmıramsa, psixoanalizin terminidir. Romanızdakı psixoloji incəlikdən
bir-neçə kəlmə
deyərsiniz?
- Mənim romanımda əsas personaj tipik anlamda nekrofil deyil, ancaq, o, cansız əşyaları
sevdiyi üçün
biofil də deyil. Onu da deyim ki, maddiliyi sevməyə
nekrofiliyanın ünsürü
kimi baxmaq olar. Mən daha çox
insanın cansıza meyilinin fəsadlarını
görsətməyi özümə
məqsəd qoymuşdum.
- Siz
insanların gizli şuuraltı qusurlarından
bəhs edirsiniz. Bu kitabı oxuyandan
sonra məndə sual yarandı. Özünüzdə nekrofiliyanın əlaməti
varmı?
- İnsanın
ən böyük qüsuru onun hətta özü ilə belə səmimi olmaq qorxusudur. Kitabımı yazdıqdan sonra mən çalışıram
həm özümlə,
həm də danışdığım insanlarla
səmimi olum. Açığı, bir çox hallarda insanlar öz şuuraltı qüsurları
ilə heç özləri belə tanış deyillər. Sizə deyə bilərəm ki, məndə hər qüsurdan bir az var və əşyalara
sevgi onların arasında ən az olanıdır.
- Romanda Miri Yusiflə sizin fəlsəfi söhbətinizi
göstərən passaj
var. O, reklam üçün
mətnə calanıb?
- Öncə deməliyəm ki, romandakı müəllif mən deyiləm. O, əsərdəki personajlardan
biridir. Dedim, axı, hər personajda məndən nəyisə tapmaq olar, ancaq heç
birində mən tam gerçəkləşməmişəm. O ki qaldı sizin
sualınızın Miri
Yusifə aid məqamına,
nəzərinizə bir
şeyi çatdırım:
çoxlarını o, yaradıcılığı
ilə valeh etsə də, məni ən çox onun dərin intellektuallığı
heyran edir. Nəzərinizə çatdırım ki, bizim dostluğumuzun
merkantillikdən uzaq xeyli dərin qatları var.
Söhbətləşdi: Cəmilə AZƏR
Ədəbiyyat
qəzeti.- 2018.-18 avqust.- S.5.