Avrasiyaçılığa yeni dönüş: tarixi
ekskurs, reallıq və perspektivlər işığında
Fəlsəfə doktoru, millət vəkili
Cavanşir Feyziyevin 5 kitabdan ibarət "Türk
dünyası" araşdırmasının (Bakı, Mütərcim,
2017) adında "avrasiyaçılıq" ifadəsi
işlədilməsə də, əslində tədqiqatın
əsas konteksti geniş Avrasiya tarixi-coğrafi-mədəni
arealıdır, çünki
türk xalqları yüzilliklər boyu bu arealı
formalaşdırmış, burada dərin izlər
buraxmış və bugün də o irsə sahib
çıxmağa iddialıdırlar. Müəllif
özünün 2013-cü ildə nəşr etdiyi "Türk
dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya
modeli" kitabında (Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 312 səh.)
artıq bu ideyanın təməlini qoymağa nail olmuş və
neoavroasiyaçılığın inkişaf meyillərinə
aydınlıq gətirərək, bunun dünyanın
mövcud siyasi xəritəsində yer almış yeni
türk dövlətlərinin də iştirakı olmadan
mümkünsüzlüyünü gündəmə gətirmişdir.
Göstərilən nəşrin III
fəslindəki "Rusiya
avrasiyaçılığı" bölməsi isə həm
avrasiyaçılığın tarixi-fəlsəfi köklərinin
üzə çıxarılması və əsl məğzinin
izah olunması, həm də müstəqil türk dövlətlərinin
maraqlarından kənar Rusiya modelinə uyğun düzənlənəcək
"Avrasiya İttifaqı"nın perspektivsiz bir
siyasi-ideoloji layihə olduğunu
açıqlayır, hazırki şəraitdə
Avrasiya evinin onun özəyini təşkil edən Türk
dünyası ətrafında
formalaşdırılmasının qanunauyğunluğunu təsdiqləyir.
Klassik avrasiyaçıların bütün görüşlərində
Rusiya tarixində və mədəniyyətində, rus
xarakterinin formalaşmasında, rus dövlətçiliyinin
bazisində Turan elementlərinin əhəmiyyətli rolu
vurğulandığından müəllif postsovet
dövründə neoavrasiyaçılıq adı ilə
gündəmə gəlmiş və müxtəlif ideoloji
platformalar altında müstəqil ölkələri öz
çətiri altına almağa çalışan
Rusiyanın bütün səylərinin mənasızlığını
və xüsusən də panslavizm ideyalarının
icrasının indiki şəraitdə mümkünsüzlüyünü
dönə-dönə qeyd edir. Rusiyada
neoavrasiyaçılığının inkişaf meyillərini
məharətlə izləyən və obyektiv qiymətləndirən
azərbaycanlı tədqiqatçı qlobal inteqrasiyanın
yeni Avrasiya modelini təklif etmək qərarına gəlir.
Bu, dərin tarixi köklərə və təcrübəyə
malik türk xalqlarının yaratmaqda olduqları Türk
Dövlətləri Birliyidir ki, o da öz növbəsində
həm mövcud Avropa Birliyi, həm Rusiya Federasiyası, həm
də Yaxın və Uzaq Şərq ölkələri ilə
qarşılıqlı faydalı iqtisadi, mədəni və
insani münasibətlər qurmaqla Böyük İpək Yolu
və bu kimi digər layihələrlə insan
sivilizasiyasının malik olmuş olduğu və bu gün də
mümkün görünən tolerant və multikultural
mühitdə birgəyaşayışa və ümumi maddi-mənəvi
dəyərlərə ehtiramla yanaşmağa yol aça bilər.
Şübhəsiz ki, kitabın ideya və məzmununun
kökündə duran amillərdən biri də postsovet
dönəmində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən
irəli sürülmüş Turan
avrasiyaçılığı qanadının
mövcudluğu və müəyyən müddət ərzində
"Dialoq Avrasiya" jurnalının Türkiyədə bir
milyon tirajla nəşridir ki, bu da problemin elmi, ictimai-siyasi dairələr
və geniş oxucu auditoriyası
tərəfindən adekvat şəkildə
qarşılanması üçün az əhəmiyyət
daşımır.
"Türk
dünyası" çoxcildliyi iddialı və perspektivli
bir layihənin başlanğıcıdır. Eyni zamanda onu
mövzuya kompleks yanaşma kimi də dəyərləndirmək
olar. Kitabın ən üstün cəhətlərindən
biri də odur ki, burada Azərbaycan və Türkiyə
türkcələri, rus dili ilə yanaşı, türkologiya
üzrə dünyanın ən nüfuzlu universitetlərində
və elmi mərkəzlərində Avropa dillərində nəşr
olunmuş mənbələrə istinad edilir. Bütövlükdə
kitabı özünəməxsus "Türk
dünyası" ensiklolpediyası kimi də səciyyələndirmək
olar.
Klassik və
yeni avrasiyaçılıq araşdırmalarını
izləyən, onlara azərbaycançılıq
və azərbaycanşünaslıq müstəvisindən
yanaşan tədqiqatçı kimi bu beşcildliyin hər bir
cildini şərh etmək, burada sistemli şəkildə təqdim
olunmuş elmi-nəzəri, informativ, illüstrativ materiallar və
xəritələr haqqında fikir yürütmək, tədqiqat
boyu ən müxtəlif məsələlər üzrə müəllifin
gəldiyi qənaətə rəy bildirmək iddiasında
deyilik. Kitabın AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutu Elmi Şurasının qərarı və
müasir dövrdə türkçülüyün tədqiqi
və təbliğinə, onun tədris ədəbiyyatlarına
gətirilməsinə layiqli töhfələr vermiş akademik
Yaqub Mahmudovun elmi redaktorluğu ilə capa tövsiyə
olunması nəşrin ciddi elmi statusuna və sanbalına dəlalət
etməklə yanaşı, onu həm də onillər boyu
formalaşmış Azərbaycan humanitar təfəkkürünün
qiymətli məhsulu kimi dəyərləndirməyə imkan
yaradır. İlk olaraq məqsədimiz
"Türk dünyası" çoxcildliyinin meydana gəlməsini
şərtləndirən və aktuallaşdıran səbəblərə
nəzər salmaqdır. Biz nəşrin
avrasiyaçılıqla birbaşa əlaqəsini və
motivasiya olunduğunu bildirsək də, əslində o,
göstərilən elmi-nəzəri məsələ və
müstəvi olmadan belə, özündə müasir
türkologiyaya yeni elmi, siyasi, diplomatik baxışları və
dəyişiklikləri ehtiva edən sistemli və hərtərəfli
bir yanaşmadır: əsaslı və cəsarətli bir
yanaşma.
Bu kitabların "Türkologiya"
jurnalının yenidən yüksək elmi-metodoloji səviyyədə
buraxılması, mətbuatımızda türkologiya ilə
bağlı araşdırmaların sistemləşdirilməsi
və yeni tədqiqat istiqamətlərinin təklif olunması
ilə bağlı məqalələrin çapı (xalq
yazıçısı Anar, akad.Nizami Cəfərov),
türkçülük ideyaları və türkoloji
araşdırmaların təbliği yönümündə
elmi-publisistik yazılarla (prof. Nizaməddin Şəmsizadə)
bir zamanda işıq üzü görməsi dərin köklərə
və dəyərli irsə malik Azərbaycan
türkologiyasının, onunla sıx təmasda olmuş
türkoloji məktəblərin, türkoloqların elmi-nəzəri
görüşlərinin (məs. İsmayıl
bəy Kaspıralı, Yusif Akçura, Şəhabəddin Mərcani,
Ziya Göyalp və b.) gündəmə
gətirilməsi və bu dəyərlərə azərbaycançılıq
prizmasından müraciət olunması üçün
olduqca əhəmiyyətli hesab edirik. Milli-mənəvi
və sosial-ictimai sifarişə hesablanmış bu elmi-tədqiqat
istiqaməti rəsmi elmi dairələr və humanitar siyasətə
cavabdeh olan dövlət strukturları tərəfindən
prioritet sahə elan edilməli, göstərilən
yönümdə layihələr dəstəklənməlidir.
"Türk dünyasının təməl
dəyərləri" adlı nəşrin 1-ci cildi
"Türk sivilizasiyası"nı qədimliyi və
tarixiliyi, dərinliyi və genişliyi, möhtəşəmliyi,
hərtərəfliliyi və çoxcəhətliliyi,
tolerantlığı və sair xüsusiyyətləri ilə
təqdim edir, bu sivilizasiyanın fundamentini təşkil edən
Orhon-Yenisey, yaxud Ötüken Türk Kitabələrindən,
Mahmud Kaşğarlının "Divanü Lüğat-it
Türk" abidələrindən başlamış türk
dilləri ailəsinə, türk antroponim, etnonim və toponimlərinə,
ədəbiyyat, incəsənət, elm və fəlsəfəsinə,
adət-ənənələrinə və milli bayramlarına,
milli arxetiplərə, hətta türk etnopsixologiyasına qədər
bütün məsələlərə və
anlayışlara toxunulmaqla Avrasiya sivilizasiyasının
beşiyində durmuş və bugünədək öz
mövcudluğunu, arealını, coğrafiyasını
qoruyub saxlamış türk sivilizasiyasının hazırki və
sabahkı Avrasiya və dünya düzəni üçün
əhəmiyyəti vurğulanır. Sonrakı
cildlərdə verilən materiallar bu ideyanın təsdiqinə
xidmət edir.
"Türk xalqları"
adlı II kitabda türk etnocoğrafiyası, əski türk
ulusları və boyları, müasir türk xalqları və
toplumları, türk diasporu və onun təşkilatlanması
problemləri, ümumtürk qurumları və onların
inteqrasiya prosesindəki rolundan bəhs olunur.
"Türk dövlətçiliyi
tarixi" adlı III kitabda türklərin dövlətçilik
tarixi və genealogiyası, qədim türk dövlətləri
və imperiyaları, hazırki müstəqil türk respublikaları
və onların əlaqələri, başqa dövlətlərin
tərkibindəki muxtar türk respublikalari və vilayətləri,
türk dövlətlərinin qarşılıqlı əlaqələri
və inteqrasiyasından bəhs edilir. Böyük türk
birliyinin təməlləri və imkanları haqqında
oxucuya ətraflı məlumat verən müəllif türk
dünyasının inkişaf perspektivləri haqqında elmi
mülahizələr ortaya qoyur. Türk
dünyasının geopolitik quruluşu, təbii
ehtiyyatları, iqtisadiyyatı, hərbi və elmi-intellektual
potensialı, türk dövlətlərinin ümumi təhlükəsizlik
problemləri göstərilir. Türk
dövlətlər birliyinin ideyadan reallığa çevrilməsi
yolları təsvir olunur.
Nəşrin 4-cü cildi
"Türkşünaslıq" adlanır. Üç bölümdən
ibarət olan bu cildin 1-ci bölümü
"Türkçülük, türkşünaslıq və
türkçülər", 2-ci bölümü
"Türklər haqqında fikirlər", 3-cü
bölümü "Türk dünyasının inkişaf
perspektivləri: böyük birliyin təməlləri və
imkanları" adlanır. Əsasında türk birliyi
ideyası duran türkçülük ideologiyasını
formalaşdıran ədəbi abidələrə və
mütəfəkkirlərə müraciət edən müəllif
qulaqlarımızın öyrəşdiyi
"türkologiya" terminini kitabın adında və sərlövhənin
başlığında "türkçülük"lə
əvəz etməsinə bu cür aydınlıq gətirir:
"Türkçülük bir ideologiya olaraq, türkologiya
isə bir elm olaraq qarşılıqlı şəkildə
bir-birinə təsir etmiş, bir-birini zənginləşdirmişlər.
Türkologiya - keçmişdə və indi
türklərin və türkdilli xalqların dil, ədəbiyyat,
tarix, folklor, din, etnoqrafiya, maddi və mənəvi mədəniyyətini
spesifik olaraq öyrənən humanitar elm sahələrinin
kompleksidir. Bu termin Qərb və Rusiya elmi
mühitində qəbul edilmişdir. Lakin, fikrimizcə,
türk dünyasının bu göstərilən istiqamətlərdən
başqa, digər aktual problemlərini də, məsələn,
türk dövlətlərinin qarşılıqlı
münasibətlərini və inteqrasiyasını,
ümumtürk siyasəti və ideologiyasını sistemli
şəkildə öyrənən elm daha geniş konseptual
anlamda "türkşünaslıq" adlandırıla bilər"
("Türk dünyası", 4-cü cild, s.16). Bizə elə gəlir ki, bu anlayışlar eyni məna
yükünü daşıdığından ənənəyə
sadiq qalmaq daha məqsədəuyğundur.
"Türk
dünyasının tarixi şəxsiyyətləri"
adlı V kitabda isə türk dünyasının görkəmli
şəxsiyyətləri və onların dövlətçilik,
siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki
xidmətləri sistemləşdirilərək təqdim olunur.
Avrasiyaçılıq ətrafında
düşüncələrimizdə biz dəfələrlə
bir neçə məsələni qabartmağa
çalışmışıq: birincisi, Avrasiya xəritəsinin,
Avrasiya arealı sərhədlərinin müəyyən
olunması məsələsi; ikincisi, dünyanın ən
böyük Avrasiya dövləti olan Rusiyanın hansı irsin
sahibi olması, hansı imperiyaların varisi sayılması
probleminə münasibəti, üçüncüsü, avrasiyaçılıq
elmi-nəzəri platformasının onun təməl prinsipi
sayılan mədəni dominant üzərində
qurulmasının vacibliyininin dərki və elmi diskursa gətirilməsi.
Bununla bağlı olaraq avrasiyaçılıq
araşdırmalarında ədəbi abidələrin əhəmiyyətinin
vurğulanması, digər aspektlərlə yanaşı, ədəbiyyat
aspektinin qabardılması və ən nəhayət,
avrasiyaçılıq kontekstindən azərbaycançılıq
və azərbaycanşünaslığa nəzər yetirilməsi.
Təqdim olunan 5 cildlik "Türk
dünyası"nda bu məsələlərin hər birinə
toxunulur və aydınlıq gətirilir, konkret fikir
yürüdülür. Avrasiya
adlandırılan tarixi-mədəni arealın məhz qədim
türklərin əcdadlarının - göytürklərdən,
hunlardan tutmuş bugünkü türk xalqlarına qədər
- yaşadığı torpaqlarda formalaşdığı təsvir
olunur. "Türk sivilizasiyası" passionar sivilizasiya
kimi səciyyələndirilir, onun "bütün
funksionallığı ilə Avrasiyanın zəngin təbiətini,
etnosfer rəngarəngliyini, folklor arxetiplərini öz məğzində
tarix boyu yaşada və onların vəhdətini mənəvi
enerjiyə, hərbi-siyasi mütəşəkkillik qüdrətinə
çevirə bildiyi" qeyd edilir,.. "çiçəkləndiyi dövrdə
qarşılıqlı münasibətdə olduğu hind,
Çin, islam, Qərb və slavyan sivilizasiyaları çevrəsində
türk sivilizasiyasının konsentrasiyayaradıcı
funksiya"ya malik olması və bu missiyası ilə onun
"bəşəriyyətin tarixi inkişafını
mütərəqqi bir istiqamətə yönəltmə təşəbbüslərində
özünü bütün məqsədyönlülüyü
ilə ifadə etməsi" vurğulanır. Türk
sivilizasiyasını xarakterizə edən cəhətlər
sadalanır: türk imperiyalarının heç birində digər
dinlərə, millətlərarası disriminasiyaya yol verilməmiş,
"digər xalqların əxlaq və mənəviyyat
qanunlarına, sənət texnologiyalarına, tarixi abidələrinə
ehtiramla yanaşılmış,.. "Mərkəzi
Asiyadan Anadoluya qədər bütün türk məmləkətlərində
antik sivilizasiyaların bütün izləri toxunulmaz
qalmış, qorunub saxlanmışdır". ("Türk dünyası", 1-ci cild, s.15-16).
Türk sivilizasiyasının (prototürklərin) ilkin
genişlənmə arealı müəyyən edilir, Göy
Türk imperiyasından Osmanlı imperiyasına qədər
1500 illik möhtəşəm siyasi tarixdə türk
sivilizasiyasının bütün Avrasiyanın ümumi ərazisinin
təqribən üçdə birini təşkil etdiyi
göstərilir, öz təbii koordinatları ilə türk
dünyasının materikin mərkəzi xəttini təşkil
etdiyi və müasir geosiyasi mövqeyi ilə dünyanın
diqqət mərkəzində olduğu təsdiqlənir. Bununla da müəllif dəfələrlə, yəni
ardıcıl olaraq hər bir cilddə gəldiyi qənaət
üçün möhkəm zəmin hazırlamış
olur, qlobal inteqrasiyanın əsl Avrasiya modelini bütün
reallıqları ilə görə bilir.
Biz Cavanşir Feyziyevin
"Rusiya avrasiyaçılığı"
anlayışına verdiyi dəqiq və obyektiv qiyməti qeyd
etdik. Bununla
bağlı onu da demək vacibdir ki, istər Orta əsrlər
dövründə, istər XVIII-XIX yüzilliklərdə, istərsə
də müasir və ən müasir Rusiya tarixində türk
xalqlarının bu imperiyanın taleyində rolu ziddiyyətli
şəkildə təsvir olunub və qiymətləndirilib.
Avropaya meyillilik, islam-xristian qarşıdurması və sair səbəblərdən
Rusiya XIII-XIV əsrlərdə feodal çəkişmələri
nəticəsində zəifləmiş rus
knyazlıqlarını alman, İsveç, litvalıların
xaç yürüşlərindən və basqınından
qorumuş, avropalıların səlib yürüşlərinin
qarşısına sədd çəkmiş Qızıl Orda
xanlarının rolunu ("Aleksandr Nevskinin hekayəti",
"Qaliç-Volın salnaməsi"), onların Moskva ətrafında
mərkəzləşməsinə vəsilə olmuş
türk xalqlarının tarixi missiyasını unudur (bunu rus
çarı, böyük knyaz İvan Qroznının məşvərətçisi
olmuş publisist İvan Peresvetovun əsərləri, o
cümlədən "Məhmət-sultan hekayəti" də
təsdiq edir), hətta Rusiyada hazırlanmış bəzi
bugünkü tarix dərsliklərində monqol-tatarları,
türkləri adam əti yeyənlər kimi məktəblilərə
təqdim edirlər. Neoavrasiyaçılıqdan bəhs edənlər
(A.Panarin, A.Duqin və b.) nədənsə söykəndikləri klassik avrasiyaçıların görüşlərində ən
vacib məqamları unudurlar: ("Moskva knyazı Qızıl
Orda xanının varisi olduğu kimi" "Avrasiya ərazisindəki
rus dövlətçiliyi də Çingiz xan dövlətinin
varisi və davamçısıdır"; "...bizim
qardaşlarımız (dil və dinə görə yox, qan,
xarakter və mədəniyyətə görə) - yalnız
slavyanlar deyil, həm də turanlılardır";
"Xanın iqamətgahı Moskvaya
köçürüldü, Avrasiya tarixinin skif, hun və
monqol dövrləri rus dövrü ilə əvəz
olundu". P.N.Saviskinin "Rus tarixinin Avrasiya
konsepsiyası"na müraciət edək: "Monqol
istilası Rusu Avrasiya hadisələrinin ümumi axarına
qoşdu və bunun nəticəsində Moskva Rusu qismində
onun şimal-qərb hissəsi elə bir qüvvə və mənəvi
gərginlik ortaya qoydu ki, bu da onu (Moskva Rusunu) monqolların
varisinə çevirməklə, oturaq xalqa ümumavrasiya birləşdirici
rolunu öz üzərinə götürməyə imkan
verdi..." (Bax: Cəfərov T. Avrasiyaçılıq
ideyaları müasirlik prizmasında, Bakı, 2010, s. 103).
L.N.Qumilyovun da dəlilləri təkzibolunmazdır:
"...Rusiya Şərqdən də, Qərbdən də, həm
Timurdan, həm də Vitovdan təhlükəyə məruz
qalmışdı. Qızıl Orda hər iki
halda Rusiyanı təcavüzdən xilas etdi və XV əsrin əvvəllərində
dağılanadək Moskva ilə müttəfiq olaraq qaldı".
Qumilyov tədqiqatçı A.Kuzminin onu rusofobiyada
günahlandırdığını bildirir və yazır:
"K.Marksın ardınca o da hesab edir ki, monqol istilası nəticəsində
rus xalqının qəlbi "sarsılmış", mənəviyyatca
pozulmuş və üzülmüşdür, bu isə əsl
və aşkar rusofobiyadır ki, var. Bundan əlavə, bu
rusofobiya əfsanəsini tarixi faktlar aşkarca təkzib edir.
XIV əsrdən sonra rus xalqı 600 il ərzində
qələbədən-qələbəyə addımlayan
böyük dövlət yaratdı. Bunu isə "mənəviyyatca
pozulmuş və üzülmüş" qəlblə eləmək
mümkün deyil..." (Bax: Cəfərov T.
Avrasiyaçılıq ideyaları müasirlik prizmasında,
s. 167-168). Burada bir məqamın üzərində
dayanmaq istərdik. Avrasiyaçılığın banilərindən
biri Nikolay Trubeskoyun məlum fikirlərini şərh edən
Cavanşir Feyziyev onlara skeptikcəsinə yanaşır
("Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın
Avrasiya modeli", s. 130). Belə
çıxır ki, bu və gətirdiyimiz digər sitatlar
Rusiyanın Avrasiya hegemonluğunun təsdiqinə xidmət
edir. Fikrimizcə, klassik avrasiyaçıların
görüşlərində qlobal inteqrasiyanın Avrasiyanın
modelinə Türk Dövlətlər Birliyinin verəcəyi
töhfələrə dəstək ola biləcək
fikirləri adekvat şəkildə şərh etmək, bunu
neoavrasiyaçılığı və yeni imperiya
ideyasını ortaya atanlara qarşı istifadə etmək
lazımdır.
"Türk
dünyası" çoxcildliyini səciyyələndirən
ən mühüm cəhətlərdən biri türk birliyi
ideyasına kompleks yanaşmadır ki, bu da müəllifin ən
müxtəlif mənbələrə müraciətini şərtləndirir. Bu mənbələr
içərisində Avropa dillərində nəşr
olunmuş kitab və məqalələrin üstünlük təşkil
etdiyini də vurğuladıq. Azərbaycan,
türk və rus dillərində materiallar da yetərincə
istifadə olunsa da, nəşrlə polemuka yarada biləcək
bir sıra kitablar diqqətdən kənar qalıb. Bu
kitablar içərisində C.Feyziyevin birinci kitabı ilə eyni ildə
işıq üzü görmüş Ömer Göksel
İşyarın "Avrasiya və
avrasiyaçılıq" (Bursa, Dora yayınları, 2013,
352 s.) və
İlyas Kemaloğlunun "Altın Orda və Rusiya"
(Ankara, Ötüken, 366 s.) monoqrafiyalarını göstərmək
istəyirəm. Mövzu ilə birbaşa
bağlılıq təşkil etdiyindən birinci kitab üzərində
xüsusi olaraq dayanmaq niyyətindəyəm. Türkiyəli müəllifin
kitabının strukturu və məzmunu ilə
tanışlıq göstərir ki, o da türk birliyi,
Türk Dövlətlər Birliyi ideyasına xidmət edir.
Avrasiya və avrasiyaçılığa Rusiya müstəvisindən
tarixi ekskurs edən prof. dr.
Ö.G.İşyar Rusiya və Türkiyənin bu arealda
mövcud olmuş sivilizasiyalar üçün tarixi məsuliyyətini
vurğulayır. Hələ 14-cü yüzilliyin
sonlarından Osmanlının Bizansın, Moskvanın isə
Qızıl Ordanın xələfi halına gəldiyini
söyləyən türkiyəli müəllif bu iki dövlət
arasındakı önəmli ortaq özəlliyin onların
daxilindəki dini və etnik qruplara hamiliyi ilə izah edir,
Osmanlını islam dünyasının baş qoruyucusu,
özünü Bizansın mənəvi davamçısı
- Üçüncü Roma elan edən Rusiyanı isə
dünya xristianlarının hamisi adlandırır və
öz missiyasının yerinə yetirilməsində sonuncunun
daha başarlı olduğunu xüsusi qabardır, "miraslar
mövzusunda Osmanlı və Rusiya, sanki bir bütövün
iki yarısı kimidirlər", deyə söyləyir.
Bununla belə, 250 il ərzində iki ölkə arasında
yaşanan 11 böyük müharibə, Rusiyadakı panslavizmə
qarşı türk millətçiliyi duyğularının
güclənməsi sonda iki dövlət və millət
arasında qarşılıqlı düşmənçilik
hisslərini qaçılmaz etmişdir. İki dövlətin
ən müasir dövrdəki münasibətlərinə gəlincə,
prof. dr. Ö.G.İşyar fikirlərini
Aleksandr Duqinə istinadən tamamlayır: "Türkiyə və
Rusiya Avrasiya bölgəsində bir-birinə qarşı
deyil, birlikdə hərəkət etməlidirlər"
("Avrasiya və avrasiyaçılıq", Bursa, Dora
yayınları, 2013, s.89).
Bütövlükdə
bugünkü avrasiyaçılıq və onun inkişaf
perspektivlərindən bəhs edən bu iki müəllifi
yaxınlaşdıran məqamlar olsa belə, C.Feyziyev
formalaşmaqda olan Avrasiya modelində Türk Dövlətləri
Birliyinin roluna nikbinliklə yanaşır, perspektivdə
inteqrasiya proseslərinin məhz bu areal ətrafında mərkəzləşəcəyini
iddia edir, Ö.İşyar isə
Rusiyanın bugünkü rolu və missiyasına, ABŞ,
Çin, Türkiyə və digər türk dövlətlər
ilə rəqabətdə onun faktiki imkanlarına, rusiyalı
siyasət və zəka sahiblərinin
neoavrasiyaçılıq baxışlarına aydınlıq
gətirməklə, müəyyən mənada problemin
ümumi konteksdə incələnməsi təsəvvürünü
yaradır.
Mənbələrdən
söz düşmüşkən, azərbaycanlı müəlliflərin
avrasiyaçılıq mövzusunda kitab və məqalələrinin
də ədəbiyyat siyahısına daxil edilməsini problemə
müxtəlif aspektlərdən yanaşma və gələcək
tədqiqatlar üçün perspektivlərin genişləndirilməsi
mənasında əhəmiyyətli hesab edirik.
Avrasiyaçılıqla
bağlı əvvəlki yazılarımızda problemin
obyektiv və tendensiyasız araşdırılması
üçün ədəbi mənbələrə
istinadın, ədəbiyyat aspektinin qabardılmasının
vacibliyini dəfələrlə göstərmişik. Bunun
üçün bu elmi-nəzəri platformanın
yaradıcılarından olan N.S.Trubeskoyun iki məqaləsini
şərh edərkən ("Rus mədəniyyətində
Turan elementləri" və "Çingizxan irsi. Rus ədəbiyyatına
Qərbdən yox, Şərqdən bir baxış") bu bənzərsiz
rus filoloqunun rus salnamələri, "İqor polku haqqında
söyləmə", "Protopop Avvakumun həyatı",
Afanasi Nikitinin "Üç dəniz arxasına səyahət"
əsəri, Dostoyevski və Tolstoy
yaradıcılığına həsr olunmuş qeydlərinə
belə münasibət bildirmişik ki, bəli, rus alimlərinə
bu ideyanı irəli sürməyə imkan vermiş ədəbi
mənbələr ön plana çəkilməlidir. Bu məqsədlə
sadalanan və sadalanmayan Orta əsrlərə aid rus ədəbiyyatı
nümunələrinin mətnlərinə (o cümlədən,
"Qaliç-Volın salnaməsi", "Çarqradın
türklər tərəfindən tutulmasından bəhs edən
povest", "Məhmət-sultan hekayəti", "Vladimir
knyazlarının hekayəti", "Kazan tarixi", bir
sıra kosmoqrafiya və səfir povestləri, "Azov
haqqında povestlər" və s.) müraciət etmişik.
Fikrimizcə, XV-XVII əsrlərdə Moskva Rusu və
Osmanlı Türkiyəsi arasındakı münasibətləri
publisist, rus çarına və Osmanlı sultanına xidmət
etmiş İvan Peresvetovun əsərlərindən daha
obyektiv heç bir mənbə işıqlandıra bilməzdi.
Eyni fikri "İvan Novosilçevin Türkiyəyə
səfirlik missiyası" povesti barəsində söyləmək
olar. Bu məqsədlə də biz V.Bartoldun, V.Jirmunskinin
Şərq və Qərb ədəbi abidələri və
folklor nümunələrinin ideya-mövzu və tipoloji
uyğunluğu barədə müqayisəli ədəbiyyatşünaslıqda
öz təsdiqini tapmış tezislərinə, eyni zamanda
O.Süleymenovun rus eposu üzərində müşahidələrinə
əsaslanaraq, Avrasiya tarixi-coğrafi-mədəni arealı
üçün xarakterik olan üç Ortaçağ ədəbi
abidənin ("Kitabi-Dədə Qorqud", "İqor polku
haqqında söyləmə", "Nibelunqlar nəğməsi")
müqayisəli təhlilini vermiş (Bax: Russko-tureükie
kontaktı v opisanii russkix posolğskix povestey // Qermenevtika
drevnerusskoy literaturı, Moskva, İMLİ im. M.Qorğkoqo,
2004, s. 887-893; XV.-XVII Yüzyıl Rus edebiyyatında Türklər,
Ankara, Atatürk Kültür Merkezi, 2010, 128 s.; Drevnəə
Rusğ i törki v literaturnıx pamətnikax XII-XVII vekov,
Astraxanğ, 2013, s. 219-237), məhz "Kitabi-Dədə
Qorqud" dastanlarının Şərq və Qərb qəhrəmanlıq
eposları arasında körpü rolunu
oynadığını vurğulamışıq. Elə
buradaca biz V.Y.Baqnonun "Rusiyada ideyalar tarixinə bir nəzər:
imperiya ideyası" adlı məqaləsində göstərilən
ideyaya öz münasibətini açıqlayan tanınmış rus filosofu
N.Berdyayevdən bir sitat gətirməklə
başlanğıcda mütərəqqi və pozitiv ideya kimi
irəli sürülən nəzəriyyələrin sonradan
hansısa siyasi məqsədlər üçün istifadə
edilməsinin zərərli nəticələrinə
münasibəti oxucuya çatdırmaq, həm də rus
tarixinin istənilən mərhələsində ədəbiyyatın
obyektiv və ədalətli mövqe nümayiş etdirdiyini
göstərmək istərdik: "XIX əsr rus ədəbiyyatında
ifşaedici element çox güclü olduğundan o, imperiya
ideyasını qəbul edə bilmirdi. Rus mədəniyyəti
kimi rus ədəbiyyatı da Rusiyanın
böyüklüyü ilə həmahəng idi, belə bir
möhtəşəm mədəniyyət hüdudsuz
üfüqlərə malik böyük bir ölkədə
yarana bilərdi, o (mədəniyyət - T.C.) bu əzəməti
imperiya və dövlət hakimiyyəti ilə əlaqələndirmirdi.
Burada nəhayətsiz və ucsuz-bucaqsız rus torpağı,
bir də rus xalqının qırılmaz iradəsi və
qüvvəsi var. Böyük dövlət və imperiya isə
torpağa və xalqa xəyanət, rus ideyasının təhrifi
kimi qavranılırdı.".
Rəy verilən kitablar seriyasında
yer alan 4-cü kitabda görkəmli dilçi alimlər-türkoloqlarla
yanaşı, "Oğuz Kağan", "Kitabi-Dədə
Qorqud", "Manas" kimi epos-oğuznamələrə,
"Qutadğu-Bilig"ə,
Seyid Əhməd Yəsəvinin "Divani-hikmət"inə,
Fəzlüllah Rəşidəddinin "Oğuznamə"sinə,
M.F.Axundzadə, H.Cavid, Ö.F.Nemanzadə, Ə.Cavad,
Y.V.Çəmənzəminli, M.Müşfiq irsinə
müraciət olunması, sonuncu - 5-ci cilddə türk
dünyasının tarixi şəxsiyyətləri
sırasında çoxlu qələm sahiblərinin yer alması
avrasiyaçılığın mahiyyətinin
anlaşılmasında, eyni zamanda, türkçülük
ideyalarının formalaşmasında ədəbiyyat aspektinin
əhəmiyyətini bir daha ön plana çəkir.
C.Feyziyevin təqdim etdiyi "Türk
dünyası" araşdırma kompleksi
avrasiyaçılıqla bağlı olduqca mühüm bir məqamı
siyasətçilərə və tədqiqatçılara bir
daha xatırladır: mühacir həyatı yaşayan rus alimləri
- filoloq, linqvist və etnoqraf N.
Trubeskoy, coğrafiyaçı və iqtisadçı
P.Saviski, tarixçı Q.Vernadski, linqvist R.Yakobson, filosof və
musiqiçi P.Suvçinski və başqaları tərəfindən
irəli sürülən avrasiyaçılıq bu kontinentin
taleyində türk xalqlarının, onların
yaratdığı imperiyaların tarixi rolu, türk
sivilizasiyası təcrübəsinin və təməl dəyərlərinin
Avrasiyanın bugünkü multikultural və mədəni-iqtisadi
mənzərəsi üçün əhəmiyyəti ilə
bağlı elmi-nəzəri istiqamətdir. Ötən
yüzilliyin 40-50-ci illərinə doğru artıq formalaşmış
və təsdiqlənmiş bu elmi-nəzəri məktəb ən
böyük Avrasiya dövlətinə çevrilmiş
Rusiyanın fikir tarixində mövcud olmuş bütün izmlərdən
daha real və rasional bir ideya və nəzəriyyə idi.
Sovet İttifaqında
avrasiyaçılığın elmi diskursa
buraxılmamasının əsas səbəbi məhz
yuxarıda göstərilən cəhətlə bağlı
olub. Biz Sovet dönəmində Qədim rus ədəbiyyatının
ən tanınmış tədqiqatçısı akademik
Dmitri Serqeyeviç Lixaçovun "Qədim Rus ədəbiyyatında
insan konsepsiyası" monoqrafiyasında Rusiyanın
Böyük Çöl xalqları ilə "hansısa əlaqələrə"
malik olması tezisini ürək yanğısı ilə
oxuyur, türk və slavyan xalqlarının birgəyaşayışı,
ortaq dəyərləri, epos ənənəsi barədə
Oljas Süleymenovun tezislərinin sovet humanitar və ictimai elmlər
şəbəkəsi, ideoloji təbliğat maşını
tərəfindən gülləbaran edilməsinin əsl səbəbini
tam aydınlığı ilə görə bilmirdik... Klassik
avrasiyaçılığın sonuncu nəhəng siması
Lev Qumilyovun "Sosium" dərgisinə verdiyi müsahibədə (1992, ¹ 5)
səslənən cavab Rusiyanın nicat yolu, tarixi missiyası
ilə bağlı rus fikir tarixinin üçəsrlik
axtarışlarına ən tutarlı cavab idi: "Bir
şeyi bilirəm və sirr olaraq Sizə bir şey deyə bilərəm
ki, Rusiya nicat tapacaqsa, o
yalnız Avrasiya dövləti kimi və yalnız
avrasiyaçılıq ideyaları hesabına xilas oluna bilər...".
Tarix sürprizlər və paradokslar
meydanıdır. Xristianlığın mərkəzi
Bizans 1453-cü ildə Konstantinopolun süqutu ilə öz
maddi-mənəvi irsini Osmanlı Türkiyəsinə, təxminən
bir əsr sonra, 1556-ci ildə isə Qızıl Orda
Kazanın istilası ilə öz ərazisi və tarixi ilə
artıq pravoslav dünyasının mərkəzi statusunu
qazanmış Böyük Moskva knyazlığına
qatıldı, 1991-ci ildə SSRİ-nin
dağılmasını rəsmiləşdirən Bolovejsk
sazişi 5 müstəqil türk dövlətinin
yaranmasına vəsilə oldu... Hazırlıqlı oxucu
Avrasiya materikinin və mədəni-tarixi arealının
gözəl bilicisi, bu geniş ərazinin
landşaftının, coğrafiyasının və etnik mənzərəsinin
tədqiqinə, burada passionarlığı ilə yadda
qalmış superetnosların formalaşmasına və tarixi
missiyasına onlarla fundamental əsər həsr etmiş Lev
Qumilyovun hansı sirri və həqiqəti oxuculara
çatdırmaq istəyini anlayır, Rusiya siyasi
elitasında, bu dövlətin yürütdüyü xarici
siyasətdə neoavrasiyaçılığa diqqətin
artmasının həmin o "sirr"in kökündə
duran reallığın dərki ilə
bağlılığını yaxşı başa
düşür.
Bugün dünyada gedən proseslər,
siyasi-iqtisadi çarpışmalar Rusiya ətrafında
Avrasiya İttifaqının, Türkiyə ətrafında
Türk Dövlətləri Birliyinin, Avrasiya nəhəngləri
Çin-Rusiya-İran-Türkiyə-Hindistan müttəfiqliyinin
hələ ki reallıqdan uzaq olduğunu, qlobal inteqrasiya və
tükənməz resurslara və inkişaf perspektivlərinə
malik kontinentdə Qərbin təzyiqi şəraitində
mükəmməl Avrasiya modelinin
formalaşdırılmasının vacibliyini bir daha təsdiqləyir.
C.Feyziyevin tədqiqatları Avrasiya inteqrasiya proseslərində
Türk Dövlətləri Birliyinin müstəsna rolunu
sübut etməklə yanaşı, hazırki istisadi-siyasi
durumda da avrasiyaçılıq ideyalarından bəhrələnməyə
çalışan ən böyük Avrasiya dövləti -
Rusiya ilə Türk Dövlətləri Birliyi arasında
sıx əməkdaşlıq əlaqələrinin
mümkün perspektivlərinə aydınlıq gətirir.
Telman Vəlixanlı
Ədəbiyyat
qəzeti.- 2018.-18 avqust.- S.6-8.