Pəncərədən evə boylanan balıq

 

Esse

 

Salam, balıqlar...

Füruğ Fərruxzad

 

Pəncərə

 

Baharı gözləmək o qədər darıxdırıcı, o qədər kədərli, həm o qədər qəribə hissdir ki... Hətta qışın məşum soyuğuna dözməkdən daha kədərli... Hələ şaxtalı gecələrdə baxışlarını pəncərəyə dikib şəhərin donmasına, ağacların üşüməsinə, itlərin daldalanacaq axtarmasına tamaşa etməli, həyatın da sənə qarşı buz kimi soyuq rəftarını yenidən xatırlamalı olursan.

Amma yenə hardasa, qəlbinin dərin guşələrindən birində ümid adlı xırdaca bir köz qalır. Qəlbinə, həyatına, (həyətinə) dolan soyuğa, yağan qara baxmayaraq, həmin közün hərarəti səni donmağa qoymur, gözlə, gözlə deyir.

Söz vaxtına çəkər - qışın elə bu cür küləkli günlərinin birində Səməd Behrənginin "Balaca qara balıq" hekayəsini oxuyurdum. Hekayədə balaca qara balığın dünyanı dərkinə varmaq niyyəti ilə yaşadığı nohuru tərk edərək uzaq səfərə yollanmasından bəhs edilir. Balaca balıq fiziki quruluşuna nəzərən kiçik olmasına baxmayaraq, olduqca cəsarətlidir, o, qorxmadan özünü düşmənin qarşısına ataraq mübarizə aparmaq əzminə malikdir. Elə hekayənin sonunda da balaca balıq dostunu xilas etmək üçün özünü qurban verir... Bu sonluq məndə qarışıq hisslər yaratdı, sanki balaca balığın böyüklüyü, əzəməti qarşısında hisslərim kiçilməyə başladı. Həmin anda mənə elə gəldi ki, balaca qara balıq pəncərəmin o üzündədir, mənə baxıb əl edir, gülümsəyir... Səni xilas etməyə gəlmişəm, deyir...

 

Amfibiya adam

 

Rus yazıçısı Aleksandr Belyayevin "Amfibiya adam" əsərini oxumayan tapılmaz, ən azından dəfələrlə nümayiş olunan eyniadlı  filmi izləmişik. Əsərin süjeti İxtiandr adlı gənc oğlanla (balıq-adam) Qutierre adlı qızın sevgisi üzərində qurulub. İxtiandr okeanda yaşayır, körpə vaxtı keçirdiyi xəstəlik səbəbindən atalığı cərrah Salvator tərəfindən əməliyyat edilərək ciyəri balıq qəlsəməsi ilə əvəz edilmiş nəticədə orqanizminin təbii imkanı onun suda-quruda yaşayanlar növü kimi ömür sürməsinə gətirib çıxarmışdır. Lakin uğursuz sevginin nəticəsində Qutierrenin nişanlısı Zurita ilə baş verən insidentlər, təqiblər, həbs edilərək orqanizminə uyğun olmayan şəraitdə saxlanılması İxtiandrın torpaqla, insanlarla birdəfəlik vidalaşmasına gətirib çıxarır nəticədə balıq-adam doğma okeana qayıdaraq ömrünün sonuna kimi orada yaşamalı olur. İxtiandr - Amfibiya adam da balaca qara balıq kimi həqiqətə qovuşmaq üçün uzun məsafə, illər qət edir, yer üzünə, zalım insanların arasına gəlir. Lakin həqiqət acıdır, onu qəbul etmək, həzm etmək asan olmadığı kimi, qoruyub saxlamaq da əksər hallarda insanın (əslində bütün canlıların) qüvvəsi cəsarəti xaricindədir.

Ətraf mühitin, təbiətin səni qəbul etməsi iki halda mümkündür, birincisi, sən ondan güclüsən mübarizə aparırsan, bu halda o, öz məğlubiyyətini dərk edir, gücsüzlüyünü etiraf edir geri çəkilir. Güzəştə getmək prinsipi ilə formalaşan xarakterinlə cəhd etdiyin ikinci halda səni qəbul edirmiş kimi davranır, əzizləyir, məqamı çatdıqda isə bütün vasitələrdən istifadə edərək "ərazidən" uzaqlaşdırır. Yəni təbiət güclüləri sevir, mübarizləri dəstəkləyir. İxtiandrın mübarizə etməyə həm mənəvi, həm fiziki gücü, istəyi, bir sözlə potensialı var, lakin ətrafın onu məhv etməyə, kənarlaşdırmağa yönəlmiş hiddəti, qəzəbi balıq-adamı okeana qaytarır. Okean qurudan daha nəcib, daha səxavətlidir, istər qonaq olsun, istər daimi sakin hər zaman geniş qucağını açıb, bağrına basmağa hazırdır...

Bayaq balıqdan danışdım axı, balaca qara balıqdan... Pəncərəmdən boylanan, mənə baxıb gülümsəyən, "mən dünyanı dərk etdim, dostum" deyən balıqdan...

 

Balıq yaddaşı

 

Akvarium sahibi olan hər kəs balıqların maraqlı həyat tərzinin şahidi olub. Onların yem arxasınca üzməsi, akvariumdakı yosunların, dekorativ bəzək aksesuarlarının aralarında gizlənmələri həyat, yaşamaq uğrunda özünəməxsus mübarizələrindən xəbər verir. Şüşəni barmağınla taqqıldadanda dərhal yaxınlaşmaları isə bir başqa aləmdi. Bəzən insanların balıq beyni, balıq yaddaşı kimi kiçiltmə mənasında ifadə etdikləri ölçü vahidi əslində həqiqəti əks etdirmir. Onların yaşayış tərzi, hərəkət metodları bu kimi fikirlərin əsassız olduğunu göstərir.

Balıqlar sükutun hərəkət edən şəklidi. Səssizliyin içindən boylanan titrəyişdi, axtarışdı. Balığın ömrü psixoloji məqamlarla zəngin həyat tərzidi. Görüb duyduqlarını intuitiv olaraq yaddaşına yazan reflektiv canlıdı balıq.

Həm çoxalma forması, həm yaşayış şəraiti, həm fiziki quruluşu onların fərqlənməsində başlıca rol oynayır. Onlar həyata iməkləyərək deyil üzərək gəlir, həqiqətə yürüyərək deyil çırpınaraq qovuşur. Hər iki vəziyyətdə ikinci halın qədər effektiv olduğunu söyləməyə yəqin ki, lüzum yoxdu.

 

Balığın balıq-adamın qisası

 

Aleksandr Puşkinin "Rusalka" (Su pərisi) dramını ədəbiyyatda yenilik hesab etmək olar. Əsər dəyirmançı qızı ilə knyazın sevgi hekayəsi fonunda başlasa da, knyazın qızı aldatması nəticədə qızın intihara cəhd etməsi hadisələrin dramatikləşməsinə gətirib çıxarır. Özünü suya atan qız Balıq-adama - Su Pərisinə çevrilir, daha sonra isə su pərilərinin çaritsası olur (xalq arasındakı inama görə sevgisi səbəbindən özünü suya atan qızlar su pərisinə çevrilir). Onun knyazdan dünyaya gətirdiyi qız da su pərisidir.  İntiqam almaq məqsədi güdən çaritsa qızını knyaza qarşı düşmən hissləri ilə böyüdür bir gün onlar - ata ilə qız qarşılaşarkən qəm-qüssəli tale yaşayan knyazın bədbəxtliyi pik nöqtəyə çatır...

Beləliklə, slavyan mifologiyasının personajı olan su pərisi obrazını ədəbiyyata gətirən Puşkin balıq-qızın qisasını puşkinsayağı ustalıqla qələmə almışdır.

Bu baxımdan Viktor Astafyevin "Çar-balıq" əsəri unikallığı ilə seçilir. Balıqçı İqnatiçin toruna düşən Çar-balığı kimsə ilə bölüşməmək üçün onu təkbaşına tutmağa çalışması nəhəng balığın gücünə duruş gətirmədən suya yıxılması yazıçını əsərdəki məqsədinə doğru yaxınlaşdırır. Suda boğulan dəqiqələrdə yaşamaq uğrunda mübarizə aparan İqnatiçin həyatı kino lenti kimi gözləri qarşısından keçir, istər incitdiyi insanlara, istər ovladığı balıqlara qarşı etdiyi səhvlərə, günahlara görə bağışlanması üçün yalvarmağa başlayır. İqnatiçin fikrincə çar-balıq həyatın ondan günahları qarşılığında aldığı intiqamdır.

Həyatda heç bir pislik, ədalətsizlik cavabsız qalmır, edilən hər bir əməl bumeranq şəklində geri qayıtmağa hədəflənir.

"Qisas qanundur" deyib müdriklərdən biri. Qisas prosesi - hətta sən bunu istəməsən belə, taleyin özü tərəfindən icra olunacaqdır. Balıqların qisası isə bəlkə qisasların ən dəhşətlisidir. Bu, həm susqunluğun, sükutun qələbəsidir.

 

Sudan çıxmış balıq

 

Həvəssiz şəkildə telefonumun musiqi bölümünə baxıram.  Əsasən klassik musiqilərdən və həzin melodiyalardan ibarət olan qovluqda bircə şən mahnının olmaması melonxolik əhvalımla tam uyğun gəlir. Sudan kənara çıxmış balıq kimi ümidsizlik içində çırpınarkən bu mahnılar yetir dadıma, dinləyib, ağlayıb unuduram dünyanı. Sudan çıxmış balıq kimi...

Həmişə düşünmüşəm ki, balıqların öz fəlsəfəsi var. Susmaq, həmin susqunluqla eyni zamanda ətrafa bir çox mətləbləri ötürmək. Bu fəlsəfi yükü, özü ilə dənizlərə, okeanlara, lap elə akvariuma daşıyan varlıqları anlamaq üçün susmaq gərəkdir. Susub izləmək.

Balıqlarla göz kontaktı zamanı düşünmək olar ki, sanki onlar həqiqətən də bizim daxilimizi görür, duyur, mənəvi yaxınlıq nümayiş etdirir. Bu mənəvi yaxınlığın səbəbi balıqların yaşadığımız sivilizasiyanın ilk hərəkət edən canlılarından biri olmasıdır bəlkə də.

Dünyaya yaşamaq, yaşlanmaq və öyrəndiklərimizi bizdən sonrakı nəslə ötürmək funksiyaları ilə gəlirik. Lakin, bir çox hallarda ətrafımızda mövcud olan insanların, digər canlıların, əşyaların, təbii və qeyri-təbii hadisələrin qarşılıqlı təsiri nəticəsində missiyamızı tamamlaya bilmirik. Məsələn, Behrənginin balığı cəsarətli olmaqla bərabər həm də ağıllıdı, çətin vəziyyətlərdən çıxış yolu tapmağı bacarır. İnsanlarda bu kimi keyfiyyətlərin kompleks halına nadirən rast gəlinir, o da qəhrəmanlarda. Hə, balaca balıq da qəhrəmandı axı. Yaşadığı mühütin, həmtaylarının, əsərin, yazıçının qəhrəmanı.

Qarmaqarışıq düşüncələrin ağuşunda ikən gözüm yenə pəncərəyə sataşdı, balaca balıq hələ də əl edir, gülümsəyir, "səni xilas etməyə gəlmişəm, dostum" deyirdi...

 

2018, fevral

 

Xatirə NURGÜL

 

Ədəbiyyat qəzeti. - 2018.-18 avqust.- S.9.