Dünya başıma fırlanır,

 

                 ***

Dünya başıma fırlanır,

Başım hərlənir, ilahi...

Bir xal düşüb ürəyimə

Ürəyim yanır, ilahi...

 

Kəsib yolu duman indi,

Sənsən əlac qılan indi,

Laxtalanır zaman indi,

Ömür-gün dönür, ilahi...

 

Qaralır dünya, qaralır,

Durulur ruhum, durulur,

Düz yollar bir-bir burulur,

İçimə sinir, ilahi...

 

Gözlərim yorulur daha

Çox da ki eşq var sabaha...

Daha həyat gülmür,

Daha

Əcəl dinir, ilahi...

 

     ***

 

Hamıdan küsüb getsəm,

Qınamayın məni...

Əlimi üzüb getsəm,

Qınamayın məni...

 

Başımda dəli sevda,

Yolumda qara həsrət,

Ömrüm qalıb qırovda...

Yoxdu daha o taqət,

Qınamayın məni...

 

Hamının başı qarışıq,

Hamı öz dərd-sərindədi...

Ürəyimə dolan işıq

Nağılların sirrindədi...

Qınamayın məni...

 

Arxa axan sudu ömrüm,

Sökülürəm pilə-pilə.

Önünüzdə lap diz çöküm,

Lap yalvarım,

həsrət ilə

Sınamayın məni...

 

     ***

 

Qürbətin düzünə düşmüşəm indi

Baxışım dağılır ha yana baxsam...

Yuvasına həsrət bir quşam indi -

Kim məni tutası göylərdən axsam?

 

 

Mən ki, qəribiydim lap ilk anımdan,

Qürbətdə qəriblik mənim nəyimə?

Vətəndə kök salıb, canım, qanım da,

Burda nəyim var ki? Yanım nəyimə?

 

Xəyalım kövrəlib, könlüm kövrəlib,

Bir bax, incəlibdi ürəyim necə...

Bir Allah bilir ki, bu qürbətlərin

Keçir boğazımdan çörəyi necə...

 

 

Çoxda ki, yozuram yuxumu çin-çin,

Təsəlli gəzirəm mən gələn qışa...

Uçunur ürəyim camaat üçün,

Uçunur ürəyim dosta-tanışa...

 

Məhəmməd Turan

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.11.