Güzgüdəki bulud adamla axşam gəzintisi
Unudulmaz şairimiz
Adil Mirseyidin ruhuna ehtiramla
Elektrik qatarının
sonuncu vaqonunda yenicə yerimi rahatlayıb oturmuşdum ki, "güzgüdəki
adam"ı gördüm; başındakı
miləmil kepka, çal saqqalın altından boynuna dolanmış şarfı,
gözündəki pensne
bizi əhatə etmiş zaman və məkanla təzad təşkil edirdi. Çöldə sulu qar
yağırdı, havada
hüzn vardı. Ona yaxınlaşmağa ürək
eləmədim, güzgüdən
çıxıb başqa
bir güzgüyə girəcəyindən ehtiyat
elədim. Mənə elə
gəlirdi ki, mən o adamın sirrini bilirəm və vaqon yırğalanmaqla
mənim ona yaxınlaşmağıma mane olurdu,
o sirr də əlimdəki dolu kasadaydı, sirrin kasadan kənara sıçramasından qorxurdum.
Bu an bir şeir özünü vaqondan relsin üstünə atdı.
Qatar o şeirin üstündən
ötüb keçdi...
Bizim virtual söhbətimiz
qatar şəhərə
çatana qədər
davam etdi.
gün gələr
sən də qorxarsan
güzgülərdə özünlə
göz gözə qonuşmaqdan
güzgülərdə gedə
bilməyəcəyin yerlər
güzgülərdə çözələmədiyin
sirlər
yaşamadığın ömür
yazmadığın şeirlər
güzgülərdə gördüyün
görüb könül
verdiyin
bütün pəncərələr
sınıq
bütün qapılar
bağlı
bütün könüllər
oyuq
bütün ürəklər
çatdaq
bütün bülbüllər
divanə
bütün mələklər
suçlu
güzgülərdə bir ev tik özünə
rəngdən səsdən
umuddan
bir bulud şəkli çək güzgüyə
bir sevgi yağmuruyla
as o evi buluddan.
Buluddan asılmış binanın
qarşısında şairlə
rastlaşdım. Üzündə-gözündə qədim bir
təbəssüm yurd
salmışdı. Qucaqlaşdıq, qonşu olmağımız
münasibətilə bir-birimizi
təbrik etdik. Yaralı ciyərlərimiz də sevindi. Adama bir siqaret də tüstülətdik.
Göy üzü masmavi idi, qonşunun balaca qara itinin
gözlərindəki tənbəl
qüssə kölgə
kimi asfaltın üzərinə yayılmışdı.
içində tənha
mi notu titrəyən adam
payızın içindən
keçdi bir axşam
son sevda şərabını
başına çəkib
içdi bir axşam
...tənha mi notunun dalınca düşüb
getdi röyaların
gerçək olduğu
yerə.
***
Mən xatirələrimi də
son dərəcə qiymətli
xəzinə kimi qoruyuram və arada onların da tozunu alıram,
onlar yaddaşımda oyandıqca bugünləşir,
keçmişdən daha
çox bu günə aid olur, təravətli olur, durulur. Azərbaycanın ən mütəvazi
şairlərindən olan
Adil Mirseyidlə bağlı anılar da yaşadığım binanın on ikinci qatından görünən
göy üzü kimi masmavidir, dumdurudur. Elektrik qatarındakı qəribə, virtual görüşümüzdən
sonra onunla "28
may" metrosunun yaxınlığında
rastlaşdıq. İlk
dəfə ünsiyyətimiz
onda yarandı, indi xatırlamıram, yanında kimsə vardı, bizi həmin adam
tanış elədi.
Şeirlərimi oxuduğunu
və bəyəndiyini
dedi. Cəfər Cabbarlının heykəli
ətrafında daimi məskən salmış
qumrulardan biri qəfildən aramıza girib söhbətimizə
"qoşuldu".
ovcumda quş səsi gətirdim evə
ovcumu açdım,
uçdu quş səsi
yenə tək-tənha
qaldım.
Adil Mirseyid o qumrunun səsinə qoşulub getdi... O səsin rəsmini çəkməyə getdi.
O səsin əksi şairin eynəyində çırpınırdı, şair
o səsi özündən,
eynəyinin çərçivəsindən
xilas etməyə tələsirdi. Qumru sanki hansısa
bir sirrə ilişib qalmışdı,
o quşun qanadları
güzgüyəmi dəyib
sınmışdı?! Heç cür uçub gedə bilmirdi... Güzgüdəki
adam özünə
yer tapa bilmirdi, bəlkə qumru da qara
sevda türküsü
ötürdü...
Bir dəfə yazmışdım ki, Adil Mirseyid bu
səs-küylə dolu
dünyanın içindən
sakit bir çay kimi axıb gedən adam idi.
Şeirlərində sevə-sevə
təsvir etdiyi Sena çayı kimi... Sanki o, heç
yaşa dolmamışdı,
uşaq yaşında
qalmışdı. Gülüşü
də, sözü-söhbəti
də, sevgisi də uşaq kimiydi: dumduru, saf. Onun şeirləri pafosdan
uzaq idi, ülgüyə sığmırdı,
bu şeirlər yer üzünün yox, göy üzünün
şeirləri idi.
Buna görə də o şeirləri ancaq Tanrıya dua kimi pıçıldamaq
olardı. Güzgüdəki
duaları göy üzünə pıçıldayıram:
Tanrıdan bir əmanətdi mənə
bu dünya
ağla mənim
halıma
bir zamanlar inanmışdım
güzgüdəki xəyalıma
şeirlərim dünyanı
dəyişməliymiş guya.
Onun şeirlərində
biz bambaşqa bir zamana düşürük,
bu qəribə zaman və məkan
içərisində bəzən
rənglər ilıq,
sözlər soyuq olur, umuddan özünə
yuva da qura
bilərsən... Amma bu dünyanın qapıları
sənin üzünə
açılmaya da bilər. Sən qara sevda mələyini magik güzgüdə görə
bilmirsənsə, demək
Adil Mirseyid dünyası sənin üçün qapalı
orbit olaraq qalacaq.
Dənizi duymayan adamlar, oğlum,
bu payız
axşamı anlamaz bizi.
Qürbətə gedirəm
axşamlar, oğlum,
mavi göy üzündə bir durna izi.
Bəlkə də gecələr yuxusunda yazmadığı şeirləri
görürdü, görünməz
mətnlər qapısını
döyürdü, o mətnlərə
qoşulub "Paradizi"
kafesinə yollanırdı
və...
Könlümlə baş-başa
qaldım bu gecə
könlümü kamantək
çaldım bu gecə.
Yuxusuna gələn,
qapısını döyən
şeirlər sözə
gəlməyəndə sürrealist
dona bürünüb
kətan üzərində
canlanırdı. Adil Mirseyid
bütövlükdə ömrünü
impressionist ovqatın içində
yaşadı. Güzgüdən çıxınca bulud adama çevrilirdi, bulud kimi yükünü
yerə qoyunca Ay süvarisi olurdu. O, dəyişməz təyinlərə
əsir düşmədi,
çidarlanmış metaforaları
qırıb onların
yan-yörəsini durğu
işarələrindən təmizlədi.
Onun poeziyasının mahiyyətində
durğu işarələrinə
yer yox idi.
Onun poetik obrazları əsasən üç ünsürdən ibarət
idi - dəniz, rüzgar və səma. Bu obrazlar
heç bir durğu işarəsinə
sığmırdı. Adil Mirseyid həm də bu mənada
novator şair idi. Şair bəzən dilin
qaydalarına qarşı
çıxmağı da
bacarmalıdır və
bunu elə formada etməlidir ki, ona irad
tutmasınlar. O şairlərə
böyük şair deyə bilirik ki, onlar dilin
ifadə imkanlarını
genişləndirməyi, sözün
məna çalarlarını
kəşf etməyi,
ona yeni ruh və nəfəs
verməyi bacarırlar.
Adil Mirseyid bu tipli
şairlərdən idi.
Xalq yazıçısı
Elçin onu "elitar şair" adlandırmışdı: "Adil Mirseyid artıq
sənətdə özünü
təsdiq etmiş elitar Azərbaycan şairidir və onun son illərdə çap etdirdiyi şeirləri mən müasir poeziyamızda hadisə hesab edirəm". (Elçin,
"Elitar poeziya".
"Yeni Azərbaycan"
qəzeti, 25.10.2002)
O, zahirən laübalı adam
təsiri bağışlayırdı,
görünüşündən dərvişanəlik və
rindanəlik yağırdı.
Əksər şairlər kimi.
Təxminən 6-7 il öncə İçərişəhərdə onun "Ay süvarisi"
şeirlər kitabının
təqdimatı keçirilirdi.
Rəssam dostu Fikrət
İbrahim şairin portretini çəkib gətirmişdi və tədbirdə həmin portreti ona bağışladı.
Tədbir bitəndən sonra
Adil müəllim məndən xahiş etdi ki, həmin
portreti Sabir bağı ilə üzbəüz "Monolit"
kafesinə aparım.
Həmin
kafe şəhərdə
yaşayan əksər
şair və yazıçıların, rəssamların
və digər sənət adamlarının
yığışdığı məkan idi. Kafenin müdiri portreti alıb kabinetinə qoydu. Dedim Adil müəllim gəlib özü götürəcək. Sonra Adil
Mirseyid və qələm dostları ilə birlikdə başqa bir məkanda çay süfrəsinin başına
yığışdıq. Aradan yeddi-səkkiz ay keçmişdi,
yolum Sabir bağı tərəfdən
düşmüşdü. "Monolit"in müdiri məni görüncə gülə-gülə uzaqdan
əl yellədi və dedi ki,
sənin şair dostun hələ də gəlib əmanəti aparmayıb...
İndi bilmirəm həmin portret Adil Mirseyidin arxivində qalırmı ya yox...
***
İndi biz Adil müəllimlə qapıbir qonşuyuq. O gün
yenə binanın həyətində siqaret tüstülədirdik. Uzun illər
öncə elektrik qatarına minib birlikdə şəhərə
gələndə ağlıma
gəlməzdi ki, əslində yolumuz birdi. Yollar bizi eyni məkana gətirir, qonşuyuq axı. Adil müəllimin eynək arxasından gözləri
yol çəkirdi.
Avqust yağmurunda
barışın səsi
yaşamaq istəyi
ölmək həvəsi.
Şair narahat idi. Yumşaq
səslə "yapon
balıqlarını yemləyib
düşürəm" dedi
və özünəxas
tərzdə gülümsədi.
O getdi, mən həyətdə qaldım.
Suda bulud kölgəsi
balıqların səsi
uçur havada.
Yeri-göyü
ələk-vələk edən külək sanki
uzunmüddətli sükutdan öc alırdı. Mən Adil
Mirseyidi gözləyirdim... Bilirdim ki, o
gəlməyincə küləyin hirsi soyumayacaq...
Kənan HACI
Ədəbiyyat qəzeti.-
2018.- 18 avqust.- S.12.