"Litvalı" təxəllüslü polyak yazıçı, "Quo Vadis" və ya balaca Yankonu niyə amansızcasına öldürdülər...

 

Henrix Sienkeviç (Henrix Adam Aleksandr Pius  Sienkeviç) 5 may 1846-cı ildə Polşada doğuldu.

Həmçinin, "Litvos", ("Litvalı") psevdonimi ilə də tanınır.

Onun babaları Böyük Litva Knyazlığına köçürülmüş tatar nəsillərindəndi...

15 noyabr 1916-cı il - onun İsveçrədə ürək xəstəliyindən ölməsinin tarixidi- əcəl ona 1914-cü ildən yazmağa başladığı "Legionlar" romanını bitirməyə macal tanımamışdı.

Henrix Sienkeviç  tibb və tarix-filologiya təhsili alıb, jurnal müxbiri kimi Amerikanı, Avropanı və Afrikanı (az bir qismini) gəzmək şansı olub, "epos yazıçısı kimi üstün məziyyətləri səbəbiylə"  1905-ci ildə Ədəbiyyat üzrə Nöbel mükafatına layiq görülüb.

Günümüzdə onu tanımamızın əsas vəsilələri-"Qılınc və atəş"dən (1883), (mövzu: Polşa-Kazak müharibələri), "Tufan"dan (1886), (mövzu:İsveçin Polşanı işğalı), "Cənab Volodijovski"dən (1888), (mövzu: Polşa-Litva ordusuyla Osmanlı İmperiyası arasındakı çəkişmələr) ibarət trilogiya,  "Quo Vadis?",  Polşa Krallığı və Litva Böyük Knyazlığıyla alman Tevton çəngavərlərinin çarpışmalarından danışan "Tevton cəngavərləri" kimi tarixi ruhlu, ümumilikdə, Polşanın keçmişinə və xristianlığın heç də asan olmayan ilkin dövrlərinə işiq tutan  əsərləridir, bu kitablar, onun, xalqının ağır günlərində vətəndaşlıq şüurunu ölməkdən qorumaq üçün sərf etdiyi  gərgin əməyindən xəbər verir...

Henrix Sienkeviçin ən diqqətçəkən yaradıcılıq nümunələrindən biri, sözsüz ki, 1896-cı ildə nəşr edilmiş dini-tarixi məzmunlu "Quo Vadis?"dir. İlk xristianların Roma İmperiyasında ürcah olduqları əzablara  şahidlik edən bu romanın adı latıncadır, "hara gedirsən?" deməkdir. (Tam adı: "Hara gedirsən, peyğəmbər? Neron dövründən bir hekayət.")

Əsər belə bir rəvayətə köklənib ki, İsa Peyğəmbərin on iki həvarisindən biri- Müqəddəs Pyotr imperator Neronun xristianlara verdiyi zülmlərə dözməyib, ümidsizliyə qapılaraq Romanı tərk edir. Günümüzdə də mövcudluğunu saxlayan Appi yolunda irəliləyərkən, illər əvvəl çarmıxa çəkilmiş İsa peyğəmbər nur  topası şəklində onun gözlərinə görünmüş, bu zaman, Pyotr, heyrət və çaşqınlıqla dolu "Hara gedirsən, peyğəmbər?" ("Domine, Quo Vadis?") sualını vermiş, İsa cavabında ona, həvarinin qaçdığı Romaya gedərək, orada yenidən əzablara qatlaşacağını və bir daha çarmıxa çəkiləcəyini söyləyir. Bu, sözlər, yorğun həvari üçün dərs olur, o, özündə güc tapıb Romaya qayıdır, xristianlıq uğrunda  yenidən mübarizə başlayır  və çarmıxa çəkilib missiyasını tamamlayır.

"Quo Vadis?"in nəşrinə  görə, hətta, Roma papası XIII Leo,  Sienkeviçə öz təşəkkürünü bildirmişdi.

Ancaq bu məqalədə, Henrix Sienkeviçin  yaradıcılığında mühüm yer tutan "Müsiqiçi Yanko" adlı hekayəsindən (1877) danışsam, məncə, daha yaxşı olar...

Yanko, dünyaya gələrkən elə zəif və çarəsiz bir haldaydı ki, anası Lohusanın doğuş yatağının böyrünə yığışmış tanış qadınlar başlarını kədərlə yelləyib, həm ananın, həm də körpənin tezliklə öləcəyi qənaətindəydilər.Hətta, bu qadınların ən biliklisi-dəmirçi arvadı Simonova xəstə anaya təsəlli verib, ana və körpənin tezliklə o biri dünyaya təşrif aparacaqlarını və buna görə də, bu məzlumların günahlarını bağışlatmaq üçün dərhal keşişi buraya çağırmalı olduqlarını  Lohusanın üzünə belə deməkdən çəkinmədi.

Bir ayrı qadınsa bildirdi ki, körpə dərhal xaç suyuna salınmalıdır, çünki, uşaq keşiş gələnədək də ölə bilər. Həm də bu körpə gələcəkdə vampirə dönməyəcəksə, camaat belə olacağından ancaq xoşbəxtlik duymalıdır.

körpə  xaç suyuna salındı, amma niyəsə ölmədi, əvvəl kiçicik ayaqlarını oynatdı, sonrasa ağladı, ancaq o qədər halsız, o qədər acıqlı ağladı ki,  qohum-qonşular elə bildilər, pişik balası miyoldayır.

Xəstə qadın da özünü bir azdan yaxşı hiss etdi, səkkiz gün keçdi və o, öz işinə qayıtdı. Körpə də özü üçün nəfəs alıb-verirdi (sadəcə, nəfəs alıb verirdi). Dörd yaşı olanda, bahar vaxtı, o, dinlədiyi bir quşun nəğməsi sayəsində xəstəliyini ram etməyi bacardı və səhhəti düzəldi.Yıxılıb-durub on yaşına çatdı.

Yanko, qışda sobanın böyründən əl çəkmir, soyuqdan, hətta, bəzi vaxtlarda, aclıqdan için-için ağlayırdı. Anası, yəqin ki, yazıq oğlunu ürəkdən sevirdi, ancaq əksər vaxtlarda onu döyür və söyürdü.

Yanko, səkkiz yaşında çobanlıq etməyə başladı.Komalarında yeməyə nəsə tapmayanda, göbələk toplamaq üçün meşəyə qaçırdı. Çox heyrətamiz məsələydi bu, necə olurdu ki, meşədə bir canavar çıxıb onu parçalamırdı.

Anası da Yankodan ümidini kəsmişdi, çünki oğlunun əlindən heç bir iş gəlmirdi. Haradan qaynaqlandığı  bilinməyən bir həvəsə düşmüşdü o, bu həvəs onu öz dəlisinə çevirmişdi; musiqini sevir, hər yerdə dinləyir, musiqidən başqa ağlına heç nə gəlmirdi.

Meşədən əliboş döndüyü günlərdə "Ana, meşədə musiqi çalınırdı, nə qədər gözəldi! Oh! Ohh!" deyərdi.

Bundan əsəbiləşən  anası, bəzən Yankonu döyürdü,Yanko bağırır, anasına belə şeylərdən əl çəkəcəyinə dair söz verirdi. Ancaq yenə də meşədəki musiqini hey düşünür, düşünürdü.

Nə çalınırdı orda? Bunu bilirdimi?

Meşədəki bütün ağaclar musiqi kimi səslənir, bütöv meşə oxuyurdu.

Bildiyi ancaq bura qədərdi.

Təbiət başdan-dırnağadək musiqidən ibarətdi, təbiətdəki bütün səslər musiqiydi onun üçün.musiqiçi  Yanko deyə çağırırdılar onu.Yaz aylarında tütək yonmaq üçün evdən qaçıb çay sahilinə gedir, gecələr qurbağalar quruldamağa, bildirçinlər ötməyə, xoruzlar banlamağa başlayanda Yankonun yuxusu ərşə çəkilirdi. Bütün bu səslərin  cümləsindən nə başa düşürdü, hansı musiqini anlayırdı, bu sirri təkcə Allah bilirdi.

Gecələr kənddəki keşikçi, yuxu tutmamaqdan ötrü ulduzları saydığı   yaxud köpəklərlə pıçıldaşdığı əsnada, ağköynəkli Yankonun qaranlıqda tələsə-tələsə restorana tərəf getdiyini görürdü. Yanko, restorana çatıb,  divara yapışaraq içəridən gələn musiqini dinlərdi.

Ahəngli səslər çıxaran kiçik-kiçik taxta parçaları. Bəli. Ancaq onları haradan tapmaq olardı? Onların bənzərlərini harada düzəldirlər? Ah! Heç olmasa,  bircə dəfə skripkanı əlinə almağa icazə versəydilər. Lakin, bu, mümkün deyildi! Yalnız dinləmək üçün müsaidəsi vardı. O da keşikçinin, "evə qayıt, kiçik şeytan" deyə qaranlıqda əks-səda verən səsini eşidənədək.

Daha sonralar Yanko, özünə at tükündən bir skripka düzəltdi.Ancaq əlbəttə, bu skripka restorandakı skripkadan deyildi, eynən kiçik siçanlar kimi ciyildəyir, yaxud ağcaqanadlar kimi vızıldayırdı.

Yanko, digər uşaqlara bənzəməkdən daha çox, öz vızıldayan, yaxud ciyildəyən  skripkasına oxşayırdı. Bu aralar, yenə də, sıx-sıx ac qalırdı. Əksər günlərdə, çiy köklə qarnını doydurur, əsl skripkaya sahiblənmək arzusuyla ölüb-dirilirdi.

Hə...Malikanədəki ağanın  hansısa qulluqçusunun bir skripkası vardı, arada çalırdı. Bəzən Yanko, o skripkaya tamaşa etməkdən ötrü gizlicə ora qaçırdı.Skripka həmişə qapının qarşısındakı divardan asılı olurdu, Yanko da baxıb ruhunu gözləriylə ona ünvanlayırdı. Bu alət Yankodan ötrü    müqəddəs, əlçatmaz bir varlıqdı. Onun ən əziz, ən sevgili eşq və sevdası bu alətdi. Heç olmasa, bir kərə olsun skripkanı əlinə almağın, bir kərə olsun onu yaxından görməyin həsrətini çəkir, kiçik kəndli ürəyi bu arzunun bəxş etdiyi səadətdən çırpınırdı.

Bir dəfə ağalar xaricə getmiş, malikanədə yalnız qulluqçular qalmışdı ki, onlar da evin digər hissəsində yaşayırdılar.Yanko, yenə də bir gecə, otların arasında gizlənib gözlərini qırpmadan açıq qapıdan yeganə idealına baxırdı. Ay işığında, skripkanın qabarıq hissələri elə parlayırdı ki, Yankonun gözləri heyrətdən kəlləsinə çıxmışdı.

Birdən külək əsdi, ağaclar titrədi,otlar qımıldandı, bağçadakı gülün üzərində bülbül ötdü və bütün bunlar Yankonun qulağına "Yanko, get skripkanı götür, haydı, Yanko" sədasını çatdırdı.

Yanko, bu səsə qulaq asdı!

Bu  an, yaxınlıqdan qalın bir səs hiddətlə  "kimdir" deyə soruşdu.

Yanko nəfəsini tutdu.  Kobud səsin sahibi kibrit yandırdı və otaq işıqlandı...

Ardından söyüşlər, zərbələr! Bir uşaq ağlaması, bir imdad yalvarışı!

Bütün malikanə ayağa qalxdı!

Ertəsi gün Yankonu, bələdiyyə başçısının hüzurunda oğru kimi mühakimə etdilər.Yankonun gözləri qorxuyla doluydu, barmağını da ağzına soxmuşdu.Min zəhmətlə özünü sısqa ayaqlarının üzərində saxlayan bu on yaşlı yazıq uşağı necə mühakimə etməli?  Əlbəttə, uşaqlara mərhəmət göstərmək lazımdır...Daha oğurluğa cəsarət etməməsi üçün qoy keşikçi onu bir yaxşı qamçılasın. Bu ədalətli hökmdür.Vəssalam! Və keşikçini çağırıb, "bunu apar, unutmayacağı bir dərs ver" dedilər. Keşikçi, cavab olaraq, axmaq və vəhşi başını irəli-geri yellədi və Yankonu balaca pişik kimi qoltuğuna vurub  anbara apardı.

Yanko, yəqin ki, nə olacağını bilmədiyindən, ya da qorxusundan heç cınqırını da çıxarmadı.  Keşikçi, onu üzü üstə yerə uzatdı. Uşağın cırıq, nimdaş köynəyini qaldırıb var gücüylə vurmağa başladı. Yanko, yalnız bu zaman "Anacan" deyə qışqırdı.Və sonrakı hər dəyənək zərbəsində "Anacan, anacan" bağırtısı sürdü. Getdikcə, səsi zəiflədi. Susdu. Artıq anasını çağırmağa taqəti qalmamışdı.

Anası gələndə, iş işdən keçmişdi. Və ana balasını evə qədər kürəyində aparmağa məcbur oldu. Yanko ertəsi gün yerindən qalxmadı. Üçüncü günün axşamı isə, qaba bir yorğanın altında  can verməyə başladı...

...Qəflətən sifəti işıqlandı, körpə ürəyində güc tapıb birdən anasını səslədi:

"Anacan, böyük Allah mənə göylərdə kiçik bir skripka verəcəkmi?

Ana hönkürdü:

"Bəli, oğlum, verəcək.Allah, orda sənə bir dənə skripka verəcək!"

Yanko öldü.

Ertəsi gün malikanənin sahibləri, qızı və bu qıza xoş görünmək istəyən bir cavan oğlan dərdli ananın yanına gəldilər.

Cavan oğlan, fransızca "İtaliya nə gözəl bir ölkədir!" - dedi.

Gənc qızsa, onun "müdrik" cümləsinə, daha da "müdrik" olan "xalqı da istedadlı və sənətsevər xalqdır! Burada incəsənət sevilir və himayə olunur" sözlərini əlavə etdi.

Yankonun məzarı üstündəsə, qayın ağaclarının musiqisi dayanmırdı, heç dayanmırdı...

 

Mətləb Ağa

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.13.