Nərimanov "necə
varsa, eləcə"
Görkəmli alimlərimizin, ədəbiyyatşünaslarımızın,
bədii söz ustalarımızın diqqətini cəlb edən
hər gün axtarışda olan, arayıb-araşdıran, məşhur
tədqiqatçı, filologiya elmləri doktoru, professor Teymur
Əhmədov şərəfli alim, ədib ömrü
yaşayır, bir-birindən maraqlı, dəyərli elmi əsərlər,
kitablar nəşr etdirir. Onun
yaradıcılığının bir istiqaməti də milli
ədəbiyyat xadimlərimiz haqqında sanballı
albom-kitablardır: Teymur Əhmədovun ərsəyə gətirdiyi
elmi tədqiqat xarakterli - "Səməd Vurğun",
"Süleyman Rüstəm", "Abdulla Şaiq",
"Mir Cəlal", "Mirzə İbrahimov", "Xəlil
Rza Ulutürk", "Zəlimxan Yaqub" albom-kitabları
ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanmışdır.
Oxuculara ərməğan olan "Nəriman
Nərimanov" (2018) albom-kitabı bu il
"Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində
kütləvi tirajla nəşr olunmuşdur.
Teymur Əhmədov Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində hələ
tələbə ikən xalqımızın görkəmli
dövlət xadimi, yazıçı və maarifpərvər
oğlu Nəriman Nərimanovun ədəbi irsi, tarixi taleyi ilə
maraqlanırdı. O, 1958-ci ildə İrəvanda "Ədəbi Ermənistan"
almanaxında N.Nərimanov haqqında hekayəsini dərc
etdirmişdi. O, Azərbaycan Elmlər Akademiyası Nizami
adına Dil və Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsil aldığı zaman burada "Nəriman
Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik,
sonra "Nərimanovun
yaradıcılıq yolu" (1988) adlı doktorluq
dissertasiyalarını yazıb müdafiə etmişdir.
"Azərbaycan" ədəbi-bədii
jurnalı redaksiyasında tənqid və ədəbiyyatşünaslıq
şöbəsində müdir (1965-1968), Azərbaycan
EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda
baş elmi işçi, Akademiyanın Cənubi Azərbaycan
şöbəsində müdir müavini (1976-1993), sonra orada (1997-ci ildən)
şöbə müdiri olmuşdur. Bu illərdən
indiyədək Nəriman Nərimanovun həyatı,
ictimai-siyasi, ədəbi fəaliyyətinin
araşdırılması onun diqqət mərkəzində
olmuşdur. 1978-ci ildə "İşıq" nəşriyyatı
onun "Nəriman
Nərimanov" adlı ilk albom-kitabını nəşr
etmişdi. Görkəmli ədəbiyyatşünas
alim Mirzəağa Quluzadə "Nəriman Nərimanov"
albom-kitabının nəşrə hazırlanmasını
iki doktorluq elmi işinə çəkilən zəhmətlə
bərabər tutmuşdur.
Nəriman Nərimanovun ilk tədqiqatçısı
Vəli Məmmədovun elmi redaktorluğu ilə Azərbaycan
və rus dillərində nəşr edilmiş bu maraqlı
albom-kitabın giriş məqaləsində N.Nərimanovun zəngin,
ədəbi, pedaqoji, ictimai-siyasi, publisistik fəaliyyətindən
bəhs edilir.
Uzun müddətdən sonra
Teymur Əhmədovun yenidən "Nəriman Nərimanov"
(2018) albom-kitabını nəşr etdirməsi təsadüfi
deyildir. Müəllif burada sovet senzurasından xilas olmuş
mətbuatımızın müstəqillik ab-havası şəraitində
Nərimanov necə varsa, eləcə ədəbi-siyasi
portretini yaradıb qədirbilən oxuculara təqdim
etmişdir.
600-dən artıq tarixi fotoşəklin,
yüzlərlə sənədin, illüstrativ materialın,
fikrin, xatirənin, rəyin toplandığı 448 səhifəlik
bu sanballı albom-kitab ümummilli lider Heydər Əliyevin bu
sözləri ilə açılır:
"Nəriman Nərimanov mürəkkəb və çətin
bir yol keçmiş, fəaliyyətə maarifçi-demokrat
kimi başlayaraq… bir siyasi rəhbər və təşkilatçı
kimi özünün bütöv istedadı, qəlbinin
bütün hərarəti ilə xalqa xidmət etmişdir. Onun adı Azərbaycan zəhmətkeşlərinin
qəhrəmancasına mübarizəsi ilə qırılmaz
surətdə bağlıdır".
Bu müdrik fikirlərdən sonra
müəllif N.Nərimanovun şəxsi imzası ilə onun
idealını - həyat məqsədini ifadə edən
sözlərini təqdim edir: "Ey Şərq, ey bəşərin
əzəli, sənin yolunda yansam da, əzablara düşsəm
də, idealımdan dönən deyiləm. Hamı
şahiddir ki, sənin yolunda ömrümü sərf etdim.
Hərgah tapılsaydı can verən bir loğman, otuz il də
həyatımdan verərdim sənə".
2018-ci ilin təntənəli may
günlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi ərəfəsində professor Teymur Əhmədovun
"Nurlar" nəşriyyatında nəfis şəkildə
çap etdirdiyi "Nəriman Nərimanov" albom-kitabın
annotasiyasında deyilir: burada müstəqilliyin ab-havası
şəraitində Nəriman Nərimanov necə varsa, eləcə
qədirbilən xalqına təqdim olunmuşdur.
Müəllif geniş əhatəli
"Ön sözü"ndə Nəriman Nərimanovun həyatı,
ictimai-siyasi, ədəbi fəaliyyəti, idealı, mübarizəsi,
şəxsiyyəti, taleyi haqqında yeni tapılmış sənədlər,
materiallar əsasında tam dolğun şəkildə bəhs
edir. "Ön söz"də N.Nərimanov
müəllim, həkim, publisist, naşir, rejissor, dramaturq,
görkəmli ictimai-siyasi xadim kimi təqdim edilir.
"İlk axtarışlar
dövrü onun həyata münasibətində
maarifçilik dünyagörüşü" başlıca
yer tuturdu. Lakin gənc Nərimanın romantik düşüncələri
və maarifçilik baxışları dövrün
ictimai-siyasi hadisələrini obyektiv dərk etməyə imkan
verməsə də, zəhmətkeş kütlələri
mütləqiyyətin əsarətindən xilas etmək xəyalı
ilə yanaşması onu yeni yollar axtarmağa sövq edirdi.
"N.Nərimanov doğma
xalqına, vətəninə xidməti müqəddəs vətəndaşlıq
borcu və şərəfi bilirdi".
O özü yazırdı ki, bəşəriyyətin
geri qalmış hissəsinə bacardığı qədər
kömək etmək fikri ilk dəfə
Qızılhacılı kəndində müəllimlik etdiyi
dövrdə yaranmışdı.
Azərbaycanın ictimai dərdlərinə
yaxından bələd olan N.Nərimanov öz ürək sözlərini
xalqa söyləmək üçün münasib bir yer, bir
meydan axtarırdı. Böyük arzu və idealları onu
1891-ci ildə sənaye və mədəniyyət mərkəzi
Bakıya gətirdi. Burada progimnaziyada
müəllimliyə başladı, sonra Bakı oğlan
gimnaziyasında pedaqoji fəaliyyətini davam etdirdi.
O, "Təzə xəbərlər",
"Məktəb" jurnalı nəşr etmək istədi,
icazə vermədilər.
"Öz ideyalarını bədii
yaradıcılıqda, teatrda sınadı.
"Nadanlıq" (1894), "Şamdan bəy" (1895)
komediyalarını, "Nadir şah" (1898) tarixi faciəsini
yazdı. 90-cı illərdə onun təşəbbüsü
və rəhbərliyi ilə ziyalı gənclərdən
ibarət aktyorlar truppası yaradıldı. N.Nərimanov tərbiyəvi əhəmiyyəti olan
pyesləri tamaşaya qoyurdu".
"N.Nərimanova görə,
komediya ancaq
güldürmək üçün deyil, əksinə
"zindəganlığımızda olan qüsurları"
göstərmək üçündür. Komediya
həyatın aynasıdır. "Komediya
çıxarmaqdan əsl məqsəd tərbiyədir".
N.Nərimanov "Teatr barəsində bir neçə
söz" (1899) əsərində yazırdı: "Teatr
böyüklər üçün bir növ məktəbdir".
N.Nərimanov ictimai fəlakətdən
xilas yolunu elm, maarif və mədəniyyətdə
görürdü.
N.Nərimanov 1902-ci ildə
32 yaşında gimnaziyada ekstern imtahan verib şəhadətnamə
aldı. Həmin
il Odessa şəhərindəki Novorossiysk
İmperator Universitetinin tibb fakültəsinə daxil oldu… Burada onun gözləri önündə yeni aləm
açıldı. O, inqilabi hərəkata qoşuldu, tələbə
dərnəklərinin gizli təşkilatçı rəhbərlərindən
biri oldu.
Qocaman inqilabçı V.Elts gurultulu,
səs-küylü tələbə
yığıncaqlarını xatırlayaraq demişdir:
"Nəriman Nərimanov ciddi, düşüncəli
görkəmli, həddindən artıq sakit
davranışı ilə insanı heyrətə gətirirdi.
Əslində bu "sakitliyin" arxasında əsrlərcə
zülm altında qalan bir inqilabçı ürəyi gizlənir
və döyünürdü…".
N.Nərimanov bədii və publisistik
yaradıcılığını inqilabi fəaliyyəti ilə
sıx əlaqələndirərək mətbuatda,
yığıncaqlarda, başçılıq etdiyi
"Hümmət" qəzetində
çıxışlarının birində xalqın
hüquqlarını müdafiə edir, onlara doğru yol
göstərirdi: "Yolumuz artıq dərəcədə
tikanlı və məşəqqətli olsa da, ali, müqəddəs
məsləkimiz
kirdarımızın artmağına səbəb olur.
Bizim məsləkimiz bütün insanları birləşdirməkdir
və biz deyirik: hamı millətlər üçün məqsəd,
ideal birdir: bu ideal hamı millətləri qardaşlığa
dəvət edir…".
"Hümmət" qəzeti
ən mürəkkəb ictimai-siyasi şəraitdə zəhmətkeşlərin
yaxın məsləhətçisi olmuşdur.
N.Nərimanov öz
çıxışlarında istismar və zülm
buxovlarından, mənəvi əsarətdən qurtuluş
yollarını göstərirdi.
N.Nərimanovun çoxsahəli, mənalı
fəaliyyətindən bəhs edərkən müəllif bu
böyük şəxsiyyətin acı taleyində olan kədərli
məqamları da unutmamışdı: "N.Nərimanov Azərbaycanda
Xalq Komissarlar Sovetinin sədri işlədiyi qısa müddətdə
böyük nüfuz və səlahiyyətləri çərçivəsində
olduqca faydalı işlər həyata keçirirdi ki, bu da
sovet hökumətinin gizli siyasətini təmsil edən mənsəbpərəst
məmurları qıcıqlandırırdı. Nəriman Nərimanovu bəhanə ilə Azərbaycana
rəhbərlikdən uzaqlaşdırmaqla onun Şərqdə
nümunəvi, demokratik, xalq hakimiyyəti - "Müstəqil
Sovet Azərbaycanı" (V.İ.Lenin) yaratmasına imkan vermədilər.
1924-cü ildə V.İ.Leninin
vəfatından sonra Kremlin intriqa mühitində təklənən
N.Nərimanov öz ideyalarına sədaqətlə xidmət
edirdi. O,
"Oğluma məktub"unda Kreml rəhbərlərinin həqiqi
yoldan sarpdıqları siyasətlə ölkəni
dağıdacaqlarını uzaqgörənliklə xəbər
vermişdi".
Zəngin muzeyi andıran bu əsər
yüksək dərəcədə
hazırlanmışdır. Belə bir abidəni
yaratmaq heç də asan məsələ deyildir. Albom-kitab yaratmaq xalq, vətən yolunda böyük
xidmətləri olan, maarif, mədəniyyət, elm sahələrində
çalışan ziyalılar haqqında, ictimai-siyasi həyatda
görkəmli rol oynayan dövlət adamları barəsində
yazılır, nəşr olunur. Burada verilən
şəxsi və ictimai məna daşıyan fotoşəkillər,
illüstrasiyalar kitabın məzmunu ilə bağlanır.
Belə kitablarda süjet xətti olur, mətnlər
bölmələr üzrə yerləşdirilir.
Albom-kitab tərtib etmək
müəllifdən böyük səbir, zəhmət, ciddi
axtarış, elmi ümumiləşdirmə, bir sözlə
dərin tədqiqat işi və səriştə tələb
edir. Bütün bu tələblərə Teymur Əhmədovun
böyük səyləri, biliyi, nəşriyyatçı və
jurnalistik məharəti cavab verir. O, bu sahədə sanballı
işlər görmüş, ensiklopedik mahiyyət
daşıyan 8 albom-kitab nəşr etdirmişdir.
Bütün bunlar yarım əsrdən
çox mənim gözlərim önündə olmuşdur. Qürur hissilə
qeyd edirəm ki, Teymurun bu vətənpərvərlik işlərinə
görə ilk təbrik edənlər arasında mən də
olmuşam.
Bu yeni "Nəriman Nərimanov"
albom-kitabı nizamlı şəkildə maraqlı süjet xətti
ilə tərtib edilmişdir.
"Uşaqlıq illəri" səhifələrində
(36-37) XIX əsr Tiflis şəhərinin panoramı şəklinin
üstündə kiçik mətndə oxuyuruq: "Nərimanın
ulu babası XVII əsrdə Gürcüstanın Kaxetiya valisi
I İraklinin sarayında eşikağası olmuşdur. Babası Allahverdi bəy isə Zaqafqaziyada musiqi xadim
kimi şöhrət tapmışdır. O, bütün
ömrü boyu Tiflisdə böyük zövqlə tikdirdiyi
ikimərtəbəli mülkündə
yaşamışdır. Bu ata-baba mülkü
sonralar oğlu Nəcəfə qalmışdı.
Kərbəlayı Nəcəf
tiflisli Hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə
xanımla evlənmiş, mehriban ailə qurmuşdur. Onların doqquz
övladı olmuşdur: Səlman, Mərziyə, Rza, Rizvan,
Fatma, Səkinə, Rizvan (ölən uşağın adı
verilib), Nəriman, Zöhrəbanu".
Sonrakı səhifələrdə
bu şəxslərin və digər ailə üzvlərinin
şəkilləri verilmişdir.
Təhsil illərinə aid şəkillər
- "Qori seminariyasının müəllimləri",
"Seminariyanın Azərbaycan şöbəsinin müəllimləri
və tələbələri", "Seminarist Nəriman,
1888-ci il", "N.Nərimanovun seminariyanı bitirməsi
haqqında şəhadətnamə, 1890-cı il",
"Qızılhacılı kənd məktəbi",
"Borçalı qəzasındakı
Qızılhacılı kəndi, 1890-cı il".
"XIX əsrin sonunda Bakının
dənizkənarı və küçələrindən
biri", "N.Nərimanov şagirdləri arasında",
"Azərbaycan və rus məktəbləri
üçün N.Nərimanovun 1891-1900-cü illərdə
yazdığı dərsliklərin foto surətləri"
diqqəti cəlb edir. Burada "N.Nərimanovun
Bakı oğlan gimnaziyasının müəllimi" şəkli
səhifə boyu, ayaqüstə gözəl, qamətli,
yaraşıqlı geyimdə, ziyalı görkəmdə
verilmişdir. Şəkilaltı mətndə
yazılmışdır: "1990-cı il, yanvar ayının
1-də yüksək səviyyəli pedaqoji xidmətlərinə
görə N.Nərimanov üçüncü dərəcəli
Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir.
Bu, Nəriman Nərimanovun pedaqoji sahədə çəkdiyi
böyük zəhmətin bəhrəsi idi. Qafqaz Təhsil
Dairəsi müdirinin 1899-cu il 3 noyabr
tarixli rəsmi məlumatında deyilir: "Cənab Nərimanov
öz qulluq vəzifələrini can-başla və diqqətlə
icra etməsi, sağlam fikirli... ilə həmişə fərqlənmişdir".
N.Nərimanov pedaqoji fəaliyyəti
dövründə teatra, ədəbi-bədii
yaradıcılığa da böyük əhəmiyyət
verirdi. Bunu albom-kitabın (56-59-cu) səhifələrində
foto surətləri verilmiş sənədlər və dəyərli
tarixi şəkillər əyani olaraq göstərir.
"Həbib bəy Mahmudbəyov teatr həvəskarları
truppası (N.Nərimanov çərkəzi paltarda), 1892-ci il", "Teatr binası" şəklinin
yanında verilmiş N.Nərimanovun bu sözləri "Mənim
1895-ci il yanvarın 15-də Bakıda Tağıyev
Teatrında ilk dəfə tamaşaya qoyulmuş pyesim
"Nadanlıq" oldu. Həmin günü ədəbi
işimin başlanğıcı hesab edirəm". N.Nərimanovun
səhnə əsərlərinin afişa və
proqramlarının surəti", "Gəncədə teatr
barəsində deyilmiş N.Nərimanovun sözü"
(1899) əsərinin ilk səhifələri" foto surətləri,
səhnə əsərlərinin tamaşalarında
çıxış edən aktyorlardan Sidqi Ruhulla, Cahangir
Zeynalov və Hüseyn Ərəblinskinin fotoşəkilləri,
"Əkinçi", "Kaspi", "Hümmət",
"Həyat", "Tərcüman" qəzetlərinin
üz səhifələrinin kollajı, "Tərcüman"
qəzetinin redaktoru İsmayıl bəy Qasprinskinin nadir
fotoşəkli, Hacı Zeynalabdin Tağıyevin, Nəriman Nərimanovun
məslək dostları Əliskəndər Cəfərzadə,
Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə,
Qurbanəli Şərifzadə, Ələddin Əfəndi və
Ömər Faiq Nemanzadənin birlikdə şəkilləri
verilmişdir (səh. 58-67).
Nəriman Nərimanovun Odessada
Novorossiyski İmperator Universitetində ali
təhsil aldığı və inqilabi hərəkata
qoşulduğu illərdəki fəaliyyəti də albomda
maraqlı məlumatlar və şəkillərlə geniş
işıqlandırılmışdır. Odessaya, Krıma,
Bağçasaraya aid şəkillər, tələbə N.Nərimanovun
inqilabi tətillərdə iştirakı haqqında sənədlərin
foto surətləri, çıxış etdiyi dövri mətbuatın
üz qabıqlarının foto surətləri, Həştərxana
sürgün olunması haqqında yol vəsiqəsi, həbs
olunduğu Metex qalasının və şəxsi fotoşəkilləri,
N.Nərimanov qardaşı və bacısı uşaqları
ilə birlikdə ailəvi və ictimai fotoşəkilləri,
"Nadanlıq", "Şamdan bəy", "Nadir
şah", "Bahadur və Sona", "Pir" əsərlərinin
titul səhifələri, 1917-1920-ci illərin inqilabi hadisələri
haqqında sənədlər, Azərbaycanın görkəmli
ziyalıları M.Ə.Rəsulzadənin, Üzeyir Hacıbəyovun,
Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin, Nəsib bəy
Usubbəyovun fotoları və fikirləri dərc
edilmişdir. Bu dövr Bakı N.Nərimanovun
ictimai-siyasi, ədəbi və publisistik fəaliyyətinin ən
qaynar illəri olmuşdur.
N.Nərimanov Bakıda Azərbaycan
dilində nəşr edilən "İqbal", "Bəsirət",
"Açıq söz", "Yeni iqbal" qəzetlərində
tibbə dair elmi-kütləvi məqalələri ilə
yanaşı, ədəbi-tənqidi və ictimai-siyasi publisist
əsərlərini ("Arı bəy", "Nər",
"Doktor Nərimanov" gizli imzaları ilə) dərc
etdirmişdir.
Müəllif mətbuatın bu
dövrdə əhəmiyyətindən bəhs edərək
yazırdı: "Bu dövrdə mətbuat polisin və
senzuranın amansız təqibinə məruz qalırdı. Buna görə də N.Nərimanov inqilabi
ideyaları yaymaq üçün mətbuatdan tribuna kimi
istifadə etməli idi. Əlbəttə,
bu, böyük məharət və bacarıq tələb
edirdi. Çünki dövrün ziddiyyətlərini
"pərdəsiz, açıq, tam və mükəmməl"
söyləmək qeyri-mümkün idi.
***
Albom-kitabda N.Nərimanovun şəxsi
həyatının ən kövrək məqamları 1915-ci
ilə aid fotoşəkli altında Teymur Əhmədovun
yazdığı məlumat kədərli təsir
bağışlayır: "N.Nərimanov 1915-ci ildə gec də
olsa evlənməyi qərara alır. Onun 44 yaşına kimi
ailə qura bilməməsinin səbəbini Abdulla Şaiqin
"Xatirələrim" əsərində
yazdığı sözlərdən aydın təsəvvür
etmək olar: N.Nərimanov ailəsinə və
qohum-qardaşına olduqca bağlı, qəlbi geniş,
dostluqda sadiq və xeyirxah bir insan idi. Hələ
evlənməmiş olduğu halda böyük bir ailə sahibi
idi. Qoca anasını, xalasını, iki
dul bacısı və onların uşaqlarını,
qardaşı uşaqlarını öz himayəsi altına
almışdı. O, gecə-gündüz
çalışır, çapalayır, on iki nəfərdən
ibarət olan böyük ailəsini çətinliklə
dolandırırdı. Gəncliyini onlara fəda edərək
bacısı və qardaşı uşaqlarını oxudub,
bir yana çıxarmaq istəyirdi. Uşaqlar artıq böyümüşdülər.
Səlman Nərimanovun qızı Asiya xanım bir il idi ki, H.B.Zərdabinin ömür
yoldaşı Hənifə xanımın müdir olduğu
rus-tatar qız məktəbində dərs deyirdi. N.Nərimanovun vəziyyəti bir qədər
yüngülləşmişdi. Onun
Gülsüm xanımla ailə qurması dostlarını da
sevindirmişdi. Abdulla Şaiq Nərimanovu təbrik edərək
yazırdı:
Nişan qoymuşsan, eşitdim, xeyir
olsun!
Dan ulduzu kimi bəxtin durulsun...
Fırtına, tufanlardan sonra əlbət,
Gözəl olur sakitlik,
istirahət.
Yox, sən rahatlıq sevməyən
atəşsən
Əriyəcək qəhrinlə
müdhiş düşmən.
Bu poetik mətnin yanında
Gülsüm xanımın, N.Nərimanovun və Abdulla
Şaiqin fotoşəkilləri verilmişdir.
Albom-kitabı vərəqlədikcə
N.Nərimanovun dostları, mübariz yoldaşları gözlərimiz
önündə canlanır. Onlardan biri də Məhəmməd
Əmin Rəsulzadənindir. O, 1913-cü ildə
"İqbal" qəzetində N.Nərimanovun əsəri
haqqında yazdığı məqalədə yazır:
"Bahadur və Sona" məşhur
bəradərimizin qələmi ilə yazılmış
kiçik bir romandır. Böyük qardaşımız Nəriman
cənablarının bu romanın iki əvvəlinci hissəsini
məktəbdə ikən oxumuşam. … Dünən
"Bahadur və Sona"nın
üçüncü hissəsi təkmil olunmuş ikinci təbini
oxudum… Bəncə ədəbiyyat hələ onun
hekayənəfislik qismi, həyatı eynilə təsvir etməyə
mükəlləfdir. Binaənileh öylə bir surətdə
yaradılmalıdır ki, oxucularını ancaq hissiyyat və
dəni rəftarlardan iyrəndirsin, yüksək fikirlər və
ali hissiyyatlara biləks çəkindirsin.
Bunu bir ədəbikamilə ifa edə bilmək
üçün iki vergiyə malik olmalıdır. Biri vüsəti qəhirə, o biri cəsarəti-mədəniyyə.
Allah Nərimana bunların
ikisini də vermişdir".
N.Nərimanovun Azərbaycan
Xalq Cümhuriyyəti qurucuları ilə xoş, səmimi
münasibəti olmuşdur. Çevriliş
zamanı bəzi sovet məmurlarının özlərini təkəbbürlü,
qatil kimi aparmaları, nəticədə böyük faciələrə
səbəb olurdu. N.Nərimanov bunların
qarşısını alır, milli azadlıq mücahidlərini,
Azərbaycanın ziyalılarını imkanı daxilində təqiblərdən,
haqsız cəzalardan qoruyurdu. Onların
arasında M.Ə.Rəsulzadə, general Əliağa
Şıxlinski, general Səməd bəy Mehmandarov və
başqalarını sui-qəsd və terrordan qorumuşdur.
Azərbaycanda sovet hakimiyyətinin ilk
zorakılıq, haqsızlıq dövründə ədalətsizliyə
qarşı mübarizə aparmış, milli dəyərləri
qorumuşdur.
Əgər o, olmasaydı
ölkəni bürümüş milli faciə daha dərin,
daha ağrılı olardı. Bu faciə şəxsiyyətə
pərəstiş illərində baş qaldırdı,
qanlı, qırmızı qasırğaya çevrildi.
N.Nərimanov 1920-1921-ci illərdə
Azərbaycan Xalq Komissarları sovetinin sədri işlədiyi
vaxtlar Şərqdə ilk nümunəvi "müstəqil
sovet Azərbaycanı" qurmaq, öz doğma millətinin
azadlıq və xoşbəxtliyini təmin etmək
üçün qəlbini məşələ
çevirmişdi.
N.Nərimanov Bakıda
işlədiyi həmin illərdə Azərbaycan milli məktəbləri
yaradılmış, maarif-mədəniyyət quruculuğu sahəsində
ilk uğurlar əldə edilmişdir.
Bunlar haqqında albom-kitabda
çoxlu, yeni məlumatlar vardır.
Professor Teymur Əhmədov uzun illər
arayıb-axtardığı həqiqətləri üzə
çıxararaq, "oxucuların nəzərinə"
çatdırmaq üçün yazırdı: "N.Nərimanov
istəyirdi ki, dövlət idarələri milliləşdirilsin.
Azərbaycan dili dövlət dili elan olunsun və
tamhüquqlu fəaliyyət göstərsin. Partiya və dövlət siyasəti Azərbaycanın
milli adət-ənənələri ilə uzlaşsın.
Din məsələlərində maksimum ehtiyatlı rəftar
edilsin. Şərq xalqlarının milli
azadlıq hərəkatına kömək edilsin".
Tarixçi-alim Firdovsiyyə
Əhmədova Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivində
"Nərimanovun işi" adı ilə saxlanılan 10 məxfi
qovluqdakı sənədlərdən bəhs edərkən
demişdir: "N.Nərimanov Azərbaycanın quberniyalara
bölünməsinin əleyhinə idi". Azərbaycan
Xalq Cümhuriyyətinin mövcudluğu da ölkənin
parçalanması fikrinin əsassız olduğunu göstərdi.
1920-ci ildə Nərimanov
deyirdi ki, Naxçıvan, Qarabağ, Zəngəzur, Şərur-Dərələyəz,
Ordubad Azərbaycanın ayrılmaz hissəsidir. O, Azərbaycanın
işğalından sonra hakimiyyətdə yüksək vəzifə
tutmuş mürtəce fikirli, şovinist bolşevik məmurlarının
özbaşınalığına, fəhlə və kəndlilərin
mənafeyinə qarşı hər cür hərəkətlərinə
qarşı kəskin mübarizə aparırdı.
N.Nərimanov Kirov, Orconikidze, Mikoyan,
Mirzoyan, Pankratov kimilərin Azərbaycanda apardıqları
işğalçılıq siyasətinə qarşı idi,
ona görə də ciddi müqavimətə məruz
qalırdı.
"Daşnak əqidəli
Mirzoyanın sədrlik etdiyi iclasda Nərimanovun cəzalandırılması,
güllələnməsi, partiyadan çıxarılması
təklifləri səslənirdi. Əsas ittiham bu idi ki,
Nərimanov burjua millətçisidir", "Ruhən
müsavatçıdır". "Deyirlər ki, Məhəmməd
Əmin Rəsulzadənin İstanbulda apardığı siyasəti
Nərimanov Moskvada həyata keçirir… Ola bilsin ki, onların
arasında əlaqə yoxdur, amma eyni siyasəti
yürüdürlər…".
Firdovsiyyə xanım Moskva
komissiyasının yoxlamasının MK bürosunda müzakirəsindən
sonra 1923-cü il noyabrın 15-də qəbul
etdiyi "Nərimanova etimad göstərmək olar" qərarına
Nərimanovun münasibəti haqqında yazır: "...Bu
etimaddan sonra düşünürdülər ki, Nərimanov
onların fikirlərini, mövqelərini dəstəkləyəcək.
Qətiyyən yox! Qərardan sonra ona
üç həftəlik məzuniyyət verildi. Sonradan Nərimanov o məktubuna yenidən
özünün haqlı olduğunu sübut edən əlavələr
elədi. Çünki bu məktubda
çoxlu statistik məlumatlardan istifadə etmişdi".
Nərimanov məktublarından
birində yazırdı ki, "heç çar Rusiyası
dövründə də azərbaycanlılar belə
sıxışdırılmırdı. Azərbaycan dili qadağan
olunmurdu…".
"Neft siyasətində
haqsızlıqlara yol verilirdi".
"İşğaldan sonra Bakıya
qayıdan Nərimanovun məqsədi Şərqdə
nümunə olacaq bir respublika yaratmaq idi, amma burada "talan həftəsini",
XI ordunun özbaşınalıqlarını, qarətləri
görəndə o, ilk istefa ərizəsini yazdı".
Bütün bu haqsızlıqlara
qarşı öz iradəsini qoyan, "siyasətbazlar" içində təklənsə də
Nəriman Nərimanov öz
müdrikliyi, dəyanəti ilə Azərbaycanın
taleyini düşünür, ölüm-dirim cəngində
siyasi savadsızlara, nadanlara, irticaçılara qarşı
mübarizə aparırdı. O, oğluna vəsiyyət olaraq
yazırdı: "Hakimiyyət
çoxlarını korlayır. Belə də
oldu. Hakimiyyət yaxşı, görkəmli
işçilərin çoxunu korladı. Onlar nəhəng
dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən
diktatorluq etmək qərarına gəldilər…".
Bu albom-kitabda təəccüb
doğuran belə həqiqətlər açılıb
göstərilir.
Bütün ömrü boyu əzab-əziyyətlər
çəkmiş,
xalqının işıqlı sabahına
çalışdığı nəcib-xeyirxah insanın -
görkəmli dövlət xadiminin müəmmalı
ölümü də, ömür yoldaşı Gülsüm
xanımın iztirabları da, yeganə oğlu Nəcəfin
qəmli taleyi də kitabda geniş
işıqlandırılmışdır.
Böyük bir tarixi dövrü əks
etdirən bu qiymətli ensiklopedik topluda fərəh, qürur
notları ilə təsvir edilən səhifələr də az deyildir.
Ümummilli liderimiz Heydər
Əliyevin sayəsində Nəriman Nərimanova qarşı
böhtanlara, haqsızlıqlara, təzyiqlərə son
qoyuldu. Haqq-ədalət öz yerini aldı.
Xalqımızın vətənpərvər
oğlu, dünya şöhrətli, görkəmli dövlət
xadimi Heydər Əliyevin müdrik sözləri ilə albomda
böyük bir bölmə verilmişdir: "1970-ci ildə Nərimanovun
anadan olmasının 100 illik ildönümünü qeyd etmək
lazım idi. İlk dəfə onunla
bağlı gizli məsələləri öyrənəndə
onun həyatının son illəri məni çox həyəcanlandırmışdır.
Bu 100 illik 1972-ci ildə qeyd olundu. Çünki Nəriman Nərimanova "millətçi"
damğası vurulmuşdu. Lakin millətçi
ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun
bir millətçi olduğunu, bir çox xətalar elədiyini
və 100 illik yubileyinin keçirilməsinin gərəksiz
olduğunu söyləyirdilər. Nərimanovun
heykəlini ucaldarkən nə əziyyətlər çəkdik.
Çox mübarizə apardıq və
çarpışa-çarpışa istəyimizə nail
olduq. Sov.İKP MK-da Nərimanovun 100 illiyini qeyd
etmək qərarını çıxartdı.
"Pravda" qəzetində çox geniş bir material getdi, eyni zamanda daha mötəbər bir
heykəl ucaldıldı.
Təəssüflər olsun
ki, filmin bəzi hissələrinin göstərilməsinə
icazə verilmədi. Hətta adını da dəyişdirdilər.
İlk təqdimatda "Doktor Nərimanov"
olduğu halda, "Ulduzlar sönmür"
adlandırırdılar. Həmin anlarda Bakıda ev muzeyi də yaradıldı.
Bunları ona görə
xatırladım ki, istəyirəm xalqımızda birlik olsun. Nərimanovun
ayağının altını eşənlər kimlərdi?
Bizim bəzi azərbaycanlılarımız.
Onlar Levon Mirzoyanlarla, Anastas Mikoyanlarla, Sarkislərlə bir
araya gələrək, Kirovu da Nərimanov əleyhinə bloka
saldılar.
Budur xalqımızın xatası. Nərimanovun Leninə yazdığı məktub tarixin böyük bir sahəsidir. Sonra o məktubu mən Moskvaya apardım…".
Bu bölmədə verilmiş ağ-qara, rəngli şəkillərdə N.Nərimanovun Bakıdakı və Tiflisdəki ev muzeylərinin eksponatları, Azərbaycan rəssamlarının və heykəltəraşlarının N.Nərimanova həsr etdikləri əsərlərindən, teatr tamaşalarından, kinofilmlərindən kadrlar, Nərimanovun xalq arasında görüşlərindən nümunələr verilmişdir.
Albom-kitabda N.Nərimanovun tədqiqatçılarının Mirzə İbrahimovun, Mir Cəlalın, Cəmil Quliyevin, Vəli Məmmədovun, Teymur Əhmədovun, Firdovsiyyə Əhmədovanın, Qılman İlkinin, Firidun Köçərlinin, Mikayıl Rəfilinin, Şamil Qurbanovun, Məmməd Qazıyevin və b. fotoşəkilləri, Nərimanov haqqında çap olunmuş kitabların üz qabıqlarının şəkilləri diqqəti cəlb edir.
N.Nərimanovun əsərlərindən seçilmiş hikmətli sözləri, nəsihətləri də verilmişdir ki, bunlar da maraqla oxunur.
Neçə-neçə
şöbəsi, zəngin eksponatları olan böyük
muzeyi xatırladan bu albom-kitabı tərtib edərkən zənnimcə
müəllifin gözündən heç nə
yayınmamışdır. Hər şey yerində,
səliqə-sahmanla, zövqlə tərtib edilmiş bu
albom-kitab xalqımıza Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik
yubiley ilində, N.Nərimanovun anadan olmasının 150 illiyi
qarşısında oxucularımıza müəllifin ən
gözəl hədiyyəsidir.
Sabir GƏNCƏLİ
Ədəbiyyat
qəzeti.- 2018.- 18 avqust.- S.14-15.