Gün keçsin

 

Bu səhər yenə də mənsiz açıldı,

Sən öz tellərini say ki, gün keçsin...

Sayıb qurtarmağa səbrin çatmasa -

Sinənin üstünə yay ki, gün keçsin!..

Bu həsrət səssizcə qurubdu tuzaq,

Yollar baxışları salıbdı uzaq...

Biz nədən danışaq, biz harda susaq -

Olsun son ümidə pay ki, gün keçsin...

Oğul istəyirəm dərdi yeridə,

Yuyub göz yaşında asa şəridə!..

Ruhum uzaqlarda, cismim bəridə -

Sayılsın həftələr ay ki, gün keçsin!..

 

Çatır

 

Üz-üzə durmuşuq yerlə-göy kimi

əlim toxunur, səsim çatır.

Yığıram bir yerə bütün gücümü -

Adını çəkməyə nəfəsim çatır...

Ruhumdan ərköyün- dəcəl tapmıram,

Adamtək öldürən əcəl tapmıram...

Dizimə döyməyə macal tapmıram -

Köməyə bu sinə-qəfəsim çatır!

Gözüm dirənincə baxır yoluna

Gözümün işığı axır yoluna...

Məni bu dünyanın axır yoluna -

Uğurla! - deməyə həvəsim çatır!

 

Var idi

 

Bu qocalan ümidlərim

Vaxtsız-vədəsiz qarıdı...

Ümidsiz, umidli yerim-

Güldü, həsrətim yarıdı!..

 

Gözümdə hər gün ucalan,

Ucaldıqca da qocalan...

Sevgim, zamanla puç olan-

Bardı, həm ki barıdı!..

 

Ruhum bükülən ərəndi,

O, mənim bəndim-bərəmdi,

Günlərim pərən-pərəndi-

Sankı dağılmış darıdı...

 

Hay vermir məscid, kilsə

Gələn deyil ta kimsə,

Sən deməsən , kim isə -

Deyər Əbülfət varıdı.

 

 

Yaş

 

Başımın üstə bulud-dam ,

Kövrəlib dolmuş buludam!..

Bilmirəm necə qurudam?

İçimə süzülən yaşı...

 

Aylardan, illərdən qopur,

Beli bükük, üzü çopur

Canıma bir təklik hopur -

Seçmədən qurunu, yaşı!..

Sözün tağına baxıram

Gözün ağına baxıram...

Özüm yaxına baxıram -

Kökləyib uzağa yaşı!

 

And yerim

 

Sənsiz ölüb-dirildim,

bunu heç kim görmədi.

Hörgümdən kərpic düşdü,

onu heç kim hörmədi -

yerinə...

 

Çıxdım yolun ağına,

İçimdəki ümidlə.

Eşqin Sənan dağına

Məni təzdən kilitlə -

yerimə.

 

Ruhum uçub qayıtsın,

Bir sənin yanına.

Səni qəmə caladım

Bağışla öz canına -

and yerimə...

 

Cümə gününün şeiri

Özümü Məcnun bilirdim -

bitməyən dərdə dözümdə...

Bir şair gözümdə öldü -

bir sevən isə özümdə!..

 

Qətliam oldu içimdə-

dodaq bildi, dil..

Gələ bilmədin üçümdə-

Bunu da bağışladım, bil!

 

Sadəcə, yaddaşı yandır-

tüstüsünə fatihə ver...

Gətirmədi bəxtim, andır-

Tikanlıdı yatdığım yer!..

 

 

 

Bir qadına

 

Seçdiyim yolu geyindim -

Ümid adına, adına...

Öz dərdlərimdən deyindim

Mən bir qadına-qadına...

 

Deyindim başı ağrıdı

Gördü ki, daşı ağırdı...

Gözünün yaşı axırdı -

Yetməz dadına-dadına...

 

Deyindim huşu da getdi...

Baharı, qışı da getdi...

Bir sevgi boşuna getdi -

Düşməz yadına-yadına!..

 

Ürəyim

 

Qu tükündən yumuşaq,

Bir beşikdi ürəyim.

Sığışa bilmədiyin -

ev-eşikdi ürəyim...

 

Gözümə Yer-Göy dəyir,

Qamətimi Göy əyir.

Hava çəkir, göynəyir -

Gəl, deşikdi ürəyim.

 

Batıb aha, günaha,

Əlin açıb Allaha!

Dinindən dönüb daha -

Bax, keşişdi ürəyim.

Bu axşam

 

Hələ bilən yoxdur,

dərdimin adı nədir...

Hamı da mənim kimi

bu dərdə abunədi!..

 

Yuxum perik, günüm ah,

alın yazımdı günah..

Boşdu məndə dörd cinah-

Səndə Çin səddi nədi?!

 

Qəm bitib çıxıb dizə,

Xəfəsi dəyir bizə...

ruhum gələcək sizə-

bu axşam adnadı!..

 

 

 

Ehtiyac yox...

 

Ay işığı sönmüş adam,

Daha qora ehtiyac yox...

Ayaq üstə ölmüş adam -

Gecdi, gora ehtiyac yox!..

 

Doğulandan qəm daşıdın,

Qəmdi sənin həmyaşıdın...

Həm od idin, həm daşıdın -

Daha zora ehtiyac yox...

 

Bu yer bir tala - düşmüsən,

Tapmısan bəla - düşmüsən!

Çıxılmaz hala düşmüsən -

Daha... tora ehtiyac yox!..

 

Yuxumu

 

Yığmışam mən ovcuma

Gəzdirirəm yuxumu...

Kipriklərimlə sıxıb -

Əzdirirəm yuxumu...

 

Fikirləri qovmaqla

Sovurmaqla, sovmaqla...

Gözlərimi ovmaqla -

Sezdirirəm yuxumu...

 

Ulduz qovub, dan açdım,

Öz bəxtimlə dalaşdım...

O didərgin, mən qaçqın -

Bezdirirəm yuxumu!..

 

Kimi

 

Bu gecə sızıldadı

Ruhumda yara kimi...

Minnətçi göndərim mən -

Bilmirəm, yara, kimi?

 

Elə bil xəyal qurub

Çiçək tək boynun burub...

Ölmüş çəkilib, durub -

De, məndən hara kimi?!

 

Yel oynayan binəm

İmkan vermir, dinəm !

Sim edəcəm sinəmdə -

Bilmirəm tara kimi?!

 

Duyğun idim, hissindim

Yaxşın idim, pisindim...

Dərdlərimlə isindim -

Bu qış -

Son qara kimi!

Üstümü çən alacaq

Məni atdan salacaq...

Həyatımda qalacaq -

Əbülfət - qara kimi!..

 

Gəldim

 

Mən elə darıxmışdım ki,

Yüyürdüm, yürüdüm gəldim...

Bu yorulmuş ürəyimi

Arxamca sürüdüm, gəldim...

 

Düşdüyüm bu çəhlim-vərdi,

Yar əlin üstümə sərdi...

Ömrümə ələnən dərdi-

Bir yerə kürüdüm, gəldim...

 

Ağrı çəksə dərinə,

Keçmədim fələk girinə.

Üz qoyduğum and yerimə -

Hələ ki, yeridim gəldim..

 

Üz tutub deyim, sev!- kimə?

Qalacaq bu boş ev, kimə?!

İlahi, sənə sevgimə

Ruhumu bürüdüm gəldim...

 

Buyur, bax, gül, ölmüşəm

Yarpaq pıçıltıların

budaq duyubdu öncə...

Dərdin tumurcuğuna

Dilim deyibdi qönçə!..

 

Kipriklərin təması

İşıq saçan parıltı...

Bir sevginin səması-

Qığılcımdan yarıldı...

 

Bir sevgi çətir idi

Damdı içəridən çölə...

Səsin qayıq gətirdi-

Dərdim batam bu gölə!..

 

 

 

İndi bir az kösövəm

Bir az da kül-

Sönmüşəm!

Bəhanə axtarırdın-

Buyur, bax, gül, ölmüşəm!..

 

Ömründə qalacam

 

İncidin ki, soruşmadan, izinsiz,

Tellərinə toxunmuşam - meh kimi...

Bilmədin ki, baxışının odunda -

Qurumuşam, yox olmuşam - şeh kimi...

 

Xoş danışıb verməsən dil barı,

Baxışınla kipriyimi sil barı!

Sən özünü uzaq tutdun, bil, barı -

Telindəki izlərimi beh kimi...

 

Ötən günü, ötən anı boş tutdun...

Ümidimi suvarmadın - qurutdun!

Elə bilmə Əbülfəti unutdun -

Qalacaqdı o, ömründə zeh kimi!

 

Əbülfət Mədətoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.16.