Alo, Müşfiq...
Bu essenin
yazılma səbəbi
vaxtilə fransız filosofu Jak Derridanın
"Poçt açıqcası
Sokratdan Freydə qədər" əsərindən
köçürdüyüm bir qeyd oldu. J.Derrida
yazır: "Bir amerikan tələbə ilə görüşürdüm,
onunla keçən şənbə oturub kofe də içdik.
O, müqayisəli ədəbiyyatdan
dissertasiya mövzusu axtarırdı. Mənə
zəng edəndə ona nümunə kimi Prustda telefonçu
xanımdan, yaxud amerikan telefonçu qız obrazından başlayıb, müasir telematik effektlərə qədər XX əsr ədəbiyyatında telefonla
bağlı bir neçə fikrimi söylədim...
Ona mikroprossesorlar və kompüter terminalları haqqında da danışdım və bu, onu bir
azca kədərləndirdi. Və dedi ki, ədəbiyyatı
hələ də sevir (cavab verdim
ki, əlbəttə,
mən də sevirəm). Bilmək istərdim ki,
görəsən, o nəyi
nəzərdə tuturdu".
Sitatın sonu.
Tələbə ilə məşhur poststrukturalist filosof arasında bu söhbət mənə Müşfiqin bir "telefon mətnini" -
"Telefon" şeirini
yadıma saldı. "Telefon" şeiri 1929-cu ildə yazılıb.
(Şairin ölümündən
sonra nəşr olunan kitablarda şeirin adı "Telefon söhbəti" kimi gedib).
Deyəsən, Derridanın tələbə
qıza tövsiyəsini
Azərbaycan ədəbiyyatında
Müşfiq əməl
edib. Məhz Müşfiq
telefonun simvolik, semiotik funksiyanın dərindən anlayıb və güclü fəhmi ilə hiss edib ki, rabitə vasitələri (telefon,
radio) söz tədricən
yazı adamının
fəaliyyətinə fərqli
rənglər qatır.
Bu iyirminci əsr, bu şeytan
əsri
Gör, necə bizləri şən yaşatıyor.
Açıb hər müşgüllü, hər
incə sirri
Hər dəfə üfqündə
bir dan atıyor.
Həmin şeirində
şair telefon aparatının faktiki olaraq üç semiotik funksiyasından bəhs edir: telefon-güzgü; telefon
- dünyalar arasında
mediator; telefon - sevgi və ölüm simvolu.
Telefon ölülər-dirilər
arasında bir mediator da (əlaqələndirici,
vasitəçi) ola
bilir. Bunu böyük
rus şairi V.Mayakovskinin Liliya Briklə bağlı epizoddan görmək olar. 1916-cı ildə şair L.Brikə zəng edib bildirir ki,
həyatdan köçür.
L.Brik həmin məqamı belə xatırlayır: 16-cı ildə,
səhər tezdən
telefon zəngi məni yuxudan oyatdı. Mayakovskinin tutqun, sakit səsini
eşitdim: "Mən
özümü güllələyirəm.
Əlvida, Lilik". Mən
qışqırdım: "Gözlə məni!.."
Tələsdirirdim, yolda faytonçuya yalvarırdım, kürəyini
yumruqlayırdım. Qapını Mayakovski özü açdı.
Otaqda, masa üstündə tapança vardı.
Dedi: "Atdım, açılmadı, ikinci
dəfə isə edə bilmədim, səni gözəldim".
Mən təsvirolunmaz
dəhşət içində
idim, özümə gələ bilmirdim" (bax: "Vstreçi s proşlım". M.,1990).
Bakıda ilk telefon rabitəsinin tarixi XX əsrin əvvəllərinə təsadüf
edir ("Əli və Nino" romanında
Əli xan şəhərdə telefonların
yenicə quraşdırıldığını
qeyd edir).
O zaman Müşfiqin evində telefon yox idi:
ya poçt şöbəsindən, küçədə
telefon budkasından, ya da telefonu
olan qonşusundan zəng edə bilərdi.
Radioteleqraf səsləri Müşfiq
üçün yeni ünsiyyətin mistik yaxınlığını ifadə
edirdi. "Alo,
alo" səslərini
qeybdən gələn
səslər kimi qəbul edirdi.
Qıvrım qamçılar
vurub dağlara, dənizlərə,
Bir xəbər yaklaşıb uzaqlardan bizlərə,
Yolçuları toplayır
bir yığnağa,
bir yerə
Hər gün söhbət eyləyən
Allo, alo səsləri
Hər şeyi
tez bəlləyən
Alo, alo səsləri.
Nəzərə alsaq ki, həmin
dövrdə telefon rabitəsinin keyfiyyəti elə də yüksək səviyyədə
deyildi, ona görə də abonent ucadan danışmalı, bir-birini
eşitməsi üçün
yüksək səslə
qışqırmalı olurdu. Ən intim
səs, gizli söz, sirli pıçıltı belə
ictimailəşirdi. Komutatorda oturan
operator qadın (abonentləri
o birləşdirirdi) bu
söhbətdə üçüncü
şəxs - demonik varlıq kimi çıxış edirdi.
Deyilənləri eşidirdi - gizli
"qulaq müsafiri"
olurdu. (Maraqlıdır:
görəsən, həmin
rabitə işçisi
telefonda Müşfiqin
pünhan sirlərini eşidibmi?)
Müşfiq Azərbaycan poeziyasında
bəlkə də telefonun erotik mənasını anlamış
ilk şairdir. Telefon onun "sevgi dili"nin simvolik
təcəssümü olur.
Bu "sevgi dili"
səslə qulağı
birləşdirir.
Göyərçin əlində
dilmac trubka
Könül şənləniyor söhbətinizdən.
Telefon əlaqəsi spiritual (ruhları
çağırma) kanalına
çevrilir. Müşfiq
"alo, alo" deyərək telefonda yarın ruhunu çağırır:
Sən məndən
uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində, bax,
Ürəkdən saçılan sözlərin
mənə.
Telefonun səs effektləri onun düşüncəsində
sevginin və ayırılığın obrazını
yaradırdı. Xəttin o başında sevgilisinin susması, nəfəs alması - ona ayrılığın akustik
mənasını izhar
edirdi. Müşfiq bu səsi eşitmək deyil, həm də görmək istəyir.
Necə deyərlər,
virtual ünsiyyət vizual
ümidə mane ola bilmir.
Əslinə varmaqçın
bu söhbətlərin,
Nolur gözlərini telefonda görsəm?
20-30-cu illərdə
telefon əsasən sovet nomenklaturasının
sevimli əşyası
idi. Stalin rejimi öz təbəələri
ilə yazı proseduru ilə - əmrlərlə, sərəncamlarla,
dərkənarla əlaqə
saxlayırdı. İ.Stalinin Siyasi
Büro üzvünə,
generala, nazirə qəfil bir telefon zəngi artıq onun taleyinin dəyişməsi
idi.
Azərbaycanda M.C.Bağırov mistik fövqəlqüvvə kimi,
yüksəkdə oturub
insanların məişət
məkanına gizlincə
göz qoyurdu. Mənzildə qəfildən telefon çalınır. Dəstəkdən
qara qorxunc, soyuq səs gəlir: "Sizinlə yoldaş Bağırov danışacaq..." - "Bəli,
yoldaş Bağırov..."
Mələk simalı şairin ölüm kabusu ilə (Mir Cəfər Bağırovla) telefon söhbəti olubmu? Bu haqda xatirələr və şahidlər susur.
"Telefon" şeiri ruhun candan ayrılması haqqındadır. Bu şeirdə telefon "o dünyan"ın simvoluna çevrilir. Amma Müşfiq inanırdı ki:
Əvət, böylə qalmaz yarın bu ölkə
Telefonda fikrimi açarkən sənə.
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan uzağa görünər mənə.
Müşfiq bilmirdi ki, telefon yaxınlığı imitasiya edir, əslində isə onları birləşdirmir. Telefon ünsiyyəti virtual ünsiyyətdir, sonsuz varlıqla təmasdır, kölgə ilə, ruhla ünsiyyətdir. Hardasa ekstrasensin mistik seansda kabusla görüşünə də bənzəyir.
Hələ də qeybdən Müşfiqin "alo, alo" səsləri gəlir. Amma biz eşidə bilmirik...
P.S. Bir
təklifim var: şairlərlə Mir Cəfərin telefon
söhbətləri mütləq yazılmalıdır. Bu "telefon mətnləri"
tariximizin ən mistik
və gerçək səhifəsi ola bilir.
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.-
2018.- 18 avqust.- S.19.