Bəşəriyyət taxtaqurdunun gözü ilə və ya Barnsın xilas metodu

 

Yaradılış əfsanəsindən sonra dünya xalqları arasında yayılmış ən geniş mif yəqin ki, Nuh tufanı mifidir. Dünya xalqlarının əksəriyyətinin mifologiyasında tufan-daşqın mövzusuna rast gəlmək mümkündür. Çox güman qədim insanın qorxuduğu ən böyük təbii fəlakət sel-daşqın idi. Bu da səbəbsiz deyildi. Tarixən insan qrupları çayların, su hövzələrinin kənarlarında məskən salıblar. Bu, əgər bir tərəfdən münbit torpaqlar, bol məhsul demək idisə, digər tərəfdən də həmişəlik sel, daşqın qorxusu demək idi. Qədim insanlar selin, daşqının qarşısında aciz idilər (indi də sən deyən güclü deyilik). Ola bilsin tarixin başlanğıcı sayılan Dəclə və Fərat çaylarının arasındakı  - Mesopotomiyadakı - xalqlar bu təbii fəlakətlə daha çox qarşılaşdıqlarına görə "Nuh tufanı"nın əcdadı sayılan "Gilqameş" dastanı da burada yaranmışdı. Hər dəfə suyun yuyub apardığı torpaqlarda yenidən hər şeyi inşa edən qədim insanları yəqin bu sual da ciddi narahat edib: Bir gün dünyanı su bassa nə olacaq? Kimlər xilas olacaq? Canlı aləmin sonu çatacaqmı?

Bəlkə də "Nuh tufanı" əfsanəsi bu suallara cavab olaraq yaranıb.

"Nuh tufanı"nın yaranmasından - "baş verməsindən" - neçə min il keçsə də (yəhudi təqviminə görə onun dəqiq tarixi var) bəşəriyyəti bu qorxu hələ də tərk etməyib və təsadüfi deyil ki, bir neçə on il əvvəl Norveçdə buzlaqların arasındakı dağın dərinliklərində müasir Nuh gəmisi tikilib. Yeni Nuh gəmisində - Qiyamət anbarında - Yer üzərində olan bitki növlərinin toxumlarından nümunələr mühafizə olunur. Əgər qədim insan yalnız suyun-daşqının dünyanı məhv edəcəyindən qorxurdusa müasir insanın qorxusu qat-qat çoxdur.

Görünür qədim insanları narahat edən məhv olmaq qorxusu uzun müddət bəşəriyyəti tərk etməyəcək. Nə bilmək olar, bəlkə də bu qorxu günün birində insanlığın kosmosda - başqa planetlərdə -  məskən salması ilə tamamilə silinib gedəcək. Elm artıq o qədər sürətlə inkişaf edir ki, insan nəyin fantastika, nəyin elmi inqilab olduğunu müəyyən etməyə çətinlik çəkir.

 

***

 

İngilis yazıçısı Culian Barnsın "10 bölümdə dünya tarixi" romanının mövzusu - ana xətti Nuh tufanıdır. Baxmayaraq ki, romanın bir-birinin davamı olmayan on (bir də məhəbəttdən bəhs edən intermedia bölməsi var) müxtəlif fəsillərdən ibarətdir, onların hamısını su, tufan, gəmi, xilas olmaq və ümumiyyətlə bəşəriyyətin varoluş tarixçəsi birləşdirir.

Culian Barns Azərbaycan oxucusuna daha çox "Aqibət duyğusu" romanı ilə tanışdır. Roman ötən il TEAS Press nəşriyyatında, Seyfəddin Hüseynlinin tərcüməsində çap edilib. Dünyada isə Barnsı daha çox "10 ? bölümdə dünya tarixi"nin müəllifi kimi tanıyırlar. "10 ? bölümdə dünya tarixi" romanı postmodernizmin klassiklərindən də hesab olunur. Ümid edək ki, yaxın vaxtlarda bu roman da dilimizə tərcümə olunacaq.

 

***

 

Romanın "Biletsiz" adlanan ilk fəsli Nuh tufanından bəhs edir. Tufan zamanı baş vermiş hadisələri bu dəfə biz gəmiyə gizli şəkildə minmiş taxtaqurdlarının dilindən dinləyirik - oxuyuruq. Taxtaqurdu həqiqi şahid kimi bizə dini kitabların yazmadığı tarixçəni, yəni gizli-rəsmi olmayan hadisəni danışır: "Nuhun gəmisində intizam çox ciddi idi. Qeyd edilməzi gərəkən ilk nöqtə budur. Gəmi uşaq vaxtı oynadığımız rəngli taxtalardan düzəldilmiş, yaxşı təmizlənmiş kayutlarının rahatlığından xoşbəxt cütlüklərin bayıra sevinclə baxdıqları, uşaq otağı formasında deyildi. Ağlınıza içində sakit-sakit rulet oynadığımız və axşam yeməyi üçün hər kəsin xüsusi olaraq geyindiyi bir Aralıq dənizi kruizi (bu ifadə bizə növbəti fəsildə gərək ola bilər - M.A.) gəlməsin; Nuhun gəmisində sadəcə pinqvinlər frak geyərdilər. Unutmayın: bu uzun və təhlükəli bir səfərdi - qaydaların bəziləri əvvəlcədən müəyyənləşdirilsə də."

Gəminin ətrafına yığılıb ona minmək istəyən "seçilməmiş"  heyvanların ah-naləsi, Nuhun gəlininin xoşuna gəlmir deyə nəsli kəsilən və günümüzə gəlib çatmayan təkbuynuzlu at, gəmini bürüyən nəcis qoxusu, Nuhun əslində bizim bildiyimiz kimi yüksək mənəvi keyfiyyətlərə sahib peyğəmbər deyil, əyyaş və qəzəbli biri kimi göstərilməsi  - bunlar və artığı taxtaqurudunun dilindən nəql edilir. "Sizin növünüz tarixlər haqqında hər zaman yanılmışdır" - taxtaqurdu insana müraciətlə deyir. Belə çıxır ki, Nuhun gəmisi heç də bir yox, başlanğıcda səkkiz gəmidən ibarət olub və bizim oxuduğumuz kimi, sular dünyanı 150 gün bürüməyib, dörd il bürüyüb və s.

Barnsın "allahsız" taxtaqurdu bizə bildiyimiz Nuh tufanını deyil, qorxu filmlərinə bənzəyən, alternativ bir rəvayət təqdim edir.

İkinci fəsil Aralıq dənizində gəzintiyə çıxan (birinci fəsildəki işarəni xatırlayaq, Aralıq dənizi kruizi - M.A.) turist gəmisindən bəhs edir. Gəmidə məşhur teleaparıcı Franklin Huqe də var. Rodos adasında ərzaq yükləyən zaman gəmini ərəb terrorçular ələ keçirir. Onlar Fələstin torpaqlarında ərəblərin öldürülməsinə göz yuman, İsraili dəstəkləyən dünya dövlətlərindən geri addım atmağa tələb edirlər. Əks halda İsrailə ən çox kömək edən dövlətlərin ardıcıllığı ilə başlayaraq birinci amerikalı turistləri, ingilisləri, fransızları və başqalarını öldürəcəklər. Ərəb terroristlər öz tələblərini irəli sürdükdən sonra Franklinə əmr edirlər ki, bu barədə turistlərə də məlumat versin, üstəlik İsrailin Fələstində törətdiyi qəddarlıq və dünya dövlətlərinin buna göz yumması barədə də leksiya söyləsin. O, özünün "utanc" dolu çıxışını bitirdikdən sonra kayutuna çəkilir. Bu vaxt Amerikan Xüsusi Təyinatlıları gəmini ələ keçirib terroristləri zərərsizləşdirirlər. Əməliyyatda turistlərdən də bir neçəsi öldürülür. Bu hadisə məşhur aparıcının karyerasının və sevgi münasibətlərinin sonu olur.

İkinci fəsildə Barns oxucunu qəribə təzadla üz-üzə qoyur: Bir vaxtlar Tanrının göndərdiyi gəmi ilə xilas olan yəhudilər bu dəfə özləri ərəbləri məhv etməklə məşğuldurlar. İkinci bir tərəfdən Amerika və İngiltərə kimi böyük dövlətlərin terroristlərlə danışığa getmək yerinə girov götürülmüş turistlərin həyatını təhlükəyə ataraq gəmiyə xüsusi təyinatlılar yeridib qan tökmələri Nuhun gəmisində heyvanlar arasındakı ölüm-qalım mübarizəsini xatırladır.

"Dinlərin savaşı" adlanana üçüncü fəsil Orta əsrlərdə taxtaqurdları üzərində aparılan absurd məhkəmə prosesindən bəhs edir. Bir tərəfdə məhkəmə ittihamçısı kilsə yepiskopunun kreslosunu yeyib onun yıxılmağına səbəb olan taxtaqurdlarını ittiham edir, digər tərəfdə vəkil isə taxtaqurdlarının da Allah tərəfindən Nuhun gəmisinə yerləşdirildiklərinə görə onların da yemək, içmək haqqına sahib olduqlarını vurğulayır. Üçüncü fəsil özünün üslubu ilə də fərqlənir. Brans fəsli Orta əsrlərin uzun ibarəli cümlələri ilə, kilsə dili ilə qələmə alıb.

Dördüncü, "Qurtulan" adlı fəsildə Keyt adlı bir qız Çernobıl facisəsinin (modern tufan!) dünyanı məhv edəcəyindən qorxduğu üçün qayığa minib xilas olmağa çalışır. Lakin qayıqda qaldığı günlərdə aclıq və susuzluq onu taqətdən salır, halüsinasiyalar görür, üstəlik özünün düşündüyü kimi hansısa kimsəsiz bir adaya gəlib çıxmaq yerinə qayığı dənizə açıldığı limanın yaxınlarındaca dönüb-dolaşır. Keytin iztirabları nə qədər yeni olsa da bizə Nuhun gəmidə başına gələnləri xatırladır. Peyğəmbərin yaşantılarını, sarsıntılarını bu dəfə norveçli bir qadının ağrıları şəklində oxuyuruq - insan müvəqqəti, ağrılarsa əbədidir.

 

"Üç sadə hekayə" fəslində "Titanik" gəmisindən qadın paltarı geyinərək xilas olmuş Lourens Bisley adlı bir qocadan bəhs edilir. Dünya tarixinin ən dəhşətli və məşhur gəmi qəzalarından birinin şahidi olmuş Lourens ömrünü qəzetlərə bu barədə müsahibə verməklə, televiziya verilişlərində danışmaqla keçirir. Hətta bir rejissor onu "Titanik" qəzası haqqında çəkilən filmə məsləhətçi kimi dəvət edir. Lourens bu dəfə aktyorların arasına soxularaq "batmaq" istəsə də, rejissor onu görüb setdən qovur. Beləliklə, Lourens batan "Titanik" gəmisindən ikinci dəfə xilas olur.

Fəslin ikinci hekayəsi Yunus peyğəmbər əhvalatı haqqındadır. Yazıçı araşdırmağa çalışır ki, həqiqətən də insan balığın qarnında sağ qala bilərmi və bu zaman tarixdən də bir neçə örnək təqdim edir.

Üçüncü hekayə olduqca tükürpədicidir: 13 may 1939-cu ildə "St Luis" transatlantiki Hamburq limanından ayrılır. Gəmidə 937 sərnişin var. Onlar "səyahət" vizası ilə göyərtəyə minsələr də əslində məqsədləri başqadır: faşist Almaniyasından qaçmağa çalışırlar, çünki yəhudidirlər. Lakin Amerika, Kuba, Dominikan və başqa dövlətlərdən sığınacaq almaq istəyən yəhudiləri heç kəs qəbul etmir, yəhudiləri qəbul etmək qarşılığında böyük məbləğdə pul tələb edilir.

Belə rəvayət olunur ki, Nuhun gəmisi qırx gün, qırx gecə suyun üzündə qalıb. Elə "St Luis" gəmisi də təxminən o qədər okeanda dolaşır və təzədən Avropaya qayıdaraq birinci dəfə ayrıldığı limandan hardasa 300 mil uzaqlıqda yerləşən Anvers sahilinə yaxınlaşır. Avropa ölkələri öz aralarında razılığa gələrək qaçqın yəhudiləri bölüşdürürlər. Yəhudilər düşərgələrə yerləşdirilir. Gəmi 21 iyun tarixində Britaniya sahillərində lövbər salır. 1 sentyabr günü isə İkinci Dünya müharibəsi başlayır və "St Luis"in sərnişini olan yəhudilərin demək olar ki, hamısı bütün Avropa yəhudilərinin taleyini bölüşəsi olurlar. Dəhşətlidir! Xəyyamvari dillə desək, hansı daha qəddardır, yəhudiləri ölüm düşərgələrində məhv edən faşist Almaniyası, yoxsa onlara sığınacaq vermək qarşılığında küllü miqdarda fidyə tələb edən dövlətlər!

Bəs, dünya bu utancından nəticə çıxarıbmı? Bu günlərdə Afrikadan gələn "Aquarius" qaçqın gəmisini öz sahillərinə buraxmayan İtaliya və Maltanı xatırladıqda deyirsən, xeyir. Əgər İspaniya o qaçqınlara qucaq açıb gəmini öz sularına buraxmasaydı kim bilir, qadınlı, uşaqlı, qocalı 629 qaçqının taleyi necə olacaqdı! Məncə, faciəvilikdə heç də Jeriko tablosundan geri qalmayan bir mənzərə ilə qarşılaşmağın bircə addımlığında idi bəşəriyyət.

"Dəniz qəzası" fəsli isə 1816-cı ildə baş vermiş gəmi qəzasından və iki il sonra bu barədə "Meduza Salı" adlı nəhəng tablo ərsəyə gətirən fransız rəssam Teodor Jerikanın həmin əsərindən bəhs edir. Bu fəsil həm gəmi qəzası haqqında xronika, həm də mükəmməl şəkildə yazılmış təsviri incəsənət essesidir. Yazıçı tablonu incələyərək rəsmin təqdim etdiyi mənzərə ilə real hadisə arasındakı fərqlilikləri və oxşarlıqları göstərir. Həmin qəza zamanı sal düzəldib sağ qalmağa çalışan 150-ə yaxın insandan yalnız 17 nəfəri xilas olmuş, onların da beşi xilas olandan bir neçə gün sonra ölmüşdülər. 17 gün açıq dənizdə qalan çarəsiz insanlar ölən yoldaşlarının ətini yeməyə, öz nəcislərini içməyə məcbur qalmışdılar. Bu dəfə xilas olanlar heç də Nuhun gəmisindəki heyvanlardan az iztirab çəkməmişdilər.

Barns bəzən üslubunu dəyişir, bədii üslubdan publisistik üsluba keçir, bəzən epistolyar janra müraciət edir. Ancaq bütün fəsillərdə Barnsın sərt yumoru özünü göstərir. Fəsillər incə detallarla bir-birinə bağlanır. Bayaq dediyimiz kimi əgər birinci fəsildə taxtaqurdunun gəmiyə qaçaq yolla, dolayısı ilə Allahın razılığı olmadan keçdiyi bildirilirsə, "Dinlərin savaşı" bölümündə vəkil görünməz bir tellə birinci fəslə işarə vuraraq taxtaqurdlarının Nuhun gəmisində Allahın razılığı ilə olduğunu söyləyir. Və ya "Dağ" fəslinin qəhrəmanı xanım Ferqussion atası ilə Dublindəki sərgidə Jerikonun "Meduza Salı" əsərinə tamaşa edir. Daha sonra Nuhun gəmisini axtarmaq üçün Ararat dağına çıxan xanım Ferqussion geri qayıdan zaman yaralanır və mağarada ölmək qərarına gəlir. "Ararat projesi" fəslində isə Nuhun gəmisini axtarmaq üçün dağa ekspedisiya təşkil edən avstronavt Spayk Tigger mağarada aşkarladığı skeleti Nuhun skeleti sanır. O, bu sümüklərin xanım Ferqussiona aid olduğunu bilmir, bu sirr yalnız "Dağ" fəslini oxuyan oxuculara məlumdur. Bu da necə deyərlər Barnsın oxucu ilə incə zarafatı.

Əsərdə bonus kimi bir "Mötərizə" fəsli də var ki, müəllif burada özünün sevgi barədə fikirlərini bölüşür. Müəllif nəyə işarə vurur? Bəlkə dünyanın Nuhun gəmisi ilə deyil, yalnız sevgi ilə xilas olunacağına işarə edir? Hər halda bu yozumu müəllif çox da dərində gizlətməyib.

Sonuncu fəsil "Röya" adlanır. Qəhrəman yuxuda cənnətə düşdüyünü görür. Bu cənnət bizim düşündüyümüz cənnətdən bir qədər fərqlidir. Müqəddəs kitablarda oxuduğumuz kimi deyil. Hətta bir azdan oxucu öyrənir ki, müqəddəs kitabların təqdim etdiyi cənnət-cəhənnəmdən artıq əsər-əlamət qalmayıb. Qəhrəmanın cənnəti moderndir. Burada ticarət mərkəzlərinə gedib limitsiz kredit kartları ilə istədiyin qədər alış-veriş edə bilər, ən sevdiyin yeməkləri yeyə bilər, istədiyin qədər şəhvani həzz ala bilər, hətta sevdiyin idman oyunlarını oynaya bilərsən. Buna görə də bir müddət sonra məsələn, qolf oyununda yeni rekorda imza ata bilərsən, idman ustası olarsan. Bəs insan bu "əlçatanlıqdan" bezməzmi, bezər! Qəhrəman da ona yoldaşlıq edən qadın xidmətçiyə - mələyə bu barədə sual verir və aldığı cavab onu şok edir. Bəli, belələri var ki, cənnətdə yaşamaqdan da bezirlər. Bəs nə edirlər! Onlar artıq cənnətdən də vaz keçib "əbədi yuxu"ya qovuşurlar. Bu artıq gerçək yoxluqdur-sondur. Bunu cənnətdəki əbədi həzzlərdən bezən sakinlərin çoxları edir. Bir gün bizim qəhrəman da bezir və tam "əbədi yuxuya" getməyi arzularkən yuxudan ayılır. Barns fəsli-romanı bu cür bitirir:  "Röyamda yuxudan ayrıldığımı gördüm. Bu röyaların ən qədimi idi və mən bu röyanı gördüm."

Həqiqətən də cənnət bir röyadır. Bəşəri röya. Əgər Nuh tufanını da yaradan dinlərin - miflərin bizi müjdələdikləri cənnətdən də insanoğlu bir zaman bezəcəksə o zaman yaşamağına mənası nədir? Bəlkə Barns demək istəyir ki, insanoğlunun min ilər boyu can atdığı cənnət də onun xəyal məhsulu olmaqla yanaşı, həm də bezdiricidirsə o zaman elə bu həyatı, Yer üzündəki həyatı bir cənnət kimi yaşamaq ən münasibidir? Bunun üçün nə lazımdır? Ucsuz-bucaqsız kosmik okeanda bir Nuh gəmisi kimi kədərlə dövrə vuran Yer kürəsini batırmadan irəli aparmaq. Amma bu dəfə elə etmək ki, nə vaxtsa bir taxtaqurdu peyda olub bizim "qeyri-rəsmi", "gizli" işləklərimizi dilə gətirməsin, paxırımızı açmasın. Bunun üçünsə Barnsın on fəslə bonus kimi əlavə elədiyi "İntermediya" bölməsinə əməl etməli, sevgi-məhəbbətlə yaşamalı. Xilas yalnız sevgidədir!

 

Mirmehdi Ağaoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.20-21.