Yaşama
devizim
Hansı gün anam gülürsə
ürəkdən,
o gün ən güclü
şeirimi yazıram mən.
Hansı gün atam sevincdən
açırsa qollarını,
o gün körpə
gülüşlü,
cənnət qoxulu misralarla gecələyirəm.
Hansı gün ailə
üçbucağımda,
sevgi ilə bir bucaq da yarada bilirəm,
şeirimə təzə ad verirəm-
əbədiyyət.
Hansı gün çevrəmdə
sevgi ilə çevrələnirəm,
yaşadığımı dərk
edirəm, həyat!!!
Sevmək
Sevmək, özü də dəlicəsinə
sevmək,
birinə bağlanmaqdır.
Kiməsə bağlanmaq,
özündən
açılmaqdır.
Ən gözəl intihar,
yaşamaqdır.
Hər gün yarın duru gözlərindən
asılmaq,
bir az da böyüməkdir
içində.
İnsanlar kiçildiyində,
böyüyürlər, əzizim.
Sevginin bir adı da kiçilməkdir
elə.
Yaşamağa
dəyər
Hər gün səhəri gülərək
açmaq,
vaxtın intiharıdır.
Sənin nəzərlərində
böyümək,
kiçikliyi özündən
asmaqdır.
Ölümü öldürmək
yaşamaqdır.
Ölümü öldürməyə
nə top mərmisinin,
nə qumbara qəlpəsinin
gücü çatar.
Ölümü öldürməyə
bir göz qırpımı sevgi,
bir ümid elçiliyi edər.
Hər gün gecələr səni
yadıma salırsa xatirələr,
Yaşamağa dəyər!!!
Daşınma
Bilirsən də,
adam vurulduğu gündən,
qəlpə-qəlpə
tökülür içindən.
Bilərsən də,
adam vurulduğu gündən,
bölünür əslində.
Hər bölünən qismində,
iki cismi daşıyır bir ruh.
Payız fəsli,
ayrılığın rəsmi.
Yaz sevgi boyalarıyla zəngin.
Bilərsən də,
Sükut ismin adlıq halında
daha dəhşətdir,
Vurularaq bölünə bilməmək,
Partlayan qumbaranın,
özünü çilikləmək
həsrətindən başqa nə
ki?
İçindəki,
hər qırıntı qəlpə,
səni daşımırsa qəlbə,
Nə payız tənhalıqdır,
nə yaz bir sevdalıq.
Sən özün qışsan...
Şükür
Bir otaqlıq səadət bəsimdir,
eşikdə həsrət
ulasın nəyimə gərək.
Hər gün ümidləri tikələyərək,
nahar etməyim, yetər.
Şükür, Tanrım!
Verən əllərin genişdir.
Sənəcən qaldırmısan
diləklərimi,
bilmirəm yanına bu neçənci
enişdir.
Kimsəni bir otaqlıq sevdasına
həsrət eləmə, nə
olar?
Onda insan vaxtsız solar.
Sən
adilsən.
Ədalətinə
sığınmaq,
özündə qaçqın
ömrü yaşamaq,
o qədər gözəldir ki,
Tanrım!
Yurdundan qaçqın düşənlərə
baxıb ağladım.
Mən də öz evimdə
qaçqın ömrü yaşayıram.
Hər gün sənə qədər,
özümdə neçə mən
sayıram.
Bölünürəm,
bölündükcə içimdə
bir otaq açılır.
Hamısının divarlarında
rəsmin asılı.
Başımın üstü sən,
altı sən.
Nə istəyirəm?
Heç nə,
Neçə otağım varsa,
fikir ortağım sənsən.
Zatən
səndən
sənəcən
xoşbəxtəm,
şükür!
Dərk
Elə zənn edirik,
yollardır bizi aparan.
Əslində ayaqlarımızdan
keçir
yolların döngəsi.
Başımızdan
başlayır, uzanır.
Ömrün təzadı,
çox , özü də
çox bəsitdi.
Hər gün üzü yuxarı
oxunan misralarda,
neçə - neçə
şeir endirir
körpə gülüşlü,
gözəl işvəli,
Tanrım.
Səni görmədən
tanıdım.
Hər gün həyatı
sıfırdan başlamaq,
Günəşi qucaq dolu öpmək
vərdişimsən,
hər gün öz aynamda,
özünə sualla enən mən,
sən kimsən?
Bu suala cavab tapa bilirəmsə,
sahibsiz məzarlar beşiyində,
demək, yaşayıram əslində.
Və mənə fərq eləmir,
bu yollar hardan başlayır,
bitəcəyi yeri bilmirəmsə...
Elnur Uğur
Abdıyev
Ədəbiyyat
qəzeti.- 2018.- 18 avqust.- S.23.