Bir güzgü yanır üzü balıqlara sarı...

 

 

Bir güzgü yanır üzü balıqlara sarı...

dənizdə boğulan kim varsa əl uzadır səhra rəsmlərinə.

Göz dəyir pianinodakı barmaqlara azan səsində...

Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,

yarıyuxulu siqaret qucağıdı...

 

Baxdım quşların qanadına

Bütün müharibələrdə göy üzü sağ qalıb.

...axı günəş üçün fərqi hansı fəsildi,

Hansı ağaclara vurulur hansı yuvalar,

hansı yağışlar qarıyır hansı küçələrdə,

hansı günahlar böyüyür maestronun qollarında...

 

Uzaqda bir kişi tabutundan hər gün özünə yüyürməkdisə qadın,

həm

hər gün özünü doğmaqdı edam səhnələrində.

Hər adamın alnından bir divar uçar unutduğu birisinin ömrünə...

...Sevgi - payızın ayaqlarını qucaqlayan yarpaqlarmış, dostum!

Ört qapını, gözləri böyüyür şəkillərin

Boş otaqlar qadın məzarıdısa

ən gözəl Vətən pəncərələrin arxasıdı...

 

***

 

(Aydın Canıyevə ünvanlanan sətirlər)

 

Musa Yaqubun saçlarına bənzəyən adam,

dişləri tökülür ayaqyalın şəkillərinin,

yanır gülüşlərin pəncərə təkliyində.

Bütün çətirlərin çölündən keçən yağışlar

sənin çətirinin altında gecələdi...

 

Bu şəhərdə

qadınlar qovuşduğu kişilərin payız fəslində ölürmüş...

...Sən Onun sonu oldun, O isə Tanrının !

 

Alnını tut sonuncu ölüm gününə sarı,

görəcəksən sən kimsən... -

Bir az,

bir az məktublarda dəli adam,

Hamının içində daş-qalaq olmalı,

gizlində sevməli adam...

 

Döyür saçlarının qapısını ay işığı...

Bax güzgüyə,

Qarışqa qanadlı

qırışlar keçir qarşından...

Zindanda unutduğun əl-ayağını

bağışla...keçir qarşından...

 

...Musa Yaqubun saçlarına bənzəyən adam,

səngərsiz Vətənsən, düşmənsiz müharibə...

Qucaqla bu gecəni

Sonra,

sonra

tap gözlərini, at qəbrinə sarı...

 

Emil Rasimoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.23.