Abay Dağlının "Sakaryada 22-ci gün"
pyesində Atatürk obrazı
Mühacirət ədəbi
irsindən
Ən uzun meydan müharibəsi kimi
dünya hərb tarixinə düşən və 21 gün -
1921-ci il 23 avqust-12 sentyabr tarixləri arasında baş verən
Sakarya döyüşü türk xalqının tarixində
və taleyində, Qurtuluş savaşında həlledici rol
oynamışdır. Bu döyüşün nəticəsində
silah-sursat, canlı qüvvə baxımından qat-qat
güclü yunan ordusu üzərində parlaq qələbə
qazanılmış, işğalçılar Sakarya
çayının qərb hissəsindən qovulmuş,
düşmənin Qurtuluş savaşının simvolu və
dirəniş mərkəzi hesab edilən Ankara arzusu birdəfəlik
puç olmuşdur. Təsadüfi deyil ki,
Sakarya dastanı uzun illər boyu türk ədəbiyyatının
aparıcı mövzularından birinə çevrilmişdir.
Mühacirət ədəbiyyatımızda
bu qəbildən olan nümunələr kifayət qədərdir. Tanınmışmühacir
dramaturq Abay Dağlı da (Ağayev Cəmil İbrahim
oğlu, 1906-Şuşa-1975-İstanbul) dəfələrlə
Sakarya zəfərini vəsf etmiş, bu mövzuda bir neçə
dram əsəri qələmə almışdır. O,
"Sakaryada 22-ci gün" pyesinədək "Sakarya"
(1965), "Sakarya çetəsi" (1969), "Malazgirtdən
Sakaryaya" (1971) pyeslərini yazmışdır. Eyni ideyaya xidmət
edən bu əsərlər məzmun, mövzu baxımından bir-birinə bənzəsə
də, hətta bəzi obrazlar, ayrı-ayrı epizodlar, səhnələr
bəzən bir-birini təkrarlasa da, pyeslərini hər birinin
ayrıca süjet xətti, özünəməxsus
kompozisiyası, bədii quruluşu vardır. Əsərlərdə
oxşar talelər, hadisələr olsa da, qəhrəmanların
həyəcan və iztirabiarı, onların düşüncə
və əməlləri, həyata, cəmiyyətə, cərəyan
edən ictimai-siyasi, hərbi olaylara münasibətləri
pyeslərin hər birinə ayrı-ayrılıqda
marağı artırır və onların oxucu rəğbətini,
məhəbbətini qazanmasını şərtləndirir.
Bütün bu rəngarənglik, mövzu və
problemlərlə bağlı xarakterik səhnələr
müəllif ideyasının daha qabarıq
çatdırılmasına yardım edir. Adları
çəkilən pyeslərdə, o cümlədən Abay
Dağlının
"şanlı Sakarya savaşlarının 50 illiyində
şəhidlərin əziz ruhlarına və ölməz
qazilərə ithaf " etdiyi "Sakaryada 22-ci gün"
pyesində istiqlal və vətən sevgisini, xalqın azadlıq ruhunu,
şanlı, zəngin tarixinə məhəbbəti,
düşmənə, kölə həyatına, satqınlara
və xəyanətə nifrət hissini, qələbəyə
inamını təsvir və tərənnüm edir.
İki pərdədən, 7 şəkildən
ibarət "Sakaryada
22-ci gün" mənzum pyesinin adından yalnız bir
gündə- sentyabrın 12-də baş verən hadisələrin
əks olunacağı təəssüratı yaranır. Amma əslində belə deyil. Pyesdə
cərəyan edən hadisələr həm tarix, həm də
coğrafiya baxımından daha əhatəlidir. Dramaturq
kitaba yazdığı "Ata pyesi konusunda təşəbbüslər"
adlı ön sözündə də bu məsələyə
toxunur: "Şanlı bir zəfər gününün
olayları içində Atanın gəncliyini və
Sakaryadakı Başkomutanlığını da bir neçə
səhnədə canlandırmağa çalışdım.
Yəni bu pyes tam bir Ata pyesi deyildir, böyük Atanın sadəcə
bəzi həyat səhnələrini canlandırır... Anasının gənc Mustafa Kamal ilə evləndirmək
istədiyi Əminə də pyesin qəhrəmanları
arasındadır.
Pyesin mövzusu istiqlal
mücadiləsinin, qurtuluş savaşının, Sakarya
uğrunda döyüşün baş qəhrəmanı
Atatürkün həyat və fəaliyyətinin müəyyən
məqamlarından götürülsə də, bu obraz
yalnız pyesin ortalarında Gənc hərbiyyəli kimi səhnədə
görünür. O, anasının Əminə ilə evlənmək təklifinə
etiraz edir və
Ruhumu sarmışdır yeni bir həvəs,
İrəli - söylüyor
içimdən bir səs
- deyir,
idealsız, ülküsüz insanın nəsibi
olmadığını, yeni həyat uğrunda mücadiləyə
başladığını qətiyyətlə bildirir. İstər anası, istərsə də
Yaşlı Paşa ilə olan dialoqları Gənc hərbiyyəlinin
- gələcək Qazinin xarakterini, əqidəsini, həyata
baxışını sərrast ifadə edir, dəqiq səciyyələndirir.
O, türk milliyyətçiliyin ilham qaynağı, türk ədəbiyyatına
yurdsevərlik, hürriyyət, millət
anlayışlarını gətirən Namıq Kamal,
mübariz, azadlıq, humanizm ruhlu şeirləri, zülmü,
fanatizmi, istibdadı qətiyyətlə qamçılayan əsərləri
ilə tanınan Tofiq Fikrət poeziyasının aşiqidir, cəmiyyətin
elmə, mədəniyyətə, təhsilə böyük
ehtiyacı olduğunu dərindən anlayır, cəhalətə,
cahilliyə nifrət edir.
Sakarya döyüşü ərəfəsində
hərbi taktikanı və hərb elmini dərindən bilən
istedadlı sərkərdə kimi yetişən Qazi Paşa
"Xətti-müdafiə yoxdur, vaz keçdim, Səthi-müdafiə
yolunu seçdim, O alan bütün vətəndir" - deyir və
bu ifadələrlə reallaşan taktiki gedişlə hərb
tarixinə bir yenilik gətirir.
Qazi Paşanın Aşıqla,
çetecilərlə, dilənçi cildinə girmiş xəfiyyə
ilə görüşləri də istiqlal qəhrəmanının
böyük zəka sahibi, müdrik, humanist və uzaqgörən
insan kimi xüsusiyyətlərini üzə
çıxarır. Əsir düşən Dilənçi əfv
olunması üçün Qazi Paşaya yalvarır:
Əvət, silah
almış, para almışam.
Etiraf ediyorum,
aldadılmışam.
Beni İstanbulda
kiraladılar.
Paşa ölsün deyə
qərar aldılar.
Qazi Paşa "nə ip, nə
edam"-deyərək Dilənçini azad edir, bununla da, həm
humanizmini nümayiş etdirir, həm də digər xainlərə
öz əməllərindən nəticə çıxarmaq,
aqibətləri haqqında düşünməyə şans
vermiş olur:
Xainlər bizlərə nifrət
edərlər.
Böylə cahilləri alət
edərlər.
Başqa mürşidləri məğlub
edərək,
Məsum müridləri əfv
etmək gərək.
Pyesdə Aşıq
obrazı xalq sözünün, xalq hərəkatının,
xalq iradəsinin ifadəçisi kimi verilir. İstiqlal
arzulu Aşıq-xalq Ərzurumdan Sakaryaya Qazi Paşanı
ziyarət etməyə, bu müqəddəs savaşa öz
töhfəsini verməyə gəlmişdir. Pyesdə qəzetçilər də diqqət
çəkən obrazlardandır. Abay
Dağlı qəzetçilərin
inadkarlığını, ilkin, mötəbər mənbədən
operativ və obyektiv informasiya toplamaq cəhdini, onların təəssübkeşliyini,
Atatürk və vətən sevgisini məhəbbətlə tərənnüm
edir. Çavuşun və minbaşının müqavimətinə,
bütün cəhdlərinə rəğmən "millət
onu duymaq, bilmək istəyir"- deyən qəzetçilər
Qazi Paşanı görməkdə israrlıdır:
Qazi hüzurundan kim
qovar bizi,
Sizdə silah vardır, bizdə
qələm var.
Qəzetçilər qorxmaz
və vətənpərvərdirlər. Onlar Sakarya zəfəri
xəbərini işğal altındakı İstanbulda
duymuş, dərhal da hadisə yerinə, Qazi Paşanın qərargahına
gəlmişlər. Qəzetçilər qələbə
sevincini xalqla paylaşmağı məslək və vətəndaşlıq
borcu hesab edirlər:
Qələmlər hayqırır, gur
səsimiz var,
Sakarya coşarkən biz
susamazdıq.
İyirmi iki gündür,
çıx xəbər yazdıq,
Şimdi də görüşüb
Paşamızla biz,
Bir mülakat yapıb, yazmaq
istəriz.
Əsərdə ziyalı
obrazları da eyni sevgi və məhəbbətlə təsvir
olunur. Onların Qazi Paşanı ziyarəti qəzetçilərin
görüş səhnəsinə bənzəsə də,
ziyalıların məramı başqadır. İxtiyar 1-ci Aydının "Yenə cəbhələrə,
savaşa gəldik", orta yaşlı xanım 2-ci
Aydının "Həm yardım edərəm, həm
savaşaram", orta yaşlı 3-cü Aydının
"Bir əsgərəm, Paşam, əmrinizdəyəm"
- deyə Paşaya müraciətləri ziyalıların məqsədi,
istəyi barədə tam təsəvvür yaradır. Vətənin işğaldan azad olunması
üçün bütün xalq kimi ziyalılar da səfərbər
olmuş, silaha sarılmışlar. Yadellilər
tərəfindən ayaqlar altında inləyən
İstanbuldan gələn aydınlar şəhərin intizarla
Paşanı gözlədiyini, özlərinin də istiqlal
savaşına hazır olduqlarını bildirirlər.
Qazi Paşanın qəzetçilərə,
ziyalılara diqqəti və həssas münasibəti onun
aydınlarla görüşündə də qabarıq nəzərə
çarpır. Paşanı ziyarətə gəlmək istəyən
aydınlar haqqında xoş sözlər deyir:
Mühərrirlər, mühərrirlər...
Aydınlıq yolunda hünərlidirlər.
Aydınlar millətin
düşünən başı,
Aydınlada bilir hər vətəndaşı.
Abay Dağlı pyesin birinci
səhnəsində maraqlı və uğurlu ədəbi
priyomla- düşmənin öz dililə türk mücahidlərinin
cəsurluğunu, işğalçı yunanların isə əzazilliyini
diqqətə çatdırır. Sakarya
döyüşlərinin sonuncu-22-ci günüdür.
Yunan zabitlər qorxu içində sağa-sola vurnuxur, çətəcilərin
əsgərlərdən geri qalmadığını etiraf
edir, onlar tərəfindən
əsir götürüləcəklərindən
ehtiyatlanırlar:
Bizi məğlub etdi o cəbhəçilər,
Onlardan yamandır bu çətəcilər.
Yunan zabitlər eyni zamanda
türklərə qarşı törətdikləri cinayətləri
sadalamaqla özlərini ifşa edirlər. Onlar
yaxşı bilirlər ki, əsir düşdükləri
zaman türklər onları sorğu-suala tutacaq, çirkin əməllərinə
görə haqq-hesab çəkəcəklər. Yunan
zabitlərdən biri digərinə deyir:
Niyə yaxdın, niyə
yıxdın diyorlar,
Öldürdün diyorlar silahsızları.
Götürdün diyorlar
qadın, qızları.
Yanan köylərini göstəriyorlar
Bizlərə hər yerdə
suç arıyorlar.
Digər yunan zabiti yuxarının əmrini
yerinə yetirdiyini deməklə, guya özünə, öz vəhşi
əməllərinə bəraət qazandırmış
olur:
Vur, dedi, vurduq.
Yax, dedi, yaxdıq.
Yaxdıq, yıxdıq...
Pyesdə yunan əsgərlərinin qəddarlığı,
dinc əhaliyə qarşı amansız rəftarı və
lovğalığı ilə yanaşı, onların
qorxaqlığı, xəyanəti də xarakterik cizgilərlə
təqdim olunur.1-ci yunanlı guya əsir olmaqdansa, ölməyi,
intihar etməyi, əsgərlik şərəfini üstün
tutduğunu hay-küylə dilə gətirir, elə ki, əsir
götürülür, "öldürməyiniz,
öldürməyiniz" - deyə yalvararaq çətəcilərin
ayaqlarına sarılır.
Biz yazının əvvəlində
Abay Dağlının Sakarya savaşı mövzusunda bir
neçə pyes yazdığını qeyd etmişdik. Bu mövzu nə
qədər zəngin, əhatəli olsa da, eyni müəllifin
eyni janrda müxtəlif süjetli əsərlər yazması
yaradıcılıq prosesinə və onun nəticəsində
ərsəyə gələn əsərə təsirsiz
ötüşmür. "Sakaryaya 22-ci
gün" pyesi də bu baxımdan istisna deyil. Buradakı bəzi obrazlara, onların iştirakı
ilə cərəyan edən olaylara dramaturqun əvvəlki
pyeslərində də bu və ya digər dərəcədə
rast gəlinir. Məsələn,
çobanla həmşirənin "məhəbbət"
macərası "Sakarya çətəsi" pyesinidə də
təsvir olunur. Doğrudur, "Sakaryaya 22-ci gün"
pyesində çoban-həmşirə münasibətləri
daha geniş və bir qədər də fərqli verilir, amma hər
halda mahiyyət qalır: həmşirə çobana cəbhəyə
getməyi, ondan sonra sevgi haqqında düşünməyi
tövsiyə edir. Aşıq, Aydın
obrazları, onların xarakterik cizgiləri əvvəlki pyeslərdəkinə
çox bənzəyir, bəzi hallarda demək olar ki, eyni ilə
təkrarlanır. "Sakarya çətəsi"
pyesinidə 1-ci Aydının dediyi -
Mülki Osmaniyə pək xarab olub,
Müsəllah eşkiya hər
yerə dolub.
Məsum münafıklar gəzir
ortada,
Mümtaz münəvvərlər
artıq Maltada.
Həyatda var olmaq, yaşamaq çətin,
Məlalı dərindir
bütün millətin - misraları "Sakarya çətəsi"
pyesində 2-ci Aydının dili ilə olduğu kimi təkrarlanır. Bütün
bunlar əsərin ədəbi- bədii dəyərinə,
estetik siqlətinə, sənətkarlıq səviyyəsinə
təsir edən amillərdir. Bu kimi
kiçik kəm-kəsirlərə baxmayaraq, pyes bir tərəfdən
ideyasının aktuallığı ilə, digər tərəfdən
mühacirət ədəbi irsi problemlərinin, o cümlədən,
Abay Dağlı yaradıcılığının
araşdırılması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.24.