Qızılı ulduzlar

 

 Hekayə

 

Kiçik və kədərli qəsəbəydi. Küçələrində dalğın adamlar dolaşır, sahibsiz itlər quyruqlarını qısaraq harasa qaçırdılar. Qaranlıq qanadlarını qəsəbənin üzərinə gərəndə dalğın adamlar və itlər yoxa çıxır, qəsəbəyə zülmət və sükut çökürdü. Payızda külək tozlu küçələrlə xəzan yarpaqlarını, yazda isə zəncirotuları qabağına qatıb qovurdu. Qəsəbə yasəmən kolları içində itmişdi, yasəmənlər çiçəkləyəndə küçələrə, evlərə, ağaclara yasəmən qoxusu hopurdu,  bu qoxu o qədər güclü olurdu ki, yasəmən fəslində kənardan bura gələnlər yasəmən qoxusundan sərxoş olurdular.

Qəsəbə yalnız Axır çərşənbə bayramı qabağı canlanırdı,  böyük şəhərlərdən, ölkənin hər yerindən gələn son dəblə geyinmiş oğlanların, qızların gülüşləri küçələri canlandırır, gecə yarısına kimi çəkilmirdi. Bayramda səmənilər göyərdilir, həyətlərdə tonqallar yandırılır, qazanlar asılır,  şirniyyatlar bişirilir, cavanlar qapı-qapı gəzib papaq atır, sübhdən yeni suyun üstündən atılırdılar. Sonra isə yenidən kiçik və kədərli qəsəbədən böyük şəhərlərə yol başlayırdı. İki-üç günün içində qəsəbə boşalır, küçələr yenidən dalğın adamların, sahibsiz itlərin sərəncamına keçirdi.

Bu balaca qəsəbədə darıxırdı. Sükut onu boğur, sıxırdı. Ərinin işiylə əlaqədər olaraq Bakıya köçəndə ən çox səs-küyə görə sevinirdi. Sükutdan canı qurtarmışdı. Adamların gur yerlərində, səs-küylü küçələrdə, bazar və marketlərdə sanki dünyanı ona verirdilər. "Sən dəlisən, - qonşu qadın ona deyirdi, - adamlar səsdən qaçırlar, sənsə səsə doğru qaçırsan". "Sən məni başa düşməzsən, -  qadına deyirdi, - sən də mənim kimi sükutu qulaq dələn o qəsəbədə yeddi il yaşasaydın, belə deməzdin".

Qızları balaca olduğundan digərləri kimi hər çərşənbə bayramında balaca qəsəbəyə gedə bilməsələr də, qayınanasının bayram payını alıb göndərirdilər. Bu il isə işlər dolaşmışdı, əri maaşını ala bilmirdi. Pulları da yox idi. Qayınanasının isə ümidi ancaq onlara gəlirdi. Bu qadının həyatında yalnız bir bayram var idi, o da axır çərşənbə idi. İndi bu bayramı da keçirtməsin?

Fikir, xəyal içində yatdı və yuxuda qaynanasını gördü. Yarıqaranlıq otaqda sobanın yanında oturmuşdu, dizlərini qucaqlamışdı, baxışlarından kədər yağırdı. Otaq soyuq olsa da, soba yanmırdı. Qadın  başını yuxarı qaldırmadan deyirdi: "Qabaqdan axır çərşənbə gəlir, evdə qovurmağa bir ovuc buğda belə yoxdu.  Ocaq üstündən qazan asmayacağıq…"

Yuxudan oyandı və səhərə kimi yata bilmədi, ona elə gəlirdi soyuq sobanın kənarında oturub dizlərini qucaqlamış qaynanasını aşkarda görüb. Qadının kədərli səsi təkrar-təkrar qulaqlarında səslənirdi.

Səhər ərini işə yola salanandan sonra mətbəxə keçdi, qızları üçün səhər yeməyi hazırlayırdı. Neyləyəcəyini bilmirdi, ucqar qəsəbədə gözü yol çəkən qayınanasına bayram payı göndərə bilməyəcəklərini fikirləşdikcə, qəlbi ağrıyırdı.  İnstitutda oxuyan böyük qızı oyanmışdı, atasıyla  söhbətini eşidibmiş. Anasının nənəsinə bayram sovqatı göndərmək arzusundan, gecə-gündüz bu arzu ilə yaşamasından xəbəri vardı.

- Necə olacaq? - soruşdu.

- Allah yetirəcək!

- Yetirərmi? - qızın səsində inamsızlıq var idi.

- Hə! - dedi və səsindəki qətiyyət özünü də təəccübləndirdi.

Sığırçın mətbəxin pəncərəsini dimdiyi ilə taqqıldatmağa başladı. Qışda ilk qar yağıb, şaxtalar düşəndən pəncərənin qabağına bir sığırçın qonmuşdu. Quş heç yerdə dən tapa bilməmiş, insanlardan kömək istəməyi qərara almışdı. Çörək doğrayıb quşa verdi. O vaxtdan da quş  səhərlər pəncərəni döyür, dən istəyirdi.

Bir ovuc buğda götürüb pəncərəni açdı. Sığırçın boğazını irəli uzadaraq ovcundan buğdanı dənləməyə başladı. Lələkləri yağışda islanmışdı, külək yaş lələklərini didib-didişdirirdi, üşüyürdü və onun sığırçına  yazığı gəlirdi. Sığırçın dəni qurtarsa da, uçub getmirdi, ürkək baxışlarını ona dikmişdi, yenə dən istəyirdi. Ancaq daha ona dən verilməyəcəyini başa düşdüyündən, uçub getdi.

 

 

Qızı gülürdü: "Ana,  sığırçın niyə varlıların  yox, bizim pəncərəni döyür? Onların  pulları var, sığırçın üçün çoxlu dən alarlar, sığırçın da istədiyi qədər yeyib qarnını doyuzdurar". "Qızım, - gülümsəyərək dedi, - varlılar mallarını və pullarını sevirlər. Qəlblərində insanları və quşları sevməyə yer qalmır. Quşlar da bunu bilirlər".

Qapı döyüləndə yenə də sığırçının  pəncərəni döydüyünü zənn elədi, ancaq səs  çöl qapısından gəlirdi. Gözlükdən baxanda qapının ağzında tanımadığı cavan bir oğlanın dayandığını gördü.  Kim olduğun soruşanda  oğlan ağzını açarın deşiyinə yaxınlaşdırıb  Nadirin yanından gəldiyini dedi. Nadir kiçik qardaşı idi, Rusiyada olurdu.

Qapını açdı, oğlanı içəri dəvət eləsə də, oğlan tələsdiyini deyib boyun qaçırtdı. Qucağındakı gülləri, bir qutu şokaladı və iki yüz dolları ona  verdi. "Pulu Nadir göndərdi, - utancaq halda dedi, Rusiyada uzun müddət yaşaması, özgə mühit, özgə adamlar belə oğlanın xasiyyətini dəyişməmişdi, yad qadının qarşısında özünü itirmiş, pul kimi qızarmışdı. - Tapşırıb gül, şokalad alım, bayramınızı təbrik edim. Təbrik edirəm! Bayramınız mübarək!"

Demək, qardaşı axır çərşənbəni unutmamışdı. Oğlan içəri keçməkdən imtina elədi, tələsdiyini deyirdi, bir ayağı qaçaraqda idi. Əlüstü vidalaşıb, az qala qaça-qaça getdi. Oğlanın arxasınca qapını bağlayandan sonra ayaq üstəcə donub qalmışdı. Böyük qızı mətbəxdən boylanırdı:

- Ana, gələn kimdi?

- Xeyirxah adam! - oğlanı xatırladıqca ixtiyarsız gülümsəyirdi.

- Niyə gəlmişdi xeyirxah adam?

- Bayramımzı təbrik eləməyə!

Böyük qızı sevinirdi, ana dedi, səhərlər pəncərəmizi quşlar döyür, qapımızı insanlar. Quşlar bizdən dən istəyirlər, insanlar isə gül və şokalad gətirib bayramımızı təbrik eləyirlər.

Məktəbli qızları da oyanmışdılar, güllərə, şokalada heyrətlə baxırdılar. Hər şey nağıllarda olduğu kimiydi, xeyirxah adam səhər tezdən gəlmiş, bayramlarını təbrik eləmişdi.

"Ana, niyə ağlayırsan?" -  qızı heyrətlə soruşanda, sanki yuxudan ayıldı. Yalnız indi yanaqları ilə göz yaşları süzüldüyünü hiss elədi, pərt halda gözlərini sildi. Allahına dua eləyir,  dadına yetişən qürbət ölkədəki qardaşına qarşı qəlbi minnətdarlıq hissiylə dolurdu.

Böyük qızını instituta, kiçikləri məktəbə yola salandan sonra iki iri çanta götürüb bazara getdi. Soyuq külək əsir, küləklə yağan yağışdan sonra islanmış, tutqun evlər, çılpaq qovaqlar, qamışlar  sanki üşüyürdülər. Külək səkiylə xəzan yarpaqlarını qovur və onun yadına balaca qəsəbənin payızını salırdı.

Bazara çatanda həyəcanlandı, birdən ikiyə dollar dəyişdiyi olmamışdı. Girəcəkdə batıq səsiylə adamları səsləyən, kimdə rus pulu, dollar olduğunu soruşan orta yaşlı, üzü tüklü kişiyə yaxınlaşdı.

- Dollar neçəyədi? - soruşdu, səsi cürətsiz çıxırdı, sanki  iki yüz dollar özünün deyildi, oğurluq idi.

- Neçə dolların var? - kişi ona tərəf döndü.

- İki yüz.

- Səksən ikiyə dəyişirik.

Dolların neçəyə olduğunu bilmirdi. İki yüz dolları kişiyə verdi, həyəcandan əlləri əsirdi. Birdən kişi pulu aldı, dedi ki, mənə pul verməyibsən, onda neylərdi? Kişi isə artıq   sayıb ona  pul verirdi. Səksən ikiylə dəyişirik, dedi, bu günkü məzənnə belədi, amma mən bu puldan qazanc götürməməyi qərara aldım. Səksən beşlə dəyişdim. Alın, sayın. Saymağa ehtiyac yox idi, qarşısına mərd adam çıxdığını əvvəldən hiss eləmişdi, kişiyə təşəkkür eləyib bazara getdi.

İçəridə səs-küydən qulaq tutulurdu, piştaxtaların üzərinə düzülmüş rəngbərəng meyvələr, göy-göyərti göz oxşayırdı. Dərhal da ovqatı düzəldi, sıxıntıları keçdi, bazarın uğultusu onu az qala depressiyaya salan sükutu uzaqlara qovdu. İndi özünü inamlı, arxayın hiss eləyirdi. Satıcıları gülər üzlə salamlayır, deyib gülürdü. Bayram süfrəsində lazım olan hər şeydən alırdı, az da olsa, təki olsun. Tələsmir, seçib ən yaxşısından alırdı. Ara-sıra dayanır, qaynanasının bayram süfrəsini yadına salırdı ki, nəyisə almağı unutmasın. Çantalar dolduqca ağırlaşır, darısqal keçidlərlə, adamların arasıyla ağır, iri çantaları gəzdirmək çətinləşirdi. Belə mümkün olmayacağını görüb, çantaların ikisini birinə boşaltdı və girəcəkdə şor-pendir satan tanış qadının yanında qoydu. Boş çantanı götürüb yenidən bazarlıq eləməyə başladı, günortaya yaxın işini qurtardı, artıq bu çanta da dolmuşdu. Puldan cəmisi bir manat əlli qəpik qalırdı,  bir manatı nəzir boyun aldı, əlli qəpiyə də sığırçın üçün dən aldı.

Çantalar ağır idi, ikisini  birdən götürə bilmirdi. Əvvəlcə birini götürüb aparır, sonra o birisi üçün qayıdırdı. Yorğunluqdan bədəni sızıldayır, ayaq üstə güclə qalırdı. Əllərinin içi göynəyir, hər çantanın bağından yapışanda ağrıdan gözləri yaşarırdı. Nə yaxşı məktəbdən qayıdan qonşu oğlanlar gördülər, köməkləşib çantaları apardılar, hətta pilləkənlərlə evə də qaldırmağa kömək elədilər. Oğlanları Allah yetirdi, yoxsa olan-qalan gücü tükənmişdi.

Evə keçib, heysiz-hərəkətsiz halda kresloya oturdu. Əllərinin göynərtisi, bədəninin sızıltısı keçmir, ayaqları zoqquldayırdı. Özünü saxlaya bilmədi, yanaqları ilə göz yaşları süzülürdü.

- Ana, sən yenə ağlayırsan? - institutdan qayıdan böyük qızı həyəcanla səsləndi.

- Yorulmuşam, - axır etiraf elədi. Ata evində çətinlik görməmişdi, qardaşları hər işində köməyinə çatırdılar.  Evlənəndən sonra isə nə qədər çətin olsa da, şikayətlənməyi xoşlamazdı. İlk dəfəydi yorulduğunu deyirdi. Özünü ələ aldı, göz yaşlarını sildi, yenidən gözləri güldü. - Nənən sevinəcək, heç bilirsən necə sevinəcək?

Sığırçın yenə də mətbəxin pəncərəsini döyürdü, ayağa qalxmağa hərəkəti yox idi. Adətən  quş pəncərəni səhərlər döyərdi, görünür ac idi,  ona görə gəlmişdi. "Sən otur, - böyük qızı dedi, - dəni mən verərəm. Gör nə çoxbilmişdir, sənin dən aldığını bilən kimi pəncərəmizi döyür".

Qaçıb getdi, amma bir azdan pərt halda qayıdıb gəldi. "Ana, vicdansız quş imiş, mənim ovcumdan dən yemədi,  pəncərəni açıb ovcumdakı dəni ona uzadanda uçub şam ağacına qondu". "Qızım, - dedi, - quşlar insanlar kimi danışa bilmirlər, amma insanlardan daha yaxşı duyur, hiss eləyirlər. Sənin ona sevdiyinə görə yox, adicə marağın üzündən dən vermək istədiyini başa düşüb. Bilməyib sən ona dən vermək istəyirsən, ya dənlə aldadıb tutmaq,  yemək istəyirsən". Qızı hirslənmişdi: "Ana, sən ona denən, əyər bir də mənim ovcumdan dən yeməsə, mən doğrudan da onu yeyəcəyəm".  "Qızım, insanları zorla nəyəsə məcbur eləmək olar, quşları isə heç vaxt. Onlarla yalnız sevginin diliylə danışmaq olar". "Onda  ona  sevgi ilə denən, qoy ciddi dediyimi başa düşsün".

Ayağa qalxdı, bir ovuc dən gətürüb mətbəxin pəncərəsini açaraq əlini çölə uzatdı. Şam ağacına qonmuş sığırçın dərhal da uçub pəncərənin qabağına qondu. Acgözlüklə ovcundakı dəni dənləyirdi. "Bu evdə hamı səni sevir, - quşa deyirdi, - qızlarım da. Sən narahat olma, o heç vaxt səni yeməyəcək. Səni sevir, sən ondan qorxma. Bu gün sənin üçün dən aldım, azından bir ayına bəs elər".                               

İşdən qayıdan Yaşar qapının ağzındakı çantalara heyrətlə baxırdı,  bayramla bağlı alındıqlarını başa düşmüşdü.

- Pul hardaydı? - təəccüblə soruşdu.

- Allah yetirdi - gülümsəyirdi.

- Mələklə göndərdi?

- Yox, cavan oğlanla. Utancaq oğlandı! Hələ bir bayramımızı da təbrik elədi.

İşin nə yerdə olduğun öyrənən Yaşarın qaşqabağı açıldı, evdə qan qaraldan bu söhbətə son qoyulacaqdı. Anası sarıdan da arxayın ola bilərdi, bayramını ürəyincə keçirəcəkdi. Əvvəllər olduğu kimi bayram süfrəsi açacaq, övladlarının adına şam yandıracaqdı.

Səhər tezdən çantaları avtobusa aparmaq istəyən Yaşar çantanın yüngül olacağını zənn elədiyindən yerindən qaldırmaq istəyəndə belindən küt ağrı qopdu. Çantaların içində sanki daş var idi, döşəmədən qopmurdu.

- Sən bunları tək gətiribsən? - heyrətlə  soruşdu.

- Yox, qonşu uşaqları da kömək edib.

Qonşu uşaqları uzaq başı çantaları avtobusa aparmağa, ya da pilləkənlərlə qaldırmağa kömək elərdilər. Bazarlığı arvadı eləmişdi, ağır çantalarla bütün bazarı dolaşmışdı. Çaşıb qalmışdı, onun gücü çatmayan, yerdən güclə qaldırdığı çantaları arvadı bazarda necə gəzdirirmiş?

Ərini yola salandan sonra saata baxdı, hələ tez idi. Qızların dərsə getməyinə bir qədər var idi. Kresloda oturdu, qayınanasının çantaları açanda necə sevinəcəyini düşündükcə, öz qəlbinə də sevinc dolurdu. Aramsız taqqıltı eşidilirdi, gözlərini zorla açaraq yuxulu səslə soruşdu:

- Qapıdır, pəncərə?

- Pəncərə, - qızının səsi də uzaqdan gəlirdi.

- Sığırçın gəlib?

- Hə, - qızı dedi, - ona mən dən verəcəyəm.

"O mənim qızımdır. Sanki sığırçın onu eşidirmiş kimi pıçıldayırdı, onun ovcundan da dən ye. Dedim axı, ondan qorxma, o heç vaxt səni yeməz".

Qızının sevinc dolu səsi onu yuxudan tamam oyatdı. Ana, qızı qışqırırdı, yedi, əvvəlcə mənə şübhə ilə baxırdı. Mən də dedim, gəl ye, təkcə anam yox, mən də quşları sevirəm. Səni lap çox sevirəm. Sənsə mənim ovcumdan dən yemirsən. O da gəlib qondu pəncərənin qabağına, ovcumdakı  dənin hamısını yedi!

Qızı sığırçının onun ovcundan dən yeməsinə hədsiz sevinirdi. Qapıdan çıxanda geri dönüb bir daha anasına tapşırdı: "Sığırçın pəncərəni döysə, açmırsan, özüm gəlib ona dən verəcəyəm".

Axşam qaynı danışdı, çantaları aldığını dedi, anasının da salamını çatdırdı. Sanki çiyinlərindən ağır yük götürüldü, qəlbinə sevinc doldu. Ayağa qalxıb öz otağına keçdi, yenidən qızlarının göz yaşlarını görməsini istəmirdi. Əl çantasında qalan sonuncu manatı bu qədər əzab-əziyyətlə aldıqları gedib qaynanasına çatsın deyə nəzir boyun almışdı.

Titrək əlləriylə çantanı açdı. Çantanın içindən qığılcımlar qalxmağa başladı, qızılı ulduzlar qalxır, başına səpələnirdi. Ulduzlar par-par alışıb yanır, başından çiyinlərinə, qollarına tökülür, barmaqlarının ucuna kimi gəlib sönürdü. Ulduzlar onu bürüdükcə bədənindən ağrı-acıları çıxır, yüngülləşirdi. Özünü itirmişdi. Birdən qorxdu, səsi gəldikcə qışqırdı. Qışqıran kimi də ulduzlar yoxa çıxdılar. Yaşar qapının ağzında dayanmışdı, ona heyrətlə baxır, nə olduğunu soruşurdu.

- Başıma qızılı ulduzlar yağırdı…

- Göydən? - Yaşar gülümsəyirdi, ona inanmadığı hiss olunurdu.

- Çantadan! İnan, düz sözümdü!..

- Yorulubsan, - Yaşar başını yırğalayırdı.

- Öz gözlərimlə gördüm, qızılı ulduzlar idi! - sanki öz-özüylə danışır, bayaqkı mənzərəni xatırladıqca tükləri ürpəşirdi.

Televizorda döyüşdə həlak omuş zabitin arvadı danışırdı. Deyirdi, axır çərşənbədə ərimin ruhu şad olsun deyə onun otağının qapısını açdım. Otaq soyuq idi, elektrik plitkasını qoşdum və birdən plitkadan qızılı ulduzlar qalxıb başıma səpələnməyə başladı. Əvvəl elə bildim hardasa naqillər birləşib, qığılcım qopur, ancaq sonra gördüm yox, ulduzlar məni bürüyüb. Özümü itirib qışqırdım, dərhal da ulduzlar yoxa çıxdı. Yalnız sonralar ulduzların ərimin ruhu olduğun başa düşdüm.

- Belə çıxır sən… - Yaşar sözünü axıra kimi deyə bilmədi.

- Hə, mən düz deyirdim, - astadan dedi.

Bəlkə elə o ulduzlar da qaynatamın ruhuymuş, düşünürdü. Yenidən  uzaq qəsəbədə keçirdikləri Axır çərşənbə bayramını xatırlayır, bayram havası içində ilğımlanan qəsəbə gözləri önündən keçib gedirdi. Həyətlərdə ocaqlar tüstülənir, bayram tüstüsü qəsəbənin üzərinə çökürdü.

 

Aslan Quliyev

 

Ədəbiyyat qəzeti. - 2018.- 18 avqust.- S.26-27.