Muza - Minimalist üslubda kədərli söhbət
O qadına...
Natura. axşam
vaxtı. Hava qaranlıqdı. Yolda maşınlar şütüyür. Səkidə qızla oğlan gedirlər. Heç biri danışmır. Bir
müddət səssizcə yanaşı addımlayırlar.
Qız: - Həyacanlısan?
Oğlan (bir qədər susur): - Belə
də. Heç özüm də bilmirəm.
Qız: - Sən onsuz da əhəmiyyətli
qərarları özün də bilməyəndə verirsən.
Oğlan (xəfif təbəssümlə):
-Hə.
Yenə sükut. Gedirlər.
Oğlan: - Arada fikirləşirəm
ki, məni sənin qədər yaxşı tanıyan var
görəsən?!
Qız (gülümsünür): - Elə
məni də sənin qədər.
Yenə sükut.
Oğlan: - Hara gedirik?
Qız: - Bilmirəm ki.
Sükut. Gedirlər.
Qız: - Sabahdı toyun?
Ani sükut.
Oğlan: - Hə.
Qız (ürəkdən gülərək):
- Sabah toyundu, sən axşam vaxtı yad qadınla
görüşmüsən, bax, ayıb deyil?
Oğlan: - Sən yad deyilsən
axı.
Qız (sanki ani yaranan ciddiliklə): -
Bəs, mən kiməm?
Oğlan dayanır. Qız da
dayanır. Baxışırlar. Oğlan fikirləşir. Sanki nə
cavab verəcəyini bilmir. Qız ona
baxır, bu dəfə üzündə xoş və laqeyd təbəssüm
yaranır.
Qız: - Yaxşı-yaxşı
çox fikirləşmə. Mən heç
özüm də bunun cavabını bilmirəm.
Qız sözünü deyib
addımlayır, oğlan da onun ardınca gedir.
Onlar yenə addımlayırlar. Elə
bir yerə gəlirlər ki, uzun magisrtal yolun sol tərəfi
hündür, süni qazon otlarla örtülmüş təpəlikdir,
sağ tərəfindəsə dəniz var. Dənizdən o
tayda, uzaqda işıqları bərq vuran Bakının mənzərəsi
görünür.
Oğlan: - Çox
uzaqlaşmışığe.
Qız: - Hə (şəhərin mənzərəsini
göstərir) - Gözəldi hə?
Oğlan: - Gözəldi.
Qız ətrafa baxır, nəsə
fikirləşir
Qız (hündür təpəliyi
göstərir): - Bəlkə çıxaq ora? Ordan panaram açılır. Şəhər
ayağının altında kimi olur.
Oğlan: - Olmusan orda?
Qız: - Yox. Amma baxan
kimi bilmək olur da. Qalxaq?
Oğlan: - Qalxaq.
Onlar hündür təpəyə
doğru gedirlər.
Oğlan (gedə-gedə): - Şəhər
ayağımın altında yox əliminin içində
görünür desən, daha poetik olar.
Qız (ona baxmadan): - Uf,
yazıçı başladı yenə. Ayağın
altı, ya əlin içi. Bunun elə də
fərqi yoxdu. Əsas odu gözün görsün, ruhun hiss eləsin.
Onlar təpəliyə qalxırlar. Burdan şəhərin
çox gözəl mənzərəsi görünür.
Aşağıda yolda şütüyən
maşınlar, dənizin o tərəfində şəhərin
sayrışan işıqları insanda qəribə bir ovqat
yaradır.
Qız: - Yaxşıdı bura?
Oturaq, yoxsa bir az da qalxaq yuxarı?
Oğlan: - Yaxşıdı. Oturaq.
Onlar otluqda oturub şəhərə
baxırlar.
Qız: - Çox gözəldi.
Oğlan: - Bakı adama tamam başqa
görünür burdan.
Qız: - Necə?
Oğlan: - Demirəm.
Qız: - Niyə?
Oğlan: - Başlayacaqsan,
yazıçı belə dedi, elə dedi.
Qız (gülümsəyir): - Deməyəcəm.
Sükut.
Oğlan: - Bakı burdan elə sənə
oxşayır. Həmişə
işıqlı, həmişə uzaq.
Qız: - Pah... (ciddiləşir) Onda bu yol da sənə
oxşayır.
Oğlan gözlərini mənzərədən
çəkib yola baxır.
Oğlan: - Yol? Niyə?
Qız: - Ona görə ki, sən
heç vaxt gözəl mənzərə kimi sakit, rahat ola bilmirsən. Beynin bu yol kimidi.
Gündə yüzlərlə hekayə,
süjet, fikir bu maşınlar kimi beynindən o tərəfə-bu
tərəfə şütüyür.
Oğlan: - Düzdü. Nə yalan deyim.
Qız: - Həkimə getmişdin
axırıncı dəfə, nə oldu?
Oğlan: - Heç nə. Bir torba iynə-dərman yazdı, alıb atdım
xaladelnikə.
Qız: - Xaladelniki doldurmaq
üçün aldın onları?
Oğlan: - Neyləyime?! Bir film götürdüm işləməyə,
yarımçıq qoya bilməzdim axı. Həkim də
deyir bir az istirahət elə. Dərmanları
iç. Məndə hövsələ var
onları vaxtı-vaxtında atmağa?
Qız: - İşə amma
yaxşı vaxt ayırırsan.
Oğlan: - İşsiz qalmaq olmur
axı. İkinci kitabı bitirirəm. Filmi də keçən ay qurtardım. Sən də
danış da. Neynirsən? Nə əcəb zəng elədin mənə?
Qız: - Deyirəm, gərək pivə
alardıq. Bilsəydim bura gələcəyik,
götürərdik.
Qız qutudan siqaret
çıxarır. Yandırır. Oğlana da uzadır. Oğlan da birini götürüb çəkir.
Qız: - Mənəm də. Eyni şeylər. Keçən dəfə
işdə külqabını müdirin başına
atmağım kənarında elə bir dəyişiklik yoxdu.
Oğlan: - Niyə atdın ki?
Qız: - Çoxdan
yığmışdım əlindən. Mənə
bax, evlənmək hardan çıxdı?
Oğlan: - Sən hardan öyrəndin
e?
Qız: - Mənim kəşfiyyatım
həmişə işləyir. Danış
görüm necə oldu?
Oğlan: - Nə bilime. İş yoldaşımdı. Yaxşı
qızdı. Evdə o qədər dedilər
evlən-evlən mən də baxdım ki, ən uyğun namizəd
elə bu qızdı. Dedim evlənim.
Qız: - Düz eləyirsən,
vallah. Bəsdi avaraçılıq elədin.
Oğlan: - Birinci romandan sonra mən də
dərk elədim. Bundan sonra sistemli
yaşamağa başlamışam. İnanmazsan,
yuxum düzəlib, axşam on bir oldu, başımı
atıb yatıram. Bircə şeyi düzəldə
bilmirəm - yazmağı. Sistemli
alınmır. Yazmağa başladımsa,
dayana bilmirəm. Amma bu yaxşıdı.
Məhsuldarlıq, peşəkarlıq artır.
Qız siqaretdən dərin
bir qullab vurur, oğlana baxır.
Qız: - Sevinirəm sənin adına.
Oğlan: - Toya dəvət eləmək
istədim səni. Amma səni tapmaq olur ki.
Zəng çatmadı. Feysdən,
instaqramdan da çıxmısan.
Qız: - Əşi, onsuz da gələ
bilməyəcəkdim. Sabah gedirəm.
Oğlan: - Hara?
Qız: - Londona uçuram.
Oğlan: - Nə vaxt qayıdacaqsan?
Qız: - Heç vaxt.
Oğlan: - Məzələnmə də.
Qız: - Ciddi deyirəm.
Oğlan: - Sən uzağı
üç aya qayıdıb gələcəksən.
Qız: - Yox. Bu dəfə
birdəfəlikdi. Həm də niyə
qayıdım e. Burda qalmağın mənası yoxdu (susur, xəfif
təbəssümlə). Yenə
alsaydın məni, qala bilərdim.
İkisi də
gülüşür.
Qız: - Doğrudan, mənimlə
evlənərdin?
Oğlan
düşünür.
Oğlan: - Yox.
Qız: - Niyə?
Oğlan: - Səninlə evlənmək
əsərimdəki personajlarla sevişməyim kimi bir
şeydi. Absurd görünür mənə.
Qız (ciddiləşir): -
Açıqla.
Oğlan mənzərəyə
baxır, daha sonra baxışlarını yola çevirir. Əliylə
maşınlardan birini göstərir.
Oğlan: - Bax, bu maşını
görürsən?
Qız: - Hə.
Maşın uzaqlaşır,
oğlan digər maşını da göstərir.
Oğlan: - Bu ağ
maşına da bax...
Qız baxır, maşın
gedir.
Oğlan: - İndi bu qara
maşına bax.
Qız baxır, maşın
gedir.
Oğlan: - Bu yolda gedib-gələn
maşınların hamısına bir fikir ver.
Qız maşınlara
baxır. Bir neçə saniyə sükut yaranır. Susurlar.
Oğlan: - Sən bu
maşınların heç biri deyilsən. Sən
o maşınların üstündə şütüdüyü
yolsan. Mənə deyirsən, amma əsl
yol sənsən. Beynimin içində bir sən var. Arada fikirləşirəm
ki, bütün əsərlərimin süjetini həmin beynimdəki
sən diktə eləyir mənə. Beynimdə
onsuz da bir sən varsan. Evimdə olma barı...
Yenə sükut. Qız siqaret
yandırır. Yenə birini oğlana
verir.
Qız: - Mənimçün
darıxacaqsan?
Oğlan (əliylə
başını göstərir): - Sən həmişə
burdasan.
Qız: - Yadındadı, birinci dəfə
tanış olmağımız? Şeirlərini bəyənmişdim. Sonra özünü. Daha sonra sən
məni. Necə oldu ki, biz sonra dost olduq? (susur)
dost? Biz dostuq? Dost da deyilik.
Oğlan: - Mən də hərdən
fikirləşirəm ki, biz səninlə kim
olmuşuq bu illər ərzində.
İnanırsan, cavab tapa bilmirəm. Elə bilirəm sən ruhsan. Hər
dəfə sənlə görüşəndə mənə
elə bir yaradıcı enerji gəlir ki, dayanmadan, nəfəs
almadan yazmaq istəyirəm. Sən mənim
bütün əsərlərimin fabulasısan. Alt mətni sənsən. Ya da həmişə
dediyim kimi muzasan sən...
Qızın gözləri
dolur, oğlana baxır.
Qız: - Səndən iki şey istəyəcəm.
Oğlan: - Eşidirəm.
Qız: - Bir xoşbəxt ol. İki məni unutma.
Oğlan: - Getmə...
Qız: - Getmək lazım olanda gərək
gedəsən.
Oğlan: - Nə məcbur eləyire
səni getməyə?
Qız: - Hər şey...
Oğlan: - Onda sən də məni
unutma. (xəfif təbəssümlə) Özün də möhkəm şəkildə
xoşbəxt ol.
Qız gülümsəməyə
çalışır. Amma gözləri dolur. oğlanın əlindən tutur
Qız: - Qorxuram, yazıçı,
çox qorxuram.
Qızın gözlərindən
yaş axır. Oğlan da tutulur. Qızın
gözünün yaşını silir.
Oğlan: - Nədən?
Qız: - Qorxuram. Mən
xoşbəxt olmağı gözləyərəm. Onu arzulayaram. Və birdən
xoşbəxtlik düz yanımdan gəlib-keçəndə
nəsə olar, nə bilim, başım qarışar onu
görmərəm.
Qız bunu deyib
hönkürür. Oğlan onu qucaqlayır. Bir müddət belə qalırlar. Oğlan qızın gözlərinə baxır.
Oğlan: - Sabah mənim toyumdu. Sabah sən gedirsən. Amma biz
burda, təpəlikdən dənizə, Bakıya, şəhərin
işıqlarına baxırıq. Bax, bu
yola, gəlib-gedən maşınlara. Bu
bizim həyatımızdı. Nə qədər
adamlar gəlib keçir ömrümüzdən. Amma biz yeddi ildi görüşürük. Ola bilər, gec-gec olur bu görüşlər.
Amma heç kimə demədiyimiz məhrəmimizi
bölüşürük. Bu xoşbəxtlik
deyil? Elə beləcə xoşbəxt olurlar...
Qız gözlərində
yaş oğlana baxır.
Qız: - Düzdü. Biz
çox xoşbəxtik.
Baxışırlar. Qızın
üzündə qəribə ifadə yaranır.
Qız: - Bütün bunları
yazacaqsan, əsərə çevirəcəksən hə?
Oğlan: - Bilmirəm.
Qız: - Mən bilirəm. Sənin beyninin içindəki mən rahatlıq
verməyəcəm sənə. Axırda
yazacaqsan bunları. Yaz, nə deyirəm.
Amma unutma səndən xahiş elədiklərimi...
Oğlan: - Yaxşı...
Qız: - Gedək?
Oğlan: - Gedək...
Onlar ayağa qalxıb təpəlikdən
düşürlər. Maşınlar gəlib-gedir.
***
İnteryer. Ev. Gecə.
Oğlan otaqda oturub. Notbukda əsər
yazır. Ekranda yazdıqları
görünür.
"Mən bilirəm.
Sənin beyninin içindəki mən rahatlıq verməyəcəm sənə. Axırda yazacaqsan bunları. Amma istəməzdim son görüşümüzü başqaları oxusunlar. Bunu saxlayaq. Bircə unutma səndən xahiş elədiyim o iki şeyi..."
Oğlan yazını oxuyur, gözləri dolur. Bu vaxt hamilə bir qadın içəri daxil olur.
Qadın: - Çay istəyirsən?
Oğlan: - Hə, zəhmət olmasa.
Qadın çıxır. Oğlan yazdığını oxuyur. Gözləri dolur, ağlayır. Yazdığı faylı "delete" düyməsini basıb silir. Nəsə düşünür, bu vaxt telefonuna zəng gəlir. Oğlan telefonun ekranına baxır. Ekranda "Muza" yazılıb. Oğlan gülümsəyir.
Pərviz Seyidli
Ədəbiyyat
qəzeti.- 2018.- 18 avqust.- S.29.