Dəyişdirilən
uşaq
Hekayə
Bütün gecəni səhərə qədər
qışqırtı, çığırtı səsləri
kəsilmədi. Ancaq bu
çığırtının insandan, yoxsa heyvandan gəldiyini
kəsdirə bilmədim. Ertəsi
günü qonşu qadınlardan qışqıranın
qonşuluqdakı Sara Longo adlı qadın olduğunu öyrəndim.
Qadınların dediyinə
görə Sara Longo gecə yuxuya gedəndən sonra onun
üçaylıq oğlunu oğurlayıb yerinə başqa
uşaq qoymuşdular. Mən heyrətimi gizlədə bilməyib soruşdum:
- Oğurlayıblar? Kim
oğurlayıb?
- Qadınlar.
- Hansı qadınlar?
Onlar bu qadınların gecələr
hamı yatandan sonra gəzib-dolaşan, havada uçan ifritələr,
cinlər olduğunu dedilər.
Təəccüb və hiddətlə
soruşdum:
- Bu necə ola bilər?
Uşağın anası da bütün bunlara
inanır?
Qadınlar hələ də elə
bir təəssürat və qorxu içərisindəydilər
ki, mənim təəccüblənməyim hətta onların xətrinə dəydi.
Onlar Saranın
qışqırtılarını eşidən zaman
yarıçılpaq halda onun evinə
qaçdıqlarını və orada yatağın ayaq tərəfində,
döşəmənin üzərində ifritələr tərəfindən
dəyişdirilmiş uşağı gözləri ilə
gördüklərini üstümə atılacaq formada mənə
nəql etdilər.
Axı Saranın öz
uşağı süd kimi ağappaq, bir az
da qızılı rəngə çalırmış. O,
sanki İsa Məsihin uşaqlığına bənzəyirdi.
Ancaq uşağın əvəzinə qoyulan
uşaq qaraciyər kimi qapqara, meymundan da betər eybəcər
idi.
Üstəlik bunu da unutmaq
olmaz ki, Longonun uşağı hələ beşikdə
yatırdı.
Beşikdəki uşaq anasının diqqətsizliyi
ucbatından yerə düşsə də o qədər
uzağa gedib və ayaqları beşiyin əksi istiqamətində
fırlana bilərdimi?!
Belə olan halda ifritə
qadınların gecəykən Longonun evinə girərək,
ona pislik etmək üçün gözəl
uşağını oğurlayıb, yerinə çirkin bir
uşaq qoyduqları açıq-aydın ortada idi.
Sən demə bu ifritə qadınlar
yazıq analara saysız-hesabsız pisliklər ediblər! Uşaqları beşiklərindən
götürüb başqa otaqdakı stulun üstünə
ayaqları çarpazlaşmış və gözləri
çəpləşmiş halda qoyub gedirlər.
Söhbət edən qadınlardan
biri qucağında tutduğu kiçik bir qız
uşağının başına diqqətlə nəzər
salaraq mənə baxdı:
- Bura baxın, bura baxın, bura
baxın! -dedi və uşağın boynunun arxasında
bir-birinə qarışmış bir çəngə
saçı göstərdi.
- Bu saç çəngəsinin nə
olduğunu zənn edrsiniz? Ələttə ki,
bu da həmin ifritələrin hördükləri
hörükdür. Onlar gecələr
anaların yazıq qızlarının saçları ilə
oynayıb, əylənirlər. Belə
olanda saçı kəsmək, onları qaydaya salmaq olmaz.
Əks halda uşaqlar ölərlər.
Bu cür əllə tutulan,
gözlə görülən dəlillər
qarşısında bu qadınları batil inanclarının
yersizliyinə inandırmağın faydasız olduğunu
görüb həmin inancların qurbanı olmaq təhlükəsi
ilə üz-üzə qalan o zavallı uşağın
sonunu düşündüm.
Aydın məsələ idi
ki, gecə yerə yıxılan körpə ya hansısa xəstəlik
keçirmiş, ya da iflic olmuşdu.
Qadınlardan indi
uşağın anasının nə etmək istədiyini xəbər
aldım. Onlar qadının ev-eşiyini və hər
şeyini atıb dəli kimi harda gəldi gedıb
uşağını axtarmaq istəyini dedilər.
- Bəs uşaq?
- Qadın onu görmək,
haqqında danışmaq belə istəmir.
Qonşu qadınlardan biri
uşaq acından ölməsin deyə ona məmə ucu
formasında düzəldilmiş bir parçada
islanmış çörək və şəkər əmizdirmişdi. Qadınlar
qorxu və diksinmələrinə üstün gələrək,
sırf Allaha acıq getməsin deyə növbə ilə
uşağa baxacaqlarına söz verdilər. Çünki ilk günlərdə anadan belə bir
şeyi gözləmək doğru olmazdı.
Bu qəribə hadisəni polisə xəbər
verməyin doğru olub, olmayacağını öz-özümə
düşünərkən uşağı oğurlanan
qadının ifritə qadınlarla gizli əlaqələri
olan Vanna Scoma adlı bir qadının yanına məsləhətə
getdiyini eşitdim.
İfritə qadınlar
küləkli gecələrdə yaxınlıqdakı evlərin
damlarına çıxıb Vanna Scomanı
çağırdıqları və onu özləri ilə
apardıqları rəvayət olunurdu. O qədər də uzaq
olmayan bir yerdə Scoma daş kimi hərəkətsiz oturar,
onun ruhu isə cadugərlərlə birlikdə Allah bilir
haralara gedərdi. Yaxınlıqdakılar uzun və
iniltili səslərlə ifritələrin onun evinin damına
çıxıb - Vanna xala, Vanna xala deyə
çağırdıqlarını da təsdiqləyirdilər.
Beləliklə Sara Long da məsləhət
almaq üçün bu qadının yanına getmişdi. Bu qadın əvvəlcə
heç nə demək istəməsə də, sonradan
qadının bitməyən yalvarışlarına dözməyib
üstüörtülü şəkildə oğurlanan
uşağı gördüyünü işarə
etmişdi.
Sara həyəcanla ondan soruşub:
- Görmüsən? Harda?
Vanna xala uşağı
görsə də harda olduğunu deməyə ixtiyarı
olmadığını deyir. Ancaq o, qadını əmin
edir ki, narahat olmasın. Çünki
uşaq olduğu yerdə çox yaxşıdır. Heç nədən korluq çəkmir. Ancaq bircə şərt var ki, gərək Sara dəyişdirilən
uşağa çox yaxşı baxsın. O, burdakı
uşağa nə qədər yaxşı baxsa, o biri tərəfdə
də onun uşağına elə baxacaqlar.
Cadugər qarının bu
cür ağıllı tövsiyəsinə qarşı təqdir
olunacaq heyranlıq duydum. Bu qadın Sara Longonun uzaqda olan uşağının xətri
üçün yanındakı uşağa qarşı hiss
etdiyi soyuqluğunu, onu əmizdirərkən iyrənməsini
yenməyə məcbur etməklə Longonun batil
etiqadını cəzalandıraraq zalım davransa da, nə
zamansa onun oğluna qovuşacağı ümidini də tamamilə
üzməyərək mərhəmət də göstərmişdi.
Daha sonra zalım olduğu qədər
də mərhəmətli və ağıllı cadugər ədalət
naminə yox, Sara Longonun hər gün onun yanına gəlməsinin
ona xeyir gətirdiyini anlayaraq yazıq anadan itən
uşağını istər gördüyü, istərsə
də görmədiyi zamanlar (daha çox görməyəndə)
nələrsə qopardırdı. Bu vəziyyət
Saranın gəmidə işləyən ərinin dəniz səfərindən
qayıtdığı günə qədər davam etdi.
Bu adam bir gün
burda, sabah isə başqa bir yerdə səfərlərdə
olurdu. Bu səfərlər o qədər
çoxalmışdı ki, o, arvadı və
uşağı ilə maraqlanmırdı. Ancaq evinə
qayıdanda arvadının arıqlayıb az
qala dəli vəziyyətində olduğunu,
uşağının isə bir dəri, bir sümük
qalaraq tanınmaz hala düşdüyün gördü. Arvadı ona uşağının da,
özünün də ağır xəstəlik
keçirdiyini söylədikdən sonra susub heç bir
söz demədi. Ancaq əsl fəlakət sonrakı
günlərdə baş verdi. Saranın yaşadıqları azmış kimi bu dəfə
həqiqətən də xəstələndi. O, ikinci dəfə
uşağa qalmışdı.
Sara hamiləliyinin ilk
aylarını çox pis keçirirdi. Artıq hər
gün Vanna xalanın evinə gedə bilmir və itirdiyi
övladına o tərəfdə yaxşı baxsınlar deyə
evindəki zavallıya əlindən gəldikcə
yaxşı baxmağa çalışırdı. Döşündəki südü çəkdiyi əzablı
günlərdən sonra su kimi durulmuş və
dadsızlaşmışdı. Hamiləlikdən
sonra isə südü tamamilə qurudu. Dəyişdirilən
zavallı uşaq böyüdükcə qadın öz
övladının da o biri tərəfdə
böyüdüyünü düşünərək bu dəyişdirilmə
məsələsində özünün ziyana
uğradığını hesab edir və bunu qəti şəkildə
doğru hesab etmirdi. Çünki
yanındakı uşağın bürüşmüş
boynunun üstündəki kiçik başı gah bir
çiyni, gah da o biri çiyni üzərinə əyilirdi.
Ola bilsin ki, onun ayaqları da şikəst idi.
Günlərin bir
günü yenidən səfərə yollanan ər Tunisdən
ona bir məktub yolladı. Əri ona
yazırdı ki, ifritə qadınlarla bağlı əhvalatı
ondan başqa hər kəs eşidib. O, arvadının
uşağının ölməsindən və onun gedib
yetimxanadan başqa uşaq götürməsindən
şübhələnirdi. Əgər belədirsə o, evində
kiminsə bicinə baxmaq istəmədiyini və arvadının həmin
uşağı dərhal geri qaytarmasını tələb
edirdi.
Lakin, Sara əri qayıdanda ona o qədər
yalvardı ki, əri uşağın evində qalmasına
razılıq verdi. Sara
sırf o biri tərəfdəki uşağına zərər
gəlməsin deyə bu əcaib varlığa özü də
güclə dözürdü.
İkinci uşaq dünyaya gələndən
sonra vəziyyət daha da pisləşdi. Çünki Sara qadın təbiəti
etibarilə ikinci uşağı olandan sonra əvvəlki
uşağını daha az
düşünməyə başladı. Elə buna görə
də özünün olmayan biri zənn etdiyi cındırla
daha az məşğul oldu. Ona
qarşı pis münasibət göstərmirdi. Hər
səhər uşağı geyindirib küçə
qapısındakı yelləncəkli stula oturdur, önünə
isə bir tikə çörək və bir alma
qoyurdu.
Zavallı, məsum körpənin
sinəsinə doğru əyilmiş başı, şikəst
ayaqları toza bulaşmış, saçları kirdən
pırtlaşmış halda saatlarla stulda oturulu
qalırdı.
Küçədəki yaramaz uşaqlar onunla əylənmək
üçün üzünə qum
atırdılar. O, isə qolunu üzünə tutub
özünü qorumağa çalışsa da səsini belə
çıxarmırdı. Onun ağrılı gözlərinin
üzərini örtən göz qapaqlarını
qaldırıb, yendirməsi belə böyük bir iş idi.
Milçəklər üz-gözünə daraşıb onu
dişləyirdilər
Qonşuluqdakı qadınlar
onu "qadınların uşağı" deyə
çağırırdılar. Bəzən bir uşaq ona
yaxınlaşıb nəsə soruşanda o,
uşağın üzünə baxıb heç nə demir,
xəstə uşaqlara xas həzin təbəssümlə
cavab verirdi. Çox güman ki, heç nə
anlamırdı. O, gülümsəyərkən gözlərinin
və ağzının kənarlarında qırışlar
görsənirdi.
Sara Longo isə qucağındakı
yenicə doğulmuş, əvvəlki uşağ kimi
ağappaq, toppuş körpəsi ilə qapının
qarşısına çıxıb nə etdiyini və nə
üçün yaşadığını anlamayan xəstə,
zavallı uşağa mərhəmətlə baxaraq
içini çəkib deyirdi:
- Necə də kədərlidir!
Sara hərdən ilk
övladını düşünərkən gözlərindən
bir neçə damla yaş axırdı. Onun
başı təzəcə dünyaya gətirdiyi
uşağına qarışdığından Vanna
xalanın yanına getmirdi. İndi Vanna
xala ondan nələrsə qopara bilmək ümidi ilə o biri
tərəfdəki oğlundan ona xəbərlər gətirirdi.
Xəbərlər isə yaxşı idi. Oğlu gözəl, sağlam və firavan şəkildə
böyüyürdü.
Luici Pirandello
Tərcümə etdi: Samirə Əşrəf
Ədəbiyyat
qəzeti.- 2018.- 18 avqust.- S.30.