Qızılgül tənhalığı...
Esse
"Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır" - Çexov deyirdi. Tənhalıq yaradıcı adamlar üçün elə yaradıcılıqla assosiasiya olunur. Yazmaq üçün tənhalığa qapılmalı, inzivaya çəkilməlisən. Sonra yazdığının sevinci, yaxud təlaşı, narahatlığı, uğurlu alınarsa, ikiqat sevinci, sonra yenə... tənhalıq. Yəni tənhalıq, darıxmaq yaradıcı insanın bir növ alın yazısıdır, həyat tərzidir...
Evimizin qarşısındakı qızılgüllər solmuşdu. Tək biri dirəniş göstərirdi. Bir müddət qönçə kimi qaldı... Zaman onun da ləçəklərini ah-nalə insanın sinəsindən qopan kimi qoparıb atdı.
***
Mən də darıxmağı həyat tərzi seçmişəm, sanki. Noyabr havasının belə mülayim keçməsi təbiətin ərköyünlüyüdür. Onun istəyinə insan mane ola bilməz. Başını aşağı salıb sakitcə yoluna davam edən, "cızığından çıxmayan" isə yalnız zamandır, ömrümüzün əlindən balıq kimi sürüşüb düşən vaxtdır...
Həyat öz məcrasından çıxanda - səndən uzaqda olanda mən də darıxıram. Səninlə bağlı düşüncələrim "ah" kimi qopur ürəyimdən. Qışın astanasında günəşin bu cür səmimiyyətlə gülümsəməsi, buludların xəsisliklə yağış səpələməsi darıxdığın zaman ürəyinə dolan sevgiyə bənzəyir. Sevgi səni ordu xalqı düşməndən qoruyan kimi qoruyur darıxmaqdan.
Buludlar dolur, mən yazıram, sən darıxırsan. "Unut məni..." yazıram. "Bu yağışda səni necə unudum" sualını verirsən. Sual işarəsi çətirə oxşasa da adamı həmişə qorumur...
Bəlkə, elə bu narın yağış səni darıxdırmaq və səni mənə unutdura bilməmək üçün yağır. Buludlar göyün üzündə, mən monitorun arxasında məşğul ikən sən darıxırsan. Əslində, üçümüz də eyni məqsədə, amala xidmət edirik. Göy üzü buludları, mən sətirləri, sənsə mənli xatirələri, düşüncələri qovursan - üçümüz də zamanı qaranəfəs etmişik. Sabah hava dəyişəcək, bəlkə də, günəş daha mehriban, istiqanlı olacaq, mən yazmayacam, sənsə məni xatırlayacaqsan. Həmişə aramızda bir məsafə olacaq - Zaman. Məsafələrin ayrılığı ayrılıq deyil, intizardı...
Adam sevdiklərindən uzaqda olanda vaxt
keçmək bilmir. Rayona, kəndə,
xarici ölkəyə
üz tutanda saatları, dəqiqələri
qovmaqla məşğul
olursan. Sevdiklərinlə
eyni məkanda yaşayıb, eyni havanı udub, eyni sudan
içəndə isə
vaxt səni qovur. İş-güc, yazı-pozu, sevdiklərinlə
baş-başa vaxtın
bivaxt keçməsi...
bir də görürsən ki, şər qarışıb,
axşam düşüb.
İtirdiyimiz bir dəyər var ki, onu da
heç vaxt tapa bilməyəcəyik
- bu, vaxtdır...
Zamanı qabaqlamazdan öncə onunla ayaqlaşmağı
bacarmalısan. Zamanın nazı ilə
oynamalısan və eyni zamanda, həyatını
boşuna keçirməməlisən.
"Çax-çaxın baş ağrıtmamalıdır,
dəyirman bildiyini edəcək" - vaxt öz yolundadır, yəni. Bunun üçün tək ağıl və ya istedad
bəs eləmir.
Həm də cəsarətli olmalısan...
Cəsarət çox vaxt
zamanın xeyrinə işləyir. "Həqiqi cəsarət tək yuxarı qalxmaq üçün şar deyil, eyni zamanda, aşağı
düşmək üçün
paraşütdür" (L.Berne).
Bu dəfə cəsarət göstərib suallarımı
Zamana ünvanlayıram:
- Həyatımız yaxşılığa
doğru dəyişəcəkmi?
- Xəyallarımız gerçək
olacaqmı?
Sanki qulağıma bir səs gəlir: "Yaşayarsan, görərsən".
Yenə də zaman...
Bir yolumuz qalır: səbirli olmaq və xəyallarımızı
gerçəkləşdirməyi bacarmaq.
Ümidimiz Allahadır, təbii.
Amma özümüz də zamanın bizi düşünmədən sürətlə
irəliləməsinin qarşısını
ala bilərik. Zamana
"stop" deməyi yalnız
öz hərəkətlərimizlə
bacara bilərik... Və... qələbə
bizim olar. Bu isə...
***
Bəs ayrılıq
oxuna tuş gəlsək, necə?
Ayrılıq top, tüfəng kimi partlayışla, səs-küylə
deyil, ox kimi səssiz-səmirsiz, zərif
uğultu ilə gəlir çox vaxt.
Ayrılanlar üçün təsəlli
boş danışıqdan
başqa bir şey deyil. Heç qulaq
asmaq halında olmurlar. Kim bu
dəhşətli mərhələni
yola verməyi bacarırsa, həqiqətən,
qəhrəmandı.
İstər torpağın altına getsin, istər başqa birinin qoynuna, istər dünyanın başqa guşəsinə. Mahiyyət dəyişmir - itki, elə itkidir...
Kamyunun "Taun"
romanında yayılmış
xəstəliklə əlaqədar
insanlar Oran şəhərində
sürgün həyatı
yaşamalı olurlar. Epidemiyanın yayılmaması üçün
şəhər darvazaları
bağlanır. Bura gəlmiş
jurnalist Ramber kimi qonaqlar Oranda,
sanki əsir düşür. Şəhərdən harasa getmiş adamlar isə getdikləri yerdə sürgün həyatı
yaşayırlar.
Zamanın nəbzini tutan fəndgirlər də olur. Məsələn, yaranmış böhranla
əlaqədar köşklərdə
qəzetlər azaldığı
halda "Epidemiya xəbərləri" adlı
bir qəzet dövriyyəyə buraxılır.
Xəstəliyin nə zaman bitəcəyini
bilmədikləri üçün
əhali ayrılığın
vaxtını unutmağa
başlayır. Və tədricən hər kəs xəyalında bir işlə məşğul olur: kimi dəmir yolunu bərpa edir, kimi qapı
zənglərinin səsini
gözləyir. Epizodik obrazlar
belə sublimasiya nəticəsində özü
üçün həyat
tərzi seçir.
Yayılmış epidemiya insanların
Zamanla davranışını
qabardır... Oran şəhərində Zaman
da epidemiyaya yoluxur, sanki. İnsanlarla bərabər
ölür... bir neçə il
öncə Afrikada yayılmış ebola virusu haqqında eşidəndə "Taun"
yadıma düşdü.
Düşündüm ki, yəqin
orda da adamlar
vaxtı, vaxt adamları öldürür. Orda da insanlar ümidsizlik
içində çıxış
yolu axtarır... Həyat gözəldir axı.
Heç kim
bu gözəllikdən
ayrılmaq istəmir.
Bu gözəllikdən ayrılmaq ölümdür.
Ayrılıq isə ölümün
alter-eqosudur.
***
Hər saniyəsi
ömürdən gedən
Zaman insanları özünə tabe edir. İnsanlar yaranmış vəziyyətə
alışır. Buna ayrılıqla barışmaq
da demək olar. Bu barışığın
sonunda bir ümid işığı
görünür. Bəlkə...
Taru xatirə
dəftərində yazır
ki, astma xəstəsi olan qocanın saatdan zəhləsi gedir. O bunu saatın həm baha, həm də əhəmiyyətsiz
əşya olması ilə əlaqələndirir...
Qoca vaxtı və ələlxüsus özünün
yemək vaxtını
küpələrdə saxladığı
noxudlarla hesablayır.
Yuxudan oyananda küpənin biri noxudla dolu
olur. Sonra noxudları bir-bir
dəqiq hərəkətlə
başqa küpəyə
atır və vaxtı hesablayır.
Küpə on beş dəfə dolanda yeməyinin vaxtı çatırmış.
Qoca vaxtı hesablamağın çox
asan olduğunu deyir...
Ekstremal şəraitdə vaxtı
hesablamaq həm də baş qatmaq üçün bir vasitəyə, bəlkə də, bəhanəyə çevrilir. Bu şərtlə
ki, sonunda ümid görünə...
İstənilən ayrılıq mərhələsi
elə ekstremal şəraitdi. Yaşamaq istəyirsənsə, necə
deyərlər, bu sən, bu da
çıxış yolu!..
Bəs qızılgül? Axı bir
dəstə qızılgülün
gözəlliyini tənha
qızılgüldə görmək
olmur?! Tənhalar
birləşəndə necə
gözəl bir ortam yaradırlar, amma... Eynən gül, çiçək
dəstələri kimi...
Tənhalıq ayrılıqla identikdir. Həyətimizdəki tənha qızılgül
də sonunda zamana məğlub oldu. Zaman onun ləçəklərini
ustalıqla qopardı.
Naşı anestezioloqa
bənzədi zaman ...
Və...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2018.- 1
dekabr.- S.31.