Dibçəyin intiharı

 

hekayə

 

Bu evə necə gəldiyimi yaxşı xatırlayıram. Oğlan cibindəki pulun yarıdan çoxunu verib məni gül dükanından aldı. Yox, mənim qiymətim elə də baha deyildi. Onun pulu az idi. Məni alacağını fikirləşmirdim. Çünki neçə ay idi bu gül dükanındaydım. Qızılgüllərin, nərgizlərin, bahalı buketlərin arxasında utana-utana boynumu sallayıb dayanmışdım. Hə, utanırdım. Niyə utanmayım axı? Nə xoşagələn ətrim var, nə də boy-buxunum. Ağır bir dibçəyin içində taleyinə boyun əymiş tikanlı bir kaktus idim, vəssalam.  Mənim heç üzümə də baxan yox idi. Müştərilər bahalı, gözəl, tər gülləri alırdı. Satıcıya pulu verib məni çəhrayı paketə qoyana qədər hələ də məni aldığına şübhə edirdim. Axı kim idi  gözəl güllərin yanında köhnə dibçəyin içində yuva salmış balaca kaktusu alan?! Görünür, mənim mövcudluğum hələ kiməsə lazım imiş... Nə yalan deyim, bu qədər gözəl güllərin içində mənim seçilməyim, alınmağım çox xoşuma gəldi. Yeni sahibimə minnətdar idim.

Payızın çiskinli, yağışlı günündə oğlan balaca bir kafedə məni masanın üstünə qoyub, cibindəki pulu sayaraq kimisə gözləməyə başlayanda hədiyyə olduğumu anladım. Görəsən, məni kimə hədiyyə edəcəkdi?

Çətirindən kafenin döşəməsinə su damcılayırdı. Saçları çiyninə qədər tökülən qız oğlanın yanına gəldi.  Oğlanın gözlərindəki işığı görəndə başa düşdüm ki, həmin qızı çox sevir.

Mən masanın üstündə dayanıb onların çay içə-içə şirin söhbət eləməyinə qulaq asırdım. Oğlanın qıza təsəlli dolu sözlər deməsindən, qızın kədər qarışıq məsum gözlərindən başına bədbəxtlik gəldiyini hiss edirdim.

- Bundan sonra neyləyəcəksən? - oğlan qıza baxdı.

- Hər şeyi özüm edəcəm. Heç kimə inanmıram.

Qızın gözlərindəki kədərin yerini qətiyyət əvəz elədi. Təxminən bir saatlıq söhbətin axırına yaxın hər şey mənimçün aydınlaşmışdı. Onlar tələbə yoldaşı idilər. Daha doğrusu, universiteti bir neçə il əvvəl bitirmişdilər. Klassik sevgi hekayəsi kimi görünsə də, nəticə dəyişməz olaraq qalırdı. Kasıb oğlan varlı qızı sevirdi. Bu hələ son deyil. Vəziyyət daha mürəkkəb və ürək ağrıdan idi. Evin tək qızı, sən demə, sözün əsl mənasında təkliyə məhkum olub. Valideynləri üç ay əvvəl avtomobil qəzasında həlak olublar. Hər şey bu zərif qızın çiyinlərinə düşüb.  Atası sağlığında heç kimə etibar eləmədiyi kimi, indi qızı da düşünürdü ki, bütün qohumları onların paxıllığını çəkir, onun yetim qalmasına ürəkdən sevinirlər. Ona görə də heç kimi yaxına buraxmağa dəyməz. Oğlana elə belə də dedi:

- Öz ayaqlarım üzərində dayanacam. Bütün günü işləyirəm. Yaxşı ki, atamın şirkətində işləmişəm, başım çıxır.

Oğlan da sevgi dolu baxışlarla ona baxır, sanki onun üçün əlindən nəsə gəlmədiyi üçün üzülürdü. Görüşün sonunda oğlan məni götürüb ona uzatdı:

- Bilirəm. Bütün günü şirkətin işiylə məşğulsan, kompüter arxasındasan. Ona görə bu kaktusu sənə aldım.

Qız sevindi. Paketi açdı, məni çıxarıb diqqətlə baxdı:

- Çox gözəldi. Sağ ol, çox sevindirdin məni - qızın üzündə yaranan gülüş sanki oğlana dünyanı bağışlayırdı.

- Bəyəndim sevindiyinə - gülümsündü - düzdü, dibçəyi çox ağırdı - oğlan xoşbəxt idi.

Qızın məni bəyənməyi özümə də ləzzət eləmişdi. Həm də bunu yəqin eləmişdim ki, işi nə qədər çox olur-olsun, mənə vaxtında su vermək, qeydimə qalmaq yadından çıxmayacaq. Özümü ən az həmin oğlan qədər xoşbəxt sayırdım. Onlar ayağa qalxanda qız oğlanın gözlərinin içinə baxaraq bilmədən onun əhvalını korlayan cümləni dedi:

- Sən əsl dostsan. Həmişə yanımdasan-məni qucağına aldı - çox sağ ol, çox yaxşıdı.

Oğlan məğlub idmançının sınmış gülüşüylə qıza baxdı.

- Mən həmişə yanında olacam. Həmişə...

İki ay idi ki, mən yeni evimdəydim. Bu geniş, işıqlı otaqda mənim iki yerim var idi: kompüter masasının sağ tərəfi, bir də eyvanda pəncərənin yanındakı məhəccər.

Sahibəmdən qəti narazı deyildim.  Suyumu vaxtlı-vaxtında verir, qeydimə qalırdı. Çox yaxşı biri idi. Çünki bu qədər işin müqabilində bir dəfə də olsun məni yadından çıxarmırdı. Əvvəl elə bilirdim ki, gözünün qabağında olduğum üçün yadından çıxmıram. Hər səhər işə gedəndə məni eyvana - pəncərənin yanına qoyur, axşam qayıdanda isə yenidən masanın yanına gətirirdi. Yəqin ki, kaktusun o qədər də gün işığına, suya ehtiyacı olmadığını bilmirdi. Ya da sadəcə, qəlbi mərhəmət, sevgi dolu biriydi.

Yox, elə fikirləşməyin ki, bu evdə hər anım sevinclə keçirdi. Elə olurdu ki, qəhvəyi bir kədər bürüyürdü məni. Tikanlarımın ucundan gövdəmdəki torpağa qədər ağrıyırdım.

İlk dəfə bu kədər məni axşam o, işdən qayıtdıqdan sonra yaxaladı. Həmişəki kimi kofesini hazırlayandan sonra məni pəncərənin qarşısından götürüb kompüterin yanına qoydu. Kofeden bir qurtum içib kompüteri yandırdı, masanın üstündəki qovluqları açdı. Sənədlərə baxa-baxa kompüterdə iş görürdü, arabir kofedən içib, yenidən yorğun gözlərini monitora zillədi...

Bilirdim. Dayanmaq istəmədiyini, tək qalandan sonra ancaq irəli getmək, öz ayaqları üstündə durmaq istədiyinin günbəgün şahidi olurdum.  Özünə zülm edirdi. İşdə çalışandan sonra gəlib evdə də davam edirdi.  Bəzən evinə gələn qohumlarıyla vaxt keçirsə də hiss edirdim ki, onlarla maraqsızdı. Çünki atası hələ öz işini qurmamışdan əvvəl heç biri onlara dayaq olmamışdı. Ona görə də zəngin olanda, qohumlarının heç birini demək olar ki, yaxına buraxmırdı. Bütün bunları onun qohumlarıyla danışığından, soyuqluğundan anlamışdım.

Mənim kədərimdən danışırdıq axı. O, işlədiyi müddətdə bütün fikri kompüterdə olardı. Ancaq həmin gün  dayandı. Nəsə fikirləşdi, gözündəki eynəyini çıxarıb kənara qoydu. Divardakı çəhrayı saatın solundan asılmış fotoya baxdı. Şəkildə ailəsiylə birgə oturmuşdu. Otağın sükutunu pozan klaviaturanın səsi kəsilmişdi. Sanki həmin an dünyada şəkildən və bu qızdan başqa heç kim yox idi. Otağa çökmüş həmin qəhvəyi sükut hamını udmuşdu.  Bu lal, bozumtul səssizliyi qızın hönkürtüsü pozdu. O ağladıqca məni də kədər bürüyür, nə edəcəyimi, ona necə təsəlli verəcəyimi bilmirdim. Qız şəklə baxa-baxa elə ağlayırdı ki, mənə elə gəlirdi, şəkildəki ata-anası dirilib gələcək, qızlarını sakitləşdirəcək, saçlarını sığallayıb, göz yaşını siləcəkdilər...

Həmin gün kompüterin qarşısına keçmədi. Divanda oturub kitab oxumağa çalışdısa da, alınmadı. Fikrini bir yerə cəmləyə bilmirdi. Həmin ərəfədə ona zəng gəldi. Onun telefonda nə danışdığını eşitməsəm də hiss edirdim ki, danışığı bir az da olsa onu sakitləşdirir, sanki yanan ürəyinə su çiləyirdi. Mən əmin idim ki, zəng edən məni ona hədiyyə verən oğlandı.

Qız özünü səliqəyə saldı. Bir azdan qapı döyüldü. Mən dostumu görəcəyimə sevinirdim, amma gələn o deyildi. İçəri girən adamı tanıdım. Üçüncü dəfəydi gəlirdi. Qızın iş yoldaşı, rəhmətlik atasının köməkçisi idi. Qız onu mehribanlıqla qarşıladı.

İnsanların bunu niyə hiss etmədikləri haqda heç bir fikrim yoxdu. Onlar bir-birinə qarşı olan səmimiyyəti tam dərk etməkdə acizdirlər. Elə götürək qızı. O, qarşısındakı oğlana inanırdı. Amma mən onu görən kimi necə quru, kinli, səmimiyyətsiz olduğunu anlamışdım. O, dostcasına əlini qızın çiyninə qoyub ona təsəlli verirdi.

- Özünü çox yorursan.  Onsuz da görürsən ki, işdə hər şey qaydasındadır. Mən də ordayam. Orda nəsə qanunsuz bir iş ola bilməz. Hər şeyə nəzarət edirəm. Bir az özünə vaxt ayır - gözlərini qıza zillədi. Bu gözlərdə qəribə bir kin var idi. Elə bir kin ki, nə qədər gizlətməyə çalışsa da qeyri-iradi şəkildə özünü göstərirdi.

- Yox, işləməliyəm - düşündü - dayanmaq olmaz. Elə bilirəm dayansam, hər şey məhv olacaq - qız, sanki canındakı, ruhundakı yorğunluğu gizlətmək üçün dərindən nəfəs aldı.

Rüstəm gedəndən sonra da bir xeyli oturub düşündü.  Sonra elə divandaca yuxuya getdi. Mən bütün gecəni ona baxdım. Özümü ona kömək edə bilmədiyim üçün çarəsiz hiss eləyirdim.

Günlər eyni qaydada gedirdi. Həmin sükut dolu payız axşamlarının birində qapı döyüldü. Bu dəfə gələn mənim dostum, qızı əsl sevgiylə sevən, ona təmənnasız bağlı olan oğlan idi.

Qızla danışanda gözlərindəki sevgini görməmək olmazdı. Ancaq qız ya başının işə qarışdığından, ya illərlə qarşısındakı oğlanı gördüyündən elə bil ki, onun sevgisini, gözlərindəki işığı görə bilmirdi. Düzdür, bilirdim ki, o da oğlanı çox istəyirdi. Amma bu, dost sevgisindən o tərəfə keçmirdi. Sanki münasibət sərhədi burda bitirdi. Ya da mənə elə gəlirdi.  Bizim oğlan da öz hissini sözə çevirməkdə aciz idi. Arada fikirləşirdim ki, kaş bir az ürəkli olardı. Deyərdi ki, "Ay qız, sevirəm səni. Hamıdan çox. Səni məndən çox sevən, düşünən, qeydinə qalan olmayacaq". Amma demirdi. Deyə bilmirdi. Bu dediklərimə ən oxşar sözü sağollaşanda dediyi söz oldu.

- Mən həmişə... yəni... sənin yanındayam - deyən kimi də qızardı.

Qız da ona baxıb yorğun üzünə çox yaraşan təbəssümlə - çox sağ ol, bilirəm - dedi.

Oğlan üçün ürəyim yanırdı. Kaş ona, elə qıza da bir köməyim dəyəydi. Onlar üçün bir şey edə biləydim...

Oğlan hər bizə qonaq gələndə özümü xoşbəxt hiss edirdim. Demək olar ki, həyatım iki hissəyə bölünmüşdü: özümü xoşbəxt və bədbəxt hiss elədiyim günlər. Hansı gün ki, mənim dostum bizə gəlir, qızla dərdləşir, utancaq nəzərlərini qızın gözlərinə dikir, çay içirdisə xoşbəxt, hansı gün ki, Rüstəm gəlir, qıza şirkətin işiylə bağlı kömək etmək bəhanəsiylə ona özünü bəyəndirməyə çalışırdısa özümü bədbəxt hiss edirdim. Onun yalançı səmimiyyəti, saxta münasibəti məni özümdən çıxarırdı. Bir gün isə daha dəhşətli bir şey baş verdi.  Məncə, elə mənim planımın ilk rüşeymi də məhz həmin gün doğuldu.

Rüstəm bizdəydi. O, həmişəki kimi özünü qıza yaxın göstərmək üçün əlindən gələni edirdi.

Qız isə, sadəcə, yorğun idi. Öz zərif çiyinlərində təkbaşına bu qədər yükü daşımaq ona çətin gəlirdi.

Onlar birgə şirkətin işləriylə məşğul oldular. Bu vaxt qızın rəfiqəsi, arabir bizə də gələn Fidan zəng elədi. Qız onunla danışıb Rüstəmə baxdı:

- Bir açar var, onu Fidana verim gəlirəm.

Qız gedəndən sonra mən bütün nifrətimlə Rüstəmə baxdım. O, diqqətlə evi nəzərdən keçirir, gözlərinin dərinliyində gizlətdiyi şeytanlar daha da üzə çıxıb qaynayırdı. Telefonuna zəng gəldi, ekrana baxıb özündən razı bir ifadəylə telefonu götürdü.

- Necəsən?...... mən əla...  heç nə, oturmuşam gələcək evimdə... hə də. Onun yanındayam.... demişdim də sənə... az qalıb. Bir azdan qızı da alacam bütün mal-mülk, hər şey olacaq mənim.... yaxşı, yaxşı bizim...  oldu...

Mənə elə gəlirdi ki, nəfəs ala bilmirəm. Dəhşətdən bütün gövdəm titrəyirdi. Amma heç nə edə bilmirdim. Neyləyə bilərdim ki?! Mən kim idim?! Sadəcə, tikanları olan, dibçəyin içindəki gövdəsi torpaqdan olan bir əşya. Hə, məhz əşya. Mən o qızı qoruya bilməzdim. Buna gücüm çatmazdı.

Qız gəldi.  Rüstəm onunla hər mehriban danışdıqca, qızın üzündə təbəssüm yarandıqca için-için ağlayırdım. Gedənə yaxın onu sabah axşam şam yeməyinə dəvət etdi. Qapıdan çıxanda əlavə elədi ki, ona deyəsi mühüm sözü var.

Mən bütün gecəni yata bilmədim. Qəti qərara gəlmişdim. Nəsə etməliydim. Amma yolunu tapa bilmirdim.

Səhəri gün qız məni eyvandakı məhəccərin yanına qoydu. İşə gedəndə açıq pəncərədən ona baxırdım. Rüstəm maşınla dalınca gəlmişdi. Nifrətlə ona baxsam da, təəssüf ki,  bunun heç bir təsiri yox idi.

Axşam evə  çox gec gəldi. Kompüterə yaxınlaşsa da yandırmadı. Qəfil nəsə xatırlayıb tez eyvana, mənim yanına gəldi. Məni götürüb həmişəki yerimə qoydu.

- Bağışla, səni soyuqda qoymuşam, - dedi.

Mən ona cavab verə bilmədim. Axı o məni eşidə bilməzdi. Axı mən danışa bilməzdim. Qız keçib əynini dəyişdi. Yorğun olduğu gözlərindən oxunurdu.

Səhəri gün hər şey eyni qaydada davam edirdi. Qız məni məhəccərin üstünə qoyub evdən çıxırdı. Binanın qabağında Rüstəm onu qarşılayırdı. Onlar işə birgə gedirdilər. Rüstəmi həyətdə görəndə  ağlıma əsəbdən çox qəribə fikir gəldi. Sonra özüm də öz fikrimə güldüm. Onda heç ağlıma gəlməzdi ki, bu fikir mənim qurduğum böyük planın bir parçası olacaqdı. Bu fikir dostumun bu axşam evə gəlişiylə daha da möhkəmləndi.

Onlar çay içir, söhbət edirdilər. Sanki hər ikisi sözlü adama oxşayırdı.

- Rüstəmi tanıyırsan da sən, hə?

Oğlan bir az düşündü.

- Hə. Rasim əminin köməkçisi.

- Hə. İndi mənim köməkçimdi.

- Lap yaxşı. Nə olub ki?

Qız dərindən nəfəs alıb oğlana baxdı.

- Heç nə. Mənə evlilik təklif eləyib - qız bunu deyib onun gözlərinin içinə baxdı. Qəhvəti sükut hər şeyi öz rənginə boyadı.

- Sən nə dedin - oğlan laqeyd görünməyə çalışırdı.

- Hələ heç nə. Düşünürəm.

- Düşünürsənsə, deməli ürəyincədi.

- Yox. Bilmirəm. Sən nə fikirləşirsən?

Oğlan yenə həmin qəhvəyi sükut rənginə boyandı.

- Səninçün, yəqin, yaxşı olar - bunu deyəndə onun necə əzab çəkdiyini görə bilirdim.

- Görək də. Hələ dəqiq bilmirəm.

Mən oğlanı bütün varlığımla qınayırdım. Bəlkə də, "olmaz, mən də səni sevirəm. Özü də hamıdan çox. Onunla yox, mənimlə evlən" desə hər şey fərqli ola bilərdi. Əslində, mənə elə gəlirdi ki,  qız da ondan bunu eləməyini gözləyirdi. Amma onun cəsarəti çatmadı.

Oğlan gedəndən sonra qız kompüterə yaxınlaşdı. Gözləri mənə sataşan kimi üzündə qəribə, laqeyd təbəssüm parıldadı:

- Bircə cümlə desəydi ki, sevirəm. Hər şey başqa cür olardı - bunu deyib "ah" çəkdi - günümə bax da mənim, kaktusla danışıram.

Bu söz mənim qətiyyən xətrimə dəymədi. Çünki qızın sözləri məni həm çaşdırmış, həm də sevindirmişdi. Deməli, hələ ümid var idi. Deməli, hər şey başqa cür də ola bilərdi. Mən nəsə eləməliydim. Neçə gün düşünəndən sonra bunu dəqiqləşdirdim. Çox götür-qoy elədim. Hə, bu mənim missiyam idi.

Hər səhər qız məni məhəccərin üstünə qoyub işə gedirdi. Mən pəncərədən Rüstəmə baxır, planımı götür-qoy edirdim. Bunun mənim sonum olduğumu başa düşürdüm. Ancaq mən öz sonumla başqalarının həyatına başlanğıc ola bilərdim. Bunu etməliydim. Çünki bu fədakarlıq kompüter şüalarını öz üstünə çəkməkdən daha dərin və daha mühüm idi.

Mən hər şeyi ölçüb-biçmişdim. Günlərlə, aylarla müşahidə eləmişdim. Elə bil ki, Allah da mənim istəyimin həyata keçməsi üçün bu şəraiti yaratmışdı. Geriyə ancaq fədakarlıq qalırdı. Elə bir fədakarlıq ki, bununla hər şeyi qurban verirsən, özündən keçirsən. Onsuz da özündən keçəcək qədər hazır deyilsənsə, bunun nəyi fədakarlıq oldu axı?!

Həmin səhərlərin birində qız eyni qaydada məni pəncərənin yanına, məhəccərin üstünə qoydu. Daha sonra həmişəki fincanda su gətirib məni suladı. Soyuq su bədənimə yayıldıqca gərginliyim də azalır, sanki hər şeyi daha dəqiq düşünür, cəsarətim artırdı.

Qız evdən çıxanda son dəfə xoşbəxtliklə ona baxdım. O, blokdan çıxanda Rüstəm ona tərəf gəldi. Əsl vaxtıydı. Düz mən dayandığım yerin altındaydı. Var gücümü yığıb özümü pəncərədən aşağı tulladım. Rüstəmin başına düşən kimi yerə yıxıldı. Mənim də bədənimi qoruyan dibçək çilik-çilik oldu, vücudum asfalta dağıldı.  Can verməyə başladım. Yerə səpələnən bədənimin üstünə Rüstəmin qanı qarışmışdı. Tikanlarla yaşadığım ömrümün sonunda ilk dəfə ürəkdən sevindim. Bu elə bir sevinc idi ki, bunu heç bir bahalı qızılgüllər, bər-bəzəkli buketlərdəki çiçəklər yaşamayıb. Buna artıq əmin idim. Gül dükanındakı utancaq günlərin acığını çıxdım. Əsl azadlığın fədakarlıq olduğunu anlayanda içimdən qəribə bir "ah" qopdu. Fikirləşirdim ki, son dəqiqələrimdi. Artıq ölürəm. Amma vecimə də deyildi. Xoşbəxt idim. Çox xoşbəxt idim...

 

***

 

- Hələ də inana bilmirəm. Hamısı ölümündən sonra üzə çıxdı - qız çaydan yudumlayıb oğlana baxdı.

- Sözün açığı, mənim o Rüstəmdən heç vaxt xoşum gəlməmişdi.

- Bəs onda niyə demədin? Sənə dedim axı mənə evlilik təklif eləmişdi.

- Bilmirəm. Fikirləşdim səninçün yaxşı olar bəlkə - oğlan deyib baxışlarını qaçırtdı.

- Sən heç nə demədin, amma sənin hədiyyə verdiyin kaktus səndən cəsarətli çıxdı. Özünü atdı onun üstünə. O olmasaydı, şirkətdən nə qədər pul oğurladığını, bizim pullarla özünə firma açdığını bilməyəcəkdim. Bəlkə də, ailə quracaqdım onunla.

- Hə. Haqlısan. Arada mənə elə gəlir ki, o dibçək mənim ürəyimdəki arzunu yerinə yetirib.

- Hansı arzunu? Onunla ailə qurmağımı istəmirdin. Amma bunu demirdin. Niyə?

- Çünki... sevirəm... səni sevirəm - oğlan deyib düz qızın gözlərinin içinə baxdı.

- Bəs niyə demirdin? - qız da gözlərini ona zilləmişdi.

- Mən... qorxurdum. "Yox" deyəcəyindən qorxurdum.

- Amma indi dedin...

- Dedim... bura gələndə  bilmirdim deyim, yoxsa yox. Amma burda fikrim qətiləşdi.

- Nə dəyişdi ki, fikrini - qız maraqla ona baxırdı.

- O hadisədən sonra ilk dəfədi bu evə gəlirəm. Fikirləşmişdim ki, həmin dibçəyi çoxdan atmısan. Ya da süpürüb çoxdan aparıblar. Amma həminki yerində gördüm. Dibçəyi dəyişsə də, kaktus yerindədi. Ürəyimdə dedim ki, əgər  mənim hədiyyəmi atmayıbsa bu bir işarədir. Ürəyimi açacam ona.

Yenə otağa sükut çökdü. Amma bu sükut artıq qəhvəyi yox, çəhrayı rəngdəydi.

- Hə. Dibçəyini dəyişdim, amma atmadım. Düzdür, istəməzdim kimsə ölsün. Amma, görünür,  belə məsləhət imiş. O kaktusun heç bir günahı yox idi axı. O, ancaq yaxşılıq eləyib bizə. Ona görə yenidən onu evə gətirdim. - Qız bir anlıq susub oğlana baxdı - o ki qaldı sevgi məsələsinə - yenə susdu - mən də səni sevirəm.

Oğlan sevincindən nə edəcəyini bilmirdi. Üzündə xəfif təbəssüm yarandı. Qız da gülümsündü. Oğlan onun əlindən tutdu.

- Səni sevirəm - oğlan bunu deyib dodaqlarını qızın dodaqlarına yaxınlaşdırdı.  Qız bir az kənara çəkildi.

- Burda yox. Elə bilirəm o bizə baxır - qız gülümsədi.

- Kim - oğlan maraqla soruşdu.

- Kaktus - qız mənə baxdı.

Oğlan da baxışlarını mənə çevirdi. Hər ikisini gülmək tutdu. Mən də əynimə bir az dar olan bu dibçəyin içində onlara baxıb gülümsəyirdim. Çünki bundan sonra ölmək yox, gülmək zamanı idi.

 

Pərviz Seyidli

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.30-31.